Yuxarı

Petrosyan Elçibəyə necə qalib gəldi…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı illərdə yeni formasiyaya keçid və totalitar bir quruluşun çöküşünü şərtləndirən demokratik hərəkatlar milli respublikaların hamısında yaşayan titullu, yəni əsas xalqların hansı səviyyədə müstəqil dövlət qura bildiklərini ortaya çıxardı.

Kim bilir, Ermənistanla Azərbaycan arasında müharibə baş verməsəydi, SSRİ-nin dağılmasından sonrakı proseslər Qafqaz ölkələrində necə inkişaf edərdi. Lakin tarix şərt şəkilçisini qəbul etmədiyindən gəlin razılaşaq ki, nüvəsini daha çox elm adamlarının, xüsusilə də şərqşünaslıq sahəsində ixtisaslaşan inqilabi liderlərin təşkil etdiyi azadlıq mübarizəsinin öncülləri real səlahiyyət sahiblərinə çevriləndə lənətlədikləri keçmiş rejimin heç olmasa, zorən yaratdıqları sabitliyi qoruyub saxlaya bilmədilər. İmperiyanı dağıtmaq üçün yaranan xaos şəraiti milli dövlət quruculuğu zamanı yalnız bəlalar gətirdi. Əslində müqayisə edəndə Ermənistanın kommunist partiyasını devirən qüvvələrin siyasi potensialı bizimkilərdən yüksək deyildi.

Yəni o vaxtlar böyük xalq enerjisi və ruhuna baxmayaraq, güclü beyin mərkəzləri və regional-beynəlxalq münasibətləri öyrənən institutlar hələ təzə-təzə yaranırdı. Belə olan təqdirdə Şərşqünaslıq İnstitutundan prezidentlik kreslosuna yerini dəyişən Levon Ter-Petrosyanın öz elmi həmkarı Əbülfəz Elçibəyə döyüş meydanında qalib gəlməsindən savayı həm də cəmiyyəti yeni dövrün çağırışları əsasında stukrurlaşdırması, sosial ziddiyətləri barışa çevirməsi və çox uğurlu bir şəkildə xarici yardımlardan faydalanması düşmən ölkənin üstünlüyü sayıla bilərdi. Bizim dissident alimlərimizin dağınıq və pərakəndə əlyazmalarını baş plana çevirib ondan dövlət binası tikməyin qeyri-mümkün olduğunu görən ən qatı və barışmaz antikommunistlər belə, məsələn, elə Polşada Lex Valensanın necə uğurlu bir şəkildə keçmiş sistemi dağıdıb yerində yenisini ucaltdığını yaxşı gördülər.

O vaxtdan bəri Şərqi Avropada və ya Cənubi Qafqazda çox şey dəyişib, ölkələrin inkişafı və müstəqillik səviyyəsi bir-birindən kəskin şəkildə fərqlənməyə başlayıb. Lakin Paşinyanın ifasında İrəvandakı son inqilab qonşu ölkədə təkcə rejimin axırına çıxmayıb, eləcə də Ermənistan daxili, regional və beynəlxalq müstəvidə tirajladığı postulatları, tezis və prinsipləri də tam yeniləyib. Uzun illərdir Rusiyanın cənub əyaləti statusundan kənara çıxmayan bir ölkə indi dünyada dəbdə olan trendləri istismar edir. Adını da küçə etirazlarının kapitallaşması qoyublar.

Yox, sonuncu ifadəyə birbaşa hərfi mənasında yanaşmayın. Söhbət ondan gedir ki, azadlıq, liberal haqlar, məmur məsuliyyəti, şəffaf idarəçilik və güclü vətəndaş institutu terminləri həqiqətən də xarici bazarda yaxşı satılır. Təsadüfi deyil ki, Avropa Parlementinin Siyasi Komitəsi 5 mayda qəbul etdiyi qətnamədə inqilabın mükafatını verməyə qalxaraq, on maddəlik sənəd qəbul edir və İrəvana hər cür maddi-mənəvi köməyini əsirgəməyəcəyini bəyan edir. Əlbəttə, ayrıca sətiraltı ifadələrdə Avrasiya İqtisadi Birliyində yer almasa, bu ölkəyə xeyli iqtisadi preferensilayar verilə biləcəyi də dilə gətilir və eyhamla Rusiyadan qaçışa əlahiddə güzəştlər vəd olunur. Məsələn, tariflərin və gömrük rüsumlarının İrəvanın hazırkı ağır durumuna uyğunlaşdırılması, ayrıca ixrac və idxal kvotaları həqiqətən də Rusiyanın tam idarəçiliyi altında olan Ermənistan iqtisadiyyatında “əllərin dəyişməsi”nə aparıb çıxara bilər.

Amma Ağ Evin yağlı vədləri daha böyükdür. Əgər xatırlayırsızsa, Birləşmiş Ştalatların səfiri Riçard Maylz demişdi ki, Sərkisyan həqiqi müstəqillik işartıları nümayiş etdirsə, yəni Kremlin nökəri kimi davranışlarına azca ara versə, təhlükəsizlik və maliyyə yardımı göstərməyə hazırdırlar. İndi dövlət katibinin köməkçisinin müavini Bricet Brink eyni paket təkiflərlə Paşinyana daha real zəmanətlərlə ölkəsini Qərbə aparmağın yollarını göstərir. Belə görünür ki, Moskva bu dəfə Ukraynadakı davranışlarından fərqli yol seçmək fikrindədir. Ermənistanı Donbasla əhatələmək layihəsi işə salınsa, onda gərək Qafqazın bütövlükdə xəritəsini dəyişdirəsən. İndiki sanksiya rejimi altında hər gün çoxmilyardlı itkilərə məruz qalan bir dövlət belə bahalı layihələrə baş vurmaz. Bir də ki, İrəvanın içərisində o qədər Krımlar var ki…

Hər halda, Qriboyedovun tarixdən boylanan dərslikləri Lavrovun idarəsində saxlanılır və nəinki Azərbaycan, eləcə də Türkiyə və İran bu ölkəni bir günün içərisində öz aralarında bölüb xəritədən silərdilər. Ona görə də Paşinyanın müstəqil Ermənistan ideyası puçdur, xülyadır və üsyançılara xas romantikadan başqa bir şey deyil. Lakin bizi qayğılandıran demokratik Ermənistanın indi Qarabağa sıçratdığı dalğadan sonra çeynədiyi yeni leksikondur.

90-cı illərin kriminal rejimlərindən qurtulan bir dövlət sanki yeni doğuluşunu hamıya qəbul etdirmək üçün “demokratik Qarabağ rejimi”ni də meydana çıxarıb. Azərbaycanı beynəlxalq məkanda təhdid etmək istəyir. Doğrusu, on illər ərzində ermənilərə qan udduran rejimlər xalqı belə liderlərdən məhrum elədiklərinə görə Azərbaycanın xeyrinə işləyiblər. Lakin sual bu deyil. Bizim üçün əsas arqument “işğalçı dövlətin demokratik ola bilməzliyi”ni dünyaya yenidən sübut etməkdir. Necə ola bilər ki, keçmiş hakimiyyəti dünya cinayətlərdə ittiham edən yeni iqtidar Şuşaya gələndə tam səhra komandiri kimi çıxış edir? Prezident İlham Əliyev də haqlı olaraq bəyan edir ki, bizim onillərlə yüksək kürsülərdən, o cümlədən BMT tribunasından söylədiklərimizi indi erməni xalqı meydanlarda dilə gətirir. Bəs onda belə ikiləşmənin səbəbi nədir? Hər halda bunu bir millətin natamamlıq kompleksi ilə izah etmək olmaz. Qanın burda nə günahı var? Yaxud, sülh platforması ilə çıxış etmək Paşinyanı öz tərəfdarları ilə üz-üzəmi qoyardı? Qətiyyən, yox. Əksinə, onun regional nüfuzu güclənə bilərdi və müharibə ritorikasını puça çıxarardı. Hamı beləsi ilə işləməyə can atar və investisiyalarını oraya yatırardı. Ona görə də Paşinyan işğalı tərənnüm edəndə sərkisyanlaşır və elan etdiyi müqəddəs idealları ləkələyir. Necə ola bilər ki, ədalətli məhkəmədən danışıb sonra Xankəndində neçə illərdir çürüyən iki azərbaycanlıya göz yumursan? Halbuki “sevgi inqilabı”nın liderləri Şahbaz və Dilqəmi həbsdən azad edərək, Azərbaycan qarşısında daha böyük diplomatik və siyasi üstünlük əldə edə bilərdilər.

Deməli, biz bir daha əmin oluruq ki, Qarabağ konflikti nə qədər qalırsa, Ermənistanın demokratikləşməsi və müstəqil dövlət olmaq perspektivi bir o qədər qeyri-mümkündür. Obrazlı deyimə çevirdikləri “demokratlar dalaşmırlar” ifadəsini siyasi kursunda nümayiş etdirməyən hakimiyyətin Köçəryan-Sərkisyan xuntasından heç bir fərqi yoxdur. Belələrinin hansı libası geyinməsi podiuma tamaşa edənləri çaşdıra bilməz!

Tarix
2018.06.07 / 13:40
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla