Yuxarı

Öləndə dünyanın ağladığı faşist marşalı – Manşteyn

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü Reyxin ən məşhur generallarından biri, Adolf Hitlerə etiraz edə bilən yeganə marşal Erix fon Manşteyn dünya hərb tarixində özünəməxsus iz qoyub.

Axar.az xəbər verir ki, o, Millətçi Sosialist Alman Fəhlə Partiyasının üzvü olmadığı halda II Dünya müharibəsində marşal rütbəsinə qədər yüksələ bilən yeganə insandır.

Manşteyn 24 noyabr 1887-ci ildə Berlində, prussiyalı aristokrat olan topçu general Eduard fon Levinskinin ailəsində doğulub. Kiçik xalası general-mayor Georg fon Manşteyn ilə evliydi və övladları olmurdu. Bu səbəbdən balaca Manşteyn dünyaya gələndən sonra xalasına övladlığa verilir. Manşteynin doğma atası və himayəsində böyüdüyü şəxs - hər ikisi general olduğu kimi, babaları və dayısı da Purissiya generalları olub. Ayrıca onun Almaniya Prezidenti Paul fon Hindenburq ilə qohumluğu da var idi.

***

Yuxarıda sadalanan səbəblərə görə, Manşteynin hərb kariyerası çox erkən yaşlardan Purissiya ordusunda başladı. 1907-ci ildə leytenant rütbəsi alan Manşteyn 1913-cü ildə Hərbi Akademiyaya daxil olur. O, I Dünya müharibəsində Almaniyanın həm Qərb Cəbhəsində, həm də Şərq Cəbhəsində döyüşür. 1914-cü ildə Polşada ağır yaralansa da, bir il sonra yenidən döyüşlərdə iştirak edir.

I Dünya müharibəsindən sonra orduda qalan Manşteyn yeni ordu quruculuğuna qoşulur.

***

1920-ci ildə bölük, 1922-ci ildə tabor komandiri olur. 1927-ci ildə mayor rütbəsinə namizəd göstərilir və Baş Qərargahda xidmətinə davam edir. Bu müddətdə o, digər ölkələrin orduları haqda bilgi əldə etmək üçün xeyli xarici səfərlərdə olur.

1933-cü ildə hakimiyyətə gələn Millətçi Sosialist Alman Fəhlə Partiyası (NSDAP) Versal razılığını ləğv edərək yenidən ordunu genişləndirməyə başlayır.

Manşteyn 1936-cı ildə Baş Qərargah rəisi, general Lüdviq Bekin yanında çalışır. Onlar ordu üzərində getdikcə artan faşist nəzarətinin əleyhinə idilər. Yeni yaradılan Vermaxt Ali Şurasında quru qoşunlarının digər komandanlıqlarda daha vacib olduğunu müdafiə etdiyi üçün Hava Qüvvələri komandanı Hermann Göring ilə dəfələrlə mübahisə etmişdi. Qismən bu hadisələr, qismən də millətçi-sosialist olmadığı üçün Hitler tərəfindən cəzalandırılır və Sileziyadakı 18-ci piyada taboruna göndərilir.

***

18 avqust 1939-cu ildə, Polşanın işğalı ərəfəsində Gerd fon Rundştedtin Cənub Ordu Qrupuna Qərargah rəisi təyin olunur. O, burada Rundştedtin əməliyyat komandiri Günter Blumentritt ilə birgə əməliyyat planı hazırlayır.

Rundştedt zirehli birliklərin əksər hissəsini Valter fon Reyxenaunun 10-cu ordusuna birləşdirərək, sürətli hücum nəticəsində Vistül çayının qərbindəki Polşa birliklərinin mühasirəyə alınmasını nəzərdə tutan Manşteyn planını bəyənir. Manşteyn planına görə, Cənub Ordu Qrupunun iki ordusu, Vilhelm Listin 14-cü Ordusu və Yohan Blaskoviçin 8-ci Ordusu Reyxenaunun Varşavaya doğru zirehli texnika ilə hücumunun qanadlarını qoruyacaqdı. Əslində, Manşteyn Polşaya hücum etmək istəmirdi. O, Polşanın Sovet İttifaqı ilə Almaniya arasında bufer zona kimi istifadə edilməsinin tərəfdarı idi. Üstəlik, Polşanın istilası başlayınca müttəfiqlərin qərbdən hücum edəcəyini, Almaniyanın ilk gündən iki cəbhədə birdən döyüşəcəyini düşünürdü.

***

Sentyabrın 1-də işğal çox uğurla başladı. Cənub Ordu Qrupunun cavabdeh olduğu bölgədə 10-cu Ordunun zirehli birlikləri polşalıları qovaraq müdafiə xətti yaratmasına imkan vermədi, qanaddakı 8-ci Ordu Polşa birliklərinin Lodz, Radom ve Poznanda toplanaraq daha güclü müdafiə yaratmasının qarşısını aldı. Beləliklə, Manşteyn planı uğurla həyata keçdi və qısa müddət ərzində Polşa işğal olundu.

***

Oktyabrın sonlarına doğru Almaniya ordusunun böyük bir qismi qərbə göndərilmişdi. Manşteyn Qərbi Almaniyadakı Rundştedtin rəhbərliyi ilə yaradılan A Ordu Qrupunun Qərargah rəisi təyin olundu. Həmin vaxtlarda Fransanın istilası üçün Şliffen planı hazırlanmışdı. Ordunun bir çox gənc zabiti kimi, Manşteyn də planı yaradıcılıq baxımından kasad olduğu qənaətində idi. Ayrıca, zirehli birliklərin müdaxiləsini və Haynts Vilhelm Quderianın ortaya atdığı sürətli hücum planını başa düşmürdü. O, Şliffen planının Belçikada təkrarlanacağını, bu səbəbdən müttəfiqlərin daha güclü şəkildə qarşılarına çıxacağını deyirdi. Manşteyn hücum vaxtının da düzgün seçilmədiyini, yazda alman ordusunun daha üstün olacağını düşünürdü.

Manşteyn qısa müddət ərzində Fransanın işğalı üçün təkbaşına plan hazırladı. Təklifi belə idi: tank birlikləri heç kimin gözləmədiyi halda Ardennes meşələrindən keçərək Maas çayı üzərindəki körpüləri ələ keçirməli, yenidən toparlanıb cənub istiqamətində hücuma keçmədən öncə La-Manş kanalına qədər irəliləməli, beləliklə, Majino xəttini keçərək Belçika və Flandersdəki müttəfiq qüvvələrin Fransanın əsas qüvvəsi ilə əlaqəsini kəsməliydi. Vermaxt Ali Komandanlığı planı rədd etdi və bu səbəbdən Halder Manşteyni Rundştedtin Qərargahından azad edərək, 38-ci komandanlığa göndərdi. Ancaq yeniliyi sevən Hitler Manşteynin təklifini azca dəyişdirilmiş formasını qəbul etdi.

Hücum planı tarixdə Manşteyn planı, yaxud Sedan planı adı ilə tanınır.

***

Manşteynin birlikləri Fransa müharibəsində Günter fon Klyuqenin 4-cü Ordusunun tərkibində döyüşürdü. Manşteyn yenə də Amienin şərqində müdafiə xəttinin yarılmasında yardımçı oldu və Sena çayını ilk olaraq keçdi.

İşğal fövqəladə bir uğurla başa çatdı. Manşteyn hazırladığı plana görə Dəmir Xaç aldı və generallığa namizəd göstərildi.

***

1941-ci ilin fevralında Manşteyn 56-cı Tank Birliyinin komandanı oldu.

Barbarossa əməliyyatında general Erix Hoepnerin əmri ilə hərəkət edirdi. 22 iyun 1941-ci ildə SSRİ-yə başlayan hücumda Manşteyn iki günə 160 kilometrdən çox irəliləyərək Dvinsk çayı üzərində iki həyati əhəmiyyətli körpünü ələ keçirdi. Bir ay sonra Demyansk ve Torjok şəhərlərini tutdu. Manşteyn 1941-ci ilin sentyabrında 11-ci Ordunun komandanı təyin olundu və Krımın işğalı ona tapşırıldı. Lakin Qızıl Ordu Sevastopolu müdafiə etdi və önəmli Qara dəniz limanı 1942-ci ilin iyununa qədər tutulmadı. İyulun 1-də marşal rütbəsinə namizəd göstərilən Manşteyn Leninqrad Cəbhəsinə göndərildi.

***

Hitler 15 sentyabrda başlaması planlaşdırılan hücumun ciddi miqdarda topçu dəstəyi və yeni "Tiger" tankı hesabına Sovet müdafiəsinə son zərbəni vuracağından əmin idi. Ancaq Manşteyn narahat idi və tam qələbə üçün finlərin də şimaldan eyni vaxtda hücuma keçməsini istəyirdi. Ancaq avqustun 27-də Sovet qoşunları Laqoda gölünün qərbində möhkəmlənən Georg Lindemannın 18-ci ordusuna hücum təşkil etdi. Manşteyn hücumun qarşısını almaq üçün qüvvələrini ikiyə bölmək məcburiyyətində qaldı. Bir neçə ay davam edən çətin döyüşlərdə o, 60 min əsgər itkisinin qarşısını ala bilmədi.

***

21 noyabr 1942-ci ildə Hitler Manşteyni yeni yaradılan Don Ordu Qrupunun komandanı təyin etdi. Bu ordu yorğun əsgərlərdən təşkil olunmuşdu və təchizat olduqca zəif idi. Ayrıca Herman Hotun 4-cü Panzer Ordusu və yardımçı rumın birlikləri ilə bərabər mühasirədə olan Fridrix Paulusun 6-cı Ordusunu azad etmək tapşırığı verilmişdi. (Vinterqevitter əməliyyatı). Dekabrın 12-i başlayan əməliyyat əvvəlcə uğurlu alındı – Manşteynin birlikləri 20 dekabrda şəhərin 50 kilometrliyinə qədər irəliləyə bilmişdi. Ancaq alman ordusu Aksay çayında güclü rus müdafiəsi ilə qarşılaşdı. Bu vəziyyətdə Manşteyn 6-ci ordunun müdafiəni yarma əməliyyatına başlamasını istədi. Lakin Hitler bunu qəbul etmədi, əksinə, Paulusun son gülləyə, son əsgərə qədər Stalinqradı müdafiə etməsini əmr etdi. Məhz Hitlerin 6-cı ordunun şəhərdə qalması ilə bağlı yanlış əmrinin Stalinqrad müharibəsində həlledici olduğu deyilir.

***

Sovet ordusu Rostovu geri almaq və beləcə geri çəkilməyə çalışan A Ordu Qrupunun qaçış yolunu bağlamaq istədikdə Manşteyn ordunun tamamilə yox olmaması üçün qüvvələrini bölməyə məcbur oldu (Bu da sonralar bütün cəbhənin çökməsi ilə nəticələndi – red). Fevralın əvvəllərində alman ordusu yenidən qurulmağa başladı və Don Qrupu ilə B Ordu Qrupu birləşdirilərək, Manşteynin ixtiyarına verildi. O, 21 fevralda həddindən çox açılmış Sovet qoşunlarına cinahlardan hücum etməyə başladı. Hücum çox uğurlu alındı və irəliləyən Sovet qoşunlarının bütün hücum əməliyyatlarının dayandırılmasına səbəb oldu.

Martın 2-də Hotun 4-cü Panzer Ordusu və Kempf Ordu Qrupu birləşərək cənub-qərb cəbhəsində böyük torpaqları tutdular. Manşteyn hücumu davam etdirdi və 14 martda Xarkovu geri aldı. 7 gün sonra 2-ci Ordu Belqradı tutdu. Bu vaxt Manşteyn Hitlerə məktub yazaraq Rostovdakı Qızıl Ordunu Azov dənizindən mühasirəyə almağı təklif etdi. Lakin Hitler bu dəfə də Manşteynlə razılaşmadı və Kursk döyüşünü dəstəklədi.

***

Kursk döyüşündə Manşteyn cəbhənin cənub qoluna rəhbərlik edirdi. Lakin çox güclü müdafiə xətti qarşısında sona qədər uğurlu ola bilmədi. Kurskdakı Sovet müdafiəsinə rəhbərlik edən marşal Georgi Jukov xatirələrində Manşteyni tərifləyərək onun olduqca peşəkar davrandığını etiraf etmişdi.

***

Şimal qolun uğursuz olması, piyada çatışmazlığı və müttəfiqlərin İtaliyanı işğal etməsi (Siciliya əməliyyatı) Hitlerin hücumu dayandırma əmri verməsinə səbəb oldu. Manşteyn buna sərt etiraz edərək qələbənin çox yaxında olduğunu, bölgədə üstünlüyü ələ keçirdiyini və əlavə birliklər gəlmədən Sovet ordusunu məğlub edə biləcəyini desə də, Hitler bununla razılaşmadı. Bu qərar müharibənin taleyini həll etdi.

***

1943-cü ilin sentyabrında Manşteyn Dnepr çayının qərbində müqavimət göstərirdi. 1943-cü ilin oktyabrından 1944-cü ilin yanvarınadək cəbhədə vəziyyəti sabit saxlamağı bacardı. Lakin Sovet qoşunları Kiyevdə dəhliz yaratmağı bacardılar və strateji Jitomir şəhərinə yaxınlaşdılar. Manşteyn Şərq Cəbhəsindəki durumla bağlı Hitlerlə tez-tez mübahisə edirdi. O, hərəkətli müdafiə taktikasını təklif edirdi – torpaq itirilməsini gözə alaraq Sovet qoşunlarının ya çox incə xətt almasını, ya da həddindən artıq irəliləyərək qanadlardan mühasirəyə alınmasını təklif edirdi. Bu cür mübahisələrdən birində Manşteyn Hitlerə əmr səlahiyyətini peşəkar hərbçilərə təhvil verməsini və Şərq Cəbhəsi Baş Komandanlığı adında bir vəzifə yaradaraq, işə başlaya biləcəyini açıq-aşkar dedi. Hitler gücünün zəifləyəcəyindən qorxaraq bu təklifi dəfələrlə rədd etdi. Bu mübahisələr Hitlerin yaxın adamları - Göring və Himmleri narahat edirdi. Hər ikisi səlahiyyətlərinin azaldılmasından qorxurdu. Bu səbəbdən Himmler Manşteyni ittiham edərək komandanlıq üçün zəif bir hərbçi olduğunu iddia etdi. Manşteynin davamlı etirazları və günahlandırmaların nəticəsində Hitler 1944-cü ildə onu vəzifədən azad etdi və yerinə Kurs döyüşündə məğlubiyyətin əsas səbəbkarlarından biri olan Valter Modeli təyin etdi. Ancaq yenə də Manşteyn Dəmir Xaçına qılınclar əlavə edilərək mükafatlandırıldı. Bu, Almaniyanın ən yüksək ikinci şərəf medalı idi.

***

Vəzifədən uzaqlaşdırıldıqdan sonra Breslavdakı göz klinikasında müalicə alan Manşteyn bir müddət sonra təqaüdə çıxır. 1944-cü ilin iyununda Hitlerə qarşı təşkil olunan sui-qəsdə qatılmır. (1943-cü ildə də bənzər təklif olmuşdu. Lakin dəyişikliyin tərəfdarı olsa belə, Hitlerə qarşı sui-qəsddən imtina etmişdi – red). O özünü bir Prussiya marşalı olaraq görürdü və "Prussiya marşalları üsyan etməz" prinsipinə sadiq qalırdı.

Manşteyn Hitlerin ona yeni bir vəzifəyə vermədiyini görüb, 1944-cü ildə Şərqi Pomeraniyada bir ərazi alır. Lakin Sovet qüvvələri bölgəni tutduqdan sonra oranı tərk etməyə məcbur olur. Bir müddət paytaxt Berlində dostlarının evində qalan Manşteyn daha sonra ailəsini Qərbi Almaniyaya köçürür.

Sağ gözündə xəstəlik getdikcə şiddətlənir. 23 avqust 1945-ci ildə ingilislərə təslim olur və 3 gün xəstəxanada müalicə alır. Avqustun 26-da isə Luneburqdakı əsir düşərgəsinə göndərilir.

***

Manşteyn 1945-ci ilin oktyabrında Nürnberqə aparılır. 1946-cı ildə Nürnberqdə mühakimə olunarkən 132 səhifəlik müdafiə sənədi hazırlayır. İngilislər Manşteyni müharibə cinayətləri iddiası ilə dəfələrlə mühakimə etmişdi. Bir tərəfdən də Moskva Manşteynin Sovet İttifaqında mühakimə olunmasını tələb edirdi. Məhz bu səbəbdən 1949-cu ildə İngiltərə bir az da SSRİ-nin təzyiqi nəticəsində Manşteyni mühakimə etdi və müharibə zamanı verdiyi bir əmrə görə 18 il azadlıqdan məhrum edildi.

Baş nazir Çörçill və marşal Montqomeri başda olmaqla, İngiltərədə Manşteynə rəğbət bəsləyən xeyli adam var idi. Hətta Çörçill onun məhkəmə xərclərini belə ödəmişdi. Buna görə, həbs cəzası elan olunandan sonra qərara sərt etiraz edildi. Məhkəmə daha sonra cəzanı 12 ilə endirdi.

Çörçill mövcud hökuməti Sovet İttifaqını məmnun etmək üçün Manşteyni həbs etməklə ittiham edirdi.

***

Manşteyn 4 il sonra – 1953-cü ildə səhhətində yaranan problemlərə görə azadlığa buraxıldı. 66 yaşlı marşal Almaniya kansleri Konrad Adenauerin xahişi ilə bir müddət Federal ordunun qurulmasında iştirak etdi. 20 iyun 1953-cü ildə Bundestaqda çıxış edən Manşteyn strateji güc düşüncələrini analiz edərək ölkənin müdafiə sistemi ilə bağlı peşəkar orduya ehtiyacı olub-olmadığını şərh edib. O, hərbi xidmət müddətini 18 aydan 24 aya çatdırılmasını istəyirdi. Sonralar Manşteynin bu təklifi və orduda ehtiyat qüvvə yaradılması fikri tətbiq olundu.

Onun xatirələri 1955-ci ildə alman, 1958-ci ildə isə ingilis dilinə tərcümə olunaraq "İtirilmiş zəfərlər" (Lost Victories) adı ilə çap olunub. Kitabında Manşteyn müharibə strategiyasını Hitler yox, generallar yaratsaydı, Şərq Cəbhəsində qalib gələcəklərini iddia etmişdi. Ayrıca o, Hitler və onun liderlik tərzini sərt tənqid edirdi.

***

Manşteyn 2 iyun 1973-cü ildə, 85 yaşında iflic keçirərək vəfat edib. O, həyatda qalan son alman marşalı kimi bütün rütbələrdən olan yüzlərlə hərbçinin iştirakı ilə təntənəli şəkildə dəfn edildi. "Tayms" nəşrinin 13 iyun 1973-cü ildə çıxan sayında Manşteyn belə xatırlanıb:

"Onun gücü və nüfuzu, əsgərlərin üzərindəki təzyiqi avtoritar xüsusiyyətindən yox, zəkanın gücündən və bilginin dərinliyindən irəli gəlirdi".

Alman hərbçiləri deyirdi: "O, sadəcə, ən yaxşı strateqimiz deyildi. Eyni zamanda, çox yaxşı siyasi analiz qabiliyyəti var idi. Dəfələrlə generalların yanında Hitlerlə mübahisə edir, hətta onun dediklərini axmaqlıq adlandırırdı".

Tarix
2016.08.01 / 09:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla