Yuxarı

Bir saata 7 şeir yazan lənkəranlı şairlə – Söhbət

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair Tərlan Əbilovla söhbəti təqdim edir:

- Tərlan, sənin imzan birdən göründü. Səhv etmirəmsə, Vaqif Yusifli yaradıcılığın haqda ilk yazan tənqidçi olub.

- Əslində, mən ədəbi mühitdə vaxtından gec görünməyə başlamışdım. Yaradıcılığa gənc yaşlarımdan başlamağıma baxmayaraq, hələ o vaxt bir dəfə belə olsun çap olunmaq barədə düşünməmişdim. Heç o şərait də yox idi, açığı. Və doğrudan-doğruya yazdığım şeirləri heç şairliklə də qəti əlaqələndirmirdim, düşünürdüm ki, ötəri bir həvəsdir, ehtiyacdır, keçəcək... Amma sonra hər şey birdən-birə dəyişdi, 2000-ci ildən Azərbaycan ədəbiyyatı başqa bir mərhələyə yönləndi. Və çap olunmaq hissi birdən-birə baş qaldırdı içimdə, yəni mən ədəbi mühitdə görünməyə başlayanda şeirdə az-çox formalaşmışdım, az-çox təcrübəm və yaşım var idi. O üzdən yaradıcılığımın ilk olaraq tənqidçi Vaqif Yusiflinin diqqətini çəkməsi mənim üçün çox da gözlənilməz olmadı. Bir də axı insafla danışsaq, nəinki onda, elə indi də ədəbi mühitdə kimdə azacıq istedad, kimin yaradıcılığında azacıq işıq ucu görünürsə, həmin gəncin yaradıcılığı haqda yenə də ilk yazan, həmin gəncə ilk etimad göstərən Vaqif Yusifli olur. Və fikir vermisinizsə, heç vaxt da səhv eləmir seçimində.

- Oxunaqlı, yaddaqalan şeirlərinlə dövri mətbuatı, az qala, zəbt etmişdin. Bu aralar isə deyəsən, sosial şəbəkələr daha çox yazılarının rast gəlindiyi yerdir.

- Doğrudur, əvvəllər eyni gündə bir neçə qəzetdə dərc olunurdu şeirlərim, bir çox qəzetlərin ədəbiyyat (əlavələri) səhifələri mənim yaradıcı tribunama çevrilmişdi. AYB-nin üzvü olmaya-olmaya “Azərbaycan”, “Ulduz” jurnalında ildə iki-üç dəfə çap olunurdum. Bu, təbii ki, 18-20 il bundan qabaqkı nisbətən cavan bir şairin görünmək, tanınmaq, sevilmək yanğısıydı. Və ən başlıcası yaxşı qonorar alması idi. İndi bir az yaş ötüb, bir az da başqa qayğılar bu istəyi, bu yanğını üstələyir. Axı indi mənim qəzet və jurnallarda çap olunub sevinən vaxtım deyil. Üstəlik, rəsmi orqanların bəzi qəzet redaktorları hələ də düşünürlər ki, şeirlərim onların rəhbər olduğu qəzetlərdə dərc olunsa, mən məşhur olacağam, qonorar yazmasalar da olar. Az-az çap olunmağımın və sosial şəbəkələrdə daha çox görünməmin əsas səbəbi prinsipiallığımdır. Yaradıcı adamların cibinə çəkinmədən girənlərlə bir ortamda olmaq əskiklikdir, sanıram.

- Ümumiyyətlə, şeir yazmaq təsirə düşməkdir, bilirəm, amma yenə təsirə düşüb şeir yazanları sevmirəm, - deyirsən. Heç təsirləndiyin, şəhdindən, şirəsindən, məğzindən özünü uzaq tutmadığın şeir nümunəsi, yaxud digər janrda yazılan əsər olmayıb ki?

- Bu fikri status kimi Feysbuk səhifəmdə bir ayrı səbəbdən paylaşmışdım, sitatlarımın belə diqqətinizdə olması məni gerçəkdən sevindirir. Bəli, ümumiyyətlə şeir təsirdən doğan bədii mətndir. Ancaq bir var gülün, çiçəyin, dənizin, küləyin, yağışın və sairənin təsirinə düşmək, bir də var ki, oxuyub konkret hansısa bir imzanın təsirinə düşmək. Bunlar ayrı-ayrı şeylərdir. Var bəhrələnmək, var köçürmək. Təbii ki, həyatın dibindən gələn şeirlər daha orijinal olur. Ədəbi priyomları mənimsəmək normaldır, deyim tərzinə kimi kimisə təkrar eləməyinsə bir adı var... Füzulinin “Söz” rədifli qəzəlindən sonra yüzlərlə eyni adlı qəzəl yazıldı, adını nəzirəçilik qoysaq belə, heç bir qəzəl onun “Söz” qəzəlindən yüksəkdə qərar tutmadı. Konkret mənə gəlincə, təbii ki, mənim də hansısa tanınmış bir imzanın, bir məşhur əsərin təsirinə düşüb şeir yazdığım vaxtlar da olub. Gənclik illərində bunun baş verməsi elə də qəbahət deyil, sanıram...

- Bir gündə 7 şeir yazdığın vaxt olub, sənin başqa işin-gücün yoxdur ki?

- Əvvəla, mən yeddi şeiri bütöv bir günə yazmıram, yazmağa səbəb olanda, bunun üçün mənə bir saat, saat yarım vaxt bəs edir. Bir də axı mən doğrudan-doğruya altı ildir bekaram, heç yerdə işləmirəm və belə olan halda sevdiyim işə aludə olmağım tam normaldır.

- “Həyat çox amansızdır, yol verəndə ayaqsız qoyur adamı,
ayaq verəndə yolsuz...” - demisən. Həyatında belə təzadlar az olmayıb, deyəsən...

- Əlbəttə, az olmayıb və ümumiyyətlə, nəinki mənim, hər bir insanın həyatı bu kimi təzadlarla doludur. Yəni dünya özü də təzadlar üstündə bərqərardır. Elə şeylər var ki, qaçılmazdır və qaçılmaz olan nə varsa, taledir.

- Anar Həbiboğlu vardı bir zamanlar, onsuzlaşmağının nəyə təsiri oldu?

- Anar Həbiboğlu Lənkəranda aldığım ən təmiz havaydı, ən təmiz nəfəs idi. Şeirləri kimi dupduruydu, sevgi doluydu Anar. Ölümü çox baha başa gəldi mənə, havasız, nəfəssiz qaldım sanki. Şeir məclislərinin tamı, duzu qaçıb onsuz. Bir ildən artıqdır elə təklənmişəm ki!

- Daha kimlər dost olaraq çiyinlərinin söykənəcəyi olmağından məhrum edə bildi səni?

- Belələri barədə danışmağa ehtiyac duymuram, adlarını çəkməklə onları böyüdüb özümü kiçiltmək istəmirəm. Allah hər birini hifz eləsin!

- “Narahat olma, ata,
bizim hər şeyimiz var, hər şeyimiz;
təkcə geri çevriləndə keçmişimiz,
irəli baxanda
gələcəyimiz dəymir gözə...”

Tənhalıq beləmi olur?

- Əslində, bu, təkcə mənim tənhalığım deyil, bütün mənim kimilərin tənhalığıdır. Orijinallıq baxımından deyirsinizsə, tam razıyam, insan tək olanda, təklənəndə daha da orijinal olur.

- “Bu dəqiqə ürəyim sinəmi sancan arı deyil, çalan ilandır...”. Deyəsən, bədbinsən axı?

- Əksinə, bu, pozitivliyimin təzahürü idi səhifəmdə. Vaxt səmərəli ötsün deyə, mən Ramiz Rövşənin mövcud misrasını fikir baxımından daha da kəskinləşdirdim. Bir növ, qələm sahiblərindən kimin yatıb, kimin oyaq olmasını öyrənmək üçün...

- Tərlan, necə düşünürsən, ədəbiyyatımızın canı necədir, durumu necədir?

- 3-4 kötüyü nəzərə almasaq, son 20-25 ilin axını, seli hələ ki, çör-çöp gətirməklə məşğuldur. Hələ ki, Avropadan gətirilən dərmanlar da tutarlı bir səmərə vermir. Müalicə üsulu təbii yollarla aparılsa, ümidvaram ki, əsrin sonlarınacan sağalacaq...

- Lənkəran ədəbi mühiti Azərbaycanın cənubunda qalır, yoxsa hər tərəfə qol-budaq ata bilir?

- Bədii fakt olaraq qeyd edim ki, cənub yazarları çağdaş ədəbiyyatımızın, həmçinin ədəbi mühitin ən aktiv və ən sanballı aparıcı qüvvəsidir. Ədəbi mühiti diqqətlə izləyənlər (hər halda peşəkar ədəbiyyatçıları nəzərdə tuturam) bu böyük ədəbi faktı görməzdən gələ bilməzlər. Əslində, bizim bölgənin ədəbi mühiti öz erudisiyasıyla seçilir. Məhz cənub ədəbi mühitində yetişənlər istər poeziyada, istərsə də nəsrdə yeni təfəkkür və yeni düşüncə sərgiləyə bilirlər. Maraqlısı odur ki, cənub ədəbi qüvvələri klassik şərq poeziyasının incəliklərini və poetik məziyyətlərini dərindən incələyə bilirlər. Məncə, Şərq və Qərb ədəbi düşüncəsinin qovuşduğu sənət müstəvisi məhz cənubdur. Böyük Nəsimi demişkən: “Çün on səkkiz min aləmə oldu vücudum ayinə”...

Tarix
2017.06.29 / 09:51
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla