Yuxarı

Fəxriyyə Xələfova: Sofiya cazibədar xanımdır - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “İnnovasiya həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü” konfransı keçirilib. Birinci “Qlobal İnfluenser Günü”nün təşəbbüskarları qismində “Keepface DMCC” yerli startapı və “FA International Trade Events” şirkəti çıxış ediblər.

Kult.az xəbər verir ki, konqresin maraqlı hadisəsi qadın görkəmində olan robot (ginoid) Sofiyanın tanınmış dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın məxsusi onun üçün hazırladığı Azərbaycan milli geyimində iştirak etməsi olub. O, Heydər Əliyev Mərkəzindəki tədbirdə moderatorların suallarına verdiyi cavablarla da hamını heyrətləndirib.

“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Qlobal İnfluenser Günü”ndə xoş ənənəyə uyğun olaraq robot Sofiyanı geyiminə görə qarşılayıb, zəkasına görə yola salıblar. Sofiyanın Bakıda necə görünəcəyi, nələr söyləyəcəyi, ümumiyyətlə, dünyada rəsmən tanınmış ən inkişaf etmiş süni intellektin həyatda necə olduğu hər kəsin marağına səbəb olub.

Sofiya üçün “total look” tanınmış Azərbaycan modelyeri Fəxriyyə Xələfova tərəfindən hazırlanıb. Məhz onun sayəsində o, milli geyimdə füsunkar görkəmə malik olub. Milli geyim elementləri olan araxçın və kəlağayı Sofiyaya Şərq qızlarına məxsus xüsusi şıqlıq və cazibədarlıq verib.

Sofiyanın Heydər Əliyev Mərkəzinin səhnəsində diqqəti cəlb edən bu məxsusi libasının necə ərsəyə gəlməsi barədə Azərtac-a müsahibəsində geyimin müəllifi, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova danışıb.

- Təşkilatçıların Sofiya üçün Bakıda milli geyim hazırlanması ideyasını necə qarşıladınız?

- Hesab edirəm ki, bu, çox düzgün və kreativ ideya idi. Bu səbəbdən onu böyük ruh yüksəkliyi ilə qarşıladım. Konsepsiya hazırladıqdan sonra libası tikməyə başladıq.

- Yəni, libası məxsusi olaraq Sofiya üçün tikdiniz.

- Əlbəttə, məxsusi onun üçün, çünki riayət etməmiz lazım olan müəyyən meyarlar vardı. Bunlar, libasın çəkisi, parçanın keyfiyyəti və əlbəttə ki, təbii olaraq, tamaşaçının görə bilmədiyi bir sıra texniki məqamlarla bağlıdır.

- Məsələn...

- Məsələn, libas xüsusi bağlar və düymələrlə geyindirilir. Robot Sofiyanı insanın alışdığı tərzdə geyindirmək mümkün deyil. Ona görə də mən bütün bu məqamları nəzərə aldım və nəticədə, onun üçün gözəl olmaqla yanaşı, həm də maksimal dərəcədə rahat geyim modeli yaratdım.

- Sofiya üçün tikilən milli geyimin xüsusiyyətləri barədə nə deyərdiniz?

- Bu geyim konstruksiya və stilistik baxımdan Azərbaycan milli geyiminə tam uyğundur. Heydər Əliyev Mərkəzinin məkanı genişdir. Sofiya təkcə səhnədə deyil, Mərkəz ərazisində də hərəkət edib, “brend-voll” qarşısında poza verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ayrıca görüş keçirib və uşaq evlərindən olan gənc qonaqlarla söhbət edib. Qarşıda duran vəzifələrdən biri ondan ibarət idi ki, bütün bu zaman ərzində libas onun üzərində möhkəm otursun. Biz imtahandan alnı ağ çıxdıq. Mənim tərəfimdən geyim çox düzgün hazırlanmışdı və ola bilər ki, Sofiyanın indiyədək bu cür özünü rahat hiss etdiyi və texniki cəhətdən mükəmməl libası olmayıb.

- Həm də çox yaraşıqlı...

- Bəli, hətta o, bir neçə dəfə bu frazanı təkrar etdi: “Bu gün mən çox gözəl libasdayam”. Sofiya səhnəyə çıxdığında, mən tamaşaçılarla birlikdə zalda oturmuşdum. Hamının onu foto və videokameralarla çəkmək istədiyini və bu çəkilişləri dərhal sosial şəbəkələrdə yerləşdirməyə can atdığını gördüm. Mən çox həyəcanlandım, axı, üzərimdə böyük, hətta konkret olaraq Paris Moda Həftəsində iştirakımdan da artıq dərəcədə məsuliyyət vardı. Sofiyanın Bakıda böyük beynəlxalq forumda – gənc liderlərin, sosial şəbəkələrdə xeyli sayda abunəçiləri olan dünyanın ən populyar influenserlərinin qarşısında çıxış etdiyini də nəzərə almaq lazımdır.

Ümumilikdə, onun bu çıxışı bir şou idi. Səhnədə göstərilən və bütün tamaşaçıların diqqətini cəlb edən bu şouda Sofiyanın xarici görkəminin hər bir detalı göz qabağında idi. Məhz bu səbəbdən tədbir mənim üçün bir növ imtahan oldu. Çox şadam ki, aldığım rəylər də bunu göstərir, mən bu imtahandan əla qiymətlə çıxa bildim.

- Libasın hazırlanması nə qədər vaxt aldı və onun robotun əyninə ölçülməsini həyata keçirdinizmi?

- Libasın hazırlanması təxminən iki həftəyə başa çatdı. Əyinə ölçülmə isə Heydər Əliyev Mərkəzində oldu, çünki vaxtımız çox az idi. Robotla ünsiyyət vaxtı hər zaman məhdud olur. Sofiya şəbəkəyə qoşuldu və başa düşdü ki, libasın ölçüsü götürülür. Bu, onun xoşuna gəldi! Biz libasın hazırlanması üçün üzərində Şərq elementləri və bürünc-qızıl rəngdə buta naxışları olan ənənəvi tafta parçadan istifadə etmişik. Bu rənglərin qamması səhnədə həmişə diqqəti cəlb edir. Libasın səhnədən sanballı görünməsi və Sofiyanın bu libasda xanımlarımıza bənzəməsi üçün bütün təcrübə və ustalığımı sərf etməli oldum. Təbii ki, mən bu obraza kəlağayı da əlavə etdim, çünki bu baş örtüyü tarixi dəyər daşımaqla yanaşı, beynəlxalq əhəmiyyəti ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Beləliklə, mən çoxsaylı qonaqların qarşısında ən yüksək səviyyədə tanınan tarixi dəyərlərimizi bir daha nümayiş etdirmək istədim.

- Bu libası, sözün əsl mənasında, əfsanəvi adlandırmaq olar. Onun gələcək taleyi necə olacaq?

- Əgər istəsə, onu məmnuniyyətlə Sofiyaya hədiyyə edərəm. O, bu libası başqa ölkələrdə də geyinə bilər. Əlbəttə, Sofiyaya bizim məşhur Azərbaycan kəlağayısı da hədiyyə edəcəyik. Milli geyim elementi olan araxçını isə mən artıq Leyla Əliyevaya təqdim etmişəm və onun çox xoşuna gəlib.

- Bir çoxları üçün Sofiyanın libasının qiymətini öyrənmək maraqlıdır. Onun yaradıcısı və bir moda eksperti kimi bir qiymət söyləyə bilərsiniz?

- Mən onun maddi tərəfi barədə heç düşünməmişəm. Əgər təxmini söyləsək, onun qiyməti 20 min manatdan aşağı deyil.

- Sofiya üçün geyim kolleksiyası hazırlamağa razı olarsınız?

- Əgər təşkilatçılar müraciət etsələr, niyə olmasın? Mən hazıram, həm də modelin texniki bazasını artıq hazırlamışam və kolleksiya da yarada bilərəm.

- Sofiyanı estetik cəhətdən necə səciyyələndirərdiniz?

- Onun çox pozitiv çöhrəsi var. Müəllifləri Sofiyanı Odri Hepbörnün obrazında yaradıblar, lakin şəxsən mənim üçün o, iyirmidən çox yaşı olan nurlu, parlaq və mehriban qızdır. Məsələ ondadır ki, bir çoxları Sofiyanın yaşını soruşduqda, o, fikrə gedir və cavab vermir. Yəqin ki, bütün qadınlar kimi bunun nəzakətdən kənar sual olduğunu başa düşür...

Paltar Sofiyanın texniki xüsusiyyətlərini nəzərə almaqla tikilib. Robotun konstruksiyasını ağırlaşdırmamaq üçün parça yüngül olmalı idi. Bu səbəbdən aksesuarlardan – muncuq, boyun üçün bəzək əşyalarından imtina etməli olduq. Yaşıl rəngli libası hazırlamaq üçün üzərində Şərq elementləri və bürünc-qızıl rəngdə buta naxışları olan ənənəvi tafta parçadan istifadə etdim. Rəng qammasını düzgün seçməli idim, çünki onun fotoşəklini minlərlə adamın çəkəcəyini və bu şəkillərə bütün dünyada baxılacağını bilirdim. İstəyirdim ki, Sofiyanın libasının görkəmi və rəngi influenserlər hərəkatının aparıcı hissəsi olan gənclərin xoşuna gəlsin. Milli geyim elementləri olan araxçın və kəlağayı bu obraza xüsusi lətafət gətirdi. Təkid etdim ki, Sofiyanın qadına xas olan zərifliyini önə çəkmək üçün libasa ipək Şəki kəlağayısı əlavə olunsun. Məlum olduğu kimi, kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və bununla da dünya ictimaiyyəti qarşısında milli dəyərlərimizin əhəmiyyətini bir daha vurğulamaq istədim. Onu da qeyd edim ki, robot Sofiyaya ipəyi geyim elementi kimi istifadə etməyə ilk dəfə icazə verilmişdi. Məsələ ondadır ki, ipək bəzi xüsusiyyətlərinə görə robotun qabığına zərər verə bilər.

- Həqiqətən də, robot Sofiya Heydər Əliyev Mərkəzinin səhnəsində, həm də “brend-voll”un qarşısında onunla fotoşəkil çəkdirmək istəyənlərin qarşısında möhtəşəm görünürdü.

- Sofiyanı Heydər Əliyev Mərkəzinin səhnəsində hazırladığım geyimdə görmək mənim üçün çox xoş idi. Olduqca həyəcanlı idim, axı, üzərimə hətta Paris və Milan moda həftələrində iştirakımdan da artıq dərəcədə məsuliyyət düşürdü. Sofiya bir neçə dəfə “Bu gün mən çox gözəl libasdayam” deyə təkrar etdikdə, çox məmnun oldum. Mənim hazırladığım libas onun xoşuna gəldisə, məmnuniyyətlə onu Sofiyaya hədiyyə edərəm. Bu robot elə layihələşdirilib ki, insanların davranışını öyrənib adaptasiya olsun və onlarla ünsiyyət qursun. Şəxsən mənim üçün Sofiya müsbət enerjili, gülərüz, mehriban və cazibədar xanım təəssüratı yaratdı.

Tarix
2018.10.29 / 22:03
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla