Yuxarı

Axirət yoxdur, cənnət yalandır... – Flora xanımdan ilginc

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az dörd oktavalı səs sahibi, həkim, müğənni, aktrisa, xalq artisti və ən əsası, gənclərə örnək ola biləcək gözəl insan Flora xanım Kərimova ilə söhbəti təqdim edir:

- Flora xanım, sizdən dinləyicilər hər zaman yeniliklər gözləyir. Yaradıcılıq nə yerdədir?

- Yaradıcılıq haqqında söhbətimiz alınmayacaq, çünki mən hər yerdən təcrid olunmuşam.

- Səbəbi nə ilə bağlıdır?

- İnanın ki, qızım, kimin ürəyinə hansı fikir gəlirsə, elə onu da söyləyir. Həqiqət ondan ibarətdir ki, hazırda kanallarda iştirakım sıfır dərəcəsindədir.

- Sonuncu dəfə hansı kanaldan dəvət almısız?

- Açığı, məni verilişlərinə dəvət edən kanalların adlarını çəkməyə ehtiyat edirəm; sonra onlar da qadağa siyahısına düşə bilər. Heç bir kanaldan narazı deyiləm - istər ATV, istər Xəzər TV olsun, bacardıqları qədər hörmətimi saxlayırlar. Bu baxımdan onlara dərin təşəkkürümü bildirirəm. Hər halda, bəlli insanların mənimlə şəxsi-qərəzliyi onların özünü mənə olan münasibətlərinin qurbanı etdi. Bir deyim var: “Hər aşığın öz dövranı var”. O dövran onların özünü simasız, yaltaq və yazıq etdi. Mənim haqqımda yalnız sənətdə və mübarizədə etdiklərimin bir faizini həyata keçirməyi bacaran kəs fikir söyləyə bilər. Təəssüf ki, düşmənlərim arasında mən beləsini görmədim.

Efirlərə gəlincə isə təbii ki, kanalların səlahiyyətləri anlayıram, müəyyən edilmiş çərçivədən kənara çıxa bilməzlər.

- Zamanında bir çox müğənniyə intriqalardan çıxmağa yardımçı olmusuz, əvəzində isə nankorluqla qarşılaşmısız. Münasibətlərdə baş verən çək-çevirlər nə ilə bağlıdır?

- Əgər bəndə digərinə nankorluq və ya pislik edirsə, bu insanın doğulmamışdan öncə taleyinə yazılmış yazıdır. Nankorluğa gəldikdə isə güclü insanın taleyinə və ya əhval-ruhiyyəsinə nankorluq təsir edə bilməz.

- Fikrinizcə, Allah bəndələrin bir-birilərinə olan yaxşı-pis əməlinə qarışmır?

- Gördüyümüz kimi, qarışmır da. Yaradan nə pisdir, nə yaxşı. O, istədiyini və bildiyini edir. O, Mütləqi, Sahibdir! Onun insana qəzəbi böyükdür, çünki onun yaratdığı bütün dinlərə insan düşmən kimi yanaşaraq, ancaq özünə mənsub dinlərə bölərək, öz siyasətini yeridir.

- Allah hamıya bir gözlə baxır.

- Heç sizinlə razılaşmaram. Allahın istədiyi deyil, hörmət etdiyi insanlar var. Çünki ONUN “istədiyi” insana münasibəti həmin insana yazdığı həyat taleyinin faciəsi ilə ölçülə bilər. Amma hörmət etdiyi insanı YARADAN heç bir zaman tapdalamır.

- Quranda deyilir ki, Allah lənət göndərmir...

- Ən böyük lənəti məhz o BÖYÜK VARLIQ göndərir; sunami, zəlzələlər, yanğınlar, ölümlər. Bu fəlakətlərdə nə qədər yaxşı insanlar məhv olur! ONUN taleyimizə yazdığı qismət çərçivəsindən kənar hər hansı hərəkət etməyə gücümüz və ixtiyarımız yoxdur.

- Zənninizcə, insanların günahlarına görə cəza almaları axirətə qalır?

- Axirət yoxdur. Axirət olmadıqda isə cəhənnəm də olmur, cəza da. Birinci göndərilən müqəddəs kitabda cənnətin də, cəhənnəmin də məhz bu dünyada olduğu göstərilir; axirət haqqında isə qeydlər yoxdur. Yeni Roma Papasının bu yaxınlarda ajiotaj yaradan çıxışı bütün dünyanı silkələdi. O bildirdi ki, cəhənnəm ümumiyyətlə mövcud deyil.

Ümidsiz cəmiyyətimizdə həyat o dərəcədə gərgin tempdə keçir ki, insan başına gələnləri lazımsız və bəsit inanclara bağlayır. Cənnət- cəhənnəm anlayışı insanın yaşadığı qəddarlıqdan qurtulması üçün şüurunun yaratdığı məhsuludur. Cəhənnəmlə qorxudub, cənnəti vəd etməklə, insan dünyanı dəyişməyə ehtiyac duyur, ümidsizlikdən özünü qurtarmağa cəhd edir. Ümid insanın ömrü boyu yol yoldaşı olur.

Mən o insanlardanam ki, ən çətin günlərimdə Allahın əli başımın üstündə olub.

- O zaman siz Allahın sevimli bəndələrindənsiniz...

- Əgər mən Allahın sevimli bəndəsi olsaydım, səsimin də taleyi xoşbəxt olardı. Sadəcə olaraq, Yaradan mənə bu yazını yazıb, vəssalam.

- Flora xanım, xalqın sizə sevgisi böyükdür; xalq artisti, bir-birindən gözəl mahnılar... Xoşbəxt anasınız. Sizcə, bu sadalananlar xoşbəxtlik deyilmi?

- Bəli, mən xoşbəxt anayam, xalqımın sayğısı mənim mükafatımdır. Mənim səsim dünyada tanınmalı səs idi! Təəsüflər olsun... əməliyyatdan sonra çox böyük əziyyətlə səsimi bərpa edirəm. Təsəvvür edin ki, bu yaşımda bu nə deməkdir!

- Alınır?

- TANRI məni qoruyur, çünki əzəldən onun taleyimlə bağlı yazısı məhz bu cür olub.

- Çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, sizinlə intriqa aparan şəxslər arasında “müharibə” dayana bilər, yəni “sülh” ola bilər, lakin barışıq imkansızdır. Xətrinizə dəyən insanların hətta ölümü belə sizi yumşaltmadı...

- Bəli, doğrudur. Lakin mən heç bir zaman düşmənimin və ya məni istəməyən insanın başına gələn bəd hadisədən kam almıram. Ölümlərinə gəldikdə isə, hər birimiz kimi, mən də o yolun yolçusuyam. Məşhur kəlama arxalanıb, hərdən insanı utandırmaq üçün deyirlər ki, ölən haqq dünyasındadır, onun arxasınca pis danışmazlar.

Birincisi, nahaq yolda olan, vicdanını itirən insanın haqq dünyası günaha batıb, heç bir zaman qəbul etməz! “Ölənin arxasınca pis danışmazlar” kəlamına gəldikdə isə burada insanlar özlərinə sərf edən kəlmədən istifadə edir və o kəlamda olan ən vacib sözü, yəni bu deyimin mənasını açan cümləni öz mənafeləri naminə dillərinə gətirmirlər və bu sözdən xəbərsiz insanlar dəyişmiş məzmunu təkrarlıyırlar. Əslində isə bu, belə səslənir; dünyadan köçənlərin arxasınca pis danışmazlar - həqiqətdən başqa... bununla da, dediyim kimi, ən vacib sözü gizlədərək, insanların hissiyatı ilə oynayırlar.

- Olubmu ki, sizi hansısa verilişdə çağırılan qonağın səviyyəsinə uyğun bilməyərək, ora getməməyinizi tövsiyyə etsinlər?

- Olub. Bəzən isə dəfələrlə söylənilib ki, Flora xanım, bu verilişə getməyin, çünki filan insanın geyimi, davranışı səviyyənizə uyğun deyil. Qanı qanımdan, canı torpağımdan olan insandan niyə axı utanmalıyam? Hansı səbəbə görə? Ona görə ki, əynində nimdaş geyimi var? Səsi səsimdən zəifdir? Bəlkə düşüncəsi kasıbdır?

- Amma sizin yardımınızı görən çox olub!

- Lap olsun! Hətta bu halda belə özümü digər insanlardan üstün tuta bilmərəm! Mən provinsial, yəni əyalət əsilliyəm; anam şuşalı, atam isə Qəbələdəndir. Əslimdə-nəslimdə Bakıda doğulan ilk övladam. Axı, yoğrulduğum bu torpağın insanlarından özümü necə üstün hesab edə bilərəm?!

Bu günlərdə həkimim Fəxriyyə xanımın yanında idim, boğazımla bağlı müalicəyə getmişdim. Həkim dedi ki, bir xalq artisti onun yanına təşrif buyurmuşdu və kənddən gələn bir qadın uzun müddət onunla birgə şəkil çəkdirmək üçün müğənninin yolunu gözlədi. Artist qadın isə - qudurğanlığına baxın - onu saatlarca gözləyən qadını saymadan, çıxıb gedib! Deyən gərəkdir ki, sən bu dərəcədə fövqəladə səsə malik müğənnisən ki, səni sevib, alqışları ilə xalq artisti adına yüksəldən millətindən birisinə istehza ilə yanaşıb, ürəyini sındırıb, onu saymadan çıxıb gedirsən? Səslər var ki, öz gücü, öz ifaları ilə səni heç edə bilər!

- Necə etmək olar ki, bugünkü gənclərimiz düz yoldan azmasın?

- Gənclər özbaşına pozulmur. Fərd bütün cəmiyyəti poza bilir və sonradan fərdi cəmiyyət tərbiyyələndirə bilmir. Təzə addım atan insanı cəmiyyət korlayır. Hər şeyin başında ictimaiyyət dayanır.

Belə bir deyim var: inanma, qorxma, heç nə istəmə. Mən bu deyimə bir söz də əlavə etdim - heç bir zaman bağışlama. Çox vaxt mən Yaradanla söhbət etdiyimdə, deyirdim ki, özün yaratmısan məni, özün də yaşat! Qızım Zümrüd isə mənə Allaha “sağ ol” deməyi öyrətdi. O qədər bədbəxt ailələr gördüm ki, özüm özümə təsəlli oldum. Deyilir ki, inanma. Axı kimə inanasan? Qorxuya gəldikdə, qorxu insanın fiziologiyası, genindədir. Təbii ki, mən də bütün insanlar kimi bu günümdən, sabahımdan, tənədən, xalqımın gözündən düşməkdən, övladlarımın hörmətini itirməkdən qorxuram. Bütün bu sadalananlara hardasa güzəşt etmək olar. Ən əsası odur ki, heç bir zaman bağışlamayasan və qorxuya baş əyməyəsən! Bəlkə də ona görə həmişə demişəm və deyirəm, qorxa- qorxa qorxudan çıxmışam, çünki mənəviyyatımı qorumuşam. Əgər insan sənə qarşı hər hansı bir bağışlanılmaz səhv edibsə, o mütləq ikinci dəfə də eyni səhvi daha ağır dərəcədə, daha amansız formada həyata keçirəcək! Mən artıq o insanın üzr istəməsinə və ya peşmançılıq hissi keçirməyinə inanmıram. Bəzən, bir səhvi edirlər və deyirlər: “Flora xanım, bağışlayın”. Birinci addım sizin təbiətinizin, tərbiyyənizin, xasiyyətinizin, varlığınızın əksidir. Elə bir qüvvə tanımıram ki, bu xisləti dəyişə bilsin. Sonradan üzr istəməyə gəlincə isə, o insanı bağışlamağa dəyməz, çünki o maskalanır və bu xüsusiyyəti onun varlığının məzmunudur. Bu məsləkli insanları heç nə dəyişə bilməz. Mənə qarşı bu cür alçaq hərəkətlərə görə məsafə saxlamağa məcbur olduqdarı halda, başqaları ilə mütləq eyni xislətlərini dəfələrcə təkrarlayacaqlar. Məhz bunun üçün çox diqqətli olmalısan, heç bir zaman bağışlamaq olmaz!

- Şübhəsiz ki, həyatınızda çoxsaylı komplimentlərlə qarşılaşmısınız? Sizin üçün ən yadda qalanları hansılar olub?

- 52 yaşımda əməkdar artist adı almağım münasibəti ilə rəhmətlik Nəsibə xanım Zeynalovanın oğlu Cavanşir Zeynalov mənə zəng etdi və söylədi: “Flora xanım, sizin səsinizi öpürəm”.

Bir dəfə də ARB kanalındakı verilişdə sənətimlə bağlı müzakirə aparılırdı və aparıcı Elgiz qəfil dedi: “Mən belə bir qərara gəldim ki, Flora xanımın səsi - kübar səsdir”. Kübarlıq yalnız aristokratlıq maneraları ilə deyil, məhz ruh zənginliyi ilə bağlıdır. Oxumaq hamıda ola bilər, oxu mədəniyyyəti isə nadir səhnə insanlarına xasdır. Bəzən sənət insanlarına söylənilən “korifey” sözü ilə də razılaşmıram. “Korifeylər” zamanında Roma İmperiyasında qladiatorların döyüşündən qabaq kütlə qarşısına çıxarılan təlxəklərə deyilirdi.

- Müasir müğənnilərin səhnə geyimləri necə, sizi qane edirmi?

- Adlarını çəkərək, onları bir daha gözdən salmaqdan uzağam. Yanlışlıq edərək, düşünürlər ki, səhvlərini düzəldəcəklər, amma yanılırlar; nüfuzlarının bərpasına zaman qalmır. Onların atdığı hər addım izləyicilərin yaddaşına həkk olunur. Elə ilk mərhələdən davranışları ilə yaradacaqları mövqeni korlayırlar.

- Sizi ATV kanalında Nisə xanım Qasımovanın verişində ilk dəfə idi ki, qara və şəffaf geyimdə gördüm. Doğrusu, hər zaman qapalı geyimdə olan Flora xanımı fərqli geyimdə görmək təəccüb doğurdu...

- Arxiv şəkillərə baxsanız, görərsiniz ki, gəncliyimdə bu cür geyimlər çox geyinmişəm. Akif İslamzadənin toyundan şəkillər var; orada belə şəffah geyimdə olmuşam.

- Geyimlərinizə nəzarət və dəbə uyğun seçimdə sizə kim köməklik edir?

- Heç kim. Öz zövqümlə seçirəm.

- Flora xanım, qeyd etdiniz ki, insanın taleyinin yazısına pozu yoxdur. Taleyiniz əlinizdə olsaydı, nəyi silər və ya hansı məqamı əlavə edərdiniz?

- Taleyimi dəyişməyə gücüm çatmaz. Yaradanla allahlıq edə bilmərəm! Var dəyişilmək, var başqalaşmaq. Mən dəyişilməyi sevmirəm. Doğuluşdan fərqli olmaq, mühitlə bağlı başqalaşmaq ayrı-ayrı anlamlardır. İnsan həyat yolunda özünə dəyər verməyi bacarmalıdır.

- Axı özünü sevən insanlar var!

- İlhamə deyirdi ki, mən özümü sevirəm. Özünü sevmək - eqoistlik deməkdir. Ağıllı insan, xüsusən də ağıllı qadın özünü sevməz, özünə hörmət edər.

- Ekstrasensor qabiliyyətli, mistik qüvvəyə mallik insanlara inamınız necədir?

- Qətiyyən inanmıram. Bu cür insanların qapısına toplunu məhz tale ilə bağlı ümidsizlik aparır. İnsan özünü xilas etmək üçün bu cür insanların qapısına gedir, yaşamaq üçün ümid axtarır və bu şəkildə özünü həyata bağlayır, sabaha ümid edir ki, o, “qeyri-adi hissiyatlı” şəxsin evində olub və o buna köməklik edəcək.

- Quranda cadu və ya düyünə üfləyən qadınlar haqda ayələr mövcuddur...

- İnanmayan şəxsə nə cadu təsir edir, nə də başqa bir amil.

Caduyla bağlı sizə bir hadisə danışacam. Bir dəfə bacımın təkidi ilə Janna adlı bir qadın qəhvə ilə falıma baxdı. İçdikdən sonra boşalan fincanımdakı qəhvə izinə baxan kimi qəfil dedi ki, sənin həyat yoldaşın dünyasını dəyişəcək. 18 il sonra qızımın atası dünyasını dəyişdi. İndi mən deyim ki, Janna həqiqəti söyləyib? Həyat yoldaşım bioloji olaraq öz fəaliyyətini bitirmişdi və onun taleyinin son günü məhz dünyasını bitirdiyi ana yazılıb.

İlk qismətim professor İbrahim Topçubaşovun qəfil ölümündən bəhs etmək istərdim. Məni Tibb Universitetinə dərsə yola saldı. Geri döndüyümdə gördüm ki, ürək tutmasından yuxuda dünyasını dəyişib. İndi mən deyim ki, dünyasının dəyişilməsinə ona cadu və ya tilsim səbəb olub? Sadəcə olaraq, Allahın yazdığı qədər-qismət belə imiş! Belə olmalı idi və belə də oldu! Yaradan bizimlə intuisiya və hissiyatımızın dilində ünsiyyət edir. Ona görə də deyirəm ki, Allahım mənə işarət et ki, necə hərəkət edim, nə cür davranım? Məgər fala baxan insanlar Allahdan üstündürlər və ya Yaradandan artıq bilirlərmi?

- Flora xanım Kərimovanın ifa etdiyi “şah əsəri”, ən çox sevdiyi mahnısı hansıdır və ya ifa edəcəyiniz və hələ də axtarışında olub, tapmadığınız nəğmə varmı?

- Qızım, yaratdığım şah əsərdən danışa bilərəm - mənim övladlarım. Ən çox sevdiyim mahnılar isə torpağımın faciəsinə həsr olunmuş mahnılardır. Tapmadığım nəğməm QƏLƏBƏ NƏĞMƏSİDİR!

Tarix
2017.11.20 / 09:13
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla