Yuxarı

Nazirliyin dəstək verdiyi filmlərə barmaq edilir – Rejissor

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar bağı” filmi ilə Asiya və Sakit Okean ölkələri Kino Akademiyasında “Ən gənc rejissor” nominasiyası üzrə qalib olan rejissor İlqar Nəcəfin Kult.az-a müsahibəsi:

- İlqar bəy, təzəlikcə “Ən yaxşı gənc rejissor” mükafatı aldınız. Bu, filmin neçənci mükafatıdır?

- İştirak etdiyimiz festivallar çox olub. Bəzən aktyorlarımız bizi təmsil edib. Hələ ki, filmin uğurları davam etməkdədir. Yadıma düşənləri deyim: Malatya Beynəlxalq Kino Festivalının birincisi olduq və filmi Malatyada baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova təmsil etdi. Festivalda çox ciddi filmlər var idi, amma biz qalib olduq. Buna qədər film Avrasiya Beynəlxalq Kino Festivalının “Ən yaxşı kişi rolu”, Listapad Beynəlxalq Kino Festivalının ( Minsk) “Ən yaxşı ssenari” mükafatlarını qazanıb. Ən sonda da Asiya və Sakit Okeanı ölkələri Kino Akademiyasının mükafatı... Hələ bir çoxunu da unutmuşam.

- Asiya Kino Akademiyasının üzvüsünüz, başqa yerli rejissorlar da varmı üzvlükdə?

- Ümumiyyətlə, üç kino akademiyası var: Amerika, Avropa, Asiya. Asiya Kino Akademiyasında məndən başqa yerli üzv yoxdur.

- Nə əcəb kinoteatrlar kommersiya filmi sifariş vermir sizə?

- Düz eləyirlər.

- Sığışdırmırsınız özünüzə?

- Mənim intellektim, baxış bucağım onlar üçün faydalı olmaz. Pul qazana bilməzlər. Mən onların istədiyini verə bilmərəm.

- Yəni indiki kommersiya filmləri bayağıdır, sizlik deyil?

- Birmənalı şəkildə elədir. Bayağıdır və köhnədir. Bizim bir layihəmiz var, kommersiya filmi olacaq. Amma komediya yox, melodram. Səviyyəli melodram. Zövqlü, yüksək sənət kriteriyalarına uyğun.

- Kimdir günahkar? Niyə bu filmlərə tələbat var?

- Biz insanlara əsl filmin nə olduğunu göstərməliyik. Zövqlər korlanıb, azyaşlılar bayağı komediyalarla böyüyürlər. Film böyük işdir. Nərimanov demiş, film Şərq üçün ən faydalı təbliğat vasitəsidir. Çünki şərqli obrazlı düşünməyi xoşlayır. Obrazlı qavrayır. Bu bayağı komediyaların tanıtdığı obrazlara baxın...

- “Nar bağı” “Azərbaycanfilm”in uğurudur, yoxsa birbaşa sizin?

- Bu film “Buta film”in uğurudur. İnanın ki, “Buta film” bu işə əl qoymasaydı, film bu qədər uğur qazanmazdı. Dünyada uğur qazanmaq üçün müstəqil təşkilatlanmaq gərək. Nazirliyin dəstəyi ilə çəkilən, “Azərbaycanfilm”in istehsalı olan filmlərin dünyada uğur qazanacağına inanmıram. Mümkün deyil.

- Yəni “Azərbaycanfilm”də bir nəfər rejissor yoxdur?

- Mən rejissorları nəzərdə tutmadım. İstedadlı rejissorlarımız var. Ümumi prosesi deyirəm. Bu gedişlə, bu yolla uğur qazanmaq, dünyaya çıxmaq mümkün deyil. Ssenariyə, rejissorun rakursuna barmaq olunur. Bu yersiz diktələr işin sənət yükünü azaldır. Sənətdən əsər-əlamət qoymurlar.

- Ssenariləri özünüz yazırsınız?

- İlk cümlələri mən yazıram. Hekayəni, ümumi sujeti yazıram. Sonra komanda şəklində işləyirik. Asif Rüstəmovla, Roelof Jan Minnebo ilə. Ümumiyyətlə, ssenari bir adamın işi deyil. Belə deyək, bizim ssenarini Avropadan Roelof Jan Minnebo gördü, buradan da Asiflə mən işlədim. İki fərqli mədəniyyət və dünyəvi baxış. Yoxsa uğur qazanmaq olmaz.

- “Nar bağı” filmindəki sevişmə səhnəsinə görə qınadılarmı sizi?

- Yox, birbaşa qınaq olmayıb. Ola bilər, adamlar anlamasınlar, amma bu sujet xəttinin, hekayənin özünün yetirdiyi məqam idi. Həmin səhnə yamaq kimi – xüsusi olaraq qurulmayıb. Olmalı idi və oldu.

- Paxıllığınızı çəkirlər?

- Paxıllıq var, ancaq mən o prosesi çoxdan keçmişəm. Nə onlarla söz güləşdirəcək səviyyədəyəm, nə də vaxtım var. Paxıllıq elə bir şeydir ki, sual versən ki, ay adam, niyə məni bəyənmirsən, qəbul eləmirsən, niyə əleyhimə kampaniyalar aparırsan? Cavab verə bilməyəcək.

- Deməli, bu münasibət sənət müstəvisində deyil, şəxsi-qərəzdir, gözgötürməzlikdir...

- Əlbəttə, sənətdən söhbət gedə bilməz. Sənət məsələdirsə, arqument qoysunlar, mən də eyni müstəvidə cavab verim, müzakirə aparaq. Yoxsa belə adamların qanı çox qaralacaq hələ. Kinonu sevən insanlara, Azərbaycan film sahəsinin dirçəlişini istəyən insanlara, muştuluq verirəm: İrəlidə daha yaxşı filmlər var. Gözləyin. O biri insanlara da deyirəm ki, narahatsınız bilirəm, lap narahat olun. Hələ bu harasıdır, bu, başlanğıcdır.

- “Buta film” yetərincə oturuşmuş, beynəlxalq səviyyədə ölkəni təmsil edən bir prodakşndır. Maddi-texniki bazası da mükəmməldir. Bəs qapınıza ssenariylə gələn, texnika üçün müraciət edən gənclərə yardım edirsinizmi? Yoxsa elə ancaq özünüz üçün?

- “Buta film” 2004-cü ildə yaranıb. O vaxtdan bu günə kimi də istər, texnika, istərsə də digər məsələlərdə xeyli gəncə kömək etmişik. Ssenari müzakirələri olsun, rejissor yardımı olsun - əlimizdən nə gəlir, etmişik. “Buta film” ölkədə bu xarakterdə yeganə prodakşndır. Birinci və sonuncu. Bir neçə şirkət var, amma işıq veriblər çəkilişə, sonra rejissoru divara dirəyiblər. Bir filmdə nə qədər texnika işlənirsə, hamısını birdən verdiyimiz adamlar olub. Qırıblar texnikalarımızı, yenə də bir şey deməmişik.

- İnanclı birisiniz. Sizcə, ateist insan sənətin göyünə ucala bilərmi? Yoxsa sənətin, yaradıcılığın qutsallığına, ilahi bağlarına inanırsınız?

- İnancsız insan yoxdur ki... Əslində, ateist olmaq daha çətindir. Gərək o yoxluğu sübut edəsən özünə. Bu axtarış insanı mənən məhv edir. Mən inanclıyam. Düzdür, bu fərdi, intim məsələdir, amma deyim ki, rahatlıq tapıram, güc alıram bu inancdan.

- Kitablarla aranız necədir?

- Mütaliəni sevirəm. Kitabxanaya abunə olmuşam. Düzdür, tərcümələrin hamısı yaxşı deyil, amma yenə də bu sahədə inkişaf var. Kitab işıqdır, xilasdır. Rejissor olmaq istəyən adam, çox film izləməli deyil, çox kitab oxumalıdır. Bu mövzuda sərt mövqedəyəm. Mütləq oxumaq lazımdır! Peşəkarlığa çatmamış, öz film dilini tapmamış biri çox film izləsə, yolundan sapacaq. Təsirə düşəcək. Özü olmayacaq...

Tarix
2017.11.29 / 08:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla