Yuxarı

Dünyanı ovsunlayan azərbaycanlı – Xəyyam

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəyyam Məmmədov tanınmış kamança ifaçısıdır. Musiqiçi olmaqla yanaşı, ədəbiyyata bağlılığı da onu həmkarlarından fərqləndirir. Bu günlərdə onunla həmsöhbət olduq. Onunla söhbətimizi Kult.az-ın oxucularına təqdim edirik:

- İllərdir musiqi aləmindəsiniz. Ənənəvi sual olsa da, maraqlı gəldi, niyə kamanı seçdiniz?

- Kamançanı əlimə almağımdan 30 il keçir. Bu 30 ilin 20 ilini peşəkar səhnədə keçirmişəm. Bu 20 ildə demək olar ki, son bir ilə qədər yalan olmasın, bütün dövlət tədbirlərində iştirak etmişəm. “Niyə kamançanı seçdim” sualınıza gəldikdə isə deyərdim, bu bir qismətdir, alın yazısıdır. Kamança ruhuma yaxın bir alətdir. Kamança ifaçısı olmağımın əsas səbəbkarı isə atamdır. Onun istiqamətləndirməsiylə bu sənətə gəlmişəm.

- Kamanda dərd daha çox boy verir, deyəsən. Bu alətin boyuna-buxununa hüzn, kədər biçilib, yoxsa bizə elə gəlir?

- Musiqi alətləri arasında insan səsinə yaxın olan barmaq sayı alətlər var: balaban, ney, kamança və s. İnsan səsi dedikdə təbii ki, söhbət danışdığımız səsdən getmir. İnsanın daxilində olan iniltidən, yanğıdan doğan səs nəzərdə tutulur. Kamança aləti də məhz bu yanğıdan doğan səsi özündə ehtiva edir. Ona görə hüznlü, qəmli, sizin təbirinizcə desək, boyuna kədər biçilmiş alətdir.

- Siz işğalda olan rayonumuzdansınız, sözsüz ki, doğulduğunuz, uşaqlığınızın keçdiyi yerlərin acısını da ürəyinizdən adladıb barmaqlarınızdan keçirib, kamanın səsinə qalırsınız. Deyin, kamanı dizinin üstünə qoyduqda gözünüzün önünə nələri gətirirsiniz?

- Cəbrayılda doğulub-böyümüşəm. Uşaqlığım Cəbrayılda qalıb. Cəbrayılla birgə girov qalıb, əsir düşüb uşaqlığım. Qayğısız deyilən, amma qayğılı uşaqlığım orada qalıb. Kamança ifa edərkən düşüncələr məni çox yerlərə aparır. Əlbəttə, bu, ifa olunan musiqidən çox asılıdır, nə ifa edirsən, hansı xarakterdə olan musiqidir. Təbii ki, bununla yanaşı, yaşadığın tale, ömür yolu, ifaçının xarakterinə hopmuş nüanslar özünü ifada büruzə verir. İfa zamanı göz önündə bəzi kadrlar canlanır. Bu, təbii haldır. Axı kamança da danışan alətdir.

- Xəyyam bəy, çoxlarına sirr deyil, sirr olanlara da biz aydınlıq gətirək, siz musiqi ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olursunuz, şeir yazırsınız.

- Açığını deyim ki, bəlkə də müasir dövrümüzün həyat tərzinə çevrilmiş sosial şəbəkələr olmasaydı, mənim yazı-pozularımdan əksər dostların xəbəri olmayacaqdı. Çox az adam, lap yaxın dostlar və uşaqlıq dostlarımdan bir neçə nəfər bilirdi ki, hərdən cızma-qara edirəm. Məktəb illərindən hərdən yazırdım. Amma hamıdan gizləyirdim. İndi də Feysbuk olmasaydı, yəqin ki, gizləyəcəkdim. Bir dəfə status şəklində yazmışdım bu fikri. Sosial şəbəkə alternativ həyat kimidir, adam elə bilir elə özü özüylədir, düşüncələrini, duyğularını, iç dünyasını alır əlindən, bir də baxırsan ki, hər kəsin hər şeydən xəbəri var. Hətta bəzən dostlar mənə “şair” deyə müraciət edir. Mən özümü heç vaxt şair hesab etməmişəm, şair adının məsuliyyəti çox böyükdür. Sadəcə, hərdən dolanda, musiqi ürəyi boşalda bilməyəndə, sözə ehtiyac duyanda yazıram.

- Məktəb illərindən şeirlər yazdığınızı dediniz. İlk vaxtlarda sizi şeir ovsununa almışdı, yoxsa musiqi?

- Mən musiqiçi ailəsində doğulmuşam. Atam xanəndə olub, Seyid Şuşinskidən, Hacıbaba Hüseynovdan dərs alıb. Cəbrayılda musiqi məktəbinin direktoru işləyirdi. Gözümü açıb evdə musiqi, muğam görmüşəm, eşitmişəm. Amma bununla yanaşı, həm atamın, həm də dayılarımın poeziya ilə əlaqələri vardı. Atam da şeirlər yazıb. Amma atamdan fərqli olaraq iki dayım şairdir və kitabları dərc olunub. Bəlkə də bu, gendən gələn bir qabiliyyətdir. Musiqiylə şeirə həvəsim demək olar ki, paralel inkişaf edib.

- Böyük sənətkarlarla səhnə paylaşmısınız: Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova və digərləri. Sənətçilərin özlərinin bir dünyası, xarakterlərindən irəli gələn fərqlilikləri olur. Sadaladıqlarımızdan hansının kaprizləri daha çox olub?

- Bu siyahını bir az da uzatmaq olar. Hər sənətkarın özünəməxsus xüsusiyyətləri olur. Təbii ki, böyük sənətkarların hər cür kaprizlərinə dözmək və yerinə yetirmək özü bir məktəbdir. Mən səhnə taleyimdən razıyam, çünki sənət tarixi yaradan insanlarla bir səhnədə olmuşam.

- Uzun müddətdir xalq artisti Zabit Nəbizadə ilə bir fəaliyyət göstərirsiniz. Yoldaşlığınız tuturmu? Yəqin ölkədən kənarda da çox olmuşunuz.

- Zabit Nəbizadəylə artıq 18 ildir bir yerdəyik. O, son illərdə klassik muğamın yükünü çiyinlərində daşıyan bir sənətkardır. Bu əməyi də dövlətimiz tərəfindən qiymətləndirilir və dediyiniz kimi, xalq artisti fəxri adıyla təltif olunub. Zabit Nəbizadəylə çox xarici ölkədə konsertlər vermişik. Yaxşı sənətkar olmaqla bərabər, yaxşı yoldaşdır.

- Keçək yaradıcılığınıza. Şeirlərinizdə həm nakam sevgi var, həm də yurd itkisi...

- Şeirlər deyəndə ki, mən həmişə “şeirlərim” yox, “yazılarım” deyirəm. İnsanı yazmağa məcbur edən hislər olur. Əksər halda yeniyetmə yaşlarda bu sevgi hisləri olur. Həsrət, ayrılıq yazdırır adama, elə bil durur boynunun arxasında deyir: “Yaz, yazmazsan, gözlərindən süzülərəm”. Amma nakam sevgidən də betər yurd həsrəti yandırır adamı. Yaş artdıqca, yaşa dolduqca bu yanğını daha çox hiss edirsən, daha da şiddətlənir. Allah bu həsrəti bütün həsrətlilərə çox görsün. Heç olmasa, məzarımızı o torpaqlara, doğmalarımızın məzarlarının yanında qismət eləsin...

- Xəyyam bəy, son olaraq bir sual verim, səmimi cavab verin, musiqiçilər arasında da paxıllıq hissi ilə yaşayanlar var?

- Paxıllıq bütün sahələrdə var, eləcə də incəsənət aləmində. Amma bunun bir üstün və bir təsəlliverici tərəfi də var. Üstün cəhəti rəqabət və inkişafa səbəb olur. Təsəlliverici cəhət isə öndə olduğunu təsdiqləmək deməkdir. Amma bunları bir kənara buraxaq. Mən heç kimin paxıllığını çəkmirəm və düşünmürəm ki, kimsə də mənə paxıllıq eləsin. Bunu üçün elə bir səbəb də yoxdur. Əgər bir istedadı Tanrı sənə veribsə, nə qədər paxıllıq olsa belə, o istedad özünü göstərəcək. Bunu qarşısını almaq mümkün deyil. Bir şam ki, həqdən yana, heç bad ilə sönməz...

Tarix
2017.02.11 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla