Yuxarı

BMT-nin hesabatı: Müharibə, zorakılıq, təqiblər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən dərc edilmiş hesabata əsasən, bütün dünyada müharibə, zorakılıq və təqiblər indiyə qədər olduğundan daha çox sayda insanların zorla didərgin salınmasına gətirib çıxarıb.

Axar.az xəbər verir ki, təşkilatın didərginlik hallarına dair əsas illik icmalı olan BMT QAK-ın Qlobal tendensiyalara dair yeni hesabatında deyilir ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon olub ki, bu da əvvəlki ildən təxminən 300 min nəfər çoxdur. Bu ümumi rəqəm bütün dünyada himayəyə ehtiyacı olan insanların sayının həddən artıq çox olduğunu göstərir.

Hesabatda bildirilir ki, 65,6 milyon rəqəmi üç mühüm komponentdən ibarətdir. Birincisi qaçqınların sayıdır. Bu say 22,5 milyon təşkil edir ki, bu da indiyədək müşahidə edilən saydan artıqdır. Bunlardan 17,2 milyonu BMT QAK-ın aidiyyətindədir, qalanları isə digər BMT qurumu olan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üçün BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) tərəfindən qeydiyyata alınmış fələstinli qaçqınlardır. Suriya münaqişəsi dünyada ən çox (5,5 milyon) qaçqın doğuran münaqişə olaraq qalır. Bununla belə, 2016-cı ildə ən böyük yeni amil Cənubi Sudan olub. Orada həmin ilin iyulunda sülh səylərinin acınacaqlı uğursuzluğu ilin sonu üçün 739 min 900 insanın ölkəni tərk etməsinə şərait yaradıb (bu gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi insanların öz ölkələri daxilində köçkün düşməsi hallarıdır ki, onların sayı 2016-cı ilin sonunda 40,3 milyon olub. Müqayisə üçün qeyd olunmalıdır ki, ondan əvvəlki ildə bu say 40,8 milyon olub. Ən çoxsaylı məcburi köçkünlük situasiyaları Suriyada, İraqda və hələ də ölkə daxilində çoxlu sayda məcburi köçkünlük hallarının baş verdiyi Kolumbiyadadır. Bununla belə, məcburi köçkünlük problemi ümumdünya problemidir və qlobal səviyyədə zorla didərgin salınma hallarının ümumilikdə təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü sığınacaq axtaranlardır. Bunlar ölkələrini tərk etmiş və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır. 2016-cı ilin sonunda sığınacaq axtaran insanların sayı qlobal səviyyədə 2,8 milyon olub. Bu, ümumən qlobal səviyyədə müharibələrin və təqiblərin insanlar arasında çoxsaylı itkilər bahasına başa gəlməsi deməkdir. 65,6 milyon nəfər o deməkdir ki, bu gün bütün dünyada orta hesabla hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir. Bu isə dünyada əhalisinin sayına görə 21-ci olan Birləşmiş Krallığın əhalisinin sayından çoxdur. “Bu, istənilən baxımdan qəbuledilməz rəqəmdir və böhranların qarşısının alınmasında və həll edilməsində həmrəyliyin və ümumi məqsədin olmasına, habelə həll yolları axtarıldığı müddətdə dünyadakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların lazımi qaydada müdafiə və himayə edilməsini birlikdə təmin etməyə həmişəkindən daha çox ehtiyac olmasından xəbər verir”, – deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. O deyib: “Biz bu insanlar üçün daha yaxşı çalışmalıyıq. Münaqişə içərisində olan dünyadan qorxu deyil, qətiyyət və cəsarət tələb olunur”.

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, konkret olaraq yeni didərginlik hallarının səviyyəsi çox yüksək olaraq qalır. Qlobal miqyasda zorla didərgin salınmış 65,6 milyon nəfərdən 10,3 milyonu 2016-cı ildə didərgin düşənlərdir. Onların təxminən üçdəikisi (6,9 milyonu) öz ölkələri daxilində köç edənlər, yəni, məcburi köçkünlərdir. Bu, hər üç saniyədə bir nəfərin didərginə çevrilməsi deməkdir. Bu isə bu cümləni oxumağa sərf edilən vaxtdan da azdır.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıdışı, üçüncü ölkələrdə məskunlaşdırılma kimi digər həll yolları ilə birlikdə, o deməkdir ki, 2016-cı ildə bəzilərinin vəziyyətinin yaxşılaşması üçün perspektiv yaranıb. Təxminən 37 ölkə ümumilikdə 189 min 300 qaçqını məskunlaşdırmaq üçün qəbul edib. Digər qaçqınların təxminən yarım milyonu doğma ölkələrinə, təxminən 6,5 milyon məcburi köçkün isə doğma ərazilərinə qayıda biliblər. Hərçənd ki, onların çoxu üçün bu heç də ideal şəraitdə baş verməyib və onlar qeyri-müəyyən perspektivlərlə qarşılaşıblar.

Hesabatda qeyd edilir ki, 2016-cı ilin sonu üçün bütün dünyada ən çox sayda (84 faiz) qaçqın aşağı və ya orta gəlirli ölkələrdə olub. Onların hər üç nəfərindən biri (4,9 milyon nəfər) ən az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilib. Bu nəhəng disbalans bir neçə məqamı, o cümlədən qaçqınların qəbulu məsələsində hələ də beynəlxalq səviyyədə konsensusun olmadığını və yoxsul ölkələrin çoxunun münaqişə regionlarına yaxın olduğunu özündə əks etdirir. Bu, həm də qaçqınlara və didərgin düşmüş digər insanlara dəstək olan ölkələrin və icmaların güclü resurslara və dəstəyə ehtiyacları olduğunu əyani şəkildə nümayiş etdirir. Bunların olmaması qeyri-sabitlik yarada, insanların həyatlarını xilas edən humanitar işlər üçün mənfi nəticələr doğura, yaxud ikinci didərginlik hallarına gətirib çıxara bilər.

Dünyadakı qaçqınların yarısını təşkil edən uşaqlar qeyri-mütənasib dərəcədə iztirab yükü daşımaqda davam edirlər. Bunun əsas səbəbi onların daha çox müdafiəsiz vəziyyətdə olmalarıdır. Faciəli haldır ki, təkbaşına yola çıxan və ya valideynlərindən ayrı düşən uşaqlardan sığınacaq üçün 75 min müraciət qəbul edilib. Hətta bu rəqəm də güman ki, həqiqi rəqəmdən azdır.

BMT QAK-ın hesablamalarına görə, 2016-cı ilin sonunda azı 10 milyon insan vətəndaşlığa malik olmayıb və ya vətəndaşsızlıq riski altında olub. Lakin hökumətlər tərəfindən qeydə alınan və BMT QAK-a təqdim edilən məlumatlarda 75 ölkədə vətəndaşlığa malik olmayan insanların sayı 3,2 milyon nəfərlə məhdudlaşır.

BMT QAK “Qlobal tendensiyalar” hesabatını öz məlumatları, habelə tərəfdaşı olan Məcburi Köçkünlük Hallarının Monitorinqi Mərkəzindən və hökumətlərdən aldığı məlumatlar əsasında hər il təqdim edir.

Tarix
2017.06.19 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla