Ana səhifə Planet |
12:09
Ötən gün vəd olunduğu kimi, Ermənistan Nikol Paşinyanın rəhbərliyi ilə aksiyalar bu gün yenidən davam edir.
Axar.az xəbər verir ki, polis müxalifətin dinc aksiyalarına qarşı müdaxiləyə başlayıb. Erebuni rayonu ərazisində nümayişçilərin qarşısı kəsilib və Nikol Paşinyan saxlanılıb.
Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub.
Paşinyanın ardından aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.
***
Polis etirazçıların üzərinə irəliləməyə başlayıb. Etirazçılara Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da qoşulub.
Polisin dinc etirazçılara müdaxilə etməsi nəticəsində bir neçə nəfər yaralanıb.
Məlumata görə, polis etirazçılara qarşı səs bombalarından istifadə edib. Xəsarət alan etirazçılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
***
Polislər qalxan və xüsusi texnika vasitəsilə maneəni yara biliblər. Həmin küçədə yalnız yaranmış vəziyyəti müzakirə edən etirazçıların bir neçə qrupu qalıb, etirazçıların əsas hissəsi Respublika meydanı istiqamətində irəliləməyə qərar verib. Onlar hər kəsi mübarizəyə qoşulmağa çağırıblar.
Nümayişçilər 3 böyük dəstəyə ayrılıblar – ilk dəstə Erebuni muzeyinə doğru hərəkət edib, ikinci dəstə Arşakunyats küçəsi, üçüncü dəstə isə Tiqran Metsa küçəsi istiqamətində irəliləyir.
Bu gün Paşinyanla baş nazir Serj Sərkisyan arasında İrəvanın "Marriot" otelində keçirilən görüş nəticəsiz başa çatmışdı.
***
Sərkisyanın Paşinyanla görüşdən sonra hüquq-mühafizə orqanlarına aksiyaçılara qarşı zor tətbiq etmək və kütləvi həbslər həyata keçirmək tapşırığı verdiyi bildirilir. Saat 13:00-a olan məlumata görə, polis bölmələrinə 49 nəfər gətirilib.
Paşinyan da daxil olmaqla, 3 deputat da həbs edilib.
***
Ermənistan parlamentinin “Çıxış” blokunun millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs olunub.
Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti informasiya yayıb.
“Cinayətin qarşısının alınması üzrə görülən istintaq tədbirləri çərçivəsində millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan ölkə Konstitusiyasının 96-cı maddəsinin ikinci bəndinin tələblərinə uyğun olaraq saxlanılıblar”, - XİX açıqlamasında deyilib.
Millət vəkillərinin həbsinə səbəb kimi ölkədə sərbəst toplaşma azadlığı şərtlərinin kobud şəkildə pozulması göstərilib. Konstitusiyanın tələblərinə uyğun olaraq deputatların həbsi barədə parlamentin spikeri Ara Babloyana informasiya verilib.
***
Polisin aksiyaçılara qarşı zor tətbiqi genişlənib. Rəsmi məlumata görə, bu vaxta qədər xəstəxanalara ən azı 7 nəfər gətirilib. Onlardan 3-nün vəziyyəti həddən artıq ağırdır.
Həmçinin 15:00-a olan məlumata görə, polis 192 nəfəri həbs edib.
***
Ermənistanın Prezidenti Armen Sərkisyan deyib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb, təmkinli olmalı və dialoq axtarmalıyıq.
“Ölkədə baş verən bu proseslər qarşıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu. Halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi”, - deyə prezident qeyd edib.
Bundan əlavə, Avropa Birliyi (AB) Ermənistanda icazəsiz mitinqlər keçirdiklərinə görə saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib və bütün tərəfləri təmkinli olmağa çağırıb.
***
10 minə yaxın insan İrəvanın mərkəzi Respublika meydanına toplaşıb.
***
19:30-a olan məlumata görə, aksiya iştirakçılarından 277 nəfər saxlanılıb.
Hazırda etirazçılar Respublika meydanında aksiya keçirir. Bu arada Əriklər Ölkəsi Partiyasının sədri Postancyan mitinqdə çıxış etmək istəyib. Ancaq mitinqin aparıcısı Ruben Rubinyan hərəkat üzvü olmadığı üçün ona söz verməyib.
Postancyan mitinqin "özəlləşdirildiyinə" səsgücləndirici vasitəsilə etiraz etmək istəsə də, Rubinyan çıxışına davam edib və aksiya iştirakçılarına ona fikir verməməyi məsləhət görüb.
***
Respublika meydanında baş tutan mitinq konsert proqramı ilə başa çatıb. Ruben Rubinyan 22:30-dan sonra meydanda qalan şəxsin onlarla heç bir bağlılığı olmadığını açıqlayıb.
Eyni zamanda bildirilib ki, aksiyalar N.paşinyanın həbsinə baxmayaraq, davam edəcək. Rubinyan qeyd edib ki, hədəf Serj Sərksiyanın istefasına nail olmaqdır və nə qədər ki o istefaya getməyib, aksiyalar davam edəcək.
Rubinyan 08:15-dən başlayaraq aksiyaya start veriləcəyini, İrəvan küçələrində yürüş keçiriləcəyini bildirib. O bildirib ki, insanlar kütləvi şəkildə rayonlardan İrəvana gəlir və ya öz yerlərində aksiyalara dəstək nümayiş etdirirlər.
Rubinyan dövlət idarələrində işləyən şəxsləri kütləvi tətilə çağırıb.
Tarix
2018.04.22 / 23:11
|
Müəllif
Orxan Tağıyev
|