Yuxarı

"Əli Kərim məni təqdim edəndə hamı ayağa qalxdı...”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az tanınmış yazıçı Vaqif Nəsiblə müsahibəni təqdim edir:

– Vaqif müəllim, ədəbi mühitdə ciddi bir qələm adamı kimi tanınsanız da, cəmiyyətdə o qədər məşhur deyilsiniz. Bu, nə ilə bağlıdır?

– Sovet vaxtı ədəbiyyatı sevənlər indikindən çox olsa da, o dövrdə də bəzən bizləri qarışıq salırdılar. Məsələn, mənə Vaqif Musa deyirdilər. Sovet vaxtında hər müttəfiq respublikadan öz partiyalarına uyğun bir yazıçı yetişdirirdilər. Azərbaycandan Səməd Vurğun, Özbəkistandan Qafur Qulam və s. Onlar isə öz bir nömrəli adamlarını tapırdılar. Mən heç vaxt bu siyahıya düşməmişəm, düşməyə də can atmamışam. Yəni kiminsə adamı olmamışam.

İndi bazar ədəbiyyatı dövrüdür. Belə bir dövrdə isə ədəbi yaradıcılıqdan çox yaltaqlıq bacarığı və reklamı çox olanlar bu mövqeyi tuta bilirlər. Mənim onlarla bir işim yoxdur. Mən yalnız Mübariz Məsimoğlu kimi dostlarıma güvənirəm və onlarla vaxtaşırı ünsiyyətdə olanda az-maz özümü güclü hesab edirəm.

Onu da deyim ki, o mükafatlardan heç Əli Kərimdə də yox idi. Amma o məni təqdim edən zaman zaldakı bütün fanatiklər ayaq üstə alqışlayırdılar ki, yəqin, Vaqif Nəsib böyük adamdır, Sovetlər Birliyi üzrə məşhurdur. İndi heç Azərbaycan üzrə də məşhur ola bilmirəm. Hanısa bir vəzifəli adamın qəbuluna düşmək istəyəndə məndən dəfələrlə adımı soruşurlar, tanımırlar, mən də xahiş edirəm ki, yazın Vaqif Nəsib. Qoy qəbul edir etsin, etmir, cəhənnəmə eləsin.

– Yazıçılar Birliyini və onun sədrini sərt şəkildə tənqid edən biri kimi yadda qalmısınız. Amma bildiyim qədər, sizin eyni zamanda Elçin Əfəndiyevlə münasibətləriniz çox yaxşıdır. Anara pis, Elçinə yaxşı münasibətinizin kökündə nə dayanır? Axı adamlar adətən, onların ikisini də bir yerdə tənqid edir, yaxud ikisini də bir yerdə tərifləyirlər.

– Mən Anarla birlikdə düz 9 il “Qobustan” jurnalında çalışmışam. Anar həmin işlədiyi dövrdə iki il Moskvada rejissorluq, iki il isə ssenari üzrə oxuyub. Anar Moskvada kef eləyəndə biz “Qobustan” jurnalının kağızlarını qar yağa-yağa yük maşını ilə daşımışıq. Rəhmətlik Tofiq Abdin, Azər Abdulla bunların şahidi olub. Azər Abdulla sağdır, amma bu barədə danışmır, buna görə onu tez-tez tənbeh edirəm.

Mən qınıma çəkilib yaradıcılığımla məşğul olan adamam. Günlərin bir günü Elçin Əfəndiyev mənə zəng edib dedi ki, yeni il hədiyyəsi olaraq sənin kitabını nəşr edəcəyik. Kitab da çap olundu. Bundan qabaq isə “525-ci qəzet”də bir hekayəm yayımlanmışdı. Adi bir hekayəm haqqında Elçin, az qala, bir vərəq məqalə yazmışdı. Bəzi adamların işlərində xeyirxahlıq əməlləri də var.

– Rəsul Rzada xeyirxahlıq vardımı?

– Əlbəttə! Anarın atasında xeyirxahlıq hissi külli miqdarda idi. Rəsul Rza məni işə də götürmüşdü, çox böyük xeyirxah idi. Əla da kişi idi.

– Belə çıxır ki, sizin apardığınız dava, mübarizə ancaq şəxsidir? Rəsul Rza sizi işə götürür, deyirsiniz ki, əla kişidir. Elçin müəllim kitabınızı çıxartdırır, deyirsiniz ki, xeyirxah insandır...

– Bilirsiniz, bu, ədəbi prosesdir. Mən yenə deyirəm, Anarla 9 il bir yerdə işləmişəm. O vaxtlar da müəyyən polemikalarımız və mübahisələrimiz olurdu. Onu yeri gələndə heç yazıçı kimi qəbul etməmişəm.

– Bəs Elçini yazıçı kimi qəbul edirsiniz?

– Mən Elçinin əsəri haqqında yazmışam. Bu barədə Qan Turalıya müsahibə də vermişdim. Bəzən Elçini, Kamal Abdullanı tənqid edirlər ki, onlar hər sahəyə meyil edir. Yaradıcı adamlarda istedad ərinti kimidir, filizdir. İstəsə insan fiquru düzəldər, istəsə başqa şey. Bunlar onun özünün məhsuludur. Bəzi adamlar da var, hansısa yazıçının bir əsərini oxuyur və onun haqqında qərəzli sözlər danışmağa başlayır. Olmaz axı! Sovet vaxtı bütün bu məsələlər tənzimlənirdi. Qurultaylarda isə ədəbi proseslərə yekun vurulurdu. İndi isə ədəbi proses deyilən şey yoxdur. Var yubiley tənqidçiləri və pullu, sifarişçi tənqidçilər.

Elçin öz yazıçı şəxsiyyətini, insanlıq ləyaqətini qoruyan yazıçılardan biri və bəlkə də birincisidir. Əgər ədəbi naqisliyi varsa, bunu ədəbi tənqid desin. Anar isə göz qabağındadır. Yaxınlarda Barat Vüsalın ona yazdığı şeiri çıxıb. Axı bu yaltaqlıq hara qədər gedəcək? Hətta mənim tanıdığım akademiklər belə Anarı canlı dahi hesab edirlər. Ay qardaş, axı belə deyil. Bu günün yaradıcılığına ən azı 100, 150 il sonra qiymət verilməlidir. Bunlar niyə indidən müştəbeh olub, özlərini dahi hesab edirlər? Özünü antik heykəllərə, dahilərə oxşadan adamların əvvəlcə zaman, sonra da quşlar başını batırır.

– Maraqlıdır, indi siz ədəbi müxalifətin adamısınız?

– Elə hesab etmirəm. Ancaq bir-iki adama qarşı sərt mövqeyim var. Məsələn, Anara yazmışdım ki, ötən illər xeyirxahım, son illər şərxahım.

– Anar müəllimin sizə nə xeyiri dəyib ki?

– Mən Anarın anası Nigar Rəfibəylinin əlindən çörək yemişəm. Atası Rəsul Rza mənimlə Vaqif Səmədoğlunu ensiklopediyaya işçi götürmüşdü. Halbuki, ora alimlər cəlb olunmalı idi. Və Rəsul Rza özü məni “Qobustan”a baş redaktorun müavini göndərdi. O vaxtlar münasibətlərimiz yaxşı idi, sonradan mənə qarşı o qədər ögeylik bəslədi ki, sanki, mən yox idim. İntiqam Qasımzadə isə deyir ki, nə qədər sağam, Vaqif Nəsib burda çap olunmayacaq. Niyə? Nə üçün? “Azərbaycan” jurnalının rəhbərliyində bir dənə də olsun sənət adamı yoxdur.

– Vaqif müəllim, elə Anar, Anar, Anar... Sizin bu cəmiyyətdə başqa bir hədəfiniz yoxdurmu?

– Əlbəttə, mənim ciddi hədəfim var, o da yaradıcılığımdır. Və yaradıcılığımdakı ciddi hədəflərim davam edir. Trilogiya yazıram, “Rəngli günlər” çapdan çıxdı, “Boz aylar” bir neçə aya hazır olacaq. Üçüncü hissə – “Əsirli əsrlər” isə hələ qalır...

– Sizin üçün vətən nədir?

Vətən dostlardır, onlarda yaşadığın anlardır. Hətta Türkiyədə belə adam özünü qürbətdə hiss edir. Sən ancaq doğulduğun yerin təbabəti ilə müalicə oluna bilərsən və doğulduğun yerin yazıçısı ola bilərsən. Qürbətdə sən tamam dəyişməlisən. Amma cəsarətin varsa və Nəsimi kimi soyulmağa razısansa, sona kimi vətənində qalmalısan.

– Bildiyimizə görə, “Qızıl kəlmə” mükafatında yer tutmağınız tapşırıqla olub. Çünki daim diqqətdən kənar qalan adamın birdən-birə belə bir mükafat alması istər-istəməz təəccübləndirir...

– Qətiyyən! Mənə o mükafatı romanıma görə verdilər. “Azərbaycan” jurnalının üç nömrəsində romanım çap olunmuşdu. Və ona Məmməd Oruc “Ön söz”ündə yazıb ki, mən inanmıram, bundan sonra Azərbaycan ədəbiyyatında bu dildə, bu üslubda roman yarana. Amma mənə dedilər ki, mükafatı tək alacaqsan, sonra gördüm üç nəfərik. Lap sonra isə mükafat beş nəfərə nəzərdə tutuldu, bu halda mən imtina elədim. Axırda iki nəfərə həvəsləndirici mükafat verdilər, üçümüz qaldıq.

– Əkrəm Əylisli ilə yaxın dostsunuz, bəs onun yaradıcılığına münasibətiniz necədir?

– Mən dəfələrlə demişəm ki, Azərbaycan şeirini ritorikadan Əli Kərim xilas edib. Sinəsini körpü edib. Azərbaycan nəsrini isə taftalogiyadan İsa Hüseynovun “Kənddə toy idi” hekayəsi və bir də Əkrəm Əylislinin “Ürək yaman şeydir”i xilas edib.

– Siz həm şeir yazırsınız, həm də nəsr. Necə təqdim olunmaq xoşunuza gəlir? Şair kimi, yoxsa nasir kimi?

– Fərqi yoxdur, dedim axı, istedad ərintidir. Əsil şeir zərgərlikdir. Nəsr isə misgərlikdir və əziyyəti də çoxdur. Mən isə fikrimi tam ifadə edə bilmək üçün nəsrə keçdim.

– Düzünü deyin, heç xəyalınızdan Nobel mükafatı keçibmi?

– Nobel ala bilmək üçün gərək dinini, imanını və məsləkini danasan. Türkiyədən Orxan Pamuka verildi, çünki o, nəinki erməni, hətta kürd soyqırımını da qəbul elədi. Mən bunu şərəfsizlik hesab edirəm.Nobel mükafatını boş-boş adamlara verirlər. Amma deyim ki, bəli, hərdənbir düzgün adamlara da verirlər.

– Sizcə, Azərbaycanda Nobelə layiq yazıçılar kimlərdir?

– Əkrəm Əylislini layiq bilərdim. Eyni zamanda Elçin Əfəndiyevi də.

– Bəs Kamal Abdulla?

– Kamalın “Yarımçıq əlyazma” əsərinin süjeti çox gözəldir, Nobel mükafatına da layiq əsərdir. Ancaq gərək namizədliyə Kamal Abdullanın elə əsəri veriləydi ki, orada dünyəvilik olaydı.

– Vaqif müəllim, “Omaroğlunun qayıtması” hekayənizi çoxları sizin yaradıcılığınızın şah əsəri hesab edir...

– Amma mən onu güclü hesab etmirəm. Ən güclü hekayəm “Əzizinəm Qarabağ”dır.

Tarix
2018.01.31 / 08:45
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla