Yuxarı

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uzaqdan baxana döyüş asan gələr" deyiblər atalarımız. Təbii ki, hər bir peşənin, işin çətin və görünməyən tərəfləri var. Bəzən hansısa işlər kənardan bizə adi gəlir. Bu isə qarşımızdakı insanların əməyini qiymətləndirməyə imkan vermir. Hava nəqliyyatında çalışanların sahib olduqları peşə gözəl olmaqla yanaşı, döyüşə atılan döyüşçülər qədər çətin və məsuliyyətlidir.

Report-un əməkdaşı işin nə qədər çətin məsuliyyətli olduğunu görmək üçün bir gününü təyyarə pilotları və bələdçiləri ilə keçirib.

Buludların üzərindən yer üzünü seyr etmək...

Təyyarə ilə səyahətə çıxmaq avtomobillə, qatarla səfər etməyə bənzəməz. Yer üzünü buludların üzərindən izləmək insana bir başqa həyəcan verir. Təyyarə səyahəti bir çoxlarının həyatında bəzən unudulmaz anlarla, bəziləri üçün yüksəklik qorxusunu dəf etməklə, hətta kimlərinsə həyatının sevgisini tapmaqla yadda qalır.

Təyyarədə həyatın demək olar bir çox vacib məqamlarını yaşamaq mümkündür. Təyyarə səyahəti zamanı həm də xeyli sayda sual yaranır. Məsələn, təyyarə saatlarla yolu necə qət edə bilir? Təyyarə uçuşa necə hazırlanır? Saatlarla bizə qulluq edən təyyarə bələdçiləri bunu yorulmadan necə edə bilirlər? Uzun müddət uçuş həyata keçirən təyyarələr su və yanacaqla necə təmin edilir? Bütün suallarımıza cavab tapmaq üçün "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətində olduq.

Təyyarəyə xüsusi avtobusla aparılan pilotlar və bələdçilər

Əvvəlcə gücləndirilmiş şəkildə aparılan yoxlanış prosedurunu keçdikdən sonra pilotların və bələdçilərin uçuşöncəsi toplandığı otağa yollandıq. Burada "Boeing 787-8 Dreamliner" təyyarəsi ilə Bakı-London reysi üzrə uçuşa hazırlaşan işçi heyətinin planlaşdırma işlərini apardıqlarını gördük. Onlar qarşılarındakı planşetlər vasitəsilə səfərə çıxacaqları reys üzrə uçuş xəttini müzakirə edirdilər. Kapitan pilot uçuşla bağlı son göstərişlərini verirdi. Digər otaqda isə reys üzrə səfərə çıxacaq heyət üzvləri həkim müayinəsindən keçirdi.

Əgər həkim müayinə zamanı heyət üzvlərindən birinin səhhətində cüzi də olsa problem aşkarlasa, həmin heyət üzvü əvəzlənir və onun reysə çıxmasına icazə verilmir.

Həkim müayinəsindən sonra keçdik bələdçilər otağına. Bələdçilərin yığıncağında baş bələdçi onlara ayrı-ayrılıqda hansı işləri görəcəklərini izah edir və göstərişlər verirdi.

Bələdçilər uçuşa hələ bir neçə saat qalsa da təyyarəyə yollandılar. Onlar sərnişinlərin rahatlığını təmin etmək üçün bütün lazımi vasitələri əvvəlcədən yerbəyer etdilər. Yeri gəlmişkən, bələdçilər və pilotlar təyyarəyə xüsusi avtobusla aparılır. Bələdçilərdən sonra pilotlar təyyarənin uçuşa hazırlığını yoxlamaq üçün təyyarəyə yollandılar.

Göyün yeddinci qatında

Daha sonra AZAL-ın ən böyük təyyarələrindən biri olan "Boeing 787-8 Dreamliner"in göyərtəsinə qalxdıq. Orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik bu təyyarə modeli, 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsal edilib. Təyyarənin ilk uçuşu 2007-ci ilin avqust ayına planlaşdırılsa da, yalnız 2009-cu il dekabrın 15-də baş tutub. Buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. Şirkət bir neçə təxirəsalmadan sonra ilk "Boeing-787"ni 2010-cu ilin fevral ayında istismara verib. Hazırda AZAL-ın anqarında 2 ədəd "Boeing 787-8" təyyarəsi var. Sürəti 900 km/saat, uçuş məsafəsi 15200 km, sərnişin tutumu isə 210 nəfər olan təyyarə ilə Azərbaycanda ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olub. Təyyarənin üç fərqli xidmət sinfindən ibarət olan göyərtəsinə qalxanda özünü artıq göyün yeddinci qatında hiss edirsən.

Təyyarə salonunu uçuşa bələdçilər hazırlayır. Hər zaman səliqəli şəkildə gördüyünüz təyyarə salonlarında döşəkçələrdən tutmuş, dəstələnmiş jurnallar, yolboyu istifadə etdiyiniz hər şeyi bələdçilər yerləşdirir.

Sərt qayda: pilotların yeməyi fərqli olmalıdır!

Sərnişinləri, işçi heyətini yeməklə təmin edən şirkət də yeməkləri təyyarəyə bələdçilərinin köməyi ilə yerləşdirir. Maraqlı məqamlardan biri odur ki, biznes və ekonom sinifdə olduğu kimi, pilotların yeməyi də fərqli olur. Bu da əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün pilotların qidalanmasına xüsusi diqqət yetirilir. Dünya praktikasında da olduğu kimi, uçuş zamanı pilotlardan biri qidadan zəhərləndiyi halda digərinin zəhərlənməməsi üçün onlara verilən yeməklər mütləq fərqli olmalıdır. Yəni, əgər bir pilota toyuq əti verilirsə, digərinə həmin yeməkdən verilə bilməz.

Bələdçilər təyyarədə doğuş həyata keçirməyi belə bacarırlar

Bir çoxları üçün adi sayılan bələdçilik işi asan görünsə də, əslində, çox çətindir. Onların işi təyyarədə sərnişinlərə yalnız bələdçilik etmək deyil. Bələdçilər ilkin tibbi, psixoloji yardım etməklə yanaşı, hətta fövqəladə vəziyyətdə təyyarədə doğuş həyata keçirməyi belə bacarırlar. Onların hər çətin vəziyyətə hazırlıqlı və soyuqqanlı olması üçün mütəmadi olaraq xüsusi təlimlər keçirilir. Eyni zamanda, tonlarla ağırlığı olan təyyarənin qapısını bağlamaq da böyük məsuliyyət və ustalıq tələb edir. Belə ki, qapının bağlanması zamanı hər hansı bir yanlış və ehtiyatsız hərəkət bələdçiyə ciddi xəsarət (onurğa, qol, kürək sınığı, ağır əzələ dartınması və s.) yetirə bilər.

Təyyarədə xüsusi yataq otağı

Bəs "Boeing 787 Dreamliner"in göyərtəsində işçilərin istirahət etməsi üçün xüsusi yataq otağının olduğunu necə, bilirdinizmi? Məncə, bu, heç birimizin ağlından belə keçməyib. Uzunmüddətli uçuş üçün nəzərdə tutulan bu təyyarədə işçi heyətinin növbə ilə dincəlməsi üçün bir yataq kabini da var. Burada onlar yata və ya istirahət edə bilərlər.

Bələdçilər təyyarənin salonunu qaydaya saldığı vaxtlarda, kapitan və köməkçi pilot təyyarənin ətrafında vizual baxış keçirdilər. Onlar təyyarənin su, yemək və yanacaqla təmin edilməsi prosesini izləyir, təkərlərin, mühərriklərin vəziyyətini yoxlayırlar. Kapitan pilot təyyarənin reysə çıxmaq üçün heç bir texniki və ya digər problemlərin olmadığını müəyyənləşdirdikdən sonra uçuşa icazə verir. Təyyarənin havaya qalxıb-qalxmayacağına isə yalnız kapitan pilot qərar verə bilər. Bundan sonra pilotlar təyyarənin göyərtəsinə qalxıb, pilot kabinində təyyarəni uçuşa hazırlamaq üçün yoxlanışlar apardılar. Bütün bu proseslər tamamlandıqdan sonra gülərüz işçi heyəti tam hazır vəziyyətdə təyyarədə sərnişinləri qarşılamağa başladılar...

Tarix
2016.08.23 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla