Yuxarı

Multikulturalizm dövlət siyasətidir - Mehriban Əliyeva

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:12

Mayın 18-də Parisdə YUNESKO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə çıxış edib.

***

19:50

Mayın 18-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb.

Məlumata görə, YUNESKO-nun baş direktoru Odre Azule Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu tədbir Koişiro Matsuuranın 80 illiyi ilə yanaşı, ümumiyyətlə, YUNESKO-nun missiya, məqsəd və fəaliyyətini təcəssüm etdirir.

Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla YUNESKO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirdi.

Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə YUNESKO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr verib.

Mehriban Əliyeva Azərbaycan mədəni irs nümunələrinin YUNESKO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da YUNESKO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində YUNESKO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirildi. Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirdi. O vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.

Birinci vitse-prezident Mehriban Əliyeva baş direktor Odre Azuleni Azərbaycana səfərə dəvət etdi.

***

Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə YUNESKO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Koişiro Matsuuranı 80 illik yubileyi münasibətilə təbrik edərək deyib:

“YUNESKO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar YUNESKO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, “Hamı üçün təhsil” beynəlxalq layihəsi və bir çox digərləri. Sizin rəhbərliyiniz altında YUNESKO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq “Muğam aləmi” festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib. "2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq. Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla YUNESKO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk”.

Mehriban Əliyeva qeyd edib ki, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var: "Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində YUNESKO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik. Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. YUNESKO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".

Azərbaycanın birinci vitse-prezidenti vurğulayıb ki ki, insan potensialının inkişafı YUNESKO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir: "Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək YUNESKO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib: "İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə YUNESKO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib”.

Tarix
2018.05.18 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla