Yuxarı

Xalq şairinin bu gün ölən oğlunun - Müsahibəsi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər də məşhur deyildi, ancaq ədəbi mühitdə olanlar və çevrəsi bilirdi ki, o, dəyərli ziyalı, zəhmətkeş, bir çox əziyyələrdən keçmiş insandır.

Söhbət bu gün dünyasını dəyişən Yalçın Qocadan gedir – xalq şairi Fikrət Qocanın 52 yaşlı oğlu. Nə çoxsaylı müsahibəsi var, nə də cild-cild şeirlər kitabı. Ona görə bir çoxları Y.Qocanın dünyagörüşünü də yetərincə bilmir.

Kim nə deyir-desin, Yalçın Qoca Fikrət Qocanın adının ancaq ağırlığını daşıdı ömrü uzunu, bəlkə də F.Qocanın oğlu olmasa, daha məşhur olardı. Yalçın Qoca ədəbi mühitdə həyatda olduğu qədər cəsarətli deyildi; ata sevgisi və Fikrət Qoca adı bu mühitdə ona başqa cür davranmağı diqtə edirdi...

Kult.az Yalçın Qocanın özü barədə maraqlı açıqlamalarla zəngin olan Yeni Müsavat qəzetinə verdiyi 2012-ci ildəki müsahibəni təqdim edir və mərhuma bir daha rəhmət diləyir:

- Fikrət Qocanın oğlu olmaq statusu nədir sizinçün?

- Birinci növbədə çox böyük məsuliyyətdir. İkinci mənada bu məsuliyyəti doğrultmaq yükü.

- Neçə ildir davam edir bu məsuliyyət yarışı?

- 50 ildir...

- İnternetdə sizinlə bağlı axtarış verdim. Şair olduğunuzu öyrəndim. Şeirlər kitabınız var deyəsən...

- Bəli, var. Mən 1994-cü ildə Yazıçılar Birliyinin üzvü olmuşam. Təbii, üzv olana qədər müəyyən yazılarım, bu sahədə nailiyyətlərim olmalıydı. Hesabatlar əsasında insanlar üzv qəbul olunur. O vaxt rəhmətlik Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Sadıq mənim üçün təqdimat yazmışdı.

- Müsahibim şair övladı şair olanda soruşuram ki, niyə atanızın yolunu davam etdirirsiz? Bu, özünü sübut etmə tələbatı idi? Baxmayaraq ki, əksi baş verəndə də eyni ötkəmliklə soruşuram ki, niyə atanızın yolunu davam etdirmirsiz?

- (gülümsünür) Yox, məndə özünü sübut etmə məsələsi deyildi. Mən özümü bir çox sahələrdə sınamışdım. İnşaatda da fəhlə işləmişəm. Orda da yaxşı usta olmuşam. O da mənimçün nailiyyət idi.

- Niyə fəhləlik edirdiz ki? Sualı başqa cür qoyum: nə əcəb Fikrət Qocanın oğlu fəhləlik edirdi?

- Mən də sizə sual verirəm: niyə də etməməliyəm?

- İş tapa bilmirdiz?

- Yox, iş var idi. Sadəcə, mən İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdum. İlk təhsilim o idi. 16 yaşım vardı orta məktəbi qurtaranda. Fikirləşdim ki, nəyə görə bu vaxta qədər atam-anam cibimə pul qoyubsa, bundan sonra da qoymalıdır? Ona görə qərar verdim, axşam fakültəsinə sənədlərimi verim, eyni zamanda da işləyim.

- Fəhləlik məsələsinə qayıdacağıq. Amma cəmiyyətdə belə bir təəssürat var ki, əgər siz AYB-nin birinci katibinin oğlusunuzsa, yəqin yağ-bal içində yaşayırsız, bütün bağlı qapılar üzünüzə açıqdır və sair.

- Təəssüflər olsun ki, belə təəssürat var. Bunu hamıya şamil eləmək olmaz. Nə özüm bu cür davranmışam, nə də valideynlərim məni bu ruhda tərbiyə edib.

- Heç olubmu ki, Fikrət Qocanın oğlu olduğunuzu gizlədəsiniz?

- Gizlətmişəm. Tanımadığım bir məclisdə olanda. Dost-tanışlarım da bilir ki, mənim haqqımda “Yalçın Fikrət Qocanın oğludur” deyilməsindən xoşum gəlmir.

- Kompleks məsələsidir?

- Yox, əsla. Sadəcə istəmirəm ki, mənə atama görə hörmət eləsinlər. 16 yaşımdan müstəqilliyimə qədəm qoyub, özüm özümə çörək qazanmışamsa, yəqin ki, bu, mənim sərbəstliyimdən irəli gəlib. Bu, bizim qanımızda, genimizdədir.

- Heç Fikrət Qocanın oğlu olmadığınızı bilib, yanınızda atanızı tənqid ediblərmi?

- Ediblər.

- Necə tənqid ediblər və reaksiyanız necə olub?

- Baxır tənqidin formasına. Əgər ziyalı tənqididirsə, qərəzsiz tənqiddirsə - təbii, hamı hamının xoşuna gələ bilməz – normal, mədəni şəkildə qəbul eləmişəm.

- Bəs qərəzli olanda?

- Həm ziyalı, həm də oğul kimi cavab vermişəm.

- İnsident səviyyəsinə çatmayıb yəqin ki...

- Yox, elə vaxt olub ki, çatıb.

- Atanıza görə yumruq davasına çıxmısız?

- Çıxmışam, təbii ki. Niyə də yox? Bilirsiz, mənim dəli-dolu xasiyyətlərim də var.

- Sizinlə bağlı öyrəndiklərim arasında həm də keçmiş diplomat və prezident təqaüdçüsü olmağınız da var...

- (dəqiqləşdirmə aparır) Yox, prezident təqaüdçüsü pensiyaya çıxandan sonra sayılır. Mən prezidentin yardım fondundan bir illik verilən təqaüdü alanlardan biri olmuşam. 96-cı ildən isə diplomatlıq fəaliyyətim başladı. Həsən Həsənov xarici işlər naziri olanda. Həmin vaxt məni Xarici İşlər Nazirliyinə dəvət etdilər. Onda başqa nazirlikdə işləyirdim. Həsən Həsənov məni ikinci katib vəzifəsinə dəvət etdi. Çalışdım, öncə oldum birinci katib, sonra idarə rəisi, sonra nazirliyin katibliyinin rəhbəri. Sonra məni Ukrayna, Belorusiya, Moldova ölkələri üzrə səfirliyə siyasi məsələlər üzrə birinci katib göndərdilər. 2 il işlədim. Müddət bitdi, geri qayıtdım, ərizəmi yazdım və çıxdım Xarici İşlər Nazirliyindən.

- Bilmək olar bu spantan və radikal addımın səbəbini?

- Səbəbi var idi, amma açıqlamaq istəmirəm. O vaxt mən Ukraynadan qayıdanda bu məsələlər kimdən ki, asılı oldu, kimlərəsə qarşı öz etirazımı bildirdim, həmin adamlar artıq at üstündə deyillər. At üstündə olsaydılar, adlarını deyərdim.

- Kifayət qədər böyük bir vəzifədə çalışmısız. Bu, ancaq özünüzə görə olub, yoxsa Fikrət Qocanın oğlu olduğunuza görə?

- Bir söz var, görünən dağa nə bələdçi? Təbii ki, atamın adının mənim üstümdə, həyatımda, taleyimdə böyük rolu olub və var. Ən böyük rolu o olub ki, mən dünyaya gəlmişəm. İkinci böyük rolu olub ki, mən heç kimin qarşısında atam kimi əyilməmişəm.

- Necə? Axırıncı cümlənizi anlamadım.

- Yəni, mən də atam kimi heç kimin qarşısında əyilməmişəm. Atam da heç kimin qarşısında əyilməyib. Yəni, mərdlikmi deyək, şücaətmi deyək, məni tanıyanların hamısı bilir ki, mən beləyəm, heç kəsin qarşısında boyun əymərəm. Atam da həmçinin.

- Mətbuatda atanızla bağlı tənqidlər çox olur, bilməmiş deyilsiz. Bir oğul olaraq onları oxuyanda nə düşünürsünüz?

- Bir dəfə adını çəkməyəcəm, yazı yazmışdılar ki, Fikrət Qoca Yazıçılar Birliyinin binasını satıb. Atam da müsahibəsində dedi ki, bəli, satmışam. Nazirlər Kabinetinin binası da gözəldir, qabağında da fantan var. Onu da satacağam. Sonra təzə tikilən Teleqülləni də satacağam. Yəni, deməyim odu ki, elə şeylərə ancaq bu cür cavab vermək lazımdır. Bəzən isə heç əhəmiyyət verməmək gərəkdir.

- O, sizin atanız olmaqla yanaşı, həm də qələm dostunuzdur. Belə yazıları oxuyanda onu hansısa formada müdafiə etmək keçmir içinizdən?

- Keçir. Bir nəfər də yazı yazmışdı, daha doğrusu, atam haqqında nalayiq ifadələr işlətmişdi. Jurnalist idi...

- Yenə ad çəkməyəcəksiz? O jurnalist də at üstündə deyil?

- Yox, at üstündə deyil.

- (zarafatla) Yalçın müəllim, bu adamlar niyə hamısı birdən at üstündən düşüb axı? Heç olmasa birinin adını çəkin, bilək söhbət kimdən gedir...

- (gülür) Nə bilim, vallah, düşüblər də. Onsuz da sizin qəzetiniz çox oxunaqlıdır. Onlar da oxuyanda özlərini tapacaqlar. Demək, atam haqda yazı yazan həmin jurnalistə zəng vurdum. Dedim, bu nə yazıdı, yazmısan? Dedi, əcəb eləmişəm. Qayıtdım ki, lap yaxşı, onda gəl səninlə kişi kimi görüşüb danışaq, görək o əcəb necə olub. Mən də bütün statuslarımı qoyacam qırağa – onda da mənim böyük səlahiyyətlərim vardı, Nazirlər Kabinetində baş nazir müavininin köməkçisi idim, jurnalistika da mənim kurasiyamda olan sahə idi– sən də harda istəyirsən, görüşək. Ya sən məni vurub dağıdacaqsan, ya da mən səni. Çünki burda bir ziyalının başqa bir ziyalının dediyi sözə verdiyi reaksiya deyil. Mən bayaq dedim, bir var qərəzsiz, bir var qərəzli.

- Bəs nəticəsi necə oldu bu “razborka”nın?

- Danışıb razılaşdıq ki, filan yerdə, filan saatda görüşək. Getdim görüşə, gəlmədi. (gülür) Sonradan çox adamlarla xəbər göndərdi, üzr istədi. Hətta bir dəfə təsadüfən görüşdük. Heç onu üzdən də tanımırdım. Başqa bir yaxın dostumuz onu mənlə şəhərdə tanış etdi. Dedi, bu, filankəsdir. Qayıtdım ki, bəs sən niyə dediyimiz vaxt görüşə gəlmədin? Dedi, bir səhvdi olub, anlaşılmazlıqdır.

- Bəs atanız sizin bu müdafiə taktikanızı biləndə necə reaksiya verir? Narazılıq edir, yoxsa fəxr edir ki, oğlu onu müdafiəsiz qoymur?

- Birincisi, atamın xəbəri yoxdur. Yəqin elə bu müsahibə vasitəsilə biləcək. Amma belə şeylərdə mənim dəli-doluluğumu bilir. Gözəl bir sözü var, deyir, “a köpəkoğlu, otur yerində”.

- Bəs şairliyinizi necə, bəyənir?

- Vallah, ona çox şeyi bəyəndirmək olmur. Hətta şeirimi oxuyanda üzündə bir məmnunluq da hiss olunanda gözləyirəm ki, nəsə məsləhət verəcək. Heç nə demir, sadəcə “babatdır”la kifayətlənir.

- Həmkarlarım məni tənqid edir ki, sənin varis müsahiblərinin heç biri atasını tənqid etmir. Bəlkə siz istisna olasız, Yalçın bəy?

- Atamı tənqid etdiyim məqamları var. Amma bu, təkcə atamda deyil. Oğlumu dindirsəniz, o da mənim haqqımda eyni tənqidi deyəcək. Qürurumuzdan həmişə başımız ağrıyıb. Etibarımızdan, sədaqətimizdən hər zaman özümüzü zərbə altında qoymuşuq.

- Buna mənfi cəhət, tənqid deyirsiz?

- Başqalarının gözündə mənfi cəhətdir də. Amma evin içində bu cəhətimiz həmişə tənqid olunub.

- Bəs evdə atanızla bağlı hansısa narazılığınızı, tənqidinizi onun üzünə deyə bilirsizmi?

- Ona cürətim çatmaz.

- Yumruğu sərtdir? Söhbət məcazi mənada yumruqdan gedir...

- Bəli, sərtdir, məcazi mənada. Adətən uşağın boynunun dalından bir şapalaq da vurarlar. Amma atamdan heç bunu da görməmişəm. Mənim evimin içində uşaqlarım da məndən bunu görməyiblər. Amma onun zəhmi bəsdir.

- Tənqiddən söz düşmüşkən, heç atanıza deyirsizmi ki, məsələn, “illərdir bu vəzifədəsən. İncidildiyini, mənəvi terrora məruz qaldığını düşünürsənsə, istefa ver. Bu qədər işləmə, yaşın da çoxdur”?

- Onu deməyə heç ehtiyac da yoxdu. O özü neçə illərdir, işləmək istəmir.

- Bəs niyə işləyir?

- Dəqiq də bilmirəm, nəyə görə işləyir. Bilirəm ki, Anar müəllimlə qardaş kimidilər. Ola bilər, hər ikisinə qarşı olan basqılarda qərara gəliblər ki, bir yerdə olmaları daha məsləhətdir. O cür dünyagörmüş insanlarda, ət maşınından keçmiş dostluqların müqabilində mən o incəlikləri təxmini tuta bilərəm, amma dəqiq nida işarəsi qoya bilmərəm.

- Bu günlərdə adınızın qulaqlarda cingildəməsinin bir başqa səbəbi də evsiz AYB üzvlərinə paylanacaq mənzil məsələsidir. Siz də ev alacaqsız. Uzun illər diplomat işləmisiz, imkanınız da pis olmayıb dediyinizə görə. Bəs niyə evsizsiniz?

- Evsiz deyiləm, 4-cü mikrorayonda ikiotaqlı evim var. Amma evimdə 5 nəfər yaşayırıq – üç övladım və həyat yoldaşımla mən. Təsəvvür edin, necə çətindir?

- Amma indi fikirlər səslənir ki, adınız məhz Fikrət Qocanın oğlu olduğunuz üçün siyahıya düşüb. Kənarda başqa evsiz yazarlar da qalıb.

- Birincisi, atam bu cür imtiyazlardan nəinki övladları üçün, heç özü üçün də istifadə etməyib. Çox vəzifələrdə işləmişəm, imtiyazlarım da olub. İstəsəydim, ikiotaqlı evim yox, o mikrorayonun yarısı mənim olardı. Amma domokl qılıncı kimi başımın üstündə asılıb ki, Yalçın, Fikrət Qoca o adı, ləyaqəti ona görə qazanmayıb ki, sən onu belə xərcləyəsən. Əksinə, adının üstünə ad gətirməyi bacarmıramsa, çalışmalıyam ki, adından da heç nə əskilməsin. Çoxdan növbədə dayanmışam. Necə olur ki, Yazıçılar Birliyinin digər üzvləri mənzil növbəsində dayana bilər, amma Fikrət Q ocanın oğlu yox?

- Bu durumla bağlı bir şeiriniz var?

- Var, var. 1984-cü ildə yazmışam. “Atalar və oğullar” şeiri. O vaxt yazırdılar ki, guya Fikrət Qoca öz şeirlərini oğlunun adına yazır. Mən də belə cavab yazdım ki, “Dünyada bir dərdim azalar, əgər. Dönüb sətir-sətir açıla bilsə, Mənim min əzabla yazdığım şeir, Atamın adına yazılır bəzən..” (bir neçə bənd söyləyir)

- Yalçın bəy, bəs prezident təqaüdü almağınız necə oldu? O da ev siyahısı, birliyə üzvlük məsələsi kimi baş tutdu?

- O vaxt birinci təqaüdlər veriləndə atam düz iki dəfə siyahıda mənim üstümdən xətt çəkdi, qoymadı mənə verilsin. Üçüncü dəfə Anar müəllim dedi ki, ay Fikrət, olmaz belə, sənin oğlundur deyə bunu boğub öldürməliyik?

- Bayaq yaddan çıxdı. Bəs indi harada çalışırsız?

- Mən 10 ildən yuxarıdır ki, dövlət qulluğunda çalışmıram. Həmişə fikirləşmişəm ki, konkret kiməsə xidmət eləməməliyəm. Mənim qulluq etdiyim dövlətçilik olub. Dövlətin təmsil etdiyi insana xidmət konkret yaltaqlıqdır. Onda mən gərək Ayaz Mütəllibova da xidmət edəydim, Vəzirova da, Əbülfəz Elçibəyə də, Heydər Əliyevə də, İlham Əliyevə də. Onda adam dönüb olur ingilis bayrağı. Amma dövlətçiliyin özünə qulluq etmək lazımdır.

- Bəs atanızın “Yaşa, prezidentim, yaşa” şeiri bu dediklərinizlə üst-üstə düşür?

- Tam üst-üstə düşür. Çünki Heydər Əliyev dahi şəxsiyyət idi, Azərbaycanı Azərbaycan edən o olub.

- Sualı niyə verdim? Çünki Fikrət müəllim də bütün hakimiyyətlərin dövründə onlara yaxşı münasibət bəsləyib. Siz isə belə durumu ingilis bayrağı adlandırdız.

- Atam Heydər Əliyevdən başqa heç kim üçün elə şeir yazmayıb. Atam o şeiri dövlətçiliyi qorumaq məqsədilə yazmışdı. Bir də ki, göydə Allah, yerdə Heydər Əliyev 1986-cı ildə atamın həyatını xilas etdi. Ağciyərinin ¾ hissəsini kəsib götürdülər. Heydər Əliyev onu Moskvaya göndərdi. Dünyanın hər yerindən mütəxəssislər gətirtdi. Gör nə qədər namərd olasan ki, bu yaxşılığı yaddan çıxarasan.

- Niyə yazıçılar, şairlər haqda ələbaxan, daim dövlətdən nəsə tələb edən bir obraz yaranıb?

- Onu yaradıblar. Elə bizim birliyin içində, sizin jurnalistlərin içində də belələri var ki, maraqlıdır bu obrazın yaranmasında.

- Atanızın otağında oturmuşuq. Kreslosu da burda. Bu kresloda gerçək varis olaraq oturmaq istəyərdinizmi?

- Yox. İstəməzdim. Düzdü, şərəfli bir vəzifədir. İkincisi, atamın işlərinin davamçısı olmaq da yaxşı olardı. Amma biri bir söz deyəcəkdi, o biri mənim boynuma başqa məsuliyyət qoyacaqdı. Üçüncüsü, mən atamın etdiklərinin yüzdə birini edə bilmərəm.

- Sizə sözün hansı mənasında varis deyək?

- Ağır sual oldu. Bir dəfə televiziyada papagilin bağında çəkiliş apardılar. Bacımdan, məndən ayrılıqda müsahibə aldılar. Dedilər ki, Fikrət Qoca kimdir? Dedim, Fikrət Qoca adında bir respublikanın prezidentidir. Dedilər, bəs sizin orda rolunuz nədir? Dedim, mən də oranın baş naziriyəm. Mənim də varisliyim bundan ibarətdir (gülür)

Tarix
2017.03.12 / 19:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla