Yuxarı

Təhsilsiz dahilərin onluğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz akademiya bitirməmişik", - sərkərdə Vasili İvanoviç Çapayev eyniadlı əfsanəvi filmdə deyirdi. O özü haqqında bu sözləri söyləyə biləcək yeganə adam deyil. Böyük şəxsiyyətlərin çoxu nəinki ali təhsil, heç lazımi ibtidai təhsil də almayıblar. Lakin anadangəlmə istedad və təbiətlərindəki zəhmətkeşlik onları şöhrətin zirvəsinə qaldırıb.

Axar.az belə dahilərin onluğunu oxucularına təqdim edir.

Bəstəkar

Volfvanq Amadey Motsart. Atasının musiqiçi və pedaqoq olmasına baxmayaraq, hələ heç kəsin onun təhsili ilə məşğul olmağı ağlına belə gətirmədiyi bir vaxtda, 3 yaşında balaca oğlanın istedadı üzə çıxır. Böyük bəstəkar sonralar da məktəbə getməyib. İlk vaxtlar onun təhsili ilə atası evdə məşğul olur, ancaq 12 yaşı olanda bu dərslər də başa çatır və bununla da dahi musiqiçinin "təhsil aldığı universitetlərin" siyahısı bitir. Lakin bu, müxtəlif janrlı çoxsaylı musiqi əsərləri yatarmaqda Motsarta mane olmur. Bu gün də onun əsərləri dünyanın hər bucağında ən çox ifa edlən musiqilər hesab olunur.

Modelyer

Koko Şanel. Dərziliklə məşğul olaraq böyük fransız modelyerinə çevrilən Koko Şanelin heç bir təhsili yox idi. O, yetimxanada böyüyür, sonra kafeyə işə düzəlir. Burada həm tikiş işləri ilə məşğul olur, həm də oxuyur. Şanelin stil və dəbə tamamilə qeyri-adi baxışları var idi. Kişilərin dəstəyindən istifadə edərək özünün ilk şlyapa emalatxanasını açır. Onun ilk müştəriləri gənc istedadın həm də ilk reklamçıları olur. Kiçik şəxsi biznes sonradan böyük modalar evinə çevrilir. Koko Şanel – qadın necə görünməlidir haqdakı təsəvvürləri tamamilə dəyişdirərək baxışlarda inqilab etdi. Onun sərbəst, eleqant, universal geyimləri, demək olar ki, təkcə görkəmi deyil, planetin qadınlarının xarakterini də dəyişdirdi. Şaneli XX əsrin 100 ən nüfuzlu şəxsiyyətlərindən biri hesab edirlər.

Musiqiçi

Cimmi Hendriks – Amerika musiqiçisi, müğənni və bəstəkar Cimmi Hendriks 2009-cu ildə "Time" jurnalı tərəfindən bütün zamanların və xalqların böyük gitaraçısı seçilib. Rok musiqiçilərinin əksəriyyəti peşəkar təhsil almayıblar. Doğrudan da, "rok" və "məktəb" sözlərinə bir yerdə çox nadir hallarda rast gəlmək olur. Ancaq Hendriks onların arasında fenomenal nümunə idi. Onu hələ sağlığında rok tarixində böyük vitruoz adlandırırdılar. Hendriks təbiətin ona bəxş etdiyi istedad sayəsində elektrik gitarasında yeni səslənmə imkanlarının sonsuz elementlərini kəşf etdi. Solaxay olan Hendriks sadəcə çalmırdı, gitara ilə elə hərəkətlər edirdi ki, bunu yalnız musiqi aləti ilə vahid bir mövcudiyyət təşkil edən musiqiçi edə bilərdi. Tənqidçilər Hendriksin yeniliklərindən danışarkən qeyd edirlər ki, o, elektrik gitarasının diapazonunu və lüğət ehtiyatını genişləndirdi, rok musiqisinin simasını dəyişdirdi.

Yazıcı

İvan Alekseyeviç Bunin – rus yazıçısı və şairi, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Alekseyeviç Bunin 11 yaşınadək evdə tərbiyə alıb, sonra isə cəmi 4 il gimnaziyada oxuyub və yenidən böyük qardaşının rəhbərliyi ilə evdə dərs almağa qayıdıb. 17 yaşında şeir yazmağa başlayır. Gələcək Nobel mükafatı laureatı əmək fəaliyyətinə Oryol şəhərində yerli "Orlovskiy vestnik" qəzetində sadə korrektor kimi başlayıb.

Siyasətçi

Avraam Linkoln – Böyük prezident, Amerikanın milli qəhrəmanı, qulların xilaskarı Avraam Linkoln kasıb fermer ailəsində dünyaya gəlib. Bu səbəbdən də cəmi bircə il məktəbə gedib və yalnız oxumağı öyrənib. Birləşmiş Ştatların bəxtindən Linkoln böyük oxucu idi. Kitablara olan məhəbbət sayəsində əldə etdiyi bilikləri siyasi karyerasında tamamilə həyata keçirməsi onu ən görkəmli siyasi simalardan birinə çevirib.

Alim

Henrix Şliman – Kiçik Asiyadakı axtarışları, xüsusilə də qədim Troyadakı qazıntı işləri sayəsində dünya şöhrəti qazanmış həvəskar arxeoloq Henrix Şliman ağır ailə vəziyyəti ucbatından (Şliman dayısının yanında böyüyüb) gimnaziyada cəmi üçcə ay təhsil ala bilib. Tarixə və klassik dillərə olan marağını orada gerçəkləşdirə bilməyən gənc Şliman realnı məktəbə (orta məktəb – tərc.) keçməli olur. 14 yaşında isə təhsilini başa vurub bakaleya dükanında xidmətçi işləməyə başlayır. İşi o qədər də çətin deyildi və vaxtını çox almırdı. Odur ki, Şliman xarici dilləri öyrənmək üçün bu imkandan istifadə edir. Aydın olur ki, onun bu işə xüsusi qabiliyyəti var imiş. Tamamilə müstəqil məşğul olaraq üç ildən də az müddətdə holland, ingilis, fransız, italyan və portuqal dillərini, sonra isə rus dilini tam mənimsəyir.

Rəssam

Vinsent Ban Qoq – dünya şöhrətli postimpressionist rəssam Vinsent Ban Qoq Niderlandın cənubundakı balaca bir kənddə kənd pastorunun (protestant keşişi – tərc.) ailəsində dünyaya gəlib. Uşaqlıqdan qeyri-adi, qapalı və kədərli xasiyyəti ilə seçilən rəssam 7 yaşında kənd məktəbinə getsə də, bir ildən sonra oranı tərk edir. Bir neçə ay evdə təhsil aldıqdan sonra balaca Vinsenti evdən 20 km-lik məsafədə yerləşən internat məktəbə göndərirlər. Bu gediş - sürgün uşağı dərindən yaralayır və rəssamın qəlbində ömürlük iz buraxır. Van Qoq bu məktəbdə xarici dilləri öyrənməyə başlayır – bu işdə xüsusi qabiliyyəti var idi – və ilk rəssamlıq dərsləri alır. 12 yaşında gözlənilmədən təhsilini yarımçıq qoyur, evə qayıdır və bir daha heç vaxt məktəbə getmir.

Müğənni

Fyodor İvanoviç Şalyapin - rus opera müğənnisi, Respublikanın (1918) ilk xalq artisti kəndli oğlu Fyodor İvanoviç Şalyapin Kazanda anadan olub. Fedya hələ lap uşaqkən əvvəl çəkməçinin, sonra isə xarratın yanında sənət öyrənir. Nəhayət, valideynləri onu məktəbə düzəldə bilirlər. Fyodor burada 4 il oxuyub ibtidai təhsil alır. O, çox xeyirxah insan olan müəllimi, böyük musiqi həvəskarı N.V.Başmakova da burada rast gəlir. İncəsənətə marağı da bu yaşlarında yaranır. Atası onunçün bazardan iki manata skripka alır və o, musiqi haqqındakı ən bəsit məlumatları mənimsəməklə bərabər öz-özünə çalmağı öyrənir. Bir dəfə Şalyapinin qonşusu onu kilsəyə aparır. O vaxtdan Şalyapin kilsə xorunda oxumağa başlayır, eyni zamanda da toylarda, dəfn və ibadət mərasimlərində oxuyaraq pul qazanır. Fyodor, sözün əsl mənasında teatrları sülənir. Müəyyən məqsədə doğru ağılla addımlaması sayəsində 16 yaşında dramatik teatrın səhnəsinə düşə bilir, 17 yaşında özünün ilk solo opera partiyasını ifa edir, 23 yaşında isə Şalyapin Savva Mamontovun rus özəl opera teatrının ulduzuna çevrilir. Şalyapin öz yaradıcılığında "fitri musiqi qabiliyyəti və parlaq vokal istedadı ilə qeyri-adi aktyorluq məharətini" birləşdirən sənətkar kimi böyük şöhrət qazanıb.

Şair

İosif Brodski – XX əsr Amerika (rus) yazıçısı, 1987-ci ilin Nobel mükafatı laureatı İosif Brodski 1940-cı ildə Leninqradda dünyaya gəlib. Onun uşaqlığı hərbi mühasirə illərində keçib. Böyük şair səkkiz il məktəbə getsə də, yeddillik təhsili olub, çünki sinifdə qalaraq 7-ci sinfi iki dəfə oxuyub. Təhsil heç vaxt İosifin ürəyinə yatmırdı, odur ki, səkkizinci sinifdə məktəbdən ayrılır və "Arsenal" zavodunda frezerçi (frezer dəzgahında işləyən fəhlə - tərc.) kimi işləməyə başlayır. Eyni zamanda da, çoxlu mütaliə edir, ingilis və polyak dillərini müstəqil öyrənir. Brodski gənc yaşlarında işini tez-tez dəyişir, səyahətə çıxır, 17 yaşında şeir yazmağa başlayır. Yazıçı və şairlərin dərnəyinə düşən gənc ömürlük ədəbiyyat xəstəliyinə yoluxur. Sovet hökuməti onun yaradıcılığına qiymət vermir, şair tüfeyli həyat sürməkdə ittiham olunaraq həbsə və sürgünə məhkum edilir. Həbsdən azad olunduqdan sonra isə ABŞ-a mühacirət edir.

Yazıçı

Mixail Aleksandroviç Şoloxov – təhsilsiz dahilər siyahısındakı üçüncü Nobel mükafatı laureatı. Yazıçı bu mükafata 1965-ci ildə kazakların həyatından bəhs edən görkəmli eposları "Sakit Don" və "Oyanmış torpaq" əsərlərinnə görə layiq görülüb. Miхail Aleksandroviç Şoloхov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak хutorunda, kiçik sahibkar ailəsində doğulub. Ali təhsil ala bilməyən yazıçı yük daşıyan, fəhlə, daş yonan işləyib. Bununla yanaşı çoxlu mütaliə edir, müstəqil məşğul olur, "Gənc qvardiyaçılar" ədəbi dərnəyində iştirak edir, ustad yazıçılar – Şklovski və Aseyevin məşğələlərinə gedirdi. Yazıçıya dünya şöhrəti qazandıran "Sakit Don" əsəri Birinci Dünya və Vətəndaş müharibələri illərində Don kazaklarının faciəvi həyatından bəhs edir. Bu əsəri çox vaxt XX əsrin "Hərb və sülh"ü adlandırırlar.

Tarix
2014.06.01 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla