Yuxarı

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az hicabın tarixi-dini kökləri mövzusunda Finlandiyada yaşayan araşdırmaçı Güntay Gəncalp Bayındırlı ilə müsahibəni təqdim edir.

Əvvəli burada

– O vaxt Peyğəmbər təmizlik mövzusunda nə kimi yeniliklər etmişdi?

– İslam dini yarananda Ərəbistanda ev deyilən bir şey yox idi. Evlər ümumən qapı-pəncərəsi açıq olan bir otaqdan ibarət idi. Bu otaqlarda da ailələr çılpaq olurdular. Çimmək üçün hamam da yox idi. Olan yerə də toplu şəkildə çılpaq girilirdi. Hər evin öz tualeti də yox idi. Evlərin çevrələri tualet olaraq istifadə edilirdi. Tualetə qadınlar-kişilər birlikdə, ya da qadınlar toplu şəkildə, kişilər də başqa yerdə gedərdilər. Bu, onların danışacaqları mövzuya bağlıydı. Çünki tualet edərkən iki, ya da daha çox adam danışaraq tualet edərdilər. Bu, Ərəbistan ənənəsiydi. Quran və Peyğəmbər bir yenilik gətirdi. Toplu şəkildə bir yerdə lüt çimmək, toplu şəkildə tualetə getmək yasaqlandı.

– İslamdan öncə də Kəbə ətrafında ibadət edildiyi deyilir. İslamdan qabaq və sonra geyim fərqi olubmu?

– İslamdan öncə Kəbə ətrafında dönərkən həm qadınlar, həm də kişilər tam lüt olaraq dönərdilər. İslamdan öncə qadınlar və kişilər suç işlədikləri paltarlarla Kəbə ətrafında dönməzdilər. Başqa paltarları da olmadığı üçün lüt dönərdilər. Bəzi durumlarda qadınlar gecə təvaf edərdilər. Sadəcə, əlləriylə ön və arxa tərəflərində ayıb yerlərini örtərək dönərdilər. Qadınlar dönərkən belə şeir oxuyarmışlar:

“Allahla bir yerdə biz bulunurkən,
Bizim məhbellərə baxmayın, lütfən!”

– Məhbel nə deməkdir?

– Vagina deməkdir. Çılpaq dönərək şeir oxuyan qadınlardan biri hicrətin 9-cu ilində Peyğəmbərlə evlənmək səviyyəsinə qədər gəldi. Amma müsəlmanların xoş görməməsi üzərinə Peyğəmbər bu evlilikdən vaz keçdi. Dəfələrə Kəbə ətrafında lüt dolaşaraq, bədəninin hər tərəfi kişilər tərəfindən görünmüş bir qadının Peyğəmbərin xanımı olmasını müsəlmanlar qəbul edə bilmirdilər.

– Güntay bəy, bəs islam hüquq sistemində hicabla bağlı nə kimi məlumat var?

– İslam hüquq sistemini bəlli edən sahəyə fiqh, fiqhlə məşğul olan adama fəqih deyilir. Fiqh “bir şeyi araşdırıb incələyərək dərinliyinə qədər bilmək” deməkdir. Fəqih də “bilən” deməkdir. Fiqh elmində geyim və bədənin bölümləriylə bağlı bilgilər var. Hz. Məhəmmədin vəfatından sonra fiqhə qadın düşmənçiliyi da yerləşdirilib. Birinci olaraq qadınları fəqih olmağa yaxın buraxmadılar. Fiqhdə avrət (övrət, arvad) kişinin utanması gərəkən ayıb yeridir. Fiqh dilində bədənin örtünməsi gərəkən yerlərə avrət, açıq olması gərəkən yerlərə də məari deyilir. Fiqh bilgələrindən bir qismi qadını da kişinin avrəti (arvadı) olaraq görər.

Arvad göbəkdən aşağı kişinin önü və arxasıdır, yəni ayıb yerləridir. Bəzi fiqh qaynaqlarında qadının səsi kişilərdə şəhvət hissi oyatmasın deyə danışdığı zaman qadın ağzına kiçik daşlar almalıdır. Quranda isə bunların heç biri yoxdur, Peyğəmbərin zamanında da olmayıb. Bunlar sonrakı çağlarda kişimərkəzli və qadın düşmənliyi məhvərli islam anlayışı tərəfindən uydurulub.

– Quranda hicabla bağlı ayələr bu haqda nə deyir? Bu ayələrin xüsusiyyətləri nədən ibarətdir?

– Quranda örtünməylə bağlı keçən ayələr iki növdür: Ailə üzvləri üçün nəzərdə tutulan örtünmə və hər fərd üçün nəzərdə tutulan örtünmə. Hər fərd üçün nəzərdə tutulan örtünmə də iki növdür: Peyğəmbərin qadınlarına məxsus olan örtünmə və bir də bütün qadınlara məxsus olan örtünmə. “Əhzab” surəsinin 32-ci ayəsində Peyğəmbərin qadınlarına xitabən deyilir: “Ey Peyğəmbərin xanımları! Siz digər qadınlardan biri kimi deyilsiniz. Təqva sahibi isəniz, artıq sözü kişilərdə şəhvət hissi oyadacaq şəkildə yumşaq söyləməyin. Çünki qəlbində şəhvət xəstəliyi olanlar tamah edər”.

Eyni surənin 33-cü ayəsində deyir: “Və evlərinizdə qərar qılın. Əvvəlki cahiliyyə zamanındakı kimi, ziynətlərinizi açmayın. Namazı qılın və zəkatı verin. Tanrı və onun elçisinə itaət edin. Ey əhli-beyt, Tanrı sizdən günahları tərtəmiz etmək istəyir”.

Göründüyü kimi, bu ayələr bütünlüklə Peyğəmbərin xanımlarına aiddir. İndi nə Hz. Məhəmməd, nə də onun xanımları həyatda olduqları üçün tarix tərəfindən bu ayələr öz keçərliliyini itirib və mənsux edilib. Çünki Quran bir tərəfdən də Peyğəmbərin xanımlarını İslam ümmətinin anaları kimi təqdim edər. Müsəlmanlar Peyğəmbər kimi davranıb, qadınlarını Peyğəmbərin qadınları kimi görməməlidirlər. Çünki Quranda Tanrı hər insana bir ölçü verildiyini bəyan edər. Peyğəmbərin ölçüsü ilə bizlər öz ölçümüzü qarşılaşdırmamalıyıq. Bu qarşılaşdırma özü belə İslam açısından doğru sayılmaz. Ayrıca, bütün qadınlar Peyğəmbərin qadınları kimi olacaqdısa, o zaman qadınlara xitab edən digər ayələr olmamalıydı.

– Kişilər üçün də hicab ayəsi var, yoxsa sadəcə, qadınlar üçündür?

– Bəli, kişilər üçün də örtünmə ayələri var. “Möminun” surəsinin 5-ci ayəsində mömin kişilərin ayıb yerlərini örtməsi gərəkdiyi deyilir. Bu o deməkdir ki, ayənin endiyi dövrdə kişilərin ayıb yerləri açıqda imiş. Örtünmə ilə ilgili ayələr “Nur” və “Əhzab” surələrində açıq şəkildə, başqa surələrdə dolayı olaraq var. Sadəcə, cəmiyyətdə deyil, ailə içində də örtü problemi olub. Təkotaqlı qapı-pəncərəsiz ərəb evlərində bütün ailə üzvləri bir otaqda yatır və yeyib içirdilər. Bəzi müşkülləri modern memarlıq öz-özünə həll edib. Ərəbistanın qapı-pəncərəsiz evlərində adamlar xəbər etmədən birdən qonşusunun evinə gəlirdi. Adamı öz xanımı ilə cinsi münasibətdə gördükləri də olurdu. Sonra da bunu Məkkənin, Mədinənin divar diblərində adamlar bir-birinə danışıb gülərdilər. İslam Peyğəmbəri bu problemləri çözmək istədi. Ailə çevrəsiylə ilgili olan “Nur” surəsinin 27, 28, 29-cu ayələrində deyilir: “Ey iman edənlər, evlərinizdən başqa evlərə izn istəyib evdəkilərə salam vermədikcə içəri girməyin. Bu, sizin üçün xeyirlidir. Nəsihət almanız ümid edilir. Evdə kimsəni tapmasanız, sizə izn verilincəyə qədər oraya girməyin. Və sizə “geri dönün” deyilərsə, geri dönün. Bu, sizin üçün daha münasibdir. Və Tanrı etdiyiniz şeyləri ən yaxşı biləndir. Oturulmayan, içində faydanız olan evlərə girmənizdə sizin üçün bir vəbal və günah yoxdur. Və Tanrı sizin açıqladığınız və gizlədiyiniz şeyləri bilər”.

Bu ayədə Ərəbistanda qonşuluq münasibətinin necə ibtidai olduğu görülməkdədir və Quran bu müşkülə çözüm gətirib. Məkkə və Mədinə deyiləndə böyük bir şəhər güman edilməməlidir. Məkkə və Mədinə kanalizasiyası, təmizliyi olmayan, çox az suyu olan böyük kənd idi. Təmizliyi, tərbiyəli sosial münasibətləri olmayan iki böyük kənd.

Hətta günün hansı vaxtlarında evdə çılpaq olması gərəkdiyinə də Quran açıqlıq gətirməkdədir. Yenə də “Nur” surəsi 58-ci ayədə deyir: “Ey inananlar, əllərinizin altındakı kölələriniz, cariyələriniz və sizdən büluğa çatmamış olanlar, üç vaxtda yanınıza girmək üçün sizdən izn istəsinlər: gün doğan vaxtı namazından öncə, paltarınızı çıxartdığınız günorta vaxtında və gecə namazından sonra. Bu üçü övrət vaxtıdır. Bu zamanların xaricində bir-birinizlə gəzməyiniz günah deyil”.

– Niyə belə deyir?

– Çünki Ərəbistanda istilik çox yüksəkdir. Hər kəs paltarını çıxardaraq evdə oturmaq zorunda qalır. “Nur” surəsi 59-cu ayəsində deyir: “Və sizdən olan uşaqlar, büluğ çağına çatdığında onlardan öncəkilərin izn istədiyi kimi, bundan sonra izn istəsinlər”.

Bu ayəyə görə yenicə hədd-büluğa çatan uşaqlar ata-ananın olduqları otağa girmədən öncə xəbər etməlidirlər. Ərəblərdə uşaqlarının yanında cinsi əlaqəyə girərdilər. Türklərdə də buna bənzər həyat şəkli olub. Çünki bir tək alaçıqda, ya da balaca bir kənd evində bütün ailə yerləşməliydi.

– O zaman qızların başlarını örtmə məsələsi haradan ortaya çıxdı?

– Qızların başlarını örtməsiylə bağlı Quranda bir ayə yoxdur. Sadəcə, qadınların kökslərini örtmələri ilə bağlı bilgi var. “Əhzab” surəsinin 59-cu ayəsində belə deyilir: “Ey Peyğəmbər, qadınlarına, qızlarına və möminlərin qadınlarına söylə, örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət edilməməsi üçün daha uyğundur”.

Diqqət etsəniz, buradakı fikirlər Peyğəmbərin xanımlarına və qızlarına aiddir. Peyğəmbərin qızları bu zaman ərdə idilər. Ancaq möminlərin qızlarına deyil, qadınlarına deyir. Yəni bu ayədə evlənməmiş qızlara xitab edilməməkdədir. İkinci ən önəmli məsələ bu ayənin Mədinədən gəlməsidir. O dövrdə Mədinədə çoxlu fahişə vardı. Gündüzlər Ərəbistan çox isti olduğu üçün adamlar istidən tarlalarında və işlərində çalışa bilməzdilər. Gündüzlər yatıb gecələr çalışardılar. Mədinə fahişələri də gecələr öz işlərini görərdilər. Müştəri tapmaq üçün ayaqlarına zınqrov bağlayardılar. Beləcə qaranlıqda və ya gecə aydınlığında müştəri toplayardılar. Bu üzdən də Quranda qadınların küçədə yeridiklərində zınqırov səsi çıxarmamaları bəyan edilib.

Bir sözlə, o dövrün Mədinəsində güvənlik yox idi. Bu örtünmə də müsəlman qadınları güvənc altına almaq üçün idi. Güvən olan bir şəhərdə bu örtünməyə gərək də qalmaz. Ən önəmlisi isə örtünməmək və şərab içmək Quranda günah sayılmaz. Çünki Quranda gühan sayılan əməllərin cəzası var. Quranda cəzası olan suçlar bunlardır: adam öldürmək, oğurluq etmək, zina və qadınlara böhtan və iftira atmaq. Bunlar modern hüquqda da cəzası olan suçlardır. Bunlardan kənarda nə varsa, hamısı tövsiyə xarakterlidir.

– Sizcə, İranda qadınların hicaba qarşı etirazını, əslində, İslama qarşı bir etiraz kimi görmək olarmı?

– Quranda deyilir ki, dində məcburiyyət yoxdur. İslam Peyğəmbəri bunları tövsiyyə olaraq bəyan edib və əxlaq polisi də təşkil etməmişdi. Ancaq İranın və İŞİD-in örtüsü məcburidir. İndiki İran Prezidenti Ruhani inqilab yeni olduğunda ölkədə islami hicabı tətbiq etməkdə Xomeyni tərəfindən görəvləndirilmişdi. Ruhaninin açıqlaması var. Deyir ki, bir neçə başıaçıq qadını hər şəhərdə meydanlarda dar ağacından assaq, geri qalan qadınlar təslim olarlar. Belə bir dini kim qəbul edər?

Peyğəmbərin zamanında bu ayələrdən sonra başı açıq dolanan müsəlman qadınlar da olub. Xüsusən, Mədinədə güvənlik bərqərar olduqdan sonra hicaba ehtiyac da qalmamışdı. İran qadınlarının azadlıq mübarizəsi sonunda qalib gələcək və məcburi hicab tarixdən silinəcək. Bu, insanlıq üçün də xeyirli bir iş olacaqdır. Ümumiyyətlə, Quranda “hicab” deyə problem yoxdur. Sosial əxlaqı düzənləmək əsas məsələdir. Baş örtməklə isə sosial əxlaq düzəlməz. Necə ki, 1400 ildir heç bir irəliləyiş olmayıb. Ölkədə sosial ədalət, ədalətli gəlir dağılımı olar və işsizlik ortadan qalxarsa, yoxsulluq üzündən 10 başlıq ailə bir otaqda yatmaz və burada üzərində danışdığımız Quranın anlatdığı sorunlar da öz-özünə çözülər.

Müsəlman ölkələrində məcburi baş örtüsü var. Ancaq ən çox əxlaqsızlıq da bu ölkələrdədir. Çünki yoxsulluq və ehtiyac insanı əxlaqsız edər. Müsəlman ölkələrində hava və su kimi lazım olan ehtiyac demokratiya, sekulyarizm və iqtisadi inkişafdır. Baş örtüsü deyə bir problem yoxdur.

– Ümumiyyətlə, tarixdə məcburi hicaba qarşı qadınların etirazı olubmu?

– İlk dəfə olaraq İranda bir türk qadın hicaba qarşı baş qaldırdı. Tahirə Qürrətuleyn başını açaraq, kişilərin də bulunduğu məclislərdə öz şeirlərini oxudu və çox da gözəl oldu. Heç bir əxlaqsızlıq-filan olmadı. Lakin molla-feodal sinfi Tahirəni öldürdü.

Tarix
2018.02.23 / 08:45
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla