Yuxarı

Ərəb baharı - bir eranın sonu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 gündən sonra “Ərəb baharı”nın başlamasının 6 ili tamam olur. 2010-cu il dekabrın 17-də sonradan məlum olan məşum hadisə baş verdi. Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satıcılıq edən universitet tələbəsi Məhəmməd Buəzizi (1984-cü il təvəllüdlü) bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırdı.

İki həftə sonra yanvarın əvvəlində Buəzizi xəstəxanada ölsə də, onun yandırdığı od əvvəlcə Tunisi, ardınca bütün ərəb dünyasını sardı. Tunisdə başlayan üsyan 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabidin bin Əlinin devrilməsi ilə nəticələndi. Ardınca Misirdə etirazlar başladı və 30 il ölkəni idarə edən Hüsnü Mübarək 3 həftə davam edən aksiyadan sonra istefa verdi. Liviyada etirazlar tezliklə silahlı toqquşmalara çevrildi və NATO Liviya ərazisini bombalamağa başladı. Sonradan sıra ilə olaylar Yəmən, Suriya, Bəhreyn, İordaniya kimi ölkələrə sıçradı. Bu gün “ərəb baharı” adlandırılan bu proses tezliklə silahlı toqquşmalara, cihadçı çağırışlara, radikal islamçı qrupların avanqardı olduğu müharibələrə səbəb oldu. Hazırda Liviyada, Suriyada, İraqda (Suriyadan terror hərəkatı 2013-cü ildə İraqa sıçradı - K.R.), Yəməndə və qismən Misir, Əfqanıstan, eləcə də bir sıra Afrika ölkələrində terror müharibəsi şəklində davam edir.

“Ərəb baharı” nədən bir neçə ölkə ilə məhdudlaşdı? Narazılığın daha çox olduğu körfəz ölkələrində baş vermədi? Yalnız Bəhreyndə baş verən etirazlar isə tezliklə yatırıldı?

İordaniya, Mərakeş və digər ölkələrdə başlayan etirazlar genişlənə bilmədi, digər ölkələrdə isə - hansı ki, “inqilabi şərait” digər inqilab baş verən ölkələrdən geri qalmırdı - ümumiyyətlə, baş vermədi. Nədən “Ərəb baharı” yalnız Tunis, Misir, Yəmən, Suriya kimi ölkələrdə baş verdi? Bu ölkələrin özəlliyi nə idi? Bunu daha yaxşı araşdırmaq üçün bir qədər geriyə getmək lazımdır.

Birinci Dünya savaşından sonra Osmanlının dağılması ilə ərəb coğrafiyasında müstəmləkə ölkələrinin təsiri altında yeni dövlətlər quruldu və bu zaman ortaya qurama ərəb krallıqları çıxdı. İraq, İordaniyada Məkkə Şərifi Hüseynin oğlanları taxta çıxarıldı. Digər ölkələrdə də bənzər şəkildə krallıqlar quruldu.

Bu krallıqların çoxu kukla hakimiyyətlər idi, əslində idarəçilik Britaniya və Fransa dövlətlərinin təsiri altında idi. İkinci Dünya müharibəsindən sonra isə bütövlükdə dünyada başlayan proses ərəb dünyasına da təsir etdi. 1952-ci ildə ilk dəfə Misirdə yumşaq hərbi çevriliş baş verir və kral Faruq devrilir, krallıq ləğv olunur və respublika qurulur. “Azad Zabitlər” hərəkatı isə ölkədə iqtidara gəlir. Tezliklə İraqda, Yəməndə, Suriyada, Liviyada bənzər olaylar baş verir və dünyəvi idarəçilik tərəfdarı, əsasən ordudan çıxmış şəxslər hakimiyyətə gəlir. Bu hadisələr “soyuq müharibə” illərində baş verirdi.

Ərəb dünyasında sekulyarlaşma demokratiyaya keçid olmasa da, həyat şərtləri dəyişdi, təhsil, sənaye, iqtisadiyyat inkişaf etdi. Ancaq maraqlıdır ki, əsas neft ölkələrində bu dəyişikliklər baş vermədi. Ənənəvi neft ölkələrində (İraq istisnadır - K.R.) monarxiyalar Qərblə yaxın əməkdaşlıq içərisində hakimiyyətlərini davam etdirirdilər.

20-ci əsrin ortalarında Yaxın Şərqdə və bütövlükdə müsəlman aləmində əsas güc dünyəvi müsəlman respublikaları və ya belə desək, milli dövlətlər idi. Misir, Suriya, İraq, Yəmən, Liviya, İran və sair. Bu qrup ölkələr digər monarxiya dövlətlərindən fərqli olaraq daha dinamik, hərbi-siyasi proseslərdə aktiv idi. Bu aktivlik və ya belə desək, inkişaf 1979-cu ilə qədər davam etdi.

1979-cu ilin fevralında İranda baş verən İslam inqilabı bütövlükdə ərəb-müsəlman aləmində dəyişiklik idi. İlk dəfə islamçı bir hərəkat qalib gələrək siyasi hakimiyyəti ələ keçirirdi. Və ən önəmlisi, bu hadisə milli bir dövlətdə - İranda baş verirdi. İran inqilabı bütövlükdə müsəlman aləmində islamçı hərəkatların fəallaşmasına səbəb oldu.

Baxmayaraq ki, İran inqilabından ilhamlanan islamçı hərəkatlar Misir və Əlcəzairdə uğur qazana bilmədilər, ancaq ümumilikdə müsəlman şərqində bir islamçı oyanışı başlamışdı. Daha sonra Əfqanıstan müharibəsi, 11 sentyabr və beynəlxalq antiterror müharibəsi, Əfqanıstan və İraqın işğalı bütövlükdə islamçı şüarlara xidmət elədi. Türkiyədə islamçıların hakimiyyətə gəlməsi (2002-ci il), Misirdə parlament seçkilərində ilk dəfə “Müsəlman Qardaşlar” Hərəkatının (ixvan) müstəqil namizədlərlə 80 mandat qazanması, Fələstində seçkilərdə yenə islamçı HƏMAS-ın qalib gəlməsi islamçı tendensiyanın inkişafı idi. Bütün bunların fonunda müsəlman ərəb dünyasında dünyəvi respublikalarda avtoritar idarəçilik güclənir, demokratiya boğulurdu.

2010-cu ildə Tunisdə başlayan “ərəb baharı” bu prosesin məntiqi davamı idi. Diqqət etsəniz, bütün etirazlar məhz sekulyar ərəb respublikalarında başladı. Tunis, Misir, Liviya, Suriya, Yəmən və İraq məhz 50-ci illərdən sonra monarxiya rejimindən imtina edərək dünyəvi respublika quruluşuna keçmiş, ancaq daha sonra avtoritarlaşmış ərəb ölkələri idi. Maraqlıdır ki, “Ərəb baharı”nı ilk dəfə məhz İran rəhbərliyi “İslam oyanışı” adlandırdı. Beləliklə, İran inqilabından başlayan 1 qərinə (33 il) davam edən islamçı oyanış kulminasiyaya çatmışdı.

Ancaq çox tezliklə məlum oldu ki, hər şey göründüyü qədər sadə deyil. Birincisi, müsəlman ölkələrinin, xüsusən də inqilab baş verən ölkələrdə əhalinin heç də çox hissəsi İslam hakimiyyəti qurulmasına hazır deyil. İkincisi, ilk başda Qərb və beynəlxalq güclər hazırlıqsız olsalar da, sonradan “Ərəb baharı” idarə olunan prosesə çevrildi. Hədəfə alınan ölkədə islamçı qruplar və hərəkatlar qızışdırılır, proses daha çox xaricdən idarə olunan prosesə çevrilirdi. Bu isə istər-istəməz əks reaksiya doğurdu. İşin daha təhlükəli yanı isə İslam hakimiyyətinin mövcud olduğu ərəb-müsəlman ölkələri, İran, Türkiyə, Səudiyyə Ərəbistanı bu prosesdə əslində tərəf və oyunçu kimi çıxış etməyə başladı. Yəni iş bilinən xalq inqilabı cizgisindən çıxaraq kənardan idarə olunan, güclü dövlətlərin maraqlar mübarizəsinə çevrildi. Bu səbəbdən də tezliklə proseslər ideoloji savaşa çevrildi.

Bu savaşın qlobal səviyyədə tərəfləri Rusiya, Çin və ABŞ, regional səviyyədə İran və Səudiyyə, Türkiyə, ideoloji səviyyədə isə islamçılıqla dünyəvilik arasında mübarizəyə çevrildi. Nəticədə tezliklə inqilab prosesi geriyə çevrildi. Misirdə “Müsəlman Qardaşlar” hakimiyyəti cəmi bir il qoruyub saxlaya bildi, 2013-ci ilin yayında ordu və Mübarək tərəfdarı bürokratiya qiyam nəticəsində yeni hakimiyyəti devirərək iqtidarı yenidən geri aldı. Tunisdə isə islamçılar qazansa da (bu o zaman qaçılmaz idi), hakimiyyətə gəlmədilər, Tunis Rəşid Qannuşinin yeni doktrinası sayəsində ümumərəb tendensiyasına qatılmadı və özünü təlatümlərdən qoruyub saxlaya bildi. Yəməndə faktiki olaraq İran və Səudiyyə dəstəkli qüvvələr savaşsa da, bir tərəfdə inqilab nəticəsində devrilmiş Əli Abdullah Saleh, digər tərəfdə isə onu vəzifədə əvəz etmiş Mansur Hadi var. Suriya və İraqda da durum aydındır, faktiki olaraq ABŞ-Rusiya, İran-Səudiyyə (ya da müttəfiqləri) və ölkə içində Bəəs iqtidarı ilə radikal islamçılar savaşır. Qaynar proseslərdən nisbətən kənarda qalan Liviyada isə ölkə faktiki olaraq iki cəbhəyə bölünüb. Ölkənin Qərbində dünyəvi hökumət və məclisin liderliyində paytaxt Tripolidə yerləşən qüvvələrin hakimiyyəti, şərqdə isə Tobruq şəhərində islamçı qüvvələrin (əsasən İxvan) hakimiyyəti mövcuddur. 2015-ci ilin dekabrında iki tərəf arasında anlaşma əldə olunsa da, hazırda faktiki olaraq iki qrup arasında əməliyyatlar yenidən bərpa olunub.

Və nəhayət, son olaylar

Bu arada xəbər yayıldı ki, Liviyada dünyəvi hökumətin silahlı qüvvələrinin komandiri, Qəzzafinın köhnə dostu Xəlifə Hazfter Moskvaya səfər edib. 1949-cu il təvəllüdlü Hafter Liviyada qəbilələrdən birində doğulub, zabit olub. 1969-cu ildə Qəzzafinin zabitlər qiyamında iştirak edib. İsrailə qarşı savaşa qatılıb, Liviya-Çad arasında sərhəd müharibəsində komandir olub. Ancaq sonradan Qəzzafi ilə araları dəyib və 1988-ci ildə ordudan ayrılıb və Qərbə qaçıb.

Hafter Liviyaya 2011-ci ildə geri dönüb və 2012-ci ildə generallar tərəfindən ordu komandanlığına təklif olunub. Hökumət bu təklifi qəbul etməsə də, bir il sonra Hafter artıq dünyəvi qüvvələrin komandanı idi. Bir sıra müşahidəçilərə görə, Hafter hakimiyyəti bütünlüklə ələ almaq və İŞİD-ə qarşı mübarizə aparmaq istəyir. Yeri gəlmişkən, hazırda Liviyanın əsas neft limanlarına nəzarət edən ordu qüvvələri Hafterə tabedir, yəni generalın tədricən Liviyanın əsas gücü olan neftə sahiblənməsi, yəni həm də ölkəyə sahiblənməsi prosesi gedir.

Bu xəbərlər Misirlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsi, prezident Əbdülfəttah Sisiyə qarşı sui-qəsd xəbərləri fonunda yayılır. Həmçinin artıq ərəb mediası Misirin Rusiyanın istəyi ilə Suriyanın Tartus şəhərində yerləşən Rusiya hərbi bazasına Hələb əməliyyatına dəstək üçün 3 min desant və hərbi təyyarə göndərməsi xəbərləri yayılır. Əlbəttə, bu xəbərlər hələlik təsdiqlənməyib. Amma təsdiqlənən odur ki, Suriyanın xarici işlər naziri Misirə səfər edir, Misir XİN rəhbəri isə İraqa səfər edərək əməkdaşlıq müzakirələri aparır. Yəni diplomatik hərəkətlilik və onları təqib edən xəbərlər Yaxın Şərqin dünyəvi hakimiyyətləri arasında yenidən yaxınlaşma başladığını göstərir. Bu, yeni tendensiyadır.

Siyasi mənada “Ərəb baharı” və ya “İslam oyanışı” mərhələsi artıq başa çatır. Bunun üçün artıq zəmin də var. Bu ilin yayında keçirilən sorğulara əsasən müsəlman ölkələrində şəriət tərəfdarlığı 2010-cu illə müqayisədə ciddi şəkildə azalıb. Artıq çox müsəlman son illərin olaylarından sonra şəriət seçimi üzərində dayanmaq istəməz. Beləliklə, bir səhifənin qapanması dönəmi artıq başlamaqdadır. Böyük ehtimalla Qərb dövlətləri də Yaxın Şərq ölkələrində dünyəvi siyasi rejimləri dəstəkləyəcək. Onların sırasına yenisi - kürd dövləti də əlavə olunacaq. Çox güman ki, Trampın rəhbərlik etdiyi Amerika da köhnə zamanlarda olduğu kimi, sabitlik faktorunu əsas gətirərək dünyəvi respublikaları dəstəkləyəcək.

Musavat.com

Tarix
2016.11.29 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla