Özbəkistan prokurorluğu prezident qızının başçılıq
etdiyi mütəşəkkil cinayətkar qrup üzvlərinə ayrıca icraat üzrə
cinayət işi açıb. Prokurorluq onların barəsində axtarış elan
edib.
Axar.az-ın məlumatına görə, prezidentin qızı Gülnarə Kərimovanın
silahdaşları barəsində cinayət işi üzrə ibtidai istintaqın bəzi
təfərrüatı açıqlanıb.
Mütəşəkkil dəstənin üzvləri 2011-2013-ci illər ərzində
sahibkarlığın aparılması adı altında təsərrüfat fəaliyyəti
sahəsində sistemli əsasla cinayət törədərək, hədə-qorxu və şantaj
yolu ilə, sənədlərin saxtalaşdırılması ilə dövlətə külli miqdarda
ziyan vurublar.
İstintaqın məlumatına görə, cinayətkar qrup dövlət aktivlərini
ucuz qiymətə alıb. Nəticədə "Uzbekiston Havo" aviaşirkətinin,
"Coca-Cola Ichimligi Uzbekiston Ltd" birgə müəssisəsinin və
"Fərqanə NEZ"-in aktivləri talan edilərək mənimsənilib. Dəyən ziyan
təxminən 200 milyon dollar məbləğində qiymətləndirilib.
Cinayətkar qrupun ümumi koordinasiyası Nurməhəmməd Karaboyev və
Rüstəm Маdumarov tərəfindən həyata keçirilib. Madumarov Kərimova
ilə vətəndaş nikahındadır. Prezidentin qızı isə ev dustağıdır.