Yuxarı

Elçibəy dəfələrlə qardaşımın evində olub

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun Lent.az-a müsahibəsini təqdim edir:

– Siyavuş müəllim, necə oldu ki, siyasətə gəldiniz?

– Bizim nəslin siyasətə gəlişi elə bir vaxta təsadüf etdi ki, o illər həm çətin, həm də məsuliyyətli idi. Milli hərəkatın başlandığı vaxtdan söhbət gedir. Hələ heç kəs müstəqilliyin nə olduğunu bilmirdi. Bizim gənclik illərimiz olmadı. Gah meydanlarda, gah sərhəd bölgələrində, döyüşlərdə, gah da ictimai-siyasi həyatda. Və nəticə... Müstəqil dövlət quruldu, müxtəlif qurumlar, təşkilatlar yarandı, sonra xalq hərəkatında olanlar öz yolunu tutdu. Bu da mənim yolum oldu.

– Hərə öz yolunu tutdu... Siyasət doğrudanmı sizin yolunuz idi?

– Mən ixtisasca hüquqşünasam. Tələbəlik illərimdə klublar, ayrı-ayrı yataqxanalarda siyasi dərnəklər və s.-də çox fəal olmuşam. Bu yerlərdə hər kəs öz düşüncəsini ortaya qoyurdu. Sağçı, millətçi, mərkəzçi, sosial-demokrat... Hamının ümumi amalı müstəqilliyə doğru yönəlmişdi. Eyni zamanda, liderlik məsələsi də ortada, gündəmdə idi. Habelə, cəmiyyətdə böyük bir ideoloji boşluq var idi və yeni bir hərəkatın yaranması artıq sosial sifarişə çevrilmişdi.

Mən özüm 1990-cı illərdən ümummilli lider Heydər Əliyevin yanında olmuşdum. Mənim siyasi xəttim bu idi. Heydər Əliyevin rəhbərliyi altında bir siyasi təşkilat yaradıldı. Çox güclü təşkilat idi. Ulu öndər həm öz xarizması, siyasi dövlətçilik təcrübəsi ilə nəinki Azərbaycandakı, bütün keçmiş Sovet İttifaqındakı liderlərdən qat-qat yüksəkdə dayanan şəxsiyyət idi. Onun rəhbəri olduğu partiya da lider-ideya-təşkilat vəhdətini ən optimal şəkildə özündə birləşdirən bir qurum idi. Digər təşkilatların tərkibində isə kifayət qədər təcrübəsiz insanlar vardı. O mənada ki, siyasi potensialları yox idi, siyasi cəhətdən götür-qoy etmədən fikirlər irəli sürürdülər... Bu da göstərirdi ki, onların heç bir perspektivləri yoxdur.

– Dediniz, 90-cı illərdən bəri həmişə ümummilli liderin yanında olmusunuz. O zaman Heydər Əliyevin yanında hər halda çox adam olub. Bəs niyə məhz siz parladınız, irəli getdiniz, seçildiniz? Bu statusa qədər gəlib çıxmağınız, oturduğunuz yer sadəcə, bir təsadüf ola bilərmi? Yoxsa hər şey xüsusi qabiliyyətinizə görədir?

– Əslində, ümummilli liderin yanında o dövrdə o qədər də çox adam olmayıb. Ümummilli lider həyatda olmayandan sonra bəzi adamlar özləri haqqında baxırsan ki, dastanlar yazırlar, biz o vaxt onunla elə görüşdük, belə görüşdük, oturduq, danışdıq və s. Bəziləri də cild-cild kitablar çıxardır, çıxışlar edir ki, ümummilli liderin göstərişi əsasında fəaliyyət göstərmişik. Amma canlı şahidlər var. Bunların hamısı yalandır. Həmin o ağır dövrdə sadəcə, bir neçə nəfər Naxçıvanda idi. Onlar indi də yaşayır və fəaliyyət göstərirlər.

– Kimlər?

– Vasif Talıbov, Bəylər Əyyubov və bir neçə deputat. Və bir qrup ziyalı vardı ki, onlar da Bakıda bu məsələlərlə məşğul olurdu...

– Bəs həmin vaxtlar siz nə işlə məşğul idiniz?

– Mən 1990-cı ildən “Əlincə” cəmiyyətində fəaliyyət göstərirdim. Mütəmadi olaraq Naxçıvana gedib-gəlirdim, ümummilli liderlə görüşürdüm. Bir vaxtlar Naxçıvanı blokadaya almışdılar. Heydər Əliyevə qarşı isə həm də informasiya blokadası tətbiq olunurdu. Bu, Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən edilmişdi. Mən o zamanlar lazım olan zəruri sənədləri Naxçıvanda ümummili liderə çatdırırdım. Ayda bir neçə dəfə ora səfər edirdim.

O vaxtlar Naxçıvana getmək çox çətin idi. Balaca bir təyyarə vardı. Cəmi 35 adam tuturdu. Naxçıvana çıxış yolu ancaq o təyyarə vasitəsilə idi. Bilet tapmaq isə çox çətin və ağır bir məsələ idi.

– Deyirsiniz, ən çətin vaxtlarında mərhum prezident Heydər Əliyevin yanında olmusunuz. Maraqlıdır, dövlətin və dövlətçiliyin qurucusu kimi görüb bu fədakarlığı edirdiniz, yoxsa sadəcə, şəxsiyyətinə pərəstiş etdiyiniz bir insana vəfa borcu?

– Hər iki məsələni qeyd etmək olar. Amma ən mühüm məsələ həmin dövrdə ölkənin xilası idi. İndi Xalq Cəbhəsində olanların da, digər partiya nümayəndələrinin də əksəriyyəti yaşayır və fəaliyyət göstərir. Biz bir-birimizi yaxşı tanıyırıq və bir-birimizə yaxşı bələdik. Mən görürdüm ki, Azərbaycanın xilas yolu bu insanların heç birində deyil. Müstəqilliyimizin yeganə yolu ümummilli liderdən keçirdi. Bütün Azərbaycan ziyalıları da məsələni bu cür görürdü.

Siz fikir verin, 91-lərin əksəriyyəti Xalq Cəbhəsi məclisinin üzvləri idilər. Amma bununla belə, onlar ümummilli liderə məktub yazırdılar ki, gəl və Azərbaycanı xilas elə. Hakimiyyətə gəlməyin yeganə qanuni yolu isə partiya yaratmaq, seçkilərə qoşulmaq, səs yığmaq və qalib gəlmək idi.

Məsələn, baxmayaraq ki, rəhmətlik Xəlil Rza Ulutürk AMİP-in siyasi şurasının üzvü idi. Amma paralel olaraq 91-lərin müraciətinə imza atmışdı. Rəhmətlik Murtuz Ələsgərov da. O da Xalq Cəbhəsi məclisinin üzvü idi, amma bununla yanaşı, çıxış yolunu ümummilli liderdə görürdü.

– Siyavuş müəllim, ata-ananız nə işlə məşğul olublar?

– Zəhmət adamı idilər.

– Bildiyimizə görə, kasıb ailə olmusunuz...

– Kasıb deməzdim. Orta azərbaycanlı ailəsi. Səkkiz uşaq olmuşuq. Atam, anam, həmçinin, ailəmizin digər üzvləri çalışıb, əziyyət çəkib, işləyib... Həm təsərrüfatla məşğul olurdular, həm də kolxozda çalışırdılar. Eyni zamanda, dövlət idarəsində işləyirdilər.

– Siz səkkiz uşağın neçəncisi olmusunuz?

– Sonuncusu.

– Məktəbdə dərslərinizi yaxşı oxumusunuz, yoxsa yola vermisiniz?

– Orta məktəbdə 6-7-ci siniflərə qədər bütün dərslərimi yaxşı oxumuşam. O vaxtdan sonra isə istiqaməti yalnız humanitar sahəyə yönəltmişdim. Tarix, ədəbiyyat, Azərbaycan dili. Və o vaxtdan qərar qəbul eləmişdim ki, hüquq fakültəsində oxuyacam. Sinifdən iki nəfər ali məktəbə daxil olduq. Ali məktəbdə də heç vaxt 3 almamışam. 4 və 5 qiymətləri ilə oxumuşam.

– Niyə məhz 3 qiymətini dediniz? Cəmil Həsənlinin sözünə görə?

– Cəmil Həsənli yalan danışırdı, mənim haqqımda deyirdi ki, tarixdən 3 almışam. Axı hüquq fakültəsində tarix dərsi keçmirlər. Birinci yalan budur. Bunu universitetlə də dəqiqləşdirə bilərsiniz. Biz hüquqa qəbul imtahanı vermişdik və mən tarixdən ən yüksək qiyməti almışdım. 75 yerə 2500 adam sənəd vermişdi. Qəbul imtahanından sonra isə biz tarix fənni keçmədik.

– Yəni imtahanlardan kəsiriniz olmayıb?

– Cinayət hüququndan kəsirim olub. Amma ümumi hissədən, xüsusi hissədən yox. Xüsusi hissəni bizə Firudin Səməndərov deyirdi, ümumini isə dekan müavinimiz Rafiq Quliyev. Amma konstitusiya hüququnu Murtuz Ələsgərov tədris edirdi. O fəndən 5 almışdım.

– Sizcə, imtahandan kəsilmək pis bir şeydirmi? Məsələn, mən özüm universitetdə bilə-bilə imtahandan kəsilmişəm ki, gələcəkdə danışmağa xatirəm olsun...

– Doğrudan da elədir. Gərək tələbənin kəsiri də olsun, tələbə gərək yataqxanada da qalsın. Həyat görsün, əsgərlik çəksin. Bunların heç biri olmadan insan normal formalaşa bilməz. Öz evində qalıb dərsə gedən tələbə ilə yataqxanada yaşayan tələbənin fərqi çoxdur, o tələbələr sabah eyni düşüncəli adam ola bilməzlər.

– Tələbəlik illərində sevdiyiniz qızlar çoxmu olub?

– Dedim axı, bizim tələbəliyimiz çətin bir dövrə təsadüf edib. Biz 90-cı illərin tələbəsi olmuşuq. Müharibə, mübarizə, dövlət çevrilişləri və s... Elə olurdu ki, dərslər sentyabrda yox, noyabr ayında başlayırdı.

– Daima mübarizə içində olmusunuz, sevib-sevilməyə vaxt tapmırdınız... Belə?

– Hə... (gülür).

– Müəllim, təkamül nəzəriyyəsi haqqında nə deyə bilərsiniz, insanın meymundan əmələ gəlməsinə inanırsınızmı?

– Darvinin nəzəriyyəsinin heç bir əsası yoxdur. Orda irəli sürülən fikirlər, ideyaların hamısı əsassız bir şeydir. Çünki dünyanın, insanın yaranması haqqında müqəddəs kitabımızda daha dolğun, inandırıcı, əsaslı fikirlər var.

– Siyavuş müəllim, otağınızda qantellər var. İdmanla məşğul olursunuz?

– Bəli... Vaxt çatdırıb zala gedə bilməyəndə otağımda idmanla məşğul oluram. Mənim idmana həmişə marağım olub. Özüm idman ustasıyam. Çempionatlarda da iştirak etmişəm.

– Bunu sağlamlıq üçün edirsiniz?

– Artıq bu, məndə ənənə halını alıb. Mən 10 yaşımda sərbəst güləşlə məşğul olurdum.

– Maraqlıdır, dediniz, humanitar fənləri yaxşı oxumusunuz. Bəs cəmiyyətdə niyə belə fikir formalaşıb ki, siz savadsızsınız, intellektiniz yoxdur?

– Bu danışılan sözlərin heç bir əsası yoxdur. Mən 17 ildir ki, Milli Məclisin deputatıyam. Kim istəyir gəlsin, onunla intellekt mübarizəsi aparaq və hansı elmdən istəyirlər o sahədən də müzakirələr aparaq.

– Tarixdən Cəmil Həsənli ilə debata çıxa bilərsiniz?

– Əlbəttə! Cəmil Həsənlinin yazdığı tarix deyil ki... Statistikadır. Onun bir neçə kitabı var. Üstündə də təmtəraqlı sözlər yazıb mənə bağışlayıb. O kitabın tərkibi Mərkəzi Komitənin arxiv materiallarıdır. Vəssalam! Orda yeni bir araşdırma, tədqiqat işi yoxdur. Tədqiqat nədir? Araşdırırsan, rəy yazırsan, təhlillər ortaya qoyursan və s. Stalinin məktubu, Sovet xarici işlər nazirinin çıxışını yığıb kitab çıxarırsan. Burda nə var axı? Tarixdirmi bu?

– Bəs Azərbaycanda tarixçi kimdir?

– Ziya Bünyadov güclü tarixçi olub. Fəridə Məmmədova, Yaqub Mahmudov, İsmayıl Hacıyev, Anar İsgəndərov və s. Çünki onlar tədqiq edirlər, ortalığa təhlil çıxarırlar. Elmi işin də əsası ondan ibarətdir ki, burada təhlil olsun. Və gələcək üçün orda proqram olsun. Yəni sənin bu məsələyə münasibətin nədən ibarətdir. Yoxsa başqalarının yazısını gətirib dərc eləmək düzgün deyil.

Təkcə tarix yox, bizdə güclü ədəbiyyat da var. Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri “Çərpələng uçuran”dan qat-qat qiymətli, güclüdür. Yaxud Qılman İlkinin “Şimal küləyi” əsəri. Orda yetim Heydər obrazı var. O dövr əsərdə uşağın gözü, həyatı ilə xarakterizə edilir...

– Niyə məhz Mir Cəlalı nümunə çəkdiniz?

– Axı Qılman İlkini də misal gətirdim. Mir Cəlalı başqa məsələyə görə demədim. Söhbət ondan gedir ki, uşaq həyatı, gözü ilə o dövrü çox az adam təsvir edib.

– Müasir şair və yazıçılarımızdan oxumaq istəyəndə öz siyasi dünyagörüşünüzə uyğun müəllifləri seçirsiniz? Yoxsa müxalifətçiləri də mütaliə edirsiniz?

– Birincisi burda söhbət ədəbi yaradıcılıqdan, o yaradıcılığın düzgünlüyündən, sözün istifadəsindəki hikmətdən gedir. Yaradıcılıq insanın siyasi dünyagörüşünə baxmır. Elə şairlər var, ola bilər, müxalifətdə olsun, amma gözəl şeirləri var. Hamı tərəfindən qəbul da olunur, oxunur da. Yazıçılar da həmçinin. Amma təəssüflər olsun ki, köhnə nəsil yeni nəslə uyğunlaşa bilmir, yeni nəsil isə başqa düşüncə, başqa sfera əsasında yaradıcılıqla məşğuldur. Məsələn, “525-ci qəzet”də, “Ədəbiyyat” jurnalında çıxan yeni hekayələrin hamısını oxuyuram...

– Aqşin Yeniseyi tanıyırsınız?

– Bəli, tanıyıram. Bir az mücərrəd qəbul edirəm onun yaradıcılığını. Heç kəsi bəyənmir. Ancaq özünü qəbul edir. Təbii ki, hər bir yaradıcı insan öz yolunu tutmağa çalışmalıdır. Hərənin öz üslubu var. Belə şeylər üslub məsələsidir.

– Siyavuş müəllim, əlli yaşınız yoxdur, amma çox yaşlı görünürsünüz...

– Axı bayaq da dedim, 30 ildir, gərgin iş fəaliyyətində çalışırıq.

– Gərgin iş, siyasət sizin həyatınızdan çoxmu vacibdir? Heç düşünmürsünüz ki, daha bəsdir, gedim dəniz qırağına dincəlim, balıq tutum, ömrümün qalan hissəsini də belə keçirim?

– Verdiyiniz sualla bağlı Bəxtiyar Vahabzadənin bir şeiri var.

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır...

İnsanı hər hansı bir əşya kimi küncə qoymaq olmaz ki, burda qalsın. Yox, bu zaman o, yaşamır. Şam yananda məhv olacağını bilir, amma yanmasa da, yaşaya bilməz axı.

– Səhhətiniz bir müddət sosial şəbəkələrdə müzakirə mövzusu oldu... Hiss olunurdu ki, sizə pis təsir edir.

– Mən belə şeylərə adi baxıram. Öz şəxsimə görə yox, insan kimi onların təfəkkürünə, yanaşma tərzinə görə çox narahatam. Axı ictimai məsələ deyil mənim səhhətim. Müzakirə olunacaq bir mövzu da deyil. Əgər biri avtomobil qəzasına düşübsə, terror aktına məruz qalıbsa, güllələyiblərsə, başqa məsələ. Amma bir adamın soyuqlayıb hərarətinin düşüb-qalxmasının müzakirəsinin nə əhəmiyyəti var axı?

Mən hamıya şəfa arzulayıram. Allahın bizə verdiyi ömürdür yaşadığımız. İnanclı bütün adamlar dərk etməlidir ki, bəndə heç vaxt Allahın işlərinə qarışa bilməz. O, nə məsləhət bilsə, o da olacaq.

– Arıqlamağınız xəstəliyinizlə bağlı idi?

– Qətiyyən! Biz idmançılar istədiyimiz zaman istədiyimiz çəkini saxlaya bilirik. Lazım gəlsə, lap 10 kilo da arıqlaya bilərəm və yaxud lazım gəlsə, 10 kilo kökələ bilərəm.

– Bəlkə siyasi bəyanatlarınızla, çıxışlarınızla insanları çox qıcıqlandırmısınız, ona görə də acıqlarını bu formada çıxırlar: səhhətinizlə bağlı söz-söhbət yayırlar...

– Bilirsiniz, mən həmişə açıq danışmağın tərəfdarı olmuşam. Bütün siyasətçilərlə də debatlarımız olub. Fikir vermisinizsə, mən bütün çıxışlarımı sadə dildə etmişəm ki, əhali bunu başa düşsün. Yoxsa o qədər qəliz və mücərrəd danışaram ki, heç kim bir şey anlamaz. Məndə mövqeyini gizlətmək və onu dolayısıyla çatdırmaq cəhdləri yoxdur. Mövqeyimi konkret olaraq ortaya qoyuram. Əgər kimsə müzakirə aparmaq istəyirsə, kimsə mənimlə debata çıxmaq istəyirsə, buyursun, gəlsin.

– Dediniz, sərbəst güləşlə məşğul olmusunuz. Heç əlbəyaxa davalarınız olub?

– O qədər... Məktəb dövrümdə də, əsgərlikdə də, yataqxanada da...

– Yəqin, daha çox döyən tərəf olmusunuz...

– Əlbəttə... (gülür) O məktəbi gərək keçəsən.

– Siyasətə gələndən sonra da əlbəyaxa davalarınız olub?

– Dedim axı, mən professional idmançı olmuşam. Ona görə də çox adam heç mənə yaxınlaşmağı da özünə məsləhət bilməyib.

– Müxalifətçilərlə əlbəyaxa davanız olsa, yəqin, iki dəqiqəyə yerə sərərsiniz...

– Əşi, yox... (gülür) Onlarla bizimki söz davasıdır.

– Maraqlıdır, müxalifətçilərlə məclislərdə olmusunuzmu? Yoxsa orda da üz-üzə gəlməyiniz mümkün deyil?

– Harada olmağından asılı olmayaraq insan özünə arxayındırsa, o, heç nədən qorxmur. Arxayın olmayanlar, əməlində və əqidəsində boşluq olanlar özündən qorxa bilər. Mənim heç nədən qorxacağım və çəkinəcəyim yoxdur.

– Niyə sosial şəbəkələrə qoşulmursunuz?

– Oranın xətalı cəhətləri var.

– Kompüterdə yazıb-pozursunuz?

– Yazıram. Amma mənimki dədə-baba qaydası ilə yaşamaqdır. Hətta sənəd göndərəndə onu zərfə qoyub əllə çatdırıram.

– Siyavuş müəllim, 30 ildir xidmətdəsiniz. Sizcə, layiq olduğunuz qiyməti almısınızmı? Məsələn, gözlənilirdi ki, sizin başqa vəzifəniz, başqa kreslonuz olacaq. Amma olmadı. Bu şeylər sizi narahat etmir ki?

– Qəti şəkildə yox. Mənim kifayət qədər böyük vəzifəm var. Həm parlamentin komitə sədriyəm, həm də YAP-da icra katibinin müaviniyəm. İqtidar partiyasının nümayəndəsiyəm. Xarici dövlətlərə baxsaq görərik ki, partiya mövqeyi və orada tutulan vəzifə bəzən nazir postundan daha önəmlidir.

– Heç maddi problemləriniz olurmu?

– Yox... Yüksək əməkhaqqı alıram, o da kifayət edir.

– Qohum-əqrəbanız sizi ora-bura zəng elətdirir?

– Təbii. Hamının xahişi, istəyi olur. Çalışırsan, maksimum dərəcədə kömək edəsən. Təkcə qohumlar deyil ki... Məni kifayət qədər tanıyırlar. Həm regionlarımızda, həm də təşkilatlarda. 25 ildir partiya təşkilatında çalışıram. Ona görə köhnələr də, yenilər də məni tanıyır. Elələri var, münasibətlərimiz elə səviyyədədir ki, heç doğma qardaşları ilə o cür deyillər. İmkan daxilində hər kəsə köməklik göstərməyə çalışırıq.

– Doğma qardaş demişkən... Qardaşlarınızla münasibətiniz necədir?

– Normal...

– Sizin bir qardaşınız Bakı Dövlət Universitetinin professorudur. Bildiyimizə görə o, sizin siyasi dünya görüşünüzə şərik deyil. Məmmədəli Qıpçaq müəllimi deyirəm.

– Xeyr, tamamilə yanlış fikirdir.

– Hətta deyilir ki, siyasi əqidənizə görə küsülüsünüz...

– Tamamilə yanlış fikirdir. Bizim ailə tərbiyəmizdə sizin dediyiniz şeylər yoxdur. Ümumiyyətlə, onun heç bir siyasi baxışı yoxdur. Xalq Cəbhəsinin mövcudluğu illərində də qardaşıma müxtəlif vəzifələr təklif olunmuşdu. Təhsil nazirinin müavini postunu təklif etmişdilər, getmədi. Hətta Elçibəyin özü ilə çox yaxşı münasibətləri olub. Elçibəy dəfələrlə onun evində olmuşdu.

Tarix
2017.04.12 / 14:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla