Yuxarı

Siyahıda elə adlar var ki... - Qəhrəman

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair İlham Qəhrəmanla müsahibəni təqdim edir:

- İlham, maşallah, son vaxtlar əlini-qolunu çırmayıb, özünü vermisən ədəbiyyatımızın yükünün altına, bir tərəfdən tərcümələr edirsən, bir tərəfdən güneyli şairlərin şeirlərini əski əlifbadan latına çevirib, bu tayın oxucularına çatdırırsan, necə nəfəs alırsan?

- Maşallah günün olsun, çox da şişirtmə, Faiq... Əvvəl tərcümə haqqında onu deyim ki, keçən il dostumuz Əkbər bəy (Əkbər Qoşalı) bir qrup rus şairini dilimizə çevriləcəyini və mənim də bu işdə iştirakımı nəzərdə tutduğunu dedi. Orasını da qeyd edim ki, rus şairlərinin tərcüməsi könüllülük əsasında idi. Düzü, bu vaxta qədər yapon haykuları tərcümə etmişdim, amma ortalığa çıxarmamışdım. Əkbər bəyin təklifinə nə cavab verəcəyimə tərəddüd edirdim, amma tərcümə olunacaq şairlərdən birinin şeirlərini mənə göndərmələrini istədim. Lyudmila Jukova adlı şairənin şeirlərini göndərdi Əkbər bəy. Əvvəl şeirləri sətri tərcümə etdim. Bu işdə lüğətlər də əlimdən tutdu, daha sonra Sabunçuda rus dili müəllimi olan dostum da baxdı, bəzi qeydlərini dedi və beləcə bədii tərcüməni bitirdim. Tərcümə uğurlu alınmışdı, “Ədəbiyyat qəzeti” də şeirləri dərc etdi. Bundan sonra ürəkləndim, sosial şəbəkədə dostluğumda olan rus şairəsi Alina Vesennyayanı tərcümə etdim. Onun da şeirləri “Ədəbiyyat qəzeti”ndə çap olundu. Get-gedə tərcümə işinə marağım artdı. Rus saytlarına girib şeirlər seçib tərcümə etməyə başladım. Bu aralıqda adlarını çəkdiyim şairlərlə yanaşı şeirlərini tərcümə etdiyim şairlər bunlar oldu - rus şairlərindən Mixail Solovyov, Qazaxıstan şairi Serik Ustabekov (rusdilli), Ukrayna şairəsi Yelena Lvovna Sokolova (rusdilli). Şeir tərcüməsinin də öz sirləri var. Bu, daha çox qafiyəli şeirə aiddir.

- Məsələn, nə sirr?

- Məsələn, tutaq ki, şeirdə “gecikmək” sözünü qafiyələndirmək lazımdır, ancaq alınmır. “Gecikmək”, “yubanmaq”, “ləngimək”, “dala qalmaq”, “geri qalmaq” sözlərinin hamısı eyni qəbildən olan sözlərdir. Bu sözlərdən hansı biri qafiyəyə gəlsə, misranın fikir və məzmununa xələl gəlməz. Mən həmişə çalışıram, tərcümədə forma ilə bərabər məzmunu da olduğu kimi qoruyam. Elektron mətbuatın səhifəsində rusdilli Azərbaycan şairinin dilimizə tərcüməsini orijinalla tutuşduranda ayağımın altdan yer qaçdı.

- Nəyə görə?

- Demək tərcüməçi 13 bənd 52 misralıq şeiri 19 bənd 80 misraya çevirib. Daha burda forma və məzmun vəhdətindən söhbət belə gedə bilməz. Adam dildə sözün, hissin qarşılığını bilmir, götürüb özündən söz qoşur. Bu tərcüməyə başdansovdu münasibətdir. Başqa dildən tərcümə etmək üçün o dili yaxşı bilməmək olar, amma, öz dilini yaxşı bilməsən, uğurlu tərcümədən söhbət gedə bilməz.

- Yapon haykuları da getdi mətbuatda sənin tərcüməndə...

- Rusdilli ədəbiyyatı tərcümə edən zaman paralel olaraq dünya klassikası seriyasından 2003-cü ildə Moskvada çap olunmuş “Klassik yapon şeiri” kitabından Tiyönün, Busonun, İssanın haykularını tərcümə etdim. Bu cərgədə Basyö də olacaq. Adları çəkilən şairlər üç misralı yapon haykularının klassikləridir. Ədəbiyyatda ədəbi mübadilə deyilən bir məfhum var, fikirləşirəm ki, bu da mənim tərəfimdən ədəbiyyatımıza bir töhfə olsun. Di gəl ki, həvəsə gəlib işə girişirsən, amma dolanışıq problemləri işə pəl vurur. Dövrü nəşrlər, elektron KİV normal qonorar versə, bu işləri davamlı görmək olar, amma əfsus... Belə yerdə qol-qanadın sınır düşür yanına. Yaradıcılıq üçün səni həvəsə gətirən enerjini başqa səmtə yönəltməli olursan.

- Qonorar vermirlər?

- Faiq, AYB-nin orqanlarından başqa qonorar aldığım orqan “Detektiv” qəzeti olub, rəhmətlik Elçin Səlcuq bir səhifə şeirimi dərc edəndən sonra əlini cibinə salıb, o vaxtkı pulla mənə əlli minlik uzatdı. Son vaxtlar “Kaspi”nin ədəbiyyat əlavəsində ara-sıra “Güney” səhifəsi mənim təqdimatımda gedir. Yenə sağ olsunlar az-çox nəsə verirlər.

- Yaxşı oldu, gəldik Güney söhbətinə...

- Güneydə tez-tez oluram, Təbriz üçün darıxanda kəmbəhallıq etmirəm, Biləsuvardan adlayıram o taya. Əvvəl gedəndə Parsabadda gözəl şair dostum, rəhmətlik Bəxtiyar Muğanoğlugildə bir axşam qalardım. Bəxtiyar və dostları saz çalardı, mən və yerli şairlər növbələşib şeir deyərdik. Təbrizdə bir neçə ədəbi əncümən var. Toplantısı mən orda olan vaxta təsadüf edən əncümənlərin məclislərində iştirak etmişəm. Belə-belə tanışlıq yaranıb. Bir çoxunun əski əlifbamızda məndə şeir kitabları var. Bu işi ədəbiyyatın o taydan bu taya və əksinə keçən körpü hesab edirəm. Mümkün qədər çalışıram bu körpü işlək olsun, taleyi Xudafərinin taleyini yaşamasın. Sənə deyim ki, o tayda xeyli maraqlı şairlər yetişib. Mən bu tayda həm “Ədəbiyyat qəzeti”nin, həm də “Kaspi”nin səhifələrində təqdim etdiyim şairlərdən Rəna Zarenin, Aydın Arazın, Bulud Muradinin, Çalğın Məhəmmədin, Arəş Sainin, Duman Ərdəmin, Məhəmmədrza Ləvayinin (ABŞ-da yaşayır) , Şərifə Cəfərinin (Almaniyada yaşayır), Xosrov Barışanın, Dinməzin, Süsən Nəvadeye Rəzinin adlarını çəkə bilərəm. Bundan başqa İraq türkmən şairlərindən Semir Kəhyəoğlunu da əski əlifbadan çevirib bu tayda təqdim etmişəm. Son dəfə gedəndə Təbrizdə o tay-bu tay ədəbiyyatımızdan, eləcə də dünya ədəbiyyatından dərindən halı olan Rəsul İsmailian adlı şəxslə tanış oldum. Qərara gəldik ki, imkan daxilində layihələr həyata keçirək. Mən keçən il bu tay şairlərinin şeirlərindən ibarət iki antoloji tərtib edib Rəsula göndərmişəm. İrşadın icazəsi alındıqdan sonra o tayda çap olunacaq.

- Bu qədər iş görürsən, yorulmursan?

- Vallah, mənim kimi qələm adamı üçün nəfəs almalı yer elə ədəbiyyatdır, ədəbi mühitdir. Mən burda özümü suda balıq kimi hiss edirəm. Amma nə edək ki, nəfəs aldığımız, qol çırmayıb işlədiyimiz mühitdən bizə dolanışıq yoxdur.

- Sən öz yaradıcılığınla yanaşı Sarı Aşığın yaradıcılığını, Laçın folklorunu, xalq deyimlərini də toplayıb təqdim edirsən, bu bir institutun görə biləcəyi işdir. Dəstək verənin var, yoxsa “hər kəs öz elini-obasını tanısa, daha çox tanınarıq” prinsipinə söykənirsən?

- Mən indiyə qədər folklor janrında gördüyüm işlərin hamısını ürəyimin hökmü ilə etmişəm. Ataların gözəl bir sözü var - “İşi könül görər”. İstər Laçın folkloru olsun, istərsə də Sarı Aşığın “Gül dəftəri” kitabı, sidq ürəklə işləmişəm.

Sarı Aşığa çox tamah salanlar vardı, gah onun bayatılarını Güney folkloru kitablarına salırdılar, gah anonim kimi aşıq ədəbiyyatında verirdilər, gah da doğulduğu yeri azdırırdılar - bizdə “uzaq yerin halvasını zurnayla demək” məsəli var axı... Bundan başqa Haqq Aşığının cinaslarını qura bilməyib çap edənləri də bura əlavə etsək, mənzərənin nə qədər acınacaqlı olduğu görünər. Bu da mənə yer eləyirdi. Mən 14 ilə Sarı Aşıq adına o tay-bu tayda əlimə nə keçdisə, mənbəni qeyd etməklə yığıb topaladım bir yerə. Faktlarla sübut etdim ki, bu kişi nə Türkiyədəki Qaramandandır, nə də Güneydəki Qaradağdan. Bu adam elə Zəngəzurda doğulub, Laçının Bağırbəyli camaatının şivəsində yazıb-yaradıb və Zəngəzurda da dünyasını dəyişib. Qəbri də “Aşıq qəbri” adıyla Güləbird kəndində Həkəri çayının sağ sahilindədir. Haqqında olan rəvayətlərdə də bu haqda bəhs edilir. Maraqlıdır, Güneydən gətirdiyim kitabdakı rəvayətlərdə deyilir ki, Sarı Aşıq Maqsudludan (indiki Laçın rayonu) Qara İbrahımın oğludur. Bu məlumat dastanda da var, amma bu tayda radioda veriliş hazırlayanlar deyirlər ki, Aşıq o tay Qaradağdandır. Bu yaxınlarda yenə Sarı Aşığın aşıqlığına və bayatılarının ona mənsubluğuna şübhə edənlərə böyük bir məqalə ilə cavab verdim. “Gül dəftəri” kitabı çıxandan sonra Aşığın bir neçə bağlama-tapmacasını və bayatlarını əldə etmişəm. Qismət olsa, təkrar nəşrində kitabında gedəcək. “Laçın folkloru” kitabı da 6 illik zəhmətimin bəhrəsidir. Yurd itkisi ağır olur - gecələr ilan vuran yatırdı, mən yox. Fikirləşdim ki, yurd əldən çıxıb, heç olmasa, insanları danışdırıb o yerləri özündə canlandıran söz-söhbəti qələmə alım, qoy gələcək nəsillərə bir yaddaş kitabı olsun. Laçının folkloru təkcə şifahi xalq ədəbiyyatı deyil, həm də tarixdir, etnoqrafiyadır, adət-ənənədir. O kitabda toplumun ruhu yaşayır. Sonradan o kitabdakı lətifələri artırıb ayrıca “Laçın lətifələri” adlı kitab çap etdirdim. Orasını da deyim ki, Laçın folklorunun toplanması istiqamətində işimi davam etdirirəm. Əlimə düşəni daxıla atıram. Bu işləri görərkən kimin mənə köməyi məsələsinə gəldikdə, bir adam deyə bilməz ki, o işləri görərkən İlham Qəhrəmana 1 manat yolpulu vermişəm.

- İranda yaşayan xeyli sayda oxucu sənin “Əsir dağlar” kitabınla tanış olub...

- Tehranda olanda “Sabir” əncümənində şairlərlə tanış olduq. Bundan sonra hər axşam yığışıb uzun qış gecələri saz-söz məclisi qururduq. Qayıdanda özümlə bu şairlərin şeirlərini gətirdim və burda “Vektor” (sağ olsun Elçin İsgəndərzadə) nəşrlər evində dörd şairin şeirlərindən ibarət “Dəyirmanın alt daşı” adlı antoloji çap olundu. Antoloji Azərelli, Ədalət Duman, Şərifə Cəfəri və Məhəmməd Əhmədinin şeirlərindən ibarət idi. Bunun qarşılığında onlar da Tehranda “Pınar” türki kitablar yayım evində mənim “Əsir dağlar” adında kitabımı çap etdilər. Kitab Tehranda keçirilən Beynəlxalq kitab sərgisinə də çıxarılmışdı. Tehranda olanda (2008-ci il) orada məni bir azərbaycanlının kitab pasajına apardılar. O pasaj İranda o vaxt türkdilli kitabların yayımı ilə məşğul olurdu. Söhbət əsnasında mənə dedilər ki, həmin pasajdan Güney Azərbaycanın bütün məntəqələrinə kitablar gedir. Bu işi, loru dillə desək, orda hər məntəqənin kitabçıları həyata keçirir. Ramiz Rövşənlə rəhmətlik Şücaətin kitablarını da yayımlanan kitablar arasında gördüm. Bu gün hər hansı bir yazarın ölkə xaricində çapı ölkəsini, onun mədəniyyətini tanıtmaq baxımından çox yaxşıdır. Ancaq bunun üçün hər bir yazar maliyyə imkanlarına malik deyil. Yaxşı olardı ki, üzvü olduğumuz Azərbaycan Yazıçılar Birliyinin himayəsi altında ölkə xaricində çap olunan antologiyalara salınan müəlliflər arasında biz də olaydıq. AYB-nin nizamnaməsində bu haqda açıq-aydın yazılıb. Bəzən xaricdə çap olunan Azərbaycan antologiyalarında elə adlara rast gəlirsən ki, məəttəl qalırsan. Axı bu adamın şeirləri ilə tutaq ki, Fransada, Rusiyada oxucunu heyrətləndirmək olarmı?! Demirsən olmur, deyirsən, pis kişi olursan. Bu cür münasibət ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına xidmət edə bilməz.

Tarix
2017.01.31 / 01:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla