Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2018


Katorqa, Şamaxı sürgünü... - Şairənin ürəkdağlayan həyatı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az yazıçı-publisist Mehriban Vəzirin Teleqraf.com-a müsahibəni təqdim edir:

- Mehriban xanım, Azərbaycan cümhuriyyətçilik tarixindən danışmaq üçün ilk növbədə hansı dövrdən başlamaq lazımdır?

- Cümhuriyyət dövrünün ön mərhələsindən başlamaq lazımdır. Bu mərhələ 1870-ci illərə təsadüf edir. Azərbaycanda milli hərəkat dövrünün 1870-1905-ci il mərhələsi simvolik olaraq “Əkinçi” dövrü” adlanır. Milli oyanış bu dövrdən başlamış və Həsən bəy Zərdabinin digər mütəfəkkirlərimizlə, eləcə də Nəcəf bəy Vəzirovla birgə “Əkinçi” qəzetini çıxarmaq üçün başlatdığı böyük fəaliyyətlə tarixə düşmüşdür. 1905-ci il inqilabından sonra Milli Hərəkatın siyasiləşmə dövrü başlayır. Bu dövr 1918-ci ilədək davam edir. Cümhuriyyət tarixini Cümhuriyyətin önündə gələn 50 illik dönəmdə öyrənmək lazımdır.

- Və daha sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. AXC qısa ömür yaşasa da, xalqın taleyi üçün böyük iz buraxdı...

- AXC-nin ölkəmiz üçün əhəmiyyəti fövqəladədir, ölüm-dirim məsələsidir. Milli Hərəkatın qanunauyğun nəticəsi olaraq Cümhuriyyət quruldu. Bunu böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadə gözəl ifadə edib, deyib ki, biz yoxdan bir bayraq yaratdıq. “Yoxdan” söyləməklə Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın dövlətçilik tarixini təbii ki, inkar etmir. O, tarixin, ədəbiyyatın, fəlsəfənin, siyasətin böyük bilicisi olaraq bu torpaqlarda qurulmuş dövlətlər haqda dərin elmi məlumata malik idi. Lakin son 100 ilin, bütün 19-cu əsrin rus işğalı dövlətçilik ənənələrini ictimai şüurdan qoparıb atmaqda idi. Bu səbəbdən öndərimiz haqlı olaraq və gözəl ifadə edib: Biz yoxdan bir bayraq yaratdıq və onu Cümhuriyyətin simgəsi etdik. Cümhuriyyətin qurulması Azərbaycanın dövlət kimi varlığının onurğa sütunudur. Cümhuriyyət olmasaydı, sovetlər Azərbaycanı respublika olaraq qəbul etməyəcəkdi, vilayət həddinə salacaqdı. Amma SSRİ yaradıldıqdan sonra, formal da olsa, bir "Sovet Azərbaycanı respublikası" qeydiyyata alındı. Çünki ön tarixdə dünyanın tanıdığı bir Cümhuriyyət vardı. İndiki müstəqil Azərbaycan da həmin statusun üzərində və Cümhuriyyət sənədlərinə istinadən bərpa edildi. Bir sözlə, Cümhuriyyətin qurulmasının, cümhuriyyətçilərimizin o qəhrəmanlığının misli yoxdur. Heç bir vəsf onların gördükləri işi tərənnüm edib bitirə bilməz. Bu gün Azərbaycan adında bir dövlətin olmasına, bayrağımızın BMT-də müstəqil dövlətlərin bayraqları sırasında dalğalanmasına görə Milli Hərəkata və cümhuriyyətçilərə borcluyuq.

- Cümhuriyyət tariximizdə qadınların rolu nədən ibarət olub? Qadınların fəaliyyəti barədə az danışılır, istərdim bu məqamı oxucuların diqqətinə çatdırasınız.

- Həqiqətən qadınların fəaliyyəti barədə az danışılır. Əslində isə cümhuriyyət öncəsi möhtəşəm bir qadın hərəkatı olub. İlk illərdə qadınların hərəkatda iştirakçılıq forması maarifçilik və xeyriyyəçilik müstəvisində idi. Bildiyiniz kimi, Azərbaycan qadını üçün dünyəvi təhsil rus imperiyası tərəfindən yasaq edilmişdi, yalnız dini təhsilə icazə verilirdi. Azərbaycan ziyalıları qadınların dünyəvi təhsili üçün 30 il çalışdılar. Rus hökumətinə müraciət edib hər dəfə “yox” cavabı almışdılar. Nəhayət, 20-ci əsrin əvvəlində Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir kimi mütəfəkkirlərimizin zehni fəaliyyəti və Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə dünyəvi rus-müsəlman qız məktəbinin açılmasına nail oldular. Bununla da Azərbaycanda sanki bir qadın intibahı başladı. Sonralar isə 1905-ci ildən etibarən, yəni hərəkat siyasi sferaya girdikdən sonra qadınların fəallığı daha da artdı. 1911-ci ildə ilk qadın qəzeti - “İşıq” nəşr olunmağa başladı. Bakı mətbuatının gündəmini iki məsələ zəbt etdi: müstəqillik və qadın azadlığı. Qadınlar beynəlxalq konfranslarda iştirak etdilər, Tiflisə, Peterburqa qurultaylara getdilər. Məruzələr etdilər, məqalələr yazdılar. Fəhlə qadınlar kişilərlə bərabər tətillərə çıxdı, Azərbaycanın bütün regionlarında fəhlə qadınlar işçi haqlarını tələb etdilər, intellektual qadınlar maarifləndirmə işinə başladılar. Siyasi dövrdə, 1905-ci ildən 1918-ci ilə qədər Azərbaycan qadınının fəaliyyəti fövqəladə oldu. Bu, Avropa və Amerika qadınlarının fəaliyyətinə yaxın şəkildə idi. 1917-ci ildə Müəssislər Məclisinə seçkilərdə qadınlar elə bir fəallıq nümayiş etdirdilər ki, əminliklə demək olar, onlar siyasi proseslərə, seçkiyə çiyin verməsəydilər, Müsavat Partiyası Məclisdə çoxluq əldə edə bilməz və Cümhuriyyət qurula bilməzdi. Qadınlar Cümhuriyyətimizin quruculuğunda təməl daşı oldular. Onlar seçkilərdə ev-ev, qapı-qapı gəzib təbliğat apardılar və xalqı seçkiyə çağırdılar. Bir mötəbər araşdırmaçı bunu belə ifadə etmişdi: Müsavat Partiyası Müəssislər Məclisindəki üstünlüyünə görə qadınlara borcludur. Bu ifadəni çox bəyənirəm.

- Bəs hansı qadınlar AXC-nin qurulmasında yaxından iştirak edib?

- Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Qayıbova, Sona xanım Hacıyeva, Həmidə xanım Cavanşir, Sara xanım Vəzirova, Səlimə xanım Yaqubova, Sara xanım Talışinskaya, Nigar xanım Şıxlinskaya, Hənifə xanım Məlikova, Eynülhəyat xanım Usubbəyova... Bunlar ali təhsilli və zadəgan-ziyalı zümrənin parlaq təmsilçiləri idilər. Onlar Cümhuriyyət qadınları idi. Cümhuriyyət şairi Umgülsümün yeri isə, əlbəttə, bir ayrıdır. Bu qadınların misilsiz ictimai-siyasi xidmətləri vardı. Onlar Milli Hərəkatda və Cümhuriyyətimizin quruculuğunda fəal iştirak ediblər. 1918-20-ci illərdə Milli Şuranın aparatında və digər dövlət orqanlarında 26 nəfər yüksək təhsilli qadın işləyirdi. Bu, o dövr üçün fövqəladə hadisə, bu rəqəm heyrət doğuracaq rəqəm idi. Və demək olar ki, region ölkələrinin heç birində belə bir göstərici mövcud deyil.

- Bayaq Cümhuriyyət şairi Umgülsüm xanımın adını çəkdiniz. Səhv etmirəmsə, Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, şairə və jurnalist olub. Onun haqda geniş danışmanızı xahiş edirəm...

- Umgülsüm Cümhuriyyət şairidir. Müəllim, qəzetçi-yazar, hərəkatın fəal üzvü olub. Onun şeirləri, hekayələri, poema və məqalələri 18 yaşından dövrü mətbuatda çap edilib. Böyük istedad sahibi olub. O qədər gözəl və əhəmiyyətli şeirləri var ki, bu gün Azərbaycan məktəbliləri o şeirlərlə təhsilə başlamalıdır. AXC-nin 100 illiyi qeyd olunan bir dövrdə Umgülsümün şeirləri səslənmədən mümkün deyil. O şeirlər mühacirətdə olan cümhuriyyətçilərin dilinin əzbəri, təsəllisi olub. Umgülsüm yeganə Azərbaycan şairidir ki, həbs olunarkən 1937-ci ildə Bayıl həbsxanasında bu rejimə qarşı etiraz şeiri yazıb. Bu etirazçı şair Azərbaycan qadınıdır. Umgülsüm Məhəmməd Əmin Rəsulzadəyə, AXC-yə, üçrəngli bayrağımıza şeir yazdığına, Cümhuriyyətlə əlaqələrinə görə sovet dövründə xalq düşməni kimi həbs edilib. Umgülsüm Məhəmməd Əmin Rəsulzadənin əmisi qızıdır, qızlıq soyadı Rəsulzadədir. Böyük bacısı Rəsulzadənin həyat yoldaşıydı, o, öndərimizin həm əmisi qızı, həm də baldızı idi. Yüksək mədəniyyətli, intellektual bir ailədən çıxmış xanımdır, dini və dünyəvi təhsil almışdı, böyük istedad sahibi idi, qəzetlərə yazırlar yazırdı. 18-20 yaşlarında artıq dövrünün tanınmış yazarı idi. Həyat yoldaşı Seyid Hüseyndir. Seyid Hüseyn də o dövrdə məşhur yazar idi və Umgülsümü imzasından tanıyırdı. Günlərin birində Bakıda Mirzə Cəlilin “Ölüllər” tamaşası qoyulur, bu tamaşada Cavid əfəndi də iştirak edirmiş. Həmin gün Umgülsümün atasının yaxın dostu Cavid əfəndi bu iki gənc yazarı tanış edir. Bu tanışlıqdan bir müddət sonra gənclər ailə qururlar. 3 oğul, bir qızıları olur. Onların hər ikisi Cümhuriyyətin işlərində çox böyük fədakarlıqlar göstəriblər və sonra da elə bu fəaliyyətlərinə görə cəzalandırılıblar. 1937-ci ildə Seyid Hüseyn həbs olunur və bir neçə aydan sonra güllələnir. Həmin ili Umgülsümü də həbs edirlər və 8 il cəza kəsib Sibirə sürgünə göndərirlər. Bu qadın dəhşətli sürgün həyat yaşayıb. Sibirdə, o soyuqda, acınacaqlı iqlim və yaşam şəraitində Sovet rejimi əmək yarışı keçirirmiş ki, kim yaxşı işləyib filan qədər plan doldursa, - plan da nə plan, işgəncə demək daha düz olar, - ona övladlarına, ailəsinə məktub yazmaq izni veriləcək. Təsəvvür edin, qansız rejimin qansız yarışması... Umgülsüm gecə-gündüz, gündə 20 saat işləyir ki, övladlarına məktub yazmaq izni alsın. Nəhayət, bu ölümcül çalışmadan sonra ona 1942-ci ildə övladlarına məktub yazmağa icazə verilir. 1944-cü ildə sürgündən Bakıya qayıdır. Bu rejimin vicdansızlığına fikir verin, onun gəlməsi ərəfəsində böyük oğlu Oqtay Sadıqzadə həbs olunub sürgünə göndərilir. Umgülsüm gəlir və oğlunu görə bilmir. 20 gün sonra isə Ummugülsümə məktub gəlir: xalq düşməni olduğundan Bakıda yaşaya bilməz. Bu dəfə Şamaxıya sürgün edilir. Umgülsüm 15 yaşlı qızını alıb Şamaxıya gedir. Umgülsüm 8 illik katorqa kimi məhbus həyatından və ölümcül əməkdən əldən düşmüş, taqəti tükənmiş, həyat gücü bitmişdi. 2 ay 10 gün qızı ilə bir yerdə ömür sürür. Bu vüsalın ömrü az çəkir, Şamaxıda qızının qolları arasında can verir. Harada dəfn edildiyi də uzun müddət məlum olmur. Ummugülsümün həyatı öyrənilməli, bu insanın şeirləri əzbər deyilməlidir. Çünki o, Cümhuriyyətimiz üçün fəda olub. Bu gün onun haqqında filmlər, kitablar yoxdur. Azərbaycan Yazıçılar Birliyi Cümhuriyyətin 100 illiyi ilə bağlı bu adları əbədiləşdirməli, ədəbiyyatlaşdırmalı idi.

- Cümhuriyyət tarixinin hansı sahələri az öyrənilib, yaxud heç tədqiq olunmayıb?

- Ən az öyrənilən sahə milli hərəkat və milli hərəkatın siyasi hərəkata keçməsidir. Bəzən yüksək təhsilli adamların fikirlərinə rast gəlirəm, onlar elə bilirlər ki, Azərbaycanda heç bir milli-siyasi, yaxud qadın, fəhlə hərəkatı olmayıb, sadəcə 10 nəfər intellektual və zadəgan yığışıb cümhuriyyət elan ediblər. Bu, kökündən yanlış yanaşmadır. Dövlət öz tarixini tədris yolu ilə vətəndaşa öyrətməlidir. Hər kəs bilməlidir ki, Cümhuriyyət 50 illik milli mübarizənin qanunauyğun nəticəsidir. Cümhuriyyət milli müstəqillik uğrunda xalq savaşının töhfəsi, qadın hərəkatının nailiyyətidir. Əlbəttə, qeyd elədiyim kimi, müxtəlif tədqiqat və araşdırmalar var, amma bu, azdır, bu tarix dərindən öyrənilməli, təhsil sisteminə oturdulmalıdır. Tarixi kimliyi ictimai şüura yerləşdirməyin yeganə yolu təhsildən keçir. Ayrı-ayrı maarifçilik işləri, filmlər, məqalələr, kitablar yalnız dəstək ola bilər, ictimai şüuru formalaşdırmaz. Tarix şüurunu formalaşdırmaq orta məktəbin, bütünlükdə isə dövlətin borcudur.

- Ayrı-ayrı tarixçilər deyir ki, cümhuriyyət dövrünün sosial tarixi və sair yetərincə öyrənilməyib. Bəs Siz AXC-də araşdırılmamış hansı məqamı vurğulayardınız?

- Bu sualın cavabını tarixçilər-araşdırmaçılar daha dəqiq verə bilər. Düşünürəm, yeni bir konsepsiya ilə həmin dövr araşdırılmalıdır. Tarix bütün gerçəkliyi ilə öyrənilməlidir. Tarix bir elm kimi müstəqil və suveren olmalıdır. Tarixə ölkə içində və ölkə xaricindən nəzarət olmamalıdır. Əminəm, belə bir dövr gələcək. Xüsusilə, 28 aprel işğalından sonrakı dövr ciddi araşdırılmalıdır. 28 apreldən sonra Azərbaycanda çox böyük təşkilatlanmalar, üsyanlar və bu üsyanların ağır cəzaları olub, nə qədər insan 1920-30-cu illərdə güllələnib. 1920-ci ilin maynda baş vermiş Gəncə üsyanından sonra, demək olar ki, Azərbaycanda soyqırımı başladılıb. Həmin dövrün ayrıca qadın qəhrəmanları, üsyanda iştirak etmiş zabit ərləri ilə birlikdə güllələnən xanımlar var. 28 apreldən sonra sovet hökuməti 4 ayın içərisində bu üsyanlarda iştirak elədiyinə görə 48 min kəndlini güllələdi. Hələ bu siyahıların çoxu natamamdır. Qətllərin hesabı-kitabı aparılmırdı. Fikrimcə, cümhuriyyətin sovetlər tərəfindən cəzalandırılması tarix elmində ən çox boşluq olan sahədir. Bu sahə öyrənilməlidir. 1937-ci ilin repressiyası barədə müəyyən məlumatlar var, məşhur şəxsiyyətlər haqda informasiyalar mövcuddur. 1920-ci ildən 1935-ci ilə qədər olan iqtisadi və siyasi repressiyalar barədə geniş məlumatlar yoxdur və bu istiqamətlər təkidlə öyrənilməməkdə davam edir.

- Bu yaxınlarda Sizin ssenariniz əsasında AXC ilə bağlı film çəkildi. Film cümhuriyyətin hansı dövrünə həsr olunub?

- Film cümhuriyyətçi qadınlara həsr edilib. Ssenari müəllifi mən, layihə rəhbəri Şəhla İsmayıldır. İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə çəkilib və 3 gün əvvəl nümayiş etdirmişik, yaxın zamanda Yutub mikrobloquna yüklənəcək. Film “Əkinçi” dövrü, 1905-ci ildən 1918-ci ilədək siyasi dövr, 1918-20-ci illərdə cümhuriyyət, daha sonra qanlı Stalin dövrü və onun ölümündən sonrakı dövr, milli azadlıq hərəkatı və müasir dövrü əhatə edir. Filmdə Azərbaycan qadınının bu mərhələlərdən necə və hansı siyasi sima ilə keçdiyi əks olunub.

- Filmdə rejissor quruluşu, aktrisa oyunu olub, yoxsa arxiv materialları, fotoşəkillər əsasında ərsəyə gəlib?

- Yox, filmdə xüsusi rejissor quruluşu yoxdur, fotolar, videolar, alimlərin çıxışları və kadrarxası mətn yer alıb. Vaxtımız çox məhdud idi, demək olar ki, ay yarıma hazırlamışıq. Biz bu filmdə Cümhuriyyət qadının unudulmuş qəhrəmanlığını göstərmək, azadlıq yolunda ömrünü vermiş böyük xanımların adlarını dilə gətirmək istəmişik. Bugünkü Azərbaycan qadınına sələflərini göstərməklə kimliyini yada salmaq istəmişik. Milli tarixi və milli kimliyi bilmədən vətəndaş olmaq mümkün deyil. Biz bu filmdə tariximizin vətəndaşlıq dərslərini canlandırmağa çalışmışıq.

Tarix
2018.05.20 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

BQSŞ üzvlük üçün Bakıya hansı tələblər qoyub? - Osmanlı

Samirə dəb xətalarından danışdı - Müsahibə

İrəvan ilkin şərt irəli sürməyə bilər, ancaq Türkiyə... - Səfir

Anarın qızı danışdı: Bunu qadağan etdik

Tədqiqatçı Müşfiqlə bağlı şok faktları açdı – Müsahibə

Nazir İstanbuldakı nitqindən danışdı: Anlamaq istəyən...

Mübariz Mənsimov necə milyarder oldu? - Özü danışdı

Müşfiq davakar, "xuliqan" olub - Qohumu danışdı

Fəxriyyə Xələfova: Sofiya cazibədar xanımdır - Foto

"Onlar istəyir ki, Prezidentin təcrübəli kadrları istefa versin"

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla