Yuxarı

Mənim yazımdan sonra o yaşlı qadını... - Faiq

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az 53 yaşını qeyd edən tanınmış şair, jurnalist Faiq Balabəylinin Moderator.az-a müsahibəsini təqdim edir:

- Faiq müəllim, indi özünüzü necə hiss edirsiniz? Səhhətinizdəki problem yaradıcılığınıza təsir etmədi ki?

- Demək olmaz ki, lap yaxşıyam, amma səhhətim gündən-günə yaxşılaşır. Düzdür, işə çıxmıram, amma işsiz də dayanmaq çətindir. O baxımdan, ara-sıra işlədiyim Axar.az üçün müsahibələr edir, layihələr hazırlayıram. Yaradıcılığıma isə elə də pis təsir etmir. Əməliyyatdan sonra bir neçə şeir yazmışam və çoxdan planlaşdırdığım kitabların nəşri ilə məşğul oluram.

- Kifayət qədər həssas insansınız. Əməliyyat ərəfəsində sizə daha çox mənfi təsir edən, ürəyinizi daha da yükləyən səbəblər nə idi?

- Mənim ürəyimin boş vaxtı olmayıb ki... Sənin təbirincə desək, həmişə yüklü olub. Mən fiziki cəhətdən çox sağlam adam olmuşam. Ruhum da təzə olub həmişə. Ürək isə bəzi ağrılar vardı ki, özündən keçirə bilmədi, süzgəc kimi özündə saxladı, su çəkən kimi özünə hopdurdu. Son vaxtlar “Səfillər” və “İnsan taleyi” layihələrində qarşılaşdığım, həyatın dibində olan insanların həyatı da ürəyimi ağrıdırdı. Haqsızlıqlar, doğmaları, övladları tərəfindən küçələr atılmışların iztirabını ürəyimdən kənara ata bilmirdim. Nə isə, sonda həkim dostlarımın məsləhəti bu oldu, cərrahiyə əməliyyatı keçirildi, 5 damar dəyişdirildi. Siqareti atmışam. Hər gün səhər tezdən Əhmədli yaylasında dostum Nurəddin Ədiloğlu ilə 7-8 km məsafə qət edirik. Adaptasiya oluram həyata...

- O silsilədən olan yazılarınızı mən də oxuyurdum və hər materiala nə qədər ürək xərcləyib, ağrı aldığınızı hiss edirdim. Amma həm də bu ağrıya bağlanmışdınız. Səbəbi nə idi?

- O yazılardan sonra bir neçə xoşa gələn hadisələr olmuşdu həm də. Dəniz qırağında, Qum adası tərəfdə, mağarada yaşayan bir yaşlı qadını mənim yazımdan sonra “Qocalar evi”nə yerləşdirdilər. Lənkərandan ögey atasının zülmündən qaçıb gəlmiş azyaşlı oğlan uşağı evlərinə qayıtdı, “böyüyüb bacıma sahib duracam”, - dedi. Belə hadisələr də məni məcbur edirdi ki, onları sahibsiz qoymayaq. Axtarırdıq, tapırdıq, yazırdıq. Bütün bunlar Axar.az-ın əldə etdiyi uğurlar sırasında idi. Elmin, mən elə bilirdim ki, dərd-sər üçün doğulmuşam və dərdlilərin yanında olmalıyam.

- Bu layihələri indən belə də həyata keçirmək fikrindəsiniz? Axı ürəyiniz də əvvəlki deyil...

- Mənim işim həm də budur. Səhhətim bərpa olunsun, inşallah, davam edəcəyik. Onu da deyim ki, “Səfillər” layihəsində yazdığım hekayətlər rejissorlarımızın, prodokşnların diqqətini çəkib və hər bir yazı 1 seriya olmaqla film-serial çəkilir. Ssenari hazırdır və filmdə jurnalist obrazını yaratmağı rejissor və prodakşn rəhbərliyi mənə həvalə edib. İnşallah, ölməsəm qalsam, aktyor kimi də sınaqdan çıxaram.

- Uğurlu layihədir, təbrik edirəm. Sizcə, necə qarşılanacaq, rezonans yarada biləcəkmi?

- Nə bilim, vallah, əsas maliyyədir. Pulları çox olsa, güman edirəm ki, istədiklərini edə biləcəklər.

- Elə layihələrdən danışdıq, şair Faiq Balabəyli bir kənarda qaldı. Bu yaşa çatdınız, ədəbiyyata, şeirə xərclədiyiniz illər sizə nə qazandırdı?

- Mən iddiasız adamam. Yaxamı dartıb haradasa, “mən də varam”, - deməmişəm. Şeirlərim isə məni tanıdıb. Hər halda, özümün ədəbi taleyimdən nigaran deyiləm. Məni şair kimi tanıyırlar, şeirlərimi əzbər deyənlər var.

Bircəciyim, de sözünü, duruxma,

Ömür keçir, gözləyəmməz yaş durub,

Məndən xəlvət ağlamısan deyəsən,

Qurumayıb, yanağında yaş durub.

Belə getmə, görənlər var, dur görüm,

Bir gülümsə, gözlərində nur görüm.

Günahım var, gəl boynumu vur görüm,

Müntəzirdi, qabağında baş durub.

Ay gözləri yaşla dolan ağıllım,

Ay baxışı min ovsunlu, nağıllım,

İçərimdən söküm-söküm dağıldım

Ağlayacaq əvəzimdə daş durub

- Sualı əksinə də qoya bilərik: həmin illər sizdən nəyi aldı?

- Narahat günlər yaşamışam, demək olar ki, rahatlığımı alıb. Səhhətimə təsir edib.

- Bir də yəqin ki, incik, küskün olduğunuz anlarınız çox olub...

- Gözləmədiyin hallarla qarşılaşırsan, illərlə münasibətin olduğu, lakin tanıya bilmədiyin insanların alt qatdakı simalarını görürsən və yaşadıqlarına, o insana sərf etdiklərinə heyfsilənirsən. İncik, küskün olduğum hallar da çox olub. Mən həm də çox kövrək adamam, zahirən büruzə verməsəm də.

- Bu gün doğum gününüzdür, təbrik edirik! Kövrək insan olduğunuzu dediniz, kimin təbriki sizi kövrəldə bilər, yaxud artıq kövrəldib?

- Təbriklər davam etməkdədir. Anam kənddən zəng eləmişdi, qardaşlarım, qardaşım uşaqları. Pərviz Cəbrayılın, Vasif Süleymanın, Çinarə Ömrayın, Dayandur Sevginin, İbrahim Rüstəmlinin, Aqşin Evrənin, Anar Əhmədovun təbrik mesajları kövrək tərəfimi gizildədə bildi. Elə indicə Anar Niftəliyev zəng vurdu, redaksiyanın adından təbrik etdi, “yerin görünür”, - dedi.

- Biz də redaksiyamız adından təbrik edir, can sağlığı arzulayırıq...

- Çox sağ olun, var olun...

Tarix
2017.02.25 / 08:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla