Yuxarı

Onda nələrdən keçdiyimi anlamırdım - Aysel Əlizadə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az yazıçı Aysel Əlizadənin Teleqraf.com-a verdiyi müsahibəsini təqdim edir:

– Aysel xanım, hamıya verdiyiniz "necəsən" sualını özünüzə də verirsizmi? Özünüzlə danışa bilirsizmi?

– Elə bu sualdan anladım ki, siz çox yaxşı müsahibələrə imza atacaqsız. Özündən “necəsən” soruşan adama rast gəlməmişəm. Sualı Oşonun təlimlərindən oxumuşdum. Status kimi paylaşdım görüm insanlar bu haqda nə düşünürlər. Sizin də diqqətinizi çəkib. Tez-tez öz-özünə danışan biri kimi sanırdım ki, özümlə söhbət edirəm. Əslində, özümdən heç vaxt “necəsən” soruşmadığımı düşünəndə, öz-özünə danışmaqla özünlə danışmaq arasında böyük aşırım olduğunu anladım. Biz o qədər dağınığıq ki, özümüzlə danışmağa hövsələmiz çatmır. Qəlbinin, ruhunun hər damasını, hər zərrəsini hiss etməkdi, hər yaraya vaxt ayırmaqdı, hər detalı incələməkdi özünlə danışmaq. Mən bunu çox az etmişəm.

– Güzgüyə baxanda özünüzü daha çox danlayır, yoxsa tərifləyirsiniz?

– Güzgüdə özünə baxmaq çox ciddi məqamdı. “Qadın peyğəmbər” güzgüdə özünə baxan, özünü incələyən bir obrazın təsviri ilə başlayır. Halbuki, mən heç vaxt belə etməmişəm. Bu, çox texniki olur. Avtomatik makiyaj etmək, saç daramaqla bitir. Özünü tərif etmək, ya danlamaq üçün gərək özünə diqqətlə baxasan. Amma təriflədiyim də, danladığım da olur.

– Siz ilk dəfə necə çap olunmusunuz, yazmağa necə başlamısınız? İstedadınızı sübut edənə qədər çoxmu əziyyət çəkmisiniz?

– Uşaqlıqdan cızma-qara edərdim. İlk yazım 18 yaşımda “Yeni Müsavat” qəzetində çap olunub. Karamel fabriki bağlanmışdı. Qonşumuz Sevil xala işsiz qalmışdı. Elə ağrılı danışırdı ki, təsirləndim. Fabrikə getdim. Sahibkarlarla görüşdüm. Suallar verdim. Sonra dayım materialı yazı şəklinə salmağa kömək etdi.

“Yeni Müsavatda” Zahid Səfəroğlu var. Yəqin onun xatirində deyil. Bu barədə heç vaxt danışmamışam. Onunla mitinqdə tanış olmuşduq. Yazını verdim, o da öz düzəlişini edəndən sonra çapa verdi. Sonra xeyli vaxt TV də çalışdım. Mətnlərimi özüm yazmaq üçün xeyli mübarizə apardım. Daha sonra yazıçı Anar haqda veriliş çəkdim. Dostlaşdıq. Ona şeirlərimi göstərdim. Dedi, mənim xoşuma gəldi. Səni çox istəyirəm, bəlkə obyektiv baxa bilmirəm. Apar Fikrət Qoca da oxusun. Fikrət müəllim də oxuyub mənə xeyli ruh yüksəkliyi aşıladı. Dedim, Fikrət müəllim, mən çox az şeir yazıram. Dedi, nə olsun, Natəvan da az yazıb.

Beləcə, ” Ulduz” jurnalında ilk dəfə şeirlərim çap olundu. Dəqiq yadımda deyil, deyəsən 2003-cü il idi. İllər sonra AYB-yə üzv oldum...

– İllər sonra da üzvlükdən çıxdınız...

– Bəli... Çıxdım. Ölkəyə, ədəbiyyata, insana, yaradıcılığa münasibət yollarımız ayrıldı o qurumla...

– İstedadınızı sübut etmək necə?

– Əslində, heç vaxt nəyisə təsdiqləmək haqda beyin yormamışam. İlk yazılarım “Ədalət”, “525 -ci qəzet”də çap olunub. Mənə uğur gətirən Azad Mirzəcanzadə haqda yazım olub. İradə Tuncay və Rəşad Məcid o dönəmdə ruhumdan tutub saxladılar, yıxılmağa qoymadılar. Böyük mənəvi böhran yaşayırdım. Hədsiz çətin durumda idim. Onda bəlkə də anlamırdım nələrdən keçirəm. Onlar artıq keçmişdilər. Görürdülər ki, dosta ehtiyacım var. Televiziyanın uçuruma getdiyini anlamışdım, şəxsi həyatımda xəyal qırıqlığı yaşamışdım. Yazmasam bilmirəm necə olardım. Bütün enerjimi yazıya verdim.

– İkinci dəfə dünyaya gəlsəydiniz, yenə Aysel Əlizadə olardınızmı? Siz öz orijinal cavabınızla bu suala yeni bir nəfəs verə bilərsinizmi?

– Yox, olmazdım. Bu qadına ikinci dəfə tab gətirə bilmərəm. Sualın qoyuluşu çox yaxşıdı. Siz özünüz bu suala ikinci nəfəs verdiz...

– Bəs sizə uğurlu qadın demək olarmı?

– Bilmirəm, düzü. Mən böyük arzularla yaşayan insanam. Maksimalistəm. Çox adam üçün uğurlu qadınam. Xanım oxucularla özəl yazışmalarımız olur. Ayaqda qalmaq üçün onlara stimul verdiyimi söyləyirlər. Çox iti gözlü adamlar varmış dünyada. Səndən xəbərsiz səni iliyinə kimi hiss edə bilirlər. Bir gün xarici ölkələrin birindən bir xanım yazdı ki, siz mənə güc verirsiz. Hər dəfə ruhdan düşəndə sizi xatırlayıram. Özümə deyirəm, o, necə bu qədər mərhələdən keçib dik dayana bilir? Sən də toparlan. Bunun üçün də uğur mövzusunda artıq heç nə demək istəmirəm.

– Vaqif Səmədoğlunu necə xatırlayırsınız?

– Susqun üsyançı...

– Məşhur bir ifadə var: “Filankəsin kitabı rezonans doğurdu”. Sizin də iki əsəriniz - “Erkəklər” və “Qadın peyğəmbər”, eləcə də çoxlu şeirləriniz var. Hansısa mətniniz rezonans doğurubmu?

– Nə rezonans, ay gözəlim? Bizim ölkədə rezonans doğurdun nə olacaq, doğurmadın nə. Bizə elə gələ bilər ki, hansısa mətnimiz rezonans doğurub. Üç adam zəng vurur, beş adam paylaşır - elə bilirik hay-küy salmışıq dünyaya. Elə şey yoxdu.

– Hər halda hay-küylü yazılarınız çox olub.

– Çox olub...

– Tərifləyirlərmi?

– Yazılarım haqda eşitdiyim ən maraqlı fikir budu: Elə yazır ki, adam “layk” etməyə də qorxur. Bunu ən yaxşı təriflərdən biri kimi qəbul edirəm. İlk şeirlər kitabım çox diqqət çəkmişdi. O kitabı oxumayan qalmamışdı. “Erkəklər” “525 – ci qəzet” -də silsilə çap olunurdu. Sonuncu hissədən sonra o qədər məktub aldım ki, qorxdum. Sosial şəbəkələrdə müzakirə olundu, saytlar yayınladı və s. Məni ilk dəfə ədəbiyyatdan hürküdən “Erkəklər” əsəri olub. Özümə qarşı nə boyda tələb formalaşdırıram reallığını tamlıqla anlayanda, qaçıb hamıdan gizlənməyim gəlirdi. “Qadın peyğəmbər” rezonans doğurmadı. Doğurması üçün oxunması lazımdı.

– Ümumiyyətlə, nəsə yazarkən, onun rezonans doğurması haqda düşünürsünüz?

– Dəyərlərin öldüyü, maraqların yoxa çıxdığı, meyarların itdiyi yerdə rezonans haqda düşünmək şəxsən mənim üçün artıq yanlış dünya dərki kimi qəbul olunur. Dünyaya çıxmaq üçün çalışmalıyıq. Ondan sonra burda da nə işlə məşğul olduğumuzu anlayarlar.

– Yaxınlarda yazmışdınız ki, artıq insanlar pendiri dilimlə alırlar. Bəs sizin də maddi problemləriniz olurmu? Bankdan kredit, kimdənsə borc, dükandan nisyə ərzaq...

– İlk dəfədi məndən maddi problemlər haqda kimsə nəsə soruşur. Elə adamlar var, havaxt görüşürsən, iqtisadi yükünü dilim-dilim doğrayır qabağında. Ayrıca vaxt ayırır hamısına. Mən bu haqda danışmıram. 18 yaşından işləyirəm. TV-də, jurnalda, şirkətdə çalışmışam, bədii rəhbər, baş redaktor da olmuşam, restoranda aparıcı işlədiyim vaxt da olub. Saytlarda cürbəcür layihələr, köşə, müsahibə, reportaj, portret, araşdırma hər cür material hazırlamışam. Məmməd Araz, Əminə Dilbazi, Rafiq Hüseynli, Anar, Fuad Poladovla verilişlər hazırlamışam. Dövlət qurumunda çalışmışam. Hər cür yaxşı iş təklifi də almışam. Elə olub özüm adamdan iş istəmişəm, müsbət cavab alanda düşünüb, düşünüb geri çəkilmişəm.

– Niyə geri çəkilmisiniz ki?

– Azadlığına düşkün olmaq xarakterdi. Kitablar yazmaq üçün mənə azadlıq lazım olub. Yüzlərlə publisistik yazım üçün azadlıq lazım olub. Təhlükəli mövzulardan qorxmamışam. Buna görə başım az çəkməyib. Çox sıxıntı çəkmişəm. Bu asan seçim deyil.

– Pendir...

– Bəli, dilimlə pendir aldığım vaxt da olub...

– Dükana borclu olmaq necə?

– Dükana borclu qaldığım günlərim də olub. Amma bunu kimsə bilməyib. Dözmüşəm. Dözümüm yol açıb. Ən çətin anlarda kömək əlini uzadan adamlar çıxıb qarşıma. İçimdə onlara minnətdarlıq hissim ölmür.

– Yəqin uşaqlıqda da çətinliyiniz olub...

– Düzü, uşaqlığım da yağ-bal içində keçməyib. Atamın boşluğunu hiss edə-edə, onun qayğısından, sevgisindən məhrum böyümüşəm. Anam müəllimə işləyib. Məni əziyyətlə böyüdüb. Özümü tanıyandan bu çətin cəmiyyətdə ayaqda qalmağa çalışmışam. Bütün bunlara baxmayaraq, özümü ifadə edə bilmişəm. Dayağım anamın ürəyi olub. Bir də sonradan qazandığım insanlar.

– Bəs niyə çox adam sizi varlı-hallı ailədə qayğısız böyüyən kaprizli biri kimi tanıyır?

– O cür adamların boş ürəklərinə, duyumsuz ruhuna, ağılsız gözlərinə gülümsəmişəm... Hər çətinliyə dözə biləcək gücdəyəm. Amma mənəvi məhdudiyyətlər içində yaşaya bilmərəm. İndi kredit, dükana borc kimi sorunlarım yoxdu. Düzdü, problem onsuz da heç vaxt bitmir. Amma savadı, bacarığı olan adam öz həyatını qurur. Bircə əngəl yaradan səbəblər və adamlar ortaya çıxmaya. Sosial durumda qalxma-enmə anları yaşanır. Çətindi, bəzən dözülməzdi. Bütün gücümü toplayıb həyata davam deyirəm.

– Maraqlıdır, Milli Məclisin üzvü seçilsəydiniz, fəaliyyətinizi təxminən, hansı xanım deputatla müqayisə edərdiniz? Qənirə Paşayeva, Jalə Əliyeva...

– Qənirə Paşayeva ilə... Qənirə xanım bacarıqlı, istedadlı qadındı. Bütün həyatını ölkəsinə həsr etmiş insandı. Nə qazanıbsa, zəhməti ilə qazanıb. Anasına yazdığı şeirdə bütün həyat yolu var. Ağrılıdı, dərindi. Bunu görməmək, onun həqiqətini öküz kimi itələməyə çalışmaq kobud, tərbiyəsiz ruhun işidi.

– Gəlin sevgidən danışaq. Sevgini necə hiss edirsiniz? Nədən bilirsiniz keçirdiyiniz hisslərin adı sevgidir?

– Bu haqda yazmışam. Bir adamın varlığına görə içində minnətdarlıq hissi varsa, demək, onu sevirsən.

– Bəs sizcə, nə üçün öz sevgisi yolunda intihar edən kişilərə ağılsız deyirlər?

– Dərin məsələdi. İntihar reallığa dözə bilməməkdi, yoxa çıxmaq arzusudu. İntihar üsyandı. Amma faydasız, nəticəsiz üsyandı. Sevgi əzab deyil, xoşbəxtlikdi. Adamı sevəndə özünü öldürmək istəyə bilməzsən. Bəlkə yalnız ona nəsə olsa, ölsə... sən də özünə əl qaldırarsan. Sevgilini rahat buraxmaq, sevgini yük etməmək, uzaqdan uzağa onun varlığından zövq almaq insanın ruhsal yüksəlişidi. Bütün hallarda kimsə sevdiyi üçün intihar edirsə, ona ağılsız demək yanlışdı. Adamın yaşadığı hisslərə hörmət etmək nəciblikdi.

– Yəqin hiss etmiş olarsınız. İnsanlar sizə ən çox nəyə görə hörmət edir, saya salır? Gözəlliyinizə görəmi, yaradıcılığınıza görəmi, yoxsa ictimai-siyasi fəaliyyətinizə görəmi?

– İctimai-siyasi hadisələrə dürüst yanaşdığıma və bunu yazılarımda doğru ifadə edə bildiyimə görə.

– Çağdaş yazarlarımız içində sizdə qıcıq yaradan, belə demək mümkünsə, cinləndirən imzalar varmı? Məsələn, istedadı yoxdur, amma...

– Yox, yaradıcı iddiası olan heç kimə cinlənmirəm. Məni cinləndirən məsuliyyətsiz məmurlardı.

– Son... Qızınız İzel bir gün desə ki, hicablanmaq istəyirəm. Reaksiyanız necə olar? Ümumiyyətlə, hicaba münasibətiniz maraqlıdır...

– Mən Azərbaycan qadınını hicabda görmək istəmirəm...

Tarix
2017.04.14 / 15:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla