Yuxarı

Bakılı ginekoloqdan tükürpərdən sözlər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulduzla çoxdan tanışıq. Ta uşaqlıqdan. Onda ikimiz də həkim olmaq arzusundaydıq. Ağ xələt bizim üçün o vaxtlar paklıq rəmzi idi. Sonra illər ötdü, zaman hərəmizi bir diyara atdı. Əlaqələrimiz kəsildi.

Bu yaxınlarda özəl klinikaların birinə getmişdik bacımla. Bacım hamilə idi. Həm müayinədən keçmək, həm də uşağın cinsiyyətini yoxlatmaq istəyirdi. Bizə klinikanın ən yaxşı qadın həkimi olan Ulduz xanımı məsləhət bildilər. Heç ağlıma da gəlməzdi ki, bizim öz Ulduzumuzla illər sonra burda qarşılaşacağıq. Əvvəl otağa keçdik. O, şirin-şirin danışır, bacımı müayinə edirdi. Səsi, danışıq tərzi bir də gözləri mənə o qədər doğma gəlirdi ki, o da ara-bir mənə baxıb gülümsəyirdi. Sanki eyni hisslər onun da beynində oynayırdı. Bacımın şəxsiyyət vəsiqəsini alıb ünvana baxdı və gülümsəyərək mənim adımı soruşdu. Və onda bir-birimizi tapmış olduq. Rahat danışıb görüşmək üçün vaxt və məkan təyin etdik. Bacımı da müayinə etdi, amma uşağın cinsiyyətini hələ demədi, gələn müayinəyə saxladı.

Ulduzla görüşdük, oturub həm uşaqlıqdan həm yaşadıqlarımızdan danışdıq. Ulduz məndən fərqli olaraq arzusunun və uşaqlığına verdiyi sözün arxasınca gedə bilib. Mənə çox maraqlı idi işi. Axı onun bugünkü peşəsi mənim də nə vaxtsa arzum olub.

Mən:

- Ulduz, ağ xələtdə özünü necə hiss edirsən? Paklıq rəmzidir, deyirdik, yadındadı?

- Hə yadımdadı. Amma inan ki, əlimdə başqa sənətim olsa, günü bu gün soyunub ataram bu xələti.

- Niyə axı?

- Əvvəllər hər şey tam fərqli idi. Qəribə bir soyuqqanlılıq vardı məndə. Məsələn, abort üçün gələn anaları düşünmədən stola çıxardır, abort edib yola salırdım. Bilə-bilə ki, bir cana qıyıram, bir nəfəs doğrayıram, amma heç əlim də əsmirdi. O stol sanki qəssab stolu idi, mən də qəssab. Bir insanı doğrayıb yox edirdim. Mənə elə baxma, nolar. İnan ki, bu, mənim üçün çox adiləşmişdi. Axı biz öyrənmişik günahı başqalarında axtarmağa. Mən də düşünürdüm ki, günahı anasınındır, mən öz işimi görürəm.

- Axı bir ana övladını niyə öldürmək istəsin? Ən çox niyə müraciət edirdilər?

- Bizim cəmiyyətin iyrənc qanunlarına görə. Bax elə bu iyrənc qanunlardır ki, neçə adamı cinayətkar, neçə ananı övlad qatili edir.

- Məsələn?

- Məsələn, biri gəlir ki, yoldaşım deyir, get yoxlatdır, bu dəfə də qız olsa, evə gəlmə. O da gəlib yoxladırdı. Qız idisə, götürtdürürdü. Deyirdi, saxlasam, ərim məni öldürər. Sanki qadın özü seçir bətnindəkini. Ya da evdən xəbərsiz hamilə qalanlar olurdu. Özünü tez bizim üstümüzə atır. "Bu uşağı götürün, yoxsa qardaşım başımı kəsər", - deyir. Bilirsən, mən bir tərəfdən də özümü xilaskar kimi hiss edirdim. Sanki bir canı almaqla bir ailəni, bir gənci xilas etmiş olurdum. Bu cür absurd fikirlərlə işimə haqq qazandırırdım. Otaqdan çıxanda bizim paklıq rəmzi dediyimiz ağ xalatın üstü bir məsum körpənin qanı ilə boyanmış olurdu. Sanki qəssab otağından çıxırsan: əli bıçaqlı, üstü qanlı. Bilirsən, ən pisi də odur ki, mən gördüyüm işin peşəkarı olmaqla fəxr edirdim. Bütün klinikalar məni əl-əl axtarırdı. "Ulduz xanım ilin ən yaxşı ginekoloqu" adlı neçə-neçə diplom almışam, neçə sertifikat, mükafat almışam. İndi onları bilirsən necə oxuyuram?

- Necə?

- "İlin ən yaxşı çocuq qatili".

- Niyə bütün bunlar haqda keçmişdəki kimi danışırsan? Axı indi də eyni işdə çalışırsan.

- Bilirsən, indi artıq iyrənirəm. Özümdən də, işimdən də. Bu işin başqa adı yoxdu, vallah. Biz ağ xələtə bürünmüş uşaq qatilləriyik.

- Maraqlı nələr baş verib bəs? Hər işin bir maraqlı yönü də olmalıdır da.

- Hə o qədər olub ki.

- Danış da bu haqda. Bayaqdan doğramaqdan, öldürməkdən o qədər danışdın ki, qorxdum lap səndən. Bir az başqa tərəfini danış.

- Eh, adam öldürməyin başqa yönü var ki? Amma maraqlı hadisələrlə də çox qarşılaşmışam. Məsələn, bir ana vardı, tez-tez gəlirdi aborta, yoldaşı qız uşağı istəmirdi. Bir gün də gəldi ki, spiral qoydursun. Bu da elə bir şeydir ki, qoydurdun, daha uşağa qala bilməzsən. Aradan 7 ay keçmişdi bu qadın yenidən gəldi. Qarnı da nə boyda. Dedi, mənim nəsə xəstəliyim var. Qarnım günü-gündən şişir. Hamilə olmağım mümkün deyil, çünki spiral qoydurmuşam, özü də siz özünüz qoymusunuz. Biz bu xanımı aparata saldıq. Həqiqətən də 7 aylıq hamilə idi. Bu çox qəribə bir hal idi. Bu ayda abort da eləmək mümkün deyildi. Uşaq olmalı idi, başqa yolu yoxdu. Amma bir problem də var ki, spiral qoya-qoya uşağa qalırsa, o spiraldan uşağa nəsə zəhərlənmə-filan keçə bilər. Qadını nəzarətə aldıq. Spiralı biz qoymuşduq, məsuliyyəti də bizim üzərimizdə idi. 9 ay tamam oldu, qız dünyaya gəldi və bütün xəstəxana şokda idi. Bu həqiqətən də qeyri-adi hal idi. Sözlə ifadə etmək belə mümkünsüz. Uşaq spiralı əlinin içində tutmuşdu. Bunu hamı danışırdı. Bu həqiqətən də insanlara hayqırış idi. O uşaq sanki deyirdi, siz məni istəməsəniz də, mənim bu dünyaya gəlməyə haqqım var. Bax həmin gün işimdən də, özümdən də iyrəndim. Mən bir qatil olduğumu o gün anlamışdım.

- Bəs valideynləri? Onlar nə reaksiya verdilər buna?

- O qadını hər dəfə "qız istəmirəm" deyib aborta göndərən ərini çağırdıq otağa və göstərdik. Heç nə demədi. Dizi üstə çöküb ağladı.

- Bəs maraqlı başqa nə xatırladır sənə sənətin?

- Bir xəstəm vardı. İlk uşağına hamilə qalandan mənim yanıma gəlib-gedirdi. Elə uşağı da xəstəxanamızda doğuldu. Onu evə yola salanda yoldaşı bir neçə maşın bəzəyib gəlmişdi, güllər-filan. Sanki gəlin aparırdılar. Bütün xəstəxana ondan danışırdı. Aradan bir müddət keçdi. Həmin xanımın ikinci uşağı da oldu, yenə də bizim xəstəxanada, yenə də həkimi mən idim. Bu dəfə evə yola salanda hamı o təmtərağı gözləyirdi. Amma yoldaşı tək özü maşınıyla gəlib sakitcə götürüb apardı. Tale elə gətirdi ki, üçüncü uşağı da bizdə oldu. Çıxanda yoldaşı bir taksi göndərmişdi ki, min gəl. Dördüncüdə, deyib, özün ordan bir avtobusa oturub gələrsən də.

- Bəs sənə desəm ki, bu söhbətimizi yazıb mediaya çıxardacam, onda nə demək istəyərdin bizim xanımlara, həkimlərə, bəylərə?

- Sən də dəhşətsən də. İnanıram, yazarsan bunları. Amma adımı vermə. Necə olsa da, imicim var. Qoy elə bilsinlər, sevərək görürəm işimi.

- Yaxşı. Nə demək istəyərsən?

- Bir gün bir qadın gəldi, çox gözəl idi. Hədsiz. Dedi, hamiləyəm, amma bu uşağı tək böyüdə bilmərəm. Bacarmayacağam. Mənə kömək edin. Bunu nə olur-olsun, götürtməliyəm. Pulunu da yanındakı oğlan ödədi. Uşağı abort edib götürdük. Qadın gedəndən sonra hamı dedi ki, ondan olan uşaq necə gözəl olardı. Çox gözəl idi, oğlan da qız da. Mən evə gəldim. Axşam yatdım. Yuxuma yaşlı bir qarı girdi. Əlimdən tutub apardı. Uşaqlar oynayan bir yamaca. Bir sarışın, ortaboy oğlan oturmuşdu, qıraqdan bunlara baxırdı. O qədər nurlu, o qədər gözəl idi ki. Adam qeyri-ixtiyari onu qucaqlayıb bağrına basmaq istəyirdi. Sonra o oğlan qalxıb mənə tərəf gəldi. Soruşdum, niyə bikefsən? Anam məni istəmir, dedi. Sonra bir qız görsətdi... Uşaqla oynayan bir qız. Dedi ki, xala, bax mən böyüyüb o qızı sevəcəkdim. O da məni. Mən həkim olacaqdım, amma adamları xilas edən həkim. Ən çox anamı sevəcəkdim. Ona həyatda məhrum olduğu bütün sevgiləri mən verəcəkdim. Mən onun bütün arzularını yerinə yetirəcəkdim. Anam əvvəl əsgər anası, sonra bir həkim anası olacaqdı. O qız var e, xala, o müəllimə olacaqdı. Mənim qədər anamı da sevəcəkdi. Anamın tək oğlu yox, həm də onun kimi bir qızı olacaqdı. Elə gözəl danışırdı ki, sanki o, danışdıqlarını mən görə bilirdim. Uşağı qucaqlayıb alnından öpdüm. Dedim, olar, inşallah, oğlum, olar. Böyüyərsən, dediklərin hamısı bir-bir olar. "Yox, xala, heç biri olmayacaq. Çünki bu gün sən məni öldürdün. Anamla əlbir olub öldürdünüz, bütün həyatımı. Xala, bilirsən, sən məni doğrayanda elə hiss edirdim ki! Ağrını ilk sənin bıçağında duydum. Mən bir parça qan laxtası deyildim axı. Sən də bilirdin ki, mən formalaşmış bir can idim. Mən bir ömür sizlərə belə qıraqdan baxacam, amma heç vaxt yaşaya bilməyəcəm…"

Yuxudan orda ayıldım... İndi hər dəfə abort etdirmək istəyən analara əvvəl bunu danışıram. Yenə də sonda seçimlərini özləri edir.

Ulduza zəng gəldi, təcili doğuş var idi. Söhbətimizi yarımçıq qoyub gedəsi oldu. Gələn müayinəyə bacımla yenə də mən getdim. Bacımın bir qızı var. Bilirdim ki, ikinci uşağının oğlan olmasını arzulayırlar. Ulduz bizi mehribancasına qarşıladı. Danışıb, gülə-gülə bacımı müayinə etdi, sonra uşağın cinsini yoxladı. Üzümüzə baxıb, dedi, muştuluq, oğlandı. Sevinclə bacıma baxdım. Onun kefi pozulmuşdu nəsə. Yaxınlaşıb dedim:

- Axı sən elə oğlan istəyirdin. Niyə kefin pozuldu?

- Eh, qız olsaydı, 10 min gələcəkdi. 10 min itirsən kefin pozulmaz?

Tarix
2016.08.20 / 10:21
Müəllif
Çinarə Ömray
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla