Yuxarı

Ən böyük kədərim Nüsrət Kəsəmənlidir – Güneyli şairə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə, mədəni fəal Süməyyə Əsədi Təbrizdə doğulub. 9 yaşından şeir yazmağa başlayıb. Şeirlərini Azərbaycan türkcəsində yazır.

Süməyyə Əsədinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Bakıya ikinci gəlişinizdir, deyəsən...

- Elədir.

- Əgər ikinci dəfə dəvət edilməsəydiniz, nələrlə yadda qala bilərdi Bakı?

- Bakı əvvəl vətən olmağı ilə, dili ilə yadda qala bilər.

- Bəs, Bakıya hansı təəssüratla gəlirdiniz? Radioda eşitdiyiniz, televiziyada gördüyünüz...

- Atam çoxdan gəlmişdi Bakıya. Mən Bakıya gəlməzdən əvvəlki gecə getdim atamgilə. Dedim, Bakıya gedirəm. Baxdı mənə, gördüm tutuldu. Bilmədim niyə tutuldu. Gəlib qayıdandan sonra dedi, bilirsən, mən niyə tutuldum? Mənim keçmişimi yadıma saldın, demədin ki, gəl gedək. Mən burada şəkillər çəkdirmişdim. Bakının dəyişildiyini görüb, lap çox gəlmək istədi. Atam 15-20 il bundan əvvəl gəlmişdi.

- Atanızın Bakı xatirələri burada sizə yol yoldaşlığı edə bildimi?

- Elə oldu. Bakıdakı təriflər, havasından, dilindən, suyundan... Bir də bir şeydən çox bəhs edərdi atam. Bakı camaatının qonaqpərvərliyindən, mehribanlığından danışardı. Bu bəs edir ki, sənin beynində nələrsə yarana və sən oraya getsən, səni isti qarşılayacaqlar. Qayıdanda ürəyimin bir hissəsi burada qaldı. Mən Bakıdan gedən günü yağış yağırdı. Elə o yağışla birlikdə mən də ağladım. Getməyim gəlmirdi.

- İkinci dəfə gəlişiniz necə alındı?

- Bir işim vardı... Adam bir fürsət axtarır ki, gəlsin.

- Təbrizdə nə işlə məşğulsunuz?

- Yalnız yazı-pozu ilə.

- Təbrizdəki ədəbi mühitin Azərbaycan ədəbiyyatına münasibəti necədir?

- Bizdə heç vaxt “onlar o taylıdır, biz bu taylı” baxışı olmayıb. Hər zaman bir görmüşük. Mən və çevrəmdəki yazıçı-şairlər “onlar ayrıdırlar, biz ayrı” kimi ayrı-seçkilik salmamışıq.

- Süməyyə xanım, Azərbaycan ədəbiyyatından kimi oxuyursunuz?

- Sizin-bizim ədəbiyyat deməyək. Türk ədəbiyyatından oxuduğum şairlər məni bura çox çəkirdi, şeirlərində sevgi hissini görürsən. Düşünürdüm ki, insanın içində nə boyda sevgi var ki, bunları yaza bilir:

Çiynimdə bir telin gəlib mənimlə

Dolanıb boynuma, aça bilmirəm.

Bir ucu cəhənnəm, bir ucu cənnət,

Mən bu qıl körpüdən keçə bilmirəm.

Mənim ən böyük kədərimin biri də odur ki, Nüsrət Kəsəmənlini görmədim. Nüsrətin qələminin izi mənim yazılarımda var. Mənim şeirlərimi oxuyanda deyirlər, Nüsrətin qələmi sənin qələmində görünür. İnsan hansı şairi daha çox oxusa, o şairin qələmi onun yazdığında iz qoyur.

- Nüsrət Kəsəmənlidə nakam sevgi daha çox əks olunub...

- Şair şeirlərində bəzən yaşadıqlarını, bəzən yaşamadıqlarını yazar. Ya yaşadığımızı yazarıq, ya da yaşamaq istədiklərimizi, həsrətimizi qələmə alarıq. Ürəyimizdən nə keçirsə, onu yazırıq. Bu, mənim istəyim deyil, Allah vergisidir. Mən təlim gücünə yazılan şeiri bəyənmirəm.

Bizlərdən çox öncə başlandı hər şey

Durdu önümüzdə uca binalar.

Uzandı yol boyu qovuşmağımız

Hələ göstərmədi bizi aynalar.

Birimiz qürbətdə, birimiz qərib,

Sevgi ikimizdən daha çox uzaq.

Kimsə anlamır ayrılığımızı,

Bizi ovutmağa tapılmır qucaq.

Bizlər üç arzuyuq, bizlər üç ürək,

Sevgidir, vətəndir, bir də ki mənəm.

Sevməyə alışdım vətənsiz yerdə,

Vətənsiz ayaqda durmuşam hələ.

Alın yazımızdır belə yaşamaq,

Qovuşa bilmədən ayrılmaq gərək.

Hüznlü gecələr, dərdli gecələr

Bomboş bir otaqda bağırmaq gərək.

Günah məndə deyil, doğulduğumda,

Vətən bir su ilə çoxdan bölünmüş

Sevgi əzilmişdi ayaqlar altda,

İnsanlıq sadəcə arzuya dönmüş...

- Şəhriyara aid tədbirdə iştirak etdiniz. Bakıda, Şimali Azərbaycanda Şəhriyara olan sevgini necə gördünüz?

- İnanmırdım ki, burada Şəhriyarı bu qədər sevərlər... Deyə bilərəm ki, Şəhriyarı burada Təbrizdəkindən daha çox sevirlər. Burada Şəhriyara ayrı cür hiss var. Demirlər, Şəhriyar təbrizlidir, iranlıdır. Deyirlər, Şəhriyar türk idi.

- Burada Şəhriyarın adına inzibati ərazilər, məktəblər var. Onun üçün müxtəlif bölgələrdə tədbirlər də keçirilir. Bəs, Cənubi Azərbaycanda necə? Onunla bağlı dövlət səviyyəsində tədbirlər keçirilirmi? Ya ayrı-ayrı təşkilatlar, ədəbiyyat adamları bununla kifayətlənirlər?

- Dövlətimiz Şəhriyara diqqət ayırır. Mən Şəhriyarın anım günü ilə bağlı təşkil edilən tədbirə getmişəm. Gözəl bir mərasim idi.

- Şəhriyarı qınayanlar varmı ki, o, əvvəl farsca yazıb, sonra anasının bir sözü ilə türkcəyə keçib?

- Qınayanlar əlbəttə var. Amma hər şairin həyatında bir dönəm olur. Şəhriyarın da anasının sözü onun dönəmi imiş. Şəhriyarın belə bir şeiri var:

Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,

Qaçmışam Təbrizə, qoy yaxşı, yaman bəllənsin.

- Ustada belə şeirlərinə görə təzyiq olub?

- Hər halda, olub. Türkləri təhqir edirdilər. Onun da “Tehran insaf eylə, gör mən eşşəyəm, ya sən?” misralı bir şeiri var. Hər şairə təzyiqlər olur. Onun da belə şeirləri çapa verilmirdi.

- Xarici ölkələrə səfər etmək sizə problemlər yaradır?

- Yox, heç bir problem yaşanmır.

- Yazıçılar Birliyində Sayman Aruzun rəhbərlik etdiyi “Cənubi Azərbaycan” şöbəsi var. Bu şöbənin cənubda yaşayan qələm adamlarına diqqəti sizi qane edir? Bu şöbə körpü rolunu oynaya bilir?

- Əgər körpü rolunu oynamasaydı, mən indi burada olmazdım. Orada Saymana böyük hörmət var. Saymanın sözü, yaradıcılığı, iki ölkə ədəbiyyatı üçün etdikləri, insanlığı, davranışı cənubdakı qələm adamlarını ruhlandırır. Onun etdikləri iki ölkə ədəbiyyatı arasında körpü qurmaq üçün çox əsasdır. Bütün yazıçılarımız Saymanla əlaqə saxlayır. Mən deyə bilərəm ki, Təbrizdə yazıb-yaradan ədəbiyyat adamlarının 99 faizi Saymanla ünsiyyətdə olurlar.

- Kitabınız çıxıb?

- Bəli, iki şeir kitabının müəllifiyəm. Biri “Sən mənsiz yaşaya bilməyəcəksən” adlanır. Bu kitabda Nüsrət Kəsəmənlinin şeirlərindən ilhamlanaraq qələmə aldığım şeirlərim yer alıb. Digəri isə “Urmudan Hamuna” adlanır. Mən də çalışıram ki, göllərimiz qurumasın.

- Urmu gölünün qurumaması üçün bir çox addımlar atıldı. İndi vəziyyət necədir? Atılan addımların bir xeyri oldu?

- Hazırda gölün bir qismi tamamilə quruyub. Qurumağının bir çox səbəbi var. Gölə axan çayların üzərində qurulan bəndlər, ətrafda olan sulardan düzgün istifadə olunmaması və qanunsuz şəkildə çox sayda qazılan artezian quyular, eləcə də iqlim dəyişikliyi və yağıntıların azalması gölün qurumasına səbəb olub.

- Əgər Urmu quruyarsa...

- Tufanlar başlayır, tozanaq, duz küləyi yaranır. Bu da böyük bir ərazini səhraya çevirər.

- Ədəbiyyat bizi birləşdirirmi?

- Ədəbiyyatda parçalanma yoxdur. Ədəbiyyat bütövdür. Ona görə də sözsüz ki, ədəbiyyat bizi birləşdirir.

- Yazdığınız şeirlər oxucularınıza keçirdiyiniz hisləri ötürə bilirmi?

- Əlbəttə, ötürür. O hissi oxucu duyur. Şair şeirindən danışar. Hər zaman deyirəm ki, mən şair deyiləm, əvvəl ətraf mühiti qoruyanam, sonra şairəm.

Kimsə anlamayır şeirlərimi,

Bütün yazdıqlarım “yalan” deyirlər.

Gözümdən gözünü alan o gündən

Yazdığım şeirə yaman deyirlər.

Mənə qaş-göz edir burda adamlar,

Ax... daş əllərində daldan gəlirlər.

Su səpər gedənin dalınca hamı,

Mən gedən yollara daş səpələrlər.

Günah məndə deyil, sənin gözlərin,

Məni öz şəhrimdən qürbətə salmış.

Özündən tez gedər qonağın payı,

Sanki mənim payım yollarda qalmış.

İndisə gedirəm, sənsiz, kimsəsiz,

Vermədi bu şəhər bir xoş gün mənə.

Qollarım qoynunda, gözüm uzaqda,

Barmaqlıq ardında gedirəm yenə.

İndi mən Təbrizdə, sənsə, sənsə eh...

Sanki aramızda o Çin divarı.

O tayın adını qoyuram “hicran”,

Bu tayın adını “həsrət yolları”...

Hələlik ümidim mesaja gəlir,

Yazıram özümdən, sənsizliyimdən.

Fərhadın külüngün alıb vururam,

Sökülmür bu divar, bilmirəm nədən.

Bəzən qaydaları pozmaq olarmı?

“Alma” desəm də gəl, “heyva” desəm də.

Oruc tutmalıyam sevgimiz üçün,

Nəfəs çəksəm də gəl, çörək yesəm də...

- Buradan xatirə olaraq özünüzlə Təbrizə nə aparacaqsınız?

- Buradakı ədəbiyyatçılarımız doğrudan da güclüdürlər. Dil və qrammatik baxımından da çox inkişaf etmiş bir ədəbiyyat gördüm. Biz dili bilmirik. Türkün dilində mənim hissim, şeir təbim var. Mən isə şeir yazıram, bir də verirəm redaktə edirlər. Bu, mənim üçün çox böyük dərddir...

Tarix
2017.01.17 / 09:09
Müəllif
Faiq, Aytac
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla