Yuxarı

Rasim Balayevə məktub yazmışdım - Firəngiz Mütəllimova

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az xalq artisti Firəngiz Mütəllimovanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Firəngiz xanım, müsahibə öncəsi dediniz “məndən çox məktub alan aktrisa olmayıb”.

- Doğrudur, teatrda ən çox məktub alan aktrisa mən idim, bunu hamı bilir. Hətta ətirli məktublar da olurdu arabir. (Gülür) Məktubların çoxluğundan teatrın gözətçiləri də şikayət edirdilər. O vaxtlar televiziyada çıxışımıza görə bizə qonorar yazılırdı. Qonorarı almaq üçün poçta gedirdik, üstündə “əlli dənə də məktub” alırdım. Ordakı qızlar mənə gülürdü.

- Məktublarınızı saxlayırsınızmı?

- Uzun illər saxladım. Sonra bəzilərini atdım, bəzilərini də bir qutuya yığıb kənara qoydum. Cəmi üçünü saxlamışam.

Düzü, həmişə məktublara qarşı böyük marağım olub. Yeddinci sinifdə oxuyanda “Nəsimi” filminə baxıb Rasim Balayevə məktub yazmışdım. Yazmışdım: “Sizi çox istəyirəm. Bəlkə siz heç bu məktubu oxumadınız, cırıb zibil qabına atdınız” və s. İllər keçəndən sonra Rasim Balayev mənə dedi ki, narahat olma, məktubunu cırıb atmamışam. Deyir, evdən köçəndə məktubları bir də nəzərdən keçirib, arasından mənim məktubumu tapıb. O vaxtlar artıq tanınırdım.

Sizə deyim, mən hətta Rac Kapurun oğlu Rişi Kapura da məktub yollamışam. O məktubu ingiliscə yazdırmışdım.

- Neçənci illərə təsadüf edir?

- Təxminən 75-76-cı illər olardı.

- Ən çox məktubu hansı rolunuzdan sonra almısınız?

- “Səni axtarıram” televiziya tamaşasında yaratdığım Gülnar obrazından sonra...

- Yəqin onda saylarını da unutmusunuz...

- Saya bilməzdim axı... Təsəvvür edin, gündə 20-30 məktub alırdım.

- Hamısını oxuyurdunuzmu?

- Bəli, hamısını oxuyurdum. Bunu bir dəfə demişəm, mən vaxtında ailə qura bilmədim, çünki başa düşə bilmirdim Gülnarı, yoxsa Firəngizi sevirlər. Çaş-baş qalmışdım. Məktubların yarısı Gülnar, yarısı Firəngiz adına ünvanlanırdı.

- Sevgi məktublarının ciddiliyinə inanırdınız?

- Xeyr, inanmırdım. Sadəcə mən cəsarətli, riskli insanları sevirəm. Düşünürdüm mənimlə ailə qurmaq istəyən kişi məktub yollamaz, cəsarətlə qarşıma çıxıb evlilik təklifi edər. Orta məktəbdə oxuyanda da sevgi məktubları alırdım. İlk sevgi məktubunu oxuyanda əllərimin əsməyi hələ də xatirimdədir. Onu ən azından on beş dəfə oxumuşdum. Şeirli məktub idi, xəlvət saxlamışdım. Mən Şuşada oxumuşam. Bilmirəm niyə, amma şuşalı oğlanlar sevgilərini etiraf edə bilmirdilər nədənsə. Ancaq əsgər gedəndən sonra məktub yollayıb sevgilərini bəyan edirdilər. Mən Şuşada hər ayın sonunu - poçtalyonun qapımıza gəlməsini həsrətlə gözləyərdim. O çox gözəl hislər idi.

- Bəs həmin ilk sevgi məktubuna cavab vermədiniz?

- Yox, heç vaxt sevgi məktubuna cavab verməmişəm.

- Bayaq dediniz üç məktub saxlamısınız. Bəs o məktublar kimlərdən gəlib?

- Biri atamın məktubudu. O biri vaxtsız dünyasını dəyişmiş dayım oğlunun əsgərlikdən yazdığı məktubdu. Digəri də anamın yazdığı məktub. Mənə yalnız sevgi məktubları yazmırdılar ki. Adətən aktrisaları kişilər daha çox sevir. Açıq deyəcəyəm, məndə əksinədir. Yeri gələndə qadınlar mənə kişilərdən daha çox kömək edirlər. Məəttəl qalıram.

- Bunu nəyə bağlıyırsınız?

- Bəlkə də Allahın mənə bəxş etdiyi bu gülərüz simaya. Nə bilim. Bilmirəm. Onu bilirəm ki, məni çox istəyirlər. Bu sevgini nə pulla, nə də başqa maddi şeylər qarşılığında almaq mümkün deyil. Mən həyatda necə varamsa, elə də yaşamaq istəyirəm. Göstərişli yaşamağı sevmirəm.

- Olubmu, nəsə etmək istəmisiniz, amma “aktrisayam, göz önündəyəm, bunu etmək olmaz” deyib geri çəkilmisiniz?

- Əlbəttə. Çalışıram çox açıq-saçıq geyinməyim. Roldan əlavə məni kənarda açıq-saçıq geyimdə görə bilməzsiniz. Rəhmətlik İlyas müəllim deyirdi ki, aktrisa hətta səhnədəki geyimiylə də tapmaca olmalıdır. Qoy tamaşaçı “bircə dizini, topuğunu görsəydim, bircə çiynini görsəydim”... deyə intizarla gözləsin. (Gülür)

- Zemfira Nərimanbəyova bir dəfə söhbət əsnasında dedi ki, burda geyinə bilmədiyimiz geyimləri xaricdə geyinirik.

- Düz deyir. (gülür) Mənim də “cırıq cins şalvarlar” xoşuma gəlir. Dəbə görə deyil, rahat olduğuna görə çox sevirəm. Amma onu Azərbaycanda geyinə bilmərəm. Xaricdə olanda geyinirəm.

- Firəngiz xanım, unutmadığınız, sizi təəccübləndirən məktublardan danışa bilərsinizmi?

- Şeirlər yazırdılar, misraların baş hərflərini birləşdirəndə “Firəngiz” alınırdı. Çox xoşuma gəlirdi qabaqlar. (Gülür)

- Məktublarda oynadığınız rollara görə məsləhət verənlər çox olurdumu? Məsələn, Gülnara nə deyirdilər? Qınayırdılar, yoxsa halına yanırdılar?

- Bu elə bütün aktrisalar üçün aktual mövzudur. Məlum, mən bilirəm. Ki, səhnədə öz həyatımı yaşamıram. Amma bəziləri bir ab-havadan çıxa bilmir. Səhnədə hər cür obraz yaradanlar əsl aktrisadır. Kim eyni tipli rolları oynayırsa, deməli o ancaq özünə aludədir. Mən dilənçi obrazını da yaratmışam, pozğun qadın obrazını da. Mən Firəngiz Mütəllimovayam həyatda, amma səhnədə obrazam. Obrazı təhvil verəndən sonra onunla vidalaşıram. Ona qədər axtarışda ola bilərəm, küçədə o obraz kimi yeriyə bilərəm, amma təhvil verdimsə, bitdi. Qınaqlar da olub əlbəttə. Özümü də qınayıblar, obrazlarımı da. Bir dəfə Şuşadan yaşlı bir qadın məktubunda yazmışdı ki, atan sənə maşın alıb, gizlətmisən, utanmırsan?! O qədər gülmüşdüm ki... Mən heç avtomobil idarə etməyi indi də bacarmıram. Məktub oxumaq gözəl duyğudur, amma boynuma alıram ki, indi məktub oxumağa hövsələm çatmır.

Tarix
2017.04.18 / 18:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla