Yuxarı

Dümanın Natəvan və Mahmud ağa ilə görüşü - Fransa arxivləri

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Fransada yaşayıb, fəaliyyət göstərən Ülkər Müllerin Publika.az-a müsahibəsini təqdim edir:

- Ülkər xanım, demək olar ki, həyatınızın yarısı Fransada keçib. Fransaya köçmək qərarınızın kökündə hansı səbəblər dururdu?

- Uşaq vaxtından fransız dilinə böyük marağım olub. Məktəbimizdə də xarici dil kimi fransızca tədris edilib. 11-ci sinfi bitirəndən sonra ali təhsil almaq üçün Fransaya yollandım. 5 ildən çox Strasburq şəhərində oxudum. Artıq ikidilli olduğumu hiss etməyə başladım. Magistratura təhsilini beynəlxalq kommunikasiya üzrə aldım. Elə o vaxt fakültəmizin dekanı məni bu sahəyə həvəsləndirdi. Oxuduğum müddətdə Avropa Şurasında staj keçdim. Sonra artıq Parisə köçdüm və şirkətlərin birində PR menecer olaraq çalışmağa başladım. Hiss etdim ki, məni beynəlxalq kommunikasiya və əlaqələr özünə daha çox cəlb edir. Beləcə, bu sahə üzrə də davam etdim.

- Yəni fransız mədəniyyətinə adaptasiya olmaq çətin olmadı...

- Əsla... Çünki fransız dilini, mədəniyyətini, hətta filmlərini çox sevirdim. Böyük sevgi ilə getmişdim axı!

- Həyat yoldaşınız da fransızdır. Maraqlıdır, fransız və Azərbaycan kişiləri arasında nə kimi fərqlər var?

- Mənim üçün müqayisə etmək çətindir, çünki şəxsiyyət kimi Fransada formalaşmışam. Ümumiyyətlə, fransızlar daha dəqiq insanlardır. Onlarda hər şey öncədən planlaşdırılır. Fransız kişilər məişət işlərində daha çox iştirak edirlər. Mən övladımı ən çox həyat yoldaşıma etibar edirəm. Uşağın məsuliyyətini üzərinə tam götürür. Fransız kişilər daha sərbəstdirlər. Ev işlərini də gözəl bacarırlar, karyera da qururlar. Bundan yaxşı nə var ki!

- Fransada Azərbaycan mədəniyyətinin təbliği yolunda az iş görməmisiniz...

- Uzun müddət Avropa Azərbaycan Cəmiyyətində işləmişəm. Musiqi tədbirləri, caz konsertləri, sərgilər təşkil edirdik. Son zamanlar isə Azərbaycanın Fransa arxivlərində qorunan xatirələri ilə maraqlanmağa başlamışam. Fotoqrafiya sahəsinə marağı olanlar bilir ki, Fransanın məşhur fotoqrafı Pol Nadar 19-cu əsrdə Türküstana səyahət zamanı Azərbaycan ərazisində olub, Bakıda çox dəyərli 20 fotoşəkil çəkib. Bunu öyrənəndən sonra ətrafımdakı fotoqraflardan məlumat toplamağa başladım, amma heç kim məni düzgün yönləndirə bilmirdi. Bir gün təsadüfən internetdə elana rast gəldim. Parisin məşhur qalereyalarının birində qədim Tiflisə aid fotoşəkillər sərgilənirdi. Tədbirin bitməsinə 10 dəqiqə qalmış özümü yetirdim. Çünki düşünürdüm ki, əgər bu səyyahlar Tiflisdə olublarsa, demək, yolları ölkəmizdən də düşüb. Hər şey də buradan başladı. Sən demə, Fransa arxivlərində Azərbaycan haqda həddən çox material var. Elə bu sərginin təşkilatçısı Ana Çieşvili ilə araşdırma aparanda gördük ki, Hüqo Kraft adlı fransız fotoqraf da ölkəmizdə olub, dəyərli fotoşəkillər çəkib. Demək olar ki, 19-cu əsrin fransız səyyahlarının yazdıqları kitabların hamısında Bakıya, Azərbaycana həsr olunmuş bölmə var. Çünki həmin vaxtlar Orta Asiyaya çox səyyahlar gedib. Yolları həmişə Bakıdan keçib. Paytaxtımız həm liman, həm də neft şəhəri olub. Onların yazılı qeydlərindən məlum olur ki, Bakı həmçinin kifayət qədər gözəl və inkişaf etmiş şəhər idi.

- Bəs Kraftın Bakı xatirələri haqda maraqlı məlumatlar verə bilərsinizmi?

- Biz onun məktublarını, heç vaxt dərc edilməmiş fotoşəkillərini tapdıq. Bütün bu fotolar Bakıda çəkilmişdi. Bu haqda layihə hazırladım və Hüqo Kraftın Reims şəhərində yerləşən, “Musée Le Vergeur” adlanan ev muzeyində mənim rəhbərliyimlə Hüqo Kraftın Bakı xatirələri, fotoşəkillərindən ibarət sərgi təşkil etdik.

- Sırf fotoları, yazılı xatirələri araşdırırsınız?

- Xeyr, illüstrasiyalar, akvarellər də bu siyahıya daxildir. Elə bir müddət əvvəl Fransanın Müluz şəhərində yaşayan bir səyyahın Bakı haqda xatirələrini tapdım. O yazırdı ki, şəhərin müxtəlif yerlərində dayanıb, rəsmlər çəkirdim. Düşündüm ki, yəqin çəkdiklərini özü ilə Fransaya geri gətirib. Müluza gedib, həmin səyyahın arxivi ilə maraqlandım. Akvarelləri tapa bilməsəm də, karandaşla çəkdiyi rəsmləri üzə çıxardım.

- Maraqlıdır, hansı məkanların, tarixi abidələrin rəsmlərini çəkib?

- Bakıda Balaxanı neft mədənləri, Atəşgahın rəsmlərini çəkib. Şamaxıda olub və bu şəhəri çox bəyənib. Nəzərinizə çatdırım ki, həmin alimin adı Alfted Köşlən-Şvartsdır. Müluzun ən varlı 4 ailəsindən birinin oğlu olub. Buna görə də çox səyahət edib.

- Fransa arxivlərindən topladığınız bütün materiallar olduqca qiymətlidir. Bəs özünüz üçün kəşf etdiyiniz ən maraqlı, heyrətli mənbə hansıdır?

- Əslində hər bir səyyahın həyatını, ölkəmizlə bağlı xatirələrələrini araşdırdıqca önümə çox maraqlı yeniliklər, unudulmuş faktlar çıxır. Elə götürək, fransız yazıçısı Aleksandr Dümanı... Yəqin ki, onun xatirələrini çox adam oxumayıb. Çünki bizim öz mənbələrimizdə bir sıra uydurma məlumatlar var. Halbuki o uydurmalarsız da Düma Azərbaycanla bağlı çox gözəl, isti xatirələr paylaşıb. Məsələn, əsərin sonunadək Dümanın Xurşidbanu Natəvanla şahmat oynaması ilə bağlı məqamı gözlədim, amma bu haqda heç bir cümləyə də rast gəlmədim. Düma Bakıda bir zadəganın evində tatar şahzadəsi ilə görüşdüyünü vurğulayır. Adını çəkməsə də, onun Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı olduğunu qeyd edir. Beləliklə, anladım ki, söhbət Natəvandan gedir. Xanımın özünün də, övladlarının da gözəl milli geyimdə olduqlarını bildirir. Bu tam təsadüfi görüş olub.

- Bilmədiyimiz daha hansı maraqlı məqamalara toxunur?

- Düma faytonla səhayət edirdi. Sumqayıt adlı stansiyaya yaxın ərazidə çadır qurub, gecələyirlər. Karvansarayın xarabalıqlarına yaxınlaşıb, köçərilərlə tanış olurlar. Düma həmçinin yazır ki, həyatında gördüyü ən qonaqpərvər ziyafət məhz o kasıb köçərilərin zəngin süfrəsi olub. Onu da deyim ki, Düma ilə birgə rəssam Jan Pyer Mone də gəlmişdi. O da olduqları ərazilərin, məkanların təsvirini kağıza köçürürdü. Sumqayıt barədə yazılanlar məni çox təəccübləndirdi. Çünki bu qədər qədim tarixə malik olduğunu bilmirdim. Bundan sonra Düma və Mone Şamaxıya səfər edirlər. Mahmud ağa (Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə) Dümanın şərəfinə ziyafət təşkil edir. Yazıçı Şamaxı rəqqasələrini də böyük sevgi ilə təsvir edir. Mən bu məlumatı sosial şəbəkədə yaratdığım “Prometey” səhifəsidə paylaşanda, şəhərin tarixini dərindən bilənlər faktı təstiqlədilər. Hətta sizə bir maraqlı məqam da deyim. Digər fransız yazıçı Şamaxı rəqqasələrinə əsər də həsr edib. Hazırda bu materialı araşdırıram.

- Əslində dünyanın ən çox əsəri olan yazıçısının ölkəmizlə bağlı belə xoş xatirələrinin olması qürurlu haldır. Bəs Düma Şuşaya səfər edib?

- Xeyr. Xurşidbanu ilə görüşü Bakıda baş tutub. Bundan başqa Şamaxıda, Şəkidə də olduğunu bildirir.

- Əminəm ki, bu mövzu ilə bağlı maraqlı layihələriniz də var...

- Bəhs etdiyim Hüqo Kraftın əbədiləşdirdiyi məkanları, abidələri müasir fotoqraflardan birinin yenidən çəkməyini, həmçinin köhnə, yeni Bakının fotoşəkillərindən ibarət sərgi təşkil etməyi planlaşdırıram. Düşünürəm ki, çox maraqlı olardı. Çünki 120 ildən çox vaxt keçib. Şəhərimizin necə dəyişdiyini fransızlara göstərmək istərdim.

Tarix
2018.09.05 / 22:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla