Yuxarı

BQSŞ üzvlük üçün Bakıya hansı tələblər qoyub? - Osmanlı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Ramil Osmanlı Gürcüstanda Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ) və Gürcüstan Müstəqil Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda iştirak edib.

Ramil Osmanlı Axar.az-a müsahibəsində Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının mahiyyəti və bu təşkilata Azərbaycanın tamhüquqlu üzvlüyü ilə bağlı məsələlərdən danışıb:

- Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının budəfəki seminarında əsas müzakirə mövzusu nə idi?

- Tədbirin əsas məqsədlərindən biri Azərbaycan və Gürcüstanın BQSŞ-yə tamhüquqlu üzvlüyü ilə bağlı məsələlərin müzakirəsindən ibarət idi (Şuranın 10 assosiativ üzvündən biri Gürcüstan, digəri Azərbaycandır). İkinci əsas məsələ isə Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) 36-cı, Beynəlxalq Maliyyə Standartlarının 3-cü standartların tətbiqi ilə bağlı seminar idi.

Tədbir çərçivəsində BQSŞ-nin tətbiqi və Qeydiyyatın Aparılması üzrə İdarə Heyətinin üzvü Corc Badeskoyla çox səmərəli görüşümüz baş tutdu. Görüşdə Azərbaycanın şuraya tam hüquqi üzvlüyü ilə bağlı məsələlər müzakirə olundu. Cənab Badesko ölkəmizin BQSŞ-yə tamhüquqlu üzvlüyü ilə bağlı Azərbaycan qarşısında qoyulan tələblərin nədən ibarət olduğunu açıqladı.

Hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) olaraq, bizim qarşımızda duran əsas məqsəd üzvlük məsələsini tam həyata keçirməkdən ibarətdir və artıq bu istiqamətdə işlərə başlanılıb. Yəqin ki, növbəti ilin ilk aylarında biz bu məsələni yekunlaşdıraraq, şuraya tamhüquqlu üzv olmaq üçün yenidən müraciət edəcəyik.

- Beynəlxalq Qiymətləndiricilər Şurasının mahiyyəti nədən ibarətdir? Bu quruma üzv olmaq Azərbaycan üçün niyə önəmlidir?

- BQSŞ dünyada təqribən 100-dən artıq ölkədən ibarət üzvləri olan, milyondan artıq ayrı-ayrılıqda üzvü özündə birləşdirən, ictimai əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Bu təşkilatın əsas işi şuraya üzv olan ölkələrdə fəaliyyət göstərən qurumların, xüsusilə qiymətləndirmə təşkilatlarının, qiymətləndirici cəmiyyətlərin fəaliyyətini təkmilləşdirmək, yeni standartlar işləyib hazırlamaq, həmin standartların tətbiqini həyata keçirməkdən ibarətdir.

Qiymətləndirmə standartları bir qədər spesifik məsələdir. BQSŞ-də hər ilin tələblərinə uyğun olaraq standartlar yenilənir, bəzi standartlar artıq aktual olmadığı üçün çıxarılır və s.

Ümumilikdə şura özündə ABŞ, İngiltərə, Almaniya, Rusiya, Çin, Türkiyə və s. ölkələrin qiymətləndirici təşkilatlarını, eyni zamanda bir çox ölkənin dövlət qurumlarını birləşdirir. Şuranın daimi üzvlərinin sayı 40-dan çoxdur.

Qurumun fəaliyyətinin əsas istiqaməti bu sahədə qiymətləndiricilərin peşəkarlığının artırılması, qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi və yeni standartların ortaya çıxarılmasından ibarətdir.

Dünyada peşəkar olaraq qiymətləndiricilərin fəaliyyətini koordinasiya edən bir çox təşkilat var. Məsələn, Böyük Britaniyanın nüfuzlu RİKS təşkilatı və s. Amma bu təşkilatların demək olar ki, hamısı bu gün BQSŞ-nin ortaya qoyduğu standartlar üzrə öz fəaliyyətlərini həyata keçirirlər.

- Qiymətləndirmə standartları hansı sahələri əhatə edir?

- Qiymətləndirmə kifayət qədər böyük bir sahəni əhatə edir. Buraya daşınmaz əmlakla yanaşı, daşınar əmlaklar, qeyri-maddi aktivlər və s. daxildir.

Ümumiyyətlə, qiymətləndirmə sahəsində fəaliyyət göstərən mütəxəssislər bunu daha çox aktivlərin qiymətləndirilməsi kimi xarakterizə edirlər. Bir müəssisənin aktivləri onun daşınmaz əmlaklarından, stol, stul, kompüter və s. avadanlıqlarından, nəqliyyat vasitələrindən, qeyri-maddi aktivlərindən, məsələn, hər hansı bir bankın proqram təminatından, həmin müəssisənin həyətyanı sahəsində yerləşən təqribən 100-200 il ömrü olan çox qiymətli ağaclardan və s. ibarətdir.

- Qeyd etdiniz ki, Azərbaycan bu ildən BQSŞ-nin assosiativ üzv olub. Bəs bu vaxta qədər ölkəmizdə qiymətləndirmə standartları necə müəyyənləşdirilib və tətbiq olunub?

- Bu vaxta qədər Azərbaycanın özünün milli standartları mövcud idi. Ölkəmizdə fəaliyyət göstərən qiymətləndiricilər fərdi olaraq Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) ayrı-ayrı nəşrlərini götürüb tərcümə edərək, öz praktikalarında istifadə edirdilər. Biz bu gün BQSŞ-yə assosiativ üzvük. Tamhüquqlu üzv olduqdan sonra yəqin ki, Azərbaycanın nəinki Avropaya, eyni zamanda qiymətləndirmə sahəsində dünyaya qapıları açılacaq, imkanlar bir qədər də genişlənəcək.

Bu günə kimi qiymətləndirmə sahəsində göstərdiyimiz fəaliyyət yalnız ölkə daxilində ayrı-ayrı müəssisələrin, təşkilatların hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların balansında olan aktivlərin qiymətləndirilməsindən ibarət olub. Amma biz bu təşkilata üzv olduqdan sonra yalnız Azərbaycan daxilində deyil, ölkə hüdudlarından kənarda da aktivlərin qiymətləndirilməsini həyata keçirmək imkanımız olacaq.

Sözsüz ki, BQSŞ-yə üzvlük Azərbaycan üçün yeni imkanlar açır. Beləliklə, Azərbaycan yeni standartların tətbiqində öz təkliflərini ortaya qoya bilər. Həmin təkliflər əsasında Azərbaycanın özünün ayrılıqda milli standartlarını tətbiq etmək imkanları ortaya çıxır. Hazırda Azərbaycanda tətbiq edilən daxili qiymət standartları 2009-2010-cu ildəki BQS-dan köçürülmüş, qeyri-professional şəkildə tərcümə olunmuş variantdır və bugünkü tələblərə cavab vermir.

Bildiyiniz kimi, cənab prezident bu yaxınlarda beynəlxalq mühasibata keçidlə bağlı fərmanı imzalayıb. Fərmana əsəsən, 2019-cu ildən bütün yerli dövlət və özəl təşkilatların qarşısına tələblər qoyulub. Artıq bir çox təşkilat BQS-ya keçid edib. Bu, milli mühasibat uçotu standartlarının artıq tədricən dövriyyədən çıxması deməkdir.

- BQSŞ-yə üzv olmaq üçün Azərbaycanın qarşısına qoyulan tələblər nələrdir?

- Şuranın Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qarşısında qoyduğu tələblər sırasında Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması məqsədilə davamlı olaraq kursların təşkili, seminarlarda beynəlxalq sertifikatlarla təmin olunmuş peşəkar qiymətləndirici mütəxəssislərin iştirakı, eyni zamanda dövlət qurumları ilə AQC-nin əməkdaşlığını əsaslandıran bir sıra məqamlara baxılır. Burada ayrı-ayrı qiymətləndirmə təşkilatlarının, eyni zamanda, qiymətləndiricilərin özünün peşəkar fəaliyyətinin monitorinqi məsələsi öz əksini tapır.

- Azərbaycan BQSŞ-yə üzv qəbul olunmaq üçün nə vaxt müraciət edib?

- AQC olaraq şuraya assosiativ üzv olmaq üçün bu ilin əvvəlində müraciət etdik. Lazımı tələbləri yerinə yetirdikdən sonra üzvlük haqqını ödədik. Tamhüquqlu üzvə çevrilmək üçün şurayla daha yaxından əməkdaşlıq etmək zərurəti ortaya çıxır.

AQC olaraq iştirak etdiyimiz tədbirlərdə müşahidə etdik ki, Azərbaycan qiymətləndiriciləri peşəkarlıq baxımından inkişaf etsələr də, ümumi fəaliyyət, beynəlxalq əməkdaşlıq baxımından MDB ölkələri sırasında Gürcüstan, Ukrayna, Rusiya kimi ölkələrdən geri qalır. Bir məsələni də qeyd edim ki, Ermənistan bu gün BQSŞ-nin nəinki həqiqi, heç assosiativ üzvü də deyil.

MDB məkanında “Qiymətləndirmə Fəaliyyəti Haqqında” Qanun ilk dəfə 1998-ci ildə Azərbaycanda qəbul olunub, amma təəssüf ki, o dövrdən bu günə qədər sözügedən qanunda cəmi bir dəfə təqribən bir cümləlik dəyişiklik edilib. AQC olaraq bir neçə dəfə qanunvericilik təşəbbüsü ilə bağlı Milli Məclisə və digər müvafiq qurumlara müraciət etsək də, nəticəsiz qalıb.

BQSŞ-yə üzvlükdən sonra hökumətlə əlaqələr daha da aktivləşəcək və biz paralel olaraq həm də Azərbaycan daxilində qiymət fəaliyyətinin təkmilləşdirilməsi, ölkə daxilində bu sahəyə dövlət nəzarətini gücləndirmək üçün “Qiymətləndirmə Fəaliyyəti Haqqında” qanunun yeni versiyasını qəbul etdirmək imkanımız olacaq.

MDB məkanında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxslərin bir çoxu beynəlxalq sertifikatlar alıb. Azərbaycan hələ ki geridədir. Qiymətləndiricilərin peşəkarlığının artırılması məqsədilə ölkədəki beynəlxalq seminarların keçirilməsi məsələsi aktuallaşıb. Bununla bağlı Corc Badeskoyla danışıqlar aparmışıq. O, Azərbaycana səfər etməyə, digər şəxsləri də gətirməyə hazır olduğunu bildirdi.

Bu gün qiymətləndirmə sahəsində xeyli sayda qeyri-peşəkarlar mövcuddur. Çünki Azərbaycanda qiymətləndirməyə dövlət nəzarəti yoxdur. Bu sahədə yeganə peşəkar qurum AQC olsa da, inzibati nəzarət mexanizmi yoxdur. Buna görə də monitorinq apararaq, qiymətləndiricilərin fəaliyyətində qüsurlar aşkarlamaq və xitam vermək kimi imkanlar mövcud deyil.

Biz hesab edirik ki, ölkəmizdə qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin artırılması, qanunun yeni redaktədə qəbulu vacibdir. Bunun üçün əlaqədar dövlət təşkilatlarının dəstəyinə ehtiyacımız var.

Tarix
2018.11.15 / 10:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla