Axar.az
Yuxarı
25 Fevral 2017


Onları dələduz kimi xatırlayıram... - Mətləb Ağa

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətləb Ağa tanınan qələm adamlarındandır. Kifayət qədər oxucu auditoriyası olan şairlə bu günlərdə həmsöhbət olduq. Şairin Axar.az-a verdiyi müsahibəni təqdim edirik:

- İlk sualım ənənəvi olacaq: necəsiniz?

- Şükür, salamatlıqdır. İndi elə bir yaşda və əhval-ruhiyyədəyəm ki, hər səhər oyananda həm özüm, həm də doğmalarım - təkcə bioloji mənada yox, əlbəttə - tanıdıqlarımdan ötrü dua eləyirəm, sevinirəm ki, sağ və salamatıq, yenə bir-birimizi görmək, danışmaq, çətində bir-birimizə bacardığımız qədər köməklik etmək imkanına malikik.

- Xidməti işinizlə bağlı olaraq Cəlilabadda yaşayırsız, sizi bu rayonun hansı tərəfi daha çox çəkir?

- Vallah, bu barədə heç fikirləşməmişəm, ona görə də, konkret nəsə bir söz deməyə çətinlik çəkirəm. Ancaq sözsüz ki, Cəlilabad mənim üçün bir Azərbaycan rayonudur və yaşamaq, hava almaq üçün doğma yerdir, bunu ürəklə deyə bilərəm.

- Sualın formatını dəyişim, işinizlə bağlı daha çox cinayətkarlarla, oğrularla və sairələrlə ünsiyyətdə olursunuz yəqin. Yaradıcı adam üçün bu, bir qədər cansıxıcı olmur ki?

- Belə deyək ki, ən azından cinayətkar da insandır və bu məsələyə məhz bu cür yanaşmağın tərəfdarıyam, qalan məsələlərinsə mənim üçün elə də əhəmiyyəti, fərqi yoxdur. Yəni insan situasiyadan, hal-vəziyyətdən, gündəlik təəssüratlarından asılı olaraq, yaradıcı olub-olmamağından asılı olmayaraq, sıxıla da , kədərlənə də, şənlənə də bilər. Bunu hər hansı bir peşə ilə əlaqələndirmirəm.

- Əyalət adamı olub ədəbi mühitlə münasibət qurmağın hər hansı bir çətinliyi varmı?

- İndiki dövrdə, yox. İnternet var, əlaqə qurmaq problem deyil. Yəni məkan baxımından və ya hər hansı digər mənada.

- Cəlilabad ədəbi mühiti ilə anlaşa bilirsinizmi?

- Açığı, Cəlilabadın ədəbi mühiti ilə, həm də ümumiyyətlə, Azərbaycan ədəbi mühitində təmsil olunan insanlarla ünsiyyətim çox zəifdir, yəqin, vaxt azlığındandır, amma ünsiyyətdə olduqlarımla anlaşmaqda çətinliyimiz olmayıb. Belə hesab edirəm.

- Bu yaxınlarda “Sözün işığı” jurnalının təsis etdiyi mükafata layiq görüldünüz, təbrik edirəm, gözləyirdinizmi?

- Əvvəlcədən məlumatım yox idi, zəng vurdular, dedilər, ondan sonra bildim bu barədə. Hər halda, insanın əməyinə nəsə kiçik də olsa qiymət verilməsi, sözsüz ki, çox xoş bir hisdir.

- Mətləb bəy, şairliyinizin işlərinizə mane olan vaxtları olurmu? Axı şairliyin bir adı da humanizmdir.

- Bu suala belə cavab verim: şair olmaq dəqiqələrin işidir. Yenə də o fikirdəyəm. Buna görə də heç vaxt belə bir iddianı qəbul etməmişəm ki, filankəs şair qəlbli insandır, nə bilim, filankəs şair ruhludur və s. Belə bir şey yoxdur. Şeiri yazırsan və sonra o situasiya nöqtələnir. Yəni yazırsan, bitir, vəssalam.

- İndi isə yaradıcılıq söhbəti edək, ədəbi mühitdə yerinizi harada görürsünüz?

- Şikayət etməzdim ki, oxunmuram və s. Ədəbi mühiti isə yerlərə bölmək istəməzdim. Yaza bilənlər və yaza bilməyənlər var. Yeganə çatışmayan cəhət odur ki, ümumilikdə, kitabçılığa yönəlik inkişaf olmalıdır, nəhayət, bu proses başlamalıdır. Bir də tərcümə və Azərbaycan ədəbiyyatının dünya səviyyəsinə çıxarılması gecikir. Bu, mütləq lazımdır.

- Tələbə vaxtlarınızdan sevilən imza oldunuz, haqqınızda yazdılar, nüfuzlu dərgilər yaradıcılığınıza yer ayırdı, bu gün necədir?

- Bu gün dərc olunmaq problemi yoxdur. Problem yaxşı-pis yazmaqdadır. Məsələn, Azər Turan məni “Ədəbiyyat qəzeti”ndə sorğu-sualsız, heç bir məhdudiyyətsiz çap eləyirsə, deməli, qeyri-təvazökarlıq kimi çıxmasın, yaza bilirəm. Ancaq indi yazmaqda yeganə çətinliyim vaxtımın azlığıdır.

- Bir yazar olaraq Azərbaycan ədəbiyyatının durumu sizi qane edirmi?

- Belə bir qiymətləndirmə üçün bütövlükdə ədəbiyyatın geniş analizlərini aparmaq lazımdır ki, bu da mənim imkanım xaricindədir. Bu gün mənə nə lazımdırsa, nəyi öyrənmək, bilmək, oxumaq arzusundayamsa, zövqümə görə, istər xarici, istər Azərbaycan ədəbiyyatından, tapıb, oturub oxuyuram. Yoxsa ki, ümumi ədəbiyyatın durumuna qiymət vermək, söz xatirinə, ya da nəsə ağıllı görünmək xatirinə, istəməzdim.

- Bəs, yazarlarla münasibətiniz necədir?

- Tam səmimi deyirəm, dediyim kimi, heç bir münasibətim yoxdur. Sadəcə, yaza bilənləri vaxt olduqca oxuyuram, artistlik eləyənləri isə oxumuram, sonradan xatırlamıram və belələrinin imzaları hərdənbir sonradan yadımdan çıxmasa da, onları hər halda, ancaq dələduz kimi xatırlayıram.Vəssalam.

- Bu günün yazarı özünü dünənin yazarı kimi komfort hiss edə bilirmi, yaradıcılıq dolandıra bilirmi?

- Bu barədə geniş danışmaq mübahisə, dartışma mövzusudur. Yaradıcı adamın ən böyük qazancı özünə ədəbiyyat tarixində yer tutmasıdır. Yerdə qalanlarsa, yazmağı bacarmaqdan əlavə, zamandan və məkandan asılı olan məsələlərdir və deməli, onlara bir elə də bel bağlamağa dəyməz.

- Həyat təcrübənizdən, müşahidələrinizdən ədəbiyyata gətirdikləriniz çox olubmu?

- Olmayıb. Ancaq müəyyən uzaq uşaqlıq və yeniyetməlik dövrümlə əlaqədar xatirələrim var ki, onlar barədə bir neçə yerdə yeri gəldikcə qısaca yazmışam. Başqa heç nə.

- “Ədəbiyyat qəzeti”ndə maraqla oxunan yazılarınıza təsadüf olunur, özünüz də dediniz ki, yazılarınıza məhdudiyyət qoyulmur...

- Baş redaktor Azər Turan dostumdur və yaxşı da insandır, məni özü axtarıb tapdı və qəzetlə əməkdaşlığa dəvət etdi, həmin vaxta qədər onu qətiyyən tanımamışam və heç vaxt ondan xahiş etməmişəm ki, məni çap eləsin. Bundan əlavə, yalnız onu deyim ki, “Ədəbiyyat qəzeti”nin bugünkü durumundan da görünür ki, Azər müəllimi maraqlandıran ancaq qəzetin səviyyəsidir, adıdır. Odur ki, qəzetdə təsadüfi imzaların demək olar ki, görünməməsini, mən ilk növbədə, Azər Turanın peşəkar, prinsipial mövqeyi ilə bağlayıram. Düzdür, elə məsələlər var ki, arada hamımız yola verməli oluruq, ancaq tutaq ki, durub bütövlükdə ədəbiyyatı yola verəsən, hər şeyi xahişlə, təmənnayla eləyəsən, bu, düz deyil. Sevinirəm ki, Azər qardaşımız belə məsələlərdən çox uzaqdır və ədəbiyyatın təəssübkeşidir.

- Kimləri oxuyursunuz və oxumaq üçün əvvəlcədən müəyyən kriteriyalarınız varmı?

- Oxuya bildiklərimi oxuyuram. Yəni belə deyək, kitabı götürürəm əlimə və oxumağa başlayıram, bir neçə səhifədən sonra mənə aydın olur ki, bu kitabı oxuya bilərəm, ya yox. Lap zövqünə inandığım biri olsun, onun məsləhət gördüyü kitabla da məsələ bu cür olur. Bu yaxında söhbət zamanı dostumuz Fəxri Uğurlu dedi ki, Elçinin “Gül dedi bülbülə” hekayəsini oxuyum. Hekayəni tapdım, oxumağa başlayanda gördüm ki, çoxdan oxuduğum hekayədir, təxminən 15-20 il əvvəl oxumuşam, amma buna baxmayaraq, təzədən oxudum, çünki təkrar da olsa, oxumağa dəyərdi. Elə kitablar var ki, onları mütləq oxumalıyıq, məsələn, hesab edirəm ki, ədəbiyyatı, oxumağı sevən adam Lev Tolstoyun “Hərb və sülh” romanını oxumadan ölməməlidir... Yeri gəlmişkən, iki şey var ki, hər gün onları edirəm: kitab oxumaq və piyada gəzmək. Hansı gün bu iki şeyi edə bilmirəm, sanıram, həmin günü itirmişəm, yaşamamışam, çox təəssüflənirəm...

Tarix
2017.01.10 / 22:05
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıda yaşadım, amma bakılı ola bilmədim...

Mənim yazımdan sonra o yaşlı qadını... - Faiq

Küçə sözləri lüğətə niyə salınıb? - Afaq Məsud

Tamada olmaq aktyorun öz seçimidir - Əməkdar artist

Hər şey üçün ona borcluyam... - Şahnaz Şahin

TV-yə fəhlə kimi gəlmişdim, amma... - Xalq artisti

Ulutürk kimi şair zindan həyatı yaşayıbsa...

"Bu gün Böyük Partlayışın əks-sədasını tapa biliriksə..."

Dünyanı ovsunlayan azərbaycanlı – Xəyyam

Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək - Alimimiz

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla