Yuxarı

Deyirlər ki, get, Qocanla, Herisçinlə məşğul ol - Aqşin

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı Həmid Herisçi Kult.az-a müsahibəsində şair Aqşin Yenisey haqqında tənqidi fikirlər səsləndirib. O, Aqşin Yeniseyin didaktikaya meyilləndiyini bildirib.

Aqşin Yenisey Kult.az-a müsahibəsində Həmid Herisçinin bu iddiaları və Türkiyədəki həyatı haqda danışıb.

- Həmid Herisçi, ümumiyyətlə, Şərq ədəbiyyatının əsas mürdəşiri kimi didaktikanı görür. İddia edir ki, indiki gənc yazarlarımız bu didaktikaya, bu qədim Şərq xəstəliyinə yoluxublar. Bunların arasında sizin də adınızı çəkdi...

- Mən (biz) Həmid Herisçidən çox şey öyrənmişəm, amma Uil Dürantdan daha çox şey öyrənmişəm; Həmid bütün gerçəkliklərin bir xəyal olduğunu, Dürant isə bütün xəyalların bir gerçəklik olduğunu öyrədib mənə. Bu, ədəbiyyatda təbii bir qanunauyğunluqdur. Bunu şəxsiləşdirmək, böyük-kiçik söhbətinə çevirmək özü bir Şərq xəstəliyidir. İkincisi, Həmid ağa bizim bəzən qonorar xətrinə yazdığımız publisistik yazılarımızla şeirlərimizi, hekayələrimizi qarışdırır. “Quqark”ın harasında didaktika var, yaxud mənim hansı şeirimdə Şərqə didaktik yaxınlıq var? Amma Həmid Herisçinin şeirlərini türkcəyə tərcümə etmişdik, burda bir jurnalda müasir Azərbaycan ədəbiyyatı andına çap etmək üçün. Türkləri inandıra bilmirdik ki, bu ağa İran şairi deyil, bu ahəng İran boğazı deyil...

- Həmid Herisçi deyir ki, Azərbaycan mədəniyyəti lətifəyə uduzub. O, xüsusən Speys TV və Vaqif Mustafayevi tənqid edir. Vaqif Mustafayevin filmlərinə, yaradıcılıq fəaliyyətinə münasibətiniz necədir?

- Azərbaycanın ədəbiyyatı yox, reallıqları lətifəyə uduzub. Sovetlər zamanında ruslar da öz reallıqları haqqında belə düşünürdülər. Bu gün Türkiyədə də olaylarla alay etmək ciddi ədəbiyyatı üstələyir. Unutmayaq ki, Vaqif Mustafayevin ironiyasının yanında Vaqif Mustafazadə inqilabiliyi də var, həmişə də olacaq. Qaldı ki, “Speys” kanalına, məncə, bu kanal çox qədim bir gerçəkliyin yenidən üzə çıxmasıdır. Telereinkarnasiyadır. Bizim coğrafiyanın mifik, mistik kökü qədim Hindistanla bağlıdır. Hətta XVIII əsrə qədər Hindistandan Bakıdakı Atəşgaha hindli atəşpərəst zəvvarlar gəlirdilər. Zərdüştlük özü də qədim hind atəşpərəstliyinin əsintisidir. “Speys” bu qədim mistikanı hind kinoları ilə yeniləyir, yəni Həmidin bu gün televiziyada gördüyü işin daha qədim olanını həyata keçirir. Bəlkə də ona görə Həmid “Speys”i sevmir, ona özünün din düşməni kimi baxır.

- Şair, fürsət düşmüşkən soruşum, niyə dinlə yola getmirsiniz? Həmid bəy buna görə də yaman əsəbiləşib...

- Mən elə indicə Karen Armstronqun “Tanrının tarixi” kitabını dilimizə uyğunlaşdırıram, sənin sualına daha ətraflı cavab bu kitabda verilib. Yəqin, Həmid ağa da oxusa, hirsi soyuyacaq. Çünki məndən fərqli olaraq, Armstronq üç din, üç allahla yola getmədiyini yazır. O, lap allahsız və amansızdır.

- Türkiyəyə köçmüsünüz. Amma yenə də azərbaycanlının ictimai həyatı, işıq pulu - məişət səviyyəsində problemləri sizi narahat edir. Niyə bizim gedənlər bəşəriləşmir? Təkcə bədən gedir, təfəkkürən Bakıda - Azərbaycanda qalırlar.

- Bakıda adama elə gəlir ki, ayağını sərhəddən kənara qoyan kimi bəşəriləşəcəksən. Belə şey yoxdur. Sən bəşərə lazım olduğunu sübut edənə qədər bəşər səninlə, ümumiyyətlə, maraqlanmır. Məsələn, mən Tükiyədə nə bir şair, nə bir insan kimi heç kimə lazım deyiləm. Hələ bu, dili, dini, kökü eyni olan qardaş ölkədir. Dünyanın öz dərdləri, öz problemləri var, iki-üç şeir yazıb bəşəri ola biləcəyimizi düşünmək əbləhlikdir. Türkiyə hər gün mənə öz yerimi göstərir, “get, Qocanla, Herisçinlə və s. məşğul ol, bizim öz dərdimizə ağlayanımız var” deyir. Bu məsələnin texniki tərəfi, bir də bunun psixoloji tərəfi var - insan öz ideyalarının, düşüncələrinin mənşəyindən, başlanğıcından uzaqlaşa bilməz, sən bəşərə də bir pasportla daxil olmalısan, bu pasport daşıdığın milli ideyadır. Hansı bəşəri ideyanın, düşüncənin arxivinə girsəniz, toz basmış bir milliliklə qarşılaşacaqsınız. Mən bəşərə, elə indi yaşadığım Türkiyə ədəbiyyatına da bir Azərbaycan şairi kimi daxil olmalıyam, bunun başqa yolu yoxdur.

- Ankaraya gedəndən sonra tərcümələr etdiniz, aktiv ədəbi fəaliyyətlə məşğul oldunuz. Demək, buradakı mühit yaxşı deyil. Kimsə aldadıb bizimkiləri, deyib ki, şair içməlidir, dağınıq olmalıdır, ümumiyyətlə, ac-səfil ölməlidir...

- Şərab və rəqs bizə hind mədəniyyətindən gəlir. Biz uzun müddət fars mədəniyyətinin içində yaşamışıq, farslar da rəqs edərək od saçan dördəlli hind allahlarının oğullarıdır. Həmidin, elə mənim də şeirlərimizdəki musiqi hind musiqisidir. Türklərin bu musiqidən, mədəniyyətdən xəbərləri yoxdur. Türkiyə poeziyasının qədimiliyi dastandan, əməkçi nəğmələrindən o tərəfə keçmir. Bizim poeziya Hindistandan üzü bu yana böyük coğrafiyanın ruhunu əhatə edir. Yəni bizim şairlərin içməsi rus-xristian imperiyasında yaşamağımızın şüuru yox, hind mədəniyyətinə şüuraltı bağlılığımızdır. Şairin içki içməsi bu qədim ritualın icrasıdır. Amma ədəbi mühitin içkiyə qurşanması, sadəcə, sosial depressiv vəziyyətdir. Cəmiyyət şairə o yeri göstərib - get arağını iç, şeirini yaz. Mən ciddi adam olduğumu təkcə yaxşı şeir yazmaqla heç kimə sübut edə bilmədiyim üçün dünya ədəbiyyatını tərcümələr vasitəsilə köməyə çağırıram. Adonisə-zada yalvarıram ki, beş dəqiqə yanımda dayan, məni işdən qovmasınlar. Mən öz faciəmin peşindəyəm, eləcə də digər dostlarım. Amma məsələn, türk şairi, mənim də sevdiyim Küçük İsgəndərin belə dərdi yoxdur.

- Hamı bizi yamanlayır. Özümüz də özümüzü. Necə olacaq bu işlərin axırı?

- Bu, doğru və təbii yoldur. Zəifi çıxdaş etmək lazımdır ki, güclülərin nəsli artsın. Bizə düşən iş zəif olmadığımızı sübut etməkdir.

- Ankaranın köç idarəsində əsasən üç millət var: ərəb, rus, azərbaycanlı. Münasibət də müvafiq olaraq üç cürdür. 1. Ərəblərə münasibət - rədd elə o yana, bizim qabımızdan yeyəcəklər. 2. Azərbaycanlılara münasibət - qoy gəlsinlər, bunlar öz başlarını saxlamağı öyrəniblər. 3. Ruslara münasibət - varsa, suyundan bir çömçə də qoy! Bəs siz necə dolanırsınız?

- Onu deyim ki, türklərdə rus ədəbiyyatına böyük heyranlıq var, amma o ədəbiyyatın ruhunu hiss edə bilmirlər. Biz bu mənada universalıq; həm qədim fars mədəniyyətini, həm müasir rus mədəniyyətini hiss edə bilirik. Oxumaq başqa, hiss etmək başqa. Yaradıcılıq məhz hiss etdiklərimizdir. Mən də istəyirəm yaxın zamanlarda öz kitabımı təqdim edim türk qardaşlarımıza. Hər iki ədəbiyyatın ruhu hopmuş şeirlərdən ibarət bir kitab hazırlayıram. Başımı da hələ ki, elə azərbaycanlısayağı saxlayıram - çak-çukla.

- Kimin üçün darıxırsınız?

- Kabab üçün darıxıram, bir də kababın yan-yörəsi üçün, yəni yumorumuz üst-üstə düşən dostlar üçün.

Tarix
2017.11.13 / 15:22
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla