Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2017


Lütfi Zadə Rafiq Əliyevə nə qədər miras qoyub?

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, elmi irsinin varisi, professor Rafiq Əliyevin Publika.az-a müsahibəni təqdim edir:

– Rafiq bəy, Neft və Sənaye Universitetinə daxil olanda mühafizəçi məndən soruşdu ki, hara gedirsiniz? O qədər fikirli idim, dedim ki, Lütfi Zadədən müsahibə almağa…

– Bu, mənim üçün çox böyük fəxrdir.

– Hiss elədim ki, siz bizim alt şüurumuzda yaşayan, canlı Lütfi Zadə kimi qalmısınız…

– Demək, Zadə insanların alt şüurunda özünə yer tapıb. Bu, təkcə sizdə yox, başqa insanlarda da belədir. Başqa insanlar deyəndə intellektliləri və ziyalıları nəzərdə tuturam. Hansı ki, onlar Zadəni qəbul eləyirlər.

– Maraqlıdır, Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri Akif Əlinin Zadə haqqında fikri sizə necə təsir etdi?

– Qətiyyən təsir eləmədi. Sadəcə, belə hesab elədim ki, o adam affekt vəziyyətdə olub. O, bunu düşünərək, yaxud, qərəzdən deyə bilməzdi.

– Bəziləri deyir ki, Zadə haqqında film çəkilib, Akif Əli də o filmi tənqid edib. Zadə isə buna görə Heydər Əliyevə zəng edib...

– Bunların heç birinə inanmıram. Hamısı yalandır. Zadə elə bir adam deyildi ki, belə bir şeyə görə Heydər Əliyevə zəng vursun.

– Bəs Zadənin Qədir Rüstəmova qulaq asması da yalandır?

– Bunu mən də oxumuşdum, yazmışdılar ki, guya Zadənin ən çox xoşuna gələn musiqi “Sona bülbülllər”dir. Guya amerikalı professorlar gələndə Zadə “Sona bülbüllər”i qoyurmuş ki, onlar da qulaq assınlar. Bunlara qətiyyən inanmıram. Hamısı uydurmadır.

– Sizcə, Zadə Qədir Rüstəmovu sevə bilməzdimi?

– Sevə bilməzdi. Ona görə ki, Zadə Azərbaycan adət-ənənələrini, xüsusən, musiqisini bilmirdi. Bəlkə də Fikrət Əmirovu, Qara Qarayevi nisbətən başa düşərdi. Çünki onlar Qərb müsiqisinə yaxındır. Amma onun Qədir Rüstəmova qulaq asması gülməli bir şeydir. Və yaxud da, Zadə heç vaxt deməyib ki, məni müsəlman qaydası ilə basdırın. Bu da uydurmadır.

– Bəs onda azərbaycanlılara xas olan hansı xüsusiyyətlər vardı?

– Məsələn, çox əliaçıq adam idi. Əliaçıqlığı ömrünün axırında da özünü göstərdi. Mənə verdiyi mirasla da bunu sübut elədi. Yaxud, bunu əvvəllər də yazmışam ki, onun ən çox işlətdiyi söz “inşallah” idi. Düzdü, bu söz Zadənin elmindən də gəlirdi. Çünki onda yüzdə yüz heç nə yox idi. Yüzdə yüz ancaq Allahdır. Ona görə də həmişə deyirdi ki, Rafiq, inşallah, görüşərik. Yaxud, Rafiq, inşallah, bu kitabı yazarıq və s. Bu da onun azərbaycanlı olmağından gələn şeylər idi. Görünür, atasından keçibmiş.

– O, Amerikaya getməsəydi, Azərbaycanda qalsaydı, yenə də Zadə olacaqdımı?

– Yox! Qətiyyən! Zadə olmaq üçün mühit lazım idi.

– Yəni onu Amerika Zadə elədi?

– Genetik kodu və üstəgəl Amerika mühiti onu Zadə elədi.

– Neçənci ildən Amerikada yaşamağa başladı?

– 1945-ci ildən. Düz 24 yaşından!

– O, ümumiyyətlə, Azərbaycandan niyə getmişdi ki?

– Zadə Azərbaycanda cəmi üç sinif, özü də rus dilində oxuyub. Ona görə də rus dilini yaxşı bilirdi. Atası Rəhim kişi Cənubi Azərbaycandan idi. Atasını yaxşı tanıyırdım. Zadə İranda Amerika kollecində də oxudu. Amma o, o qədər böyük zəkalı bir insan idi, gördü ki, İran, Azərbaycan onun üçün çox dardır. Ona görə də Amerikaya getdi. Kibernetikanın atası sayılan Norbert Vinner kimi adamın dərs dediyi universitetdə oxudu. Vinner dünyanın Eynşteyn, Nyton kimi böyük alimlərindən biridir.

– Azərbaycan dilində heç danışa bilmirdi?

– Yox, danışa bilmirdi.

– Bəs oğlu Normanın atasının dəfninə gəlməməyinə münasibətiniz necə oldu?

– Ancaq və ancaq Amerikada doğulub, orda böyüyüb, oranın mühiti ilə tərbiyə olunandan sonra başa düşmək olar ki, Norman atasının dəfninə niyə gəlmədi. Çünki bizim keçirdiyimiz bu cür hisslər bir amerikalıda yoxdur.

– Zadənin doğmaca xalası qızı Cənnət Səlimova da bu barədə danışanda dedi ki, Amerikadan bura gəlmək vaxt itkisidir…

– Yenə deyirəm, amerikalılarda dünyasını dəyişən insana münasibət bizimkindən fərqlidir. Zadə mənim dünyanın müxtəlif ölkələrində təşkil etdiyim konfransların hamısında vaxt tapıb iştirak edirdi. Yeri gəlmişkən, o, 20 il idi ki, Cənnət Səlimova ilə görüşmürdü. Antaliyada bir konfransımız vardı. Orda 1-2 dəfə görüşdülər.

Bir şeyi də deyim ki, Zadi ilə hər dəfə görüşəndə Cənnətə məndən pul göndərirdi. Özü də dollar göndərərdi. Cənnət Səlimova Hökumət Evinin yanında yaşayır. Mən də gətirib pulu ona verərdim.

– Maraqlıdır, nə qədər göndərərdi?

– Gəlin miqdarını deməyim (Gülür).

– Rafiq bəy, sizcə, Zadənin Azərbaycanda dəfn olunmaq istəməyinin mənası nə idi?

– Düzü, sualınıza birbaşa cavab verə bilməyəcəm. Amma bütün hallarda Zadənin Azərbaycanda dəfn olunması torpağımızı xeyli şöhrətləndirdi. Bir az pafoslu çıxmasın, hətta deyərdim ki, Zadə öz qəbri ilə Azərbaycan torpağına bir möhür vurdu.

– Dünyasını dəyişəndən sonra gündəmə gələn fikirlərdən biri də bu idi ki, Zadə Azərbaycan üçün heç bir iş görməyib.

– Bu cür sözlərin hamısı yüzdə yüz yanlışdır. O, Azərbaycan üçün çox böyük işlər görüb.

– Məsələn…

– Mən sizə iki misal deyəcəm. Yaxşı xatırlayıram ki, 1989-cu ildə Amerikanın Vaşinqton Universitetində böyük bir beynəlxalq konfrans keçirilirdi. Tədbirdə təxminən, dünyanın min nəfər seçilmiş alimi iştirak edirdi. Zadə yuxarıda oturmuşdu, yanında da başqaları vardı. Mən isə min nəfərin içərisində, zalda əyləşmişdim. Zadənin elmi nəzəriyyəsinə – qeyri-səlis məntiqə həsr olunmuş bir konrans olduğu üçün aparıcı da özü idi. Zadə yekun sözünü dedi, sonra yanındakı bir nəfərə söz verdi. Daha sonra isə rəyasət heyətindən düşüb mənim yanıma gəldi. Dedi, indi sən çıxış edəcəksən. Orda qat-qat məndən yüksək səviyyəli alimlər, nəzəriyyə müəllifləri vardı. Ona görə də dedim ki, xahiş edirəm, mən çıxış eləmək istəmirəm. Getdi. Çox tolerant adam idi, onda təzyiq-filan yox idi. O biri adama söz verəndən sonra bir də mənim yanıma gəldi. Dedi ki, mən sizdən rica edirəm, gəlin çıxış eləyin. Çıxış elədim. Zadə məni təqdim eləyəndə isə dedi ki, azərbaycanlı elm adamı Rafiq Əliyevə söz verilir. Siz inanırsınızmı, o, bunu mənim elmimə görə yox, Azərbaycana görə edirdi. Eləyirdi ki, qoy Azərbaycanı tanısınlar.

Zadə 1996-cı ildə Almaniyada yenə də böyük bir konfrans keçirirdi. Nədənsə, mən konfransa 10 dəqiqə gecikmişdim. Bir amerikalı dostumla xəlvətcə içəri girəndə gördüm ki, Zadə məruzə eləyir. Yüzdə yüz əmin idim ki, o, bizi görmədi. Xəlvətcə də gedib oturdum ki, gecikdiyim hiss olunmasın. Hardasa 50 dəqiqədən sonra Zadə dedi ki, mən çıxışımı yekunlaşdırıram və sözü azərbaycanlı alim Rafiq Əliyevə verirəm. Sən demə, məni görübmüş. Yenə də mən düşünürəm ki, o, bunu mənim elmimə görə eləmirdi. Sadəcə, istəyirdi ki, Azərbaycanı tanısınlar.

– Maraqlıdır, münasibətləriniz necə başladı?

– Bizim ilk tanışlığımız 1965-ci ildə Moskvada oldu. Amma əsl təmaslarımız 1989-cu ildən yarandı.

– Azərbaycana gəlib-gedirdimi?

– Bir dəfə Azərbaycana 1965-ci ildə olub. Moskvaya gəlmişdi, ordan da icazə alıb bura gəldi. Təxminən, 12 saat ərzində görüşlərini keçirib qayıtdı. Bir dəfə isə 2008-ci ildə gəlmişdi. Onda dövlət dəvət eləmişdi. Bir-iki gün qalıb getdi. Bundan sonra isə onun ürəyində böyük əməliyyatlar keçdi. Ona ancaq Amerikanın içərisində uçmağa icazə verilirdi. 2015-dən sonra ümumiyyətlə, həkimlər ona təyyarəyə minməyə icazə vermədi.

– Həyata bağlı adam idimi? Sizcə, daha çox yaşamaq istərdimi?

– Bəli, həyata çox bağlı idi. Çünki onu elm yaşadırdı. Dünyasını dəyişməmişdən 20 gün qabaq zəng eləyib mənə dedi ki, Rafiq, bir məqalə üzərində işləyirəm, qurtaran kimi göndərəcəm, ona baxarsan. Ömürünün axırına kimi elmlə məşğul oldu.

– Adi adamlar üçün Amerikada onunla görüşmək asan idi, yoxsa?

– Yox, asan deyildi. Məsələn, bir dəfə Yesentukidə parkda oturmuşdum, kitab oxuyurdum. Gördüm kimsə yaxınlaşıb mənə salam verdi. Baxdım ki, Mirşahindir. Dedi ki, bir ricam var, mümkündürmü mən Zadədən bir film çəkim? Elə Mirşahinin yanında Zadəyə zəng vurdum. Xahiş elədim ki, Mirşahini qəbul eləsin, film çəkilsin.

Yadınızdadırsa, Hamlet İsaxanlı bir Akademiya yaratmışdı. Onun üzvlərindən biri də Zadə idi. Hamlet mənə dedi ki, Zadə ilə görüş almaq lazımdır. Mən yenə Zadə ilə əlaqə saxladım, dedim ki, rektordur, burda hörmətli adamdır. Hamleti də qəbul elədi. Amma kimsə görüşmək üçün birbaşa yanına getsin, Zadə onu qəbul eləsin… Düzü, bir az çətin məsələ idi.

– Sadə adam deyildi ki?

– Şübhəsiz, çox sadə idi. Konfranslar olanda hamı ilə bir yerdə oturar, çörək yeyər, şəkil çəkdirərdi…

– İçki də içirdi?

– Çox nadir hallarda bir az şərab içərdi.

– Son görüşünüz nə vaxt olmuşdu?

– 2015-ci ildə. Amma yenə deyirəm, hər həftə telefonda danışardıq.

– Ölümündən nə qədər əvvəl telefonla danışmışdınız?

– Çox qəribədir. Demək, mən xaricdə idim. Gecə saat birin yarısı olardı. Sayta baxdım. Gördüm yazıblar ki, Zadə dünyasını dəyişib. Yadınıza gəlirsə, birinci dəfə ölüm xəbəri yayılmışdı, onu deyirəm. O dəqiqə telefonu götürüb Zadəyə zəng elədim. Gördüm özü götürdü. Sonra saytlar məndən bu barədə soruşdu, xəbərin yalan olduğunu dedim. Lap axırıncı dəfə isə onunla avqust ayının 30-da danışdım. Sentyabrın 6-da da dünyasını dəyişdi.

– Rafiq bəy, Zadə şəxsi söhbətlərinizdə mirasının bir hissəsini sizə verəcəyini demişdimi?

– Qətiyyən! Heç bir vaxt belə bir söhbətimiz olmayıb.

– Bəs niyə sizə Lütfi Zadənin varisi deyirdilər?

– Yadınıza gəlirsə, Mirşahin Lütfi Zadədən bir film çəkib. Həmin filmdə Mirşahin onunla xudahafizləşəndə bir otaqdan keçir və soruşur ki, bu nə otağıdır? Zadə də deyir ki, bunlar mənim kitablarım, elmi irsimdir. Və əlavə eləyir ki, mən bunları Rafiq Əliyevə vəsiyyət eləmişəm. Mirşahin o filmdə gözəl bir söz işlətmişdi: “Sən demə, ölməzlər də vəsiyyət edərmiş”.

Vəsiyyət söhbətini bircə dəfə o filmdə eşitmişəm. Elə o sözdən sonra da mənə Lütfi Zadənin varisi deməyə başladılar.

– Sonra heç marağında olmadınız ki, Zadənin varisiyəm, onun mirasının bir hissəsi mənimdir…

– İnanın, qəti marağında olmadım. Heç indi də marağında deyiləm. Mənim Zadəyə varislik eləməyim odur ki, dekabr ayında “Zadə-Rafiq Əliyev” adlı 544 səhifəlik kitabımız Amerikada çap olunacaq. Mən varisliyi ancaq mənəvi mənada qəbul edirəm. Yəni mən, mənim tələbələrim, mənim övladlarım Zadənin ideyalarını davam etdirəcək. Vəssalam! Varislik budur.

– Maraqlıdır, sizin özünüzün pula ehtiyacınız yox idi ki, mirası fonda bağışladınız?

– Şübhəsiz ki, ehtiyacım var. Niyə yoxdur? Mən dövlətli adam deyiləm. Şükür, dolanıram. Amma düzünü deyim ki, mənim pulum yoxdur. Allaha qurban olum, mənə qətiyyən nəfs adlı şey verməyib. Qətiyyən! Mən o pulu özüm də götürüb xərcləyə bilərdim, istirahətlərə gedə bilərdim… Amma Zadənin ruhu da şad olar ki, onun qoyduğu miras bu millət üçün istifadə olunsun. Kirayə pulu verməyə imkanı olmayan tələbələrimiz var, elmlə məşğul olan cavanlarımızın konfranslara getməyə pulu yoxdur, məqalə yazmağa imkanı yoxdur. Mən istəyirəm ki, Zadənin mənə vəsiyyət etdiyi miras belə şeylərə sərf olunsun.

– Sizcə, pulu hansı məqsəd üçün o fonda vermisinizsə, təyinatı üzrə də sərf olunacaq?

– Əlbəttə! Mən uşaq-zad deyiləm ki, pulu hara verdiyimi bilməyəm. O pulun hansı tələbəyə, hansı alimə veriləcəyini mən və Komissiya müəyyən edəcək. Ancaq və ancaq Zadə irsi ilə məşğul olan adamlara xərclənəcək. Məsələn, Zadə haqqında esse müsabiqəsi keçirməyi düşünürəm. Qoy adamlar onun həyatını oxusunlar, onun haqqında çəkilmiş filmlərə baxsınlar, yapon texnologiyalarının Zadənin nəzəriyyəsi üzərində yüksəldiyini yazıb təbliğ etsinlər… Görün nə qədər şeylər var. Zadəni yaşatmaq bəs nədir? Bundan böyük nə ola bilər?

– Müsabiqə keçirəcəksiniz, pula görə elə adamlar Zadədən yazacaq ki, vallah, kişini hörmətdən salacaqlar. Nə qədər zadəşünas ortaya çıxacaq.

– Yox, qoymarıq kimsə onu hörmətdən salsın. Məndə həyatda dosta, yoldaşa və s. tolerantlıq var. Amma elmdə qəti tolerantlığım yoxdur. Məsələn, mənim bir kitabım var, Amerikada çıxıb. O kitabın yeddi səhifəsində Zadəni tənqid eləmişəm. Zadə özü isə o kitaba ön söz yazıb.

– Zadənin mühafizəsi missiyasını sanki, öz üzərinizə götürmüsünüz…

– Əlbəttə, onun mənəvi mühafizəsi mənim, eləcə də, hamımızın borcudur.

– Rafiq bəy, bəlkə, mirasın məbləğini deyəsiniz, söhbətimizi yekunlaşdıraq…

– Yox!

– Niyə demirsiniz?

– Sadəcə, məsləhət deyil.

– O pulla təxminən, nə almaq olar?

– Kəramət bəy, inanın, Zadənin mənə vəsiyyət etdiyi miras o qədər də böyük pul deyil. Sadəcə, ola bilər ki, sizin və mənim kimi insanlar üçün bir az çox pul hesab olunsun.

– Miras bizim oliqarxları təəccübləndirə bilərmi?

– Əlbəttə, xeyr!

– Rafiq bəy, dediniz ki, mənim pulum dolanmağıma çatır. Kiməsə borcunuz yoxdur ki?

– Mənim maddi mənada heç kimə borcum yoxdur. Genetik olaraq valideynlərimə borcum var. Çünki əksər şeyləri onlardan əxz eləmişəm. Müəllimlərimə böyük borcum var. Mənim bəxtim onda gətirib ki, çox gözəl müəllimlərim olub. Allah hamısına rəhmət eləsin. Lütfi Zadənin ruhuna da borcum var.

Bir dəfə Şahbaz Xuduoğluna dedim ki, mənim sənə mənəvi borcum var. Maddi borcum olsaydı, çox asan olardı. Allah uzaq eləsin, mülkünü, evini satıb maddi borcdan çıxa bilərsən, amma mənəvi borcdan ömrün axırına kimi çıxmaq mümkün deyil. O da həmişə deyir ki, belə danışma, belə danışma...

– Maraqlıdır, Şahbaz bəyə mənəvi borcunuz necə yaranıb ki?

– Allah ölənlərinizə rəhmət eləsin, mənim həyat yoldaşım dünyasını dəyişəndən sonra bəzi məktublarım, yazılarım oldu. Başqaları da bu mövzuda 20-30 məqalə yazdılar. Şahbaz bəyin təklifi ilə bunları bir kitab kimi buraxdıq. Şahbaz bəy yazar, jurnalist olsa da, həm də iş adamıdır. Ona görə də özünə yox, İlqar Rəsula dedim ki, bu kitabın çap xərci nə qədərdirsə, istəyirəm onu ödəyim, rahat olum. Şahbaz isə deyib ki, yox, bu məsələ müzakirə olunmasın. İnanın, axırda tirajı özü öz maşınında gətirdi.

Səhəri gün Şahbaz bəyə zəng vurdum ki, mən kitabın pulunu ödəmək və rahat olmaq istəyirdim. O, mənə bir söz dedi, heç vaxt yadımdan çıxmaz. Dedi, Rafiq bəy, siz öz rahatlığınızı mənim narahatlığım üzərində qurmaq istəyirsiniz? Bu sözlə ona maddi borcum qurtardı, amma mənəvi borcum heç vaxt qurtarmayacaq.

Tarix
2017.11.15 / 12:34
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

Artur Rasizadə 16 ildə bir dəfə iclas keçirmədi – Xalq şairi

Dünyanın ən xoşbəxti odur, ölümümü görməyəcək - Musa Yaqub

Deyirlər ki, get, Qocanla, Herisçinlə məşğul ol - Aqşin

Cəfər Cabbarlını zalda ayaq üstə alqışladılar, ancaq...

Bakıya vurulan səfir: Ruhu evimdə gəzir…

Kamal Abdulla ADU-da yeni proqram yaratdı

Yeni Nobelçi: Arvadım məni çox ciddi tənqid edir

Osmanlı sultanı Şahın aşığını buna görə bağışladı - Video

Eskobarın sevgilisi dəhşətli faktları açıqladı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla