Yuxarı

"Çəkilişdə olanda oğlum özünü yandırdı"

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ulduz" filmindəki Nazik rolu isə tamaşaçıların sevgisini qazanmış aktrisa Məleykə Ağazadə müsahibə verib.

Axar.az Milli.Az-a istinadən həmin müsəhibəni təqdim edir:

- Məleykə xanım, olarmı sizə "Nazik" deyə müraciət edim?

- Əlbəttə olar. Mənə onsuz hamı "Nazik" deyə müraciət edir. Bütün Azərbaycan məni tanıyır, sevir, hörmət edir. Hara gedirəmsə öz adım yaddan çıxır. Bu ad mənə daha xoşdur, demək ki, insanlar məni unutmayıb. Amma "artistlər" var ki, 100 filmdə çəkiliblər, heç yadda qalmayıblar. Məndən fərqli olaraq həm fəxri adları var, həm də onları yada salırlar. Məni isə...(köks ötürür) Eh...

- Sənət yoldaşlarınız sizi axtarmır?

- Mən Musiqili Teatra gələndə heç kim yox idi. Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev məndən sonra teatra gəldilər. Çox maraqlı günlər idi. Mən onlarla dostluq etməsəm də yaddaşımda gözəl sənətkarlar kimi həkk olunublar. Hal-hazırda mənim yaşımda teatrda, yaxud sənətdə heç kim qalmayıb ki, məni itirib axtarsın. Arabir Həmidə Ömərova, Hicran Nəsirova zəng edir. Mənim demək olar ki, sənət aləmində dostum olmayıb. Mən həyatda sadə, pak əməllərə sahib olan insanlarla dostluq etmişəm. Kimdən danışmışam hamısı xalq artisti olub, qızıl fonda düşüblər. Amma mənim haqqımda heç kim danışmayıb. Bax buna təəssüflənirəm. Bəlkə də ömrümə çox qalmayıb, amma bilirəm ki, mən öləndən sonra arxamca heç kim söyməyəcək. Çünki xalq məni sevir. Heç kimə pislik etməmişəm, rol üstündə kiminləsə mübahisəm düşməyib. İndi ad-san qazanan aktrisaların bir çoxu vaxtilə teatrda min hoqqadan çıxıb. Mən danışıram, oluram pis. İnsan yaşa dolduqca daha da kövrəlir, uşaq kimi olur. Daha çox etiraf etməyə can atır.

- 88 yaşın gözəlliyi nədən ibarətdir? Xəstələnərkən, həyatdan bezdiyiniz vaxt ölümü arzulamısınız?

- Şükür Allaha, özümü çox yaxşı hiss edirəm. Mən həmişə cavanam, yenə də cavan qalmışam. Mənə heç kim 88 yaş vermir. Hər yaşın öz gözəlliyi var. Yaşın nə fərqi var ki, sevirəm səni... (gülür). Milli Konservatoriyanı əla qiymətlərlə bitirmişəm. O vaxtı gözəl səsim var idi, yaşa dolduqca heç səsim də qalmayıb. Amma elə müğənnilər var ki, onlardan çox gözəl oxuyuram. Bu yaxınlarda verilişlərdən birində qonaq olarkən oxudum, oynadım. Hamı təəccüblənir ki, siz bu yaşda necə belə pozitiv qalmısınız? Mən heç ölüm haqda da fikirləşməmişəm. Həyata 5 əllə sarılmışam.

- Həyat yoldaşınız haqqında müsahibələrinizdə həmişə ürək ağrısı ilə danışmısınız. Bu yaşınızda sevgisiz yaşamaq çətin deyil ki?

- Mən hal-hazırda övladlarımı, nəvələrimi sevirəm. Böyük nəvəmin 32 yaşı var. Bəzən aktrisalar deyir ki, mən ailəmi sənətə qurban verdim. Siz bu sözü deyən aktrisalara inanmayın. Ailə də vacibdir, sənət də, amma qadın üçün ilk növbədə onun isti ailəsidir. Yoldaşım rəssam idi, məni çox istəyirdi. Bizi baldızım tanış etmişdi. Atalarının xasiyyəti övladlarıma da keçib, onlar da əsl kişi xasiyyətində böyüyüblər. Mən həyat yoldaşımla 56 il yaşamışam, bir dəfə də olsun küsülü qalmamışıq. Amma indi nikaha daxil olurlar, 3 gündən sonra boşanırlar. Mən onu hələ də sevirəm, o mənə iki övlad bəxş edib.

- Hal-hazırda kimlə yaşayırsınız?

- Mən hal-hazırda "Tarqovu"dakı evimdə tək yaşayıram. Nəvələrim də, oğlanlarım da demək olar ki, gündə gəlib-gedirlər. Gələ bilməyəndə isə zəng edirlər. Övladlarım demək olar ki, mənimlə birlikdə teatrda, film çəkilişlərində böyüyüb. Hətta bir dəfə "Ulduz" filminin çəkilişində olanda oğlum özünü yandırmışdı (kövrəlir). Çəkilişi yarımçıq qoyub, tez evə qaçdım. Hal-hazırda mənə övladlarım baxır, onlar olmasaydı, mən bəlkə də dilənçilik edirdim.

- Baxmayaraq ki, aktrisa kimi hal-hazırda fəaliyyətiniz yoxdur. Amma nənə rolunda çəkilə bilərsiniz. Heç dəvətlər olubmu?

- Sözün düzü, məni yeni çəkilən seriallara dəvət edirlər, amma getmirəm. Seriallarımız banditizmi, kriminalizmi tərənnüm edir. Baş qəhrəman əlinə silah alıb, düşür şəhərin "canına". Belə də serial olar? Niyə maraqlı ssenarilər fikirləşmirlər? Nə baxmıram, nə də ki, çəkilmirəm.

- "Ulduz" filmindəki Nazik rolunuz o vaxt üçün yeni bir obraz idi. Bu rola görə sizi tənqid edənlər oldu?

- Həqiqətən "Nazik" rolu o vaxt üçün yeni idi. Ordakı geyimdə mənim kürəyim bir az açıq idi, yoldaşım, sözün düzü, buna qəzəbləndi. Amma indiki aktrisalar çılpaq gəzirlər. Bunu özlərinə dəb bilirlər. Onların valideynləri hara baxır görəsən? Bir də görürsən ki, 60 yaşlı qadındır, açıq-saçıq geyinib. Nəyə lazımdır axı?

- Şəhərdə gəzərkən sizi tanıyanlar olur?

- İnanın ki, şəhərdə gəzərkən skamyada oturmağa belə imkan vermirlər. Yaşlı, qoca, cavan uşaqlar hamısı gəlib məni öpüb, bağrına basır, şəkillərimi çəkirlər. Mən indi özüm üçün yaşayıb, gəzib dolanıram. Heç nəyin fikrini etmək istəmirəm, istəmirəm kimsə də yanımda neqativ şeylər danışsın. Danışan kimi o dəqiqə oradan uzaqlaşıram. Həyatımdan,yaşayışımdan çox razıyam.

Tarix
2017.07.21 / 01:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla