Yuxarı

Bakıda yaşadım, amma bakılı ola bilmədim...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Hümbət Gürcüstanda yaşayır. AYB-nin Gürcüstan bölməsinin sədridir. Şeirləri, publisist yazıları, tərcümələri ilə diqqət çəkib. Bir müddət Bakıda yaşasa da, yenidən doğulduğu ana yurda qayıdışı ilə iki ölkə arasında ədəbi əlaqələrimizə də töhfəsini verməkdədir.

Kult.az onunla müsahibəni təqdim edir:

- Gürcüstanda yaşayırsınız, doğulduğunuz, boya-başa çatdığınız doğma yurdda, deyəsən, qərib kimisiniz axı...

- Qəriblik duyğularını, kimliyindən və harada olduğundan asılı olmayaraq, zaman-zaman hər kəs yaşayır. Olsun ki, bu mövzuda xeyli şeirlər yazmışam deyə, bu məndə daha qabarıq nəzərə çarpır. İstənilən halda, illər ötdükcə adam bu dünyada qərib və fani olduğunu daha aydın dərk edir. Qəribliyin doğma yurdla və ya qürbətlə elə də sıx bağlılığı yoxdur məncə. Bu barədə bir bənd şeirimi də xatırlayıram:

Tənhayam, qəribəm deyib,
Ağlama zülüm-zülüm.
Sən o şəhərdə qəribsən,
Mən bu dünyada, gülüm...

- Bir müddət Bakıda yaşadınız, işiniz də vardı, hansı rüzgar sizi uzaq saldı burdan?

- Mən, bir müddət Bakıda yaşasam da, bakılı ola bilmədim. Bilmirəm, yaxşıdır, ya pis, amma mənim kimi adamların Bakıda ev-eşik sahibi olması bir az zordur. İşsiz olduğum vaxtlar da oldu, vəzifə sahibi də oldum, əksəriyyəti ilə indi də dostluq etdiyim gözəl insanlarla ünsiyyətdə oldum, kifayət qədər çap olundum, az-çox tanındım... Fəqət, fövqəladə və izaholunmaz bir güc hər gün qayıtmamı istədi. Güman ki, qayıtmamda ata-anamın yaşlanması və qayğıya olan ehtiyacı, uşaqlıq və gənclik illərimin xeyli hissəsinin Tiflislə bağlılığı da mühüm rol oynadı...

- Gürcüstanda əsasən nə ilə məşğulsunuz?

- Hazırda maddi gəlir gətirə biləcək heç bir işin sahibi deyiləm. Neçə illərdir AYB-nin Gürcüstan bölümünə rəhbərlik edirəm, amma nə büdcəmiz var, nə də gəlirimiz. 2009-cu ildən Tiflisdə yaratdığımız “Varlıq” Mədəniyyət Mərkəzinə və “Varlıq” qəzetinə də rəhbərlik edirəm. Bir neçə il Azərbaycan dəstək versə də, 3 ildən artıq bir zamandır ki, heç ofisin kirayə borclarını da ödəməyiblər və bu üzdən bir il öncə məcburən “Varlıq”ın ofisini paytaxt Tiflisdən Rustavi şəhərinə köçürmüş, qəzetin nəşrini isə müvəqqəti olaraq dayandırmışam. Hərdən gürcü dilindən tərcümələr edir və fərdi yaradıçılıqla məşğul oluram. Belə demək mümkünsə, ruhdan düşüb avaralanmıram da, tam tənənnasız olaraq hazırda Gürcüstanda yaşayıb-yaradan gənc yazarlarımızın yaradıcılığından ibarət antologiya üzərində işləyir, eyni zamanda elə həmin gənclərdən iksinin – Vaqif Səyyahın və Kamuranın ilk kitablarını redaktə edərək nəşrə hazırlayıram.

- Ötən il Azərbaycan şairlərinin gürcü dilində bir almanaxı da dərc olundu. Dəyanət Osmanlının böyük zəhməti vardı, siz o işlərin kordinatoru olmusunuz, deyəsən.

- Dediyiniz almanax dostumuz Dəyanət tərəfindən Bakıda hazırlanaraq nəşr olundu. Müraciət olunduqca mən də öz məsləhətlərimi verdim, kitabın Tiflisdə təqdimatına yardım etdim.

- Rafiq bəy, gürcü ədəbiyyatını sizin, İmir Məmmədlinin, Nəriman Əbdülrəhmanlının səyləriniz, zəhmətiniz hesabına oxuyuruq. Bəs, bizim ədəbiyyatımız geniş anlamda gürcü oxucularına necə çatır?

- Bu, düşünürəm ki, üzərində xeyli dayanılası mövzudur. Öncə onu qeyd edim ki, bu sahədə cüzi uğurların da, böyük çatışmazlıqların da nədən ibarət olduğunu yaxşı bilirəm. Pərakəndəlik, maliyyəsizlik bu sahədə də ciddi işlərin görülməsi yolunda ən böyük əngəldir. Əvvəllər bu sahəyə ayrılan diqqət və maliyyə daha çox olsa da, əsərlər əsasən orijinaldan deyil, rus dilindən tərcümə olunurdu. Elə hərdən indi də belə hallara rast gəlmək olur. Halbuki, adlarını çəkdiyiniz üçlükdən başqa, gürcü dilini gözəl bilən, ayrı-ayrı ədəbi-bədii-publisistik nümunələri dilimizə tərcümə edən bir çox qələm adamlarımız vardır. Oqtay Kazımov, Mirzə Məmmədoğlu, Cambul Məmmədli, Nəriman Əliyev, Emin Elsevər, Neli Məmmədova, Qiya Paçxataşvili və anidən adlarını xatırlamadığım qələm dostlarım bu sahədə xeyli iş görüblər və görməkdə davam edirlər. İstedadlı gənclərimizdən Almaz Maşovun, Afayət Afiqin və Kamuranın da gələcəkdə bu sahədə uğurlar qazanacaqlarına inamım böyükdür. Yəni, demək istədiyim odur ki, mütəxəssis potensialı kasad deyildir və gərəkən işlərin görülməsi üçün sadəcə sistemli və davamlı maddi dəstək lazımdır.
Sualınızın ikinci qisminə gəlincə, demək istəyirəm ki, bu sahədə vəziyyət daha da bərbaddır. Çünki gürcü dilindən tərcüməni əslən Gürcüstandan olan və gürcü dilini bilən yazar soydaşlarımız, demək olar ki, əksər hallarda təmənna güdmədən edirlər. Həm də nəinki tərcümə edirlər, çap da etdirirlər. Ancaq Azərbaycan türkcəsindən gürcücəyə tərcümə edənlərin sayı çox azdır, üstəlik, bu sahədə uzun illər Azərbaycan ədəbiyyatının tərcüməsinə və təbliğinə sanballı töhfələr verən Zezva Medulaşvili kimi nəhənglərin də gərəkən qiymətini verməmişik. Başımız daha çox bir anlıq saxta parıltısı olan boş layihələrə pul xərcləməyə qarışıb. Doğrudur, pərakəndə, sistemsiz halda bəzi işlər görülüb, amma həmin işlərin gürcü ictimaiyyəti içində elə də bir ciddi effekti olmayıb. Ağrılı da olsa, fakt faktlığında qalır: içinə külli-miqdarda “şlak” qarışmasına baxmayaraq, Azərbaycanın çox zəngin və koloritli ədəbiyyatı vardır, amma biz onu gürcü oxucularına doğru-dürüst təqdim edə bilmirik.

- Ədəbiyyatımızda, ədəbiyyat adamlarımızda bir isinmə, yaxınlaşma var. Amma bu da dəqiqdir ki, azərbaycanlılar öz yurdlarında qonaq, qərib kimi yaşayır. Zaman zaman gürcülər azəri türklərini sıxışdırıb, indi vəziyyət necədir?

- Faiq bəy, azərbaycanlıların burada qərib kimi yaşaması fikri həqiqətə elə də uyğun deyildir. İnanın, əgər belə olsaydı, indi Gürcüstanda azərbaycanlı yaşamazdı. Doğrudur, SSRİ-nin dağılması ərəfəsində və sonralar soydaşlarımız burada ağır problemlərlə üz-üzə qaldılar, ultra-millətçi kəsimlər xeyli soydaşımızın ölkədən köçməsinə nail oldular, amma borçalılar zorluqlar qarşısında elə də asan sınan deyillər və tədricən vəziyyət stabilləşdi.

- Necə fikirləşirsiniz, gürcüstanlı azərbaycanlıları yurda daha çox bağlayan nədir?

- Məncə, bu mənim izah edə bilməkdə çətinlik çəkdiyim ruhani bir bağlılıqdır. Həm də bizlərin böyük əksəriyyəti burada dünənin, srağagünün qonaqları deyil, qədim zamanlardan bu torpaqlarda yurd-yuva salmış, tarixin hər cür sınaqlarından gürcülərlə birgə üzüağ çıxmış aborigen bir millətik.

- Dolanışıq ucbatından Azərbaycana, Rusiyaya gedən yüzlərlə soydaşımız var, o torpaqlardakı doğulublar, onlara qarşı ögey münasibət var, yoxsa Gürcüstan tamam bu gündədir?

- Dolanışıq ucbatından nəinki yüzlərlə, deyərdim ki, minlərlə soydaşımız Gürcüstanı tərk edib. Amma bu hal ümumən Gürcüstanın, eləcə də bir çox başqa ölkələrin çox ağrılı yeridir. İşsizlik hazırda bizim ölkənin əsas problemlərindən biridir. Bununla belə, mən xeyli insan tanıyıram ki, onların maddi problemi olmasa da, sırf övladlarının normal təhsil ala bilmələri üçün yurd-yuvasını tərk etmək yolunu tutub. Gürcüstanda soydaşlarımızı narahat edən məsələlər barədə kifayət qədər yazılır, deyilir. Bizim söhbətin mövzusu bu olmasa da, yenə də qeyd etmək istərdim ki, əksər kənd məktəblərimizdə vəziyyət olduqca ağırdır. Tiflisdəki şanlı tarixi və ənənələri olan teatrımızın durumu acınacaqlıdır. “Molla Nəsrəddin” kimi dərginin bütün Şərqə ayna tutduğu bir məmləkətdə milli mətbuatımız ən ağır tənəzzül dövrünü yaşayır. Yəni bütün işıqlı məqamları ilə birlikdə, hələ işıqlanası çox yerimiz var.

- Bu günlərdə doğum gününüz oldu, təbrik edirəm, geridə qalan illərin qəlbinizdə acısı çoxdur, yoxsa sevinci?

- Təbrik üçün təşəkkür edirəm. Ötən illərin acısı da, şirini də kifayət qədərdir. Əsas olan odur ki, acını da, şirini də mərdcəsinə yaşamışam və bütün sevinclər ötəri olduğu kimi, acılar da ötəridir, yetər ki, erkən ölümlər və zalım ayrılıqlar olmasın.

- Bir şair olaraq, hazırda özünüzü necə hiss edirsiniz?

- Yeri gəldi-gəlmədi, taleyindən gileylənmək adamı pozitiv bir yana çıxarmaz. Ayaqdayıqsa, hərdən duyğularımızın rəsmini çəkə biliriksə, buna da şükür. Mən şeirlərimdən fərqli olaraq, real həyatda nikbin adamam və inanıram ki, insan ömrünün xətləri dalğalıdır, yəni enişi-yoxuşu var, içi mən qarışıq, bir çoxumuz hazırda o yoxuşu qalxırıq.

Tarix
2017.02.25 / 09:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla