Yuxarı

Təəssüf ki, Allah yoxdur: əgər olsaydı... – Vüsal Məmmədov

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovla müsahibəni təqdim edir.

- Vüsal bəy, sizin din haqda statuslarınızı, müsahibələrinizdəki fikirləri oxuyanda Vaqif Səmədoğlunun “Allah insan ağzıyla deyir ki, yoxam...” misrası yadıma düşür.

- Dinindən, ideologiyasından asılı olmayaraq, əgər dünyada bir nəfər əclaf, yaramaz, alçaq adam varsa, demək ki, Allah yoxdur. Əgər Allah varsa və o adamı Allah yaradıbsa, xəcalət çəkməlidir. Üstəlik, elə adamların pislik etdikləri adamlara da cavab verməlidir. Axı birbaşa məsuliyyət daşıyır. Ancaq bir ateistdən heç kim ziyan görmürsə, işimiz-gücümüz rasional təfəkkürü təbliğ edib, qeyri-rasional düşüncəni tənqid etməkdirsə, praktik olaraq heç kimə ziyan vurmuruqsa, Allah bizim dilimizlə “mən yoxam” demir. Mənə elə gəlir ki, əgər Allah olsaydı, o ateistlərə baxıb qürur duyardı ki, bunlar mənə nə üçünsə yaltaqlanmırlar, qorxduqlarına görə sevgi və sayğı göstərmirlər, nəinki dindarlara, qorxudan ona inananlara...

- Şablon olsa da deyim, axı olmayan bir obyekt haqda danışmaq, dolayısıyla onun varlığına işarə deyilmi?

- Hə, danışanda, yazanda Allah varmış ehtimalı ilə çıxış edib danışırıq, bu, pisdir. Siz Allah varmış kimi sual verdiniz, mən də Allah varmış ehtimalı üzərindən cavab verdim. Biz buna alışa bilmirik ki, Allah yoxdur. Hər kəs buna belə köklənib. Mən özüm danışanda “inşallah”, “maşallah”, “Allah qoysa...” sözlərini işlədirəm. Bunu mənə irad tuturlar ki, yaxşı, inanmırsansa, bu ifadələri niyə deyirsən? Mən inanmıram, əminəm ki, Allah yoxdur. Hətta, onun yoxluğuna zərrə qədər şübhə etmirəm. Sadəcə mühit buna köklənib deyə, bizdə də belə alınır. Mən illərdir çalışıram ki, “Allah qoysa”nı “sağlıq olsun”la əvəzləyim, amma hələ ki, alınmır. Bir növ, cəmiyyət imkan vermir.

- Düşünürsünüz ki, Allah mənəvi ehtiyaclar nəticəsində uydurulmuş bir obrazdır? Zevs, Koroğlu kimi?

- Əslində, cavabı özündə daşıyan sualdır. Allaha inanmaq iki ehtiyacdan doğur. Qədim dövrdə fərqli ehtiyac idi, indi fərqli. Uşaqlıqdan alışmışıq ki, bizi qoruyan, sığınacaq yerimiz, bizi qidalandıran, qoynuna girdiyimiz, pənah apara biləcəyimiz bir varlıq var. Valideyndən söhbət gedir, simvolik olaraq atanı götürək. Böyüyürük, həmin o varlıq olur aciz. Olur bizə möhtac bir qoca. Amma bizim “mən”imizi formalaşdıran o güclü hisslər alt şüurumuzda qalıb. Həmin ehtiyacı ödəmək üçün qocalmayan, əldən düşməyən Allahı uydurmuşuq. Allahla valideynin heç bir fərqi yoxdur. 2 yaşında uşaq valideynindən nə istəyirsə, biz də bu yaşımızda Allahdan onu istəyirik.

- Vüsal bəy, necə oldu birdən dönüb ateist oldunuz? Axı siz qatı dindar idiniz bir vaxtlar...

- Bilirsiniz, mən həmişə araşdırmışam. Bu suallar onda da mənim qabağıma çıxıb. Sadəcə, dinin tələbinə uyğun olaraq həmin sualları içimdə boğurdum. Sən yaxşı dindarsansa, içinə şübhə salan hər şeyi şeytanın vəsvəsəsi kimi qəbul edirsən. Mən də yaxşı dindar idim. Fikirləşirdim ki, əgər mənim içimdə cavabsız suallar doğubsa, deməli, bu, şeytanın vəsvəsəsidir. 30 ildir elmi bilərək, sevərək, böyük rəğbət duyaraq, amma elmin qoyduğu suallara şeytan vəsvəsəsi deyə-deyə içimdə saxlayan adam olmuşam. Elə bir yerə gəlib çıxdım, ətrafımdakı dindarlardan elə zərbələr aldım ki... Mən sünni idim, onlar şiə. Onda məndə sual yarandı ki, əgər din Allah yoludursa, Allah kəlamıdırsa, - olsun, fərqli yozumlar, təfsirlər ola bilər, - amma bunu göndərən elə göndərə bilərdi ki, bu, doğmalar arasında təfriqəyə səbəb olmasın, ailəni parçalamasın, doğma insanları düşmən etməsin. Bu kələfin ucundan tutub çözməyə başladım və gəlib ateizmdə dayandım.

- Belə başa düşdüm ki, söhbət sizin əvvəlki həyat yoldaşınızdan gedir. O, şiə idi, siz sünni?

- Hə, həm də elədir. Bu barədə danışmaq istəmirəm.

- Olur ki, insan içindəki müxalif enerjini hansısa yolla xərcləyir. Məsələn, siyasi müstəvidə müxaliflik edə bilmir, həmin enerjini dinə, Allaha yönəldir və bu yolla eqosunu yemləyir... Sizdə də bunu hiss etmişəm. Yoxsa elə deyil?

- Buna psixologiyada “subliminasiya” deyirlər. Enerjini başqa tərəfə yönləndirmək. Düşünürsünüz ki, məndə də elədir, amma xeyr. Mənim mövqeyim hər zaman bu olub. 20 yaşımdan bu siyasi mövqedə olmuşam. Onda qatı müsəlman idim. Və siyasi düşüncəmlə heç bir əlaqəsi yox idi. İndi də ateist olmağımın siyasi düşüncələrimlə bir əlaqəsi yoxdur. Və ateizm mənim üçün düşüncə azadlığıdır.

Bu, söz və vicdan azadlığı məsələsidir. Məsələn, mən “Allah yoxdur” deyirəmsə, cinayət etmirəm. İnsanlar buna elə yanaşırlar ki, sən əgər Allah yoxdur dedinsə, dəhşətli bir cinayət törətmiş olursan. Ağır bir cəza almalısan. Niyə? Mənim düşüncə azadlığım var. Buna görə niyə məsuliyyət daşımalıyam? Əgər heç kimə pislik etmirəmsə, heç kəsə zərərim yoxdursa, əksinə, bacardığım qədər insanlara yaxşılıq edirəmsə, - hətta dindarlara belə - sadəcə, düşüncəyə görə insanı cəzalandırmaq nə dərəcədə düzgündür? Əgər məsələni siyasi müstəviyə çəkəsi olsaq, mənə işin bu tərəfi maraqlıdır: insan hüquqları və vicdan azadlığı. Mənim inanmaq, inanmamaq azadlığım varsa və mən inanmamağa meyillənirəmsə, niyə cəza almalıyam?

- Qarşı tərəfin də inanmaq azadlığı var. Həqiqətin əksi də həqiqətdir. Yaxşı, o zaman nə ehtiyac var, bu qədər “yoxdur”, “yoxdur” yazmağa? Hərlənib-fırlanıb bu mövzuya qayıtmağa? Ümumiyyətlə, Allahın varlığı, ya da yoxluğu sizi niyə bu qədər narahat edir?

- Bu, məni qətiyyən narahat etmir. İçimdə əvvəlki hisslər də artıq yoxdur. Dindarlardan aldığım yaralar sağalmamış qərəzli idim. Dindən qisas almaq istəyim var idi. Artıq o hiss yoxdur. İndi məsələ başqadır. Mənim fikrimin azad olmağında rolu olan insanlar var. Məsələn, Ağalar Məmmədov. Çox təəssüf edirəm ki, o, Azərbaycandan getdi. Onun din əleyhinə fikirləri mənə stimul vermişdi. Din əsarətindən çıxmağa kömək etmişdi. İndi mən də şüurlarını dindən azad etmək istəyən gənclərə dəstək məqsədilə yazıram. Təbii ki, aqressiv şəkildə, kimisə təhqir edərək yox. Amma bu insanlara dəstək lazımdırsa, mən o gənclərə dəstək olmağa hazıram. Düşüncəyə görə adamı yandırmazlar. Bu, xəstə təfəkkürdür. Bir budur, bir də dinin əl uzatdığı məqamlar var və kimsə onun əlinin üstündən vurmalıdır. Məsələn, təkamül təlimi kimi sırf elmi bir nəzəriyyənin üstünə dəhşətli hücum var. Bunu edən insanlar məktəbdə biologiyanı oxumayanlardır. Təkamülün nə olduğunu bilmirlər, onun üstünə hücuma keçiblər. Əgər günlərin birində bizim məktəb dərsliklərindən təkamül təlimi çıxarılsa, hətta Azərbaycandan getmək haqda da düşünərəm.

- Düşünürsünüz ki, din qlobal təhlükədir?

- Normal insanın etməyəcəyi pis hərəkətlərə din əsas qazandırır və bunu edirlər. Tutaq ki, sizin kimi düşünmədiyinə görə bir kəndin əhalisini qılıncdan keçirirsinizsə, bunun adı genosiddir. Siz bunu müasir düşüncəli insana qəbul etdirə bilməzsiniz. İslamın ilkin dövrlərinə baxanda, nə qədər qəbilənin “kafir” adıyla qılıncdan keçirildiyini görərsiniz. Hamı da deyir ki, bu düzdür. Sənin dininə inanmayan günahslz insanları gedib qılıncdan keçirmisən, onun səninlə heç bir işi yox idi. Bu, dəhşətli bir şeydir. Bu baxımdan din təhlükədir, əlbəttə.

- Sabah müharibə başlasa, dindarların Qarabağda döyüşməsi, erməniləri öldürməsi dini baxımdan halaldır, sizcə? Axı erməniləri kafirdirlər deyə yox, sırf torpaq məsələsinə görə öldürəcəklər...

- İslam dinində müharibələrlə bağlı fiqhi hökmlər var. Dünya bir neçə qismə bölünür. Məsələn, Dar al-İslam, Dar al-Harb. Dinə qarşı, ideologiyaya qarşı təhlükə varsa, onda Dar al-Harb elan edib müqəddəs savaşa qalxmaq olar. Bu mənada erməniləri islam dininə təhlükə yaradan bir qüvvə kimi göstərmək olar. Ki, onlar məscidləri dağıdıblar, neçə müsəlmanı qılıncdan keçiriblər. Fəqət, dini mərkəzlər indiyə qədər bunu etməyiblər. Çünki bu onların marağında deyil.

- Yeri gəlmişkən, Nizami Gəncəvi də Allaha inanırdı və şəninə minacatlar yazırdı. Sizcə, o da cahil idi?

- Bu, dərin sualdır. Amma müasir Şərq müdrikliyinə ciddi yanaşmıram. Şərq müdrikliyi rəvayət müdrikliyidir. Öyüd-nəsihətdir. Didaktik Şərq fəlsəfəsini müdriklik saymıram.

- Bəzi adamlar Allaha təsəlli üçün inanırlar, tutunmaq üçün. Bəlkə siz də cəhənnəm əzabından qorxursunuz və özünüzü inandırmağa çalışırsınız ki, belə bir şey yoxdur.

- İnanın, mən çox istəyərdim ki, Allah olsun və mənim əməllərimə görə layiq olduğumu versin. Və inanın ki, mən yaxşı şeylər qazanardım əməllərim qarşısında. Lakin bilirəm ki, Allah yoxdur.

- Tək qalanda heç düşünmüsünüz bu barədə? İçinizdəki səsinizlə tək qalanda...

- Yəhudilərin lətifəsidir. Yerusəlimdə “Ağlama” divarı var. Adamlar arzu üçün, dua üçün gedirlər ora. Deyir, səhər ağlaya-ağlaya yalvardım ki, sülh olsun, hamı yaxşı yaşasın, günortaya qədər ağladım. Sonra yenə yalvardım. Rahatlıq tapmadım, axşama qədər ağlaya-ağlaya yalvardım. Deyirlər, bəs axşam nə oldu? Deyir, axşam mənə elə gəldi ki, divarla danışıram.

Məndə də tək qalanda belə olub. Amma elə bilmişəm ki, divarla danışmışam. İstəyirəm ki, öləndən sonra məni də yandırıb külümü səpsinlər.

- Sizcə, bu qədər bəsitdir hər şey? Öləcəyik və bitəcək?

- Təkamülün obyekti gendir. Bizim rolumuz odur ki, o geni gələcək nəsilə daşıyaq. Təkamül ləng prosesdir. Müəyyən müddətdən sonra, - bu, texnoloji inkişaf nəticəsində baş verəcək - yeni insan növü çıxacaq ortaya.

Biz bu gün kainat haqda Eynşteyndən daha çox məlumatlıyıq. Düzdür, adam xəcalət çəkir, kişidən ayıbdır. Bizdən sonrakılar da bizim bugünkü bilgilərimizə güləcək. Amma onların bilgiləri üçün biz çalışmalıyıq. Bu, bir mərhələdir. Nəyisə bilmiriksə, bu o demək deyil ki, Allah var. İndi bilmirik, amma tutaq ki, 100 il sonra biləcəyik.

- Din haqda çox danışdıq, Hafizdən danışaq. İşdən çıxardığınız Hafizi deyirəm...

- Bilirsiniz, bu mənim üçün ağrılı məsələdir, mənim niyyətim nəyin bahasına olursa-olsun, Hafizi axıra qədər müdafiə etmək idi. Hadisə bir il əvvəl olsaydı, bəlkə də hər şey başqa cür olacaqdı. Bəlkə də özümü qurban verərdim. Artıq komanda böyüyüb və başa düşdüm ki, partizanlığın yeri yoxdur. Elə yolayrıcına dirəndi ki məsələ, ya Hafizin maraqları tapdalanmalı idi, ya da “Azvision”dakı 60 nəfərin. Axıra qədər müdafiə etməyə də hazır idim. Amma “Azvision”u da qorumalı idim. Ümumiyyətlə, lazım olanı elədim. Partizan düz olanı eləyə bilər, amma komandan lazım olanı etməlidir.

- İrandakı hadisələrlə bağlı nə düşünürsünüz?

- Avropada insanlar inqilab edib dini hakimiyyəti deviriblər, İranda isə əksinə. Yaxın 30 ilə, 40 ilə arxivlər açılsa və məlum olsa ki, İranda baş verən bugünkü hadisələrə elə İranın dini elitası, dərin dövlət nümayəndələri özləri dəstək olublar, qəti şübhələnmərəm. İranın çox ağıllı idarəçilik sistemi var. Onlar çox gözəl başa düşürlər ki, cari rejimlə müasir dünyada uzun müddət rəqabət aparmaq mümkün deyil. Başa düşürlər ki, dəyişmək lazımdır. İranın çox hiyləgər diplomatiyası var. Onlar dünyanın havasını bilirlər. Elita sekulyar rejimin daha faydalı olacağını yaxşı bilir. Bu baş versə, İran zəifləməyəcək, parçalanmayacaq, inanın ki, daha da güclənəcək. Bu hadisələrin arxasında İran dərin dövlətinin maraqları dayanır. Onlar bir yol tapıb, bir bəhanə tapıb sekulyarlaşmaq istəyirlər.

Tarix
2018.01.06 / 09:08
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla