Yuxarı

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul-Antalya təyyarəsinin göyün neçənci qatında süzdüyünü deyə bilmərəm, amma nədənsə üzü aşağı baxdıqca özümü olduqca xoşbəxt hiss edirdim. Xoşbəxt olmaq istəyi arzuların şahıdı. Adama elə gəlir ki, Yer üzündəki bütün dərdlər elə Yerdən gəlir və ayaqlar yerdən üzüləndə insan özünü rahat, məsud hiss edir. İstəyirsən ki, elə həmişə buludların üstü ilə süzəsən – nə bilirsən, arzularına çatacaqsan, yoxsa, yox...

Bizi – yeni evlənmiş cütlüyü Antalya hava limanında turizm şirkətinin nümayəndəsi öz xidməti maşını ilə qarşıladı. Bəstə boylu, orta yaşlı bu kişi öz işinin ustası kimi görünürdü. İlk dəfə gördüyü qonaqlarının görüşünə o qədər mehriban, o qədər səmimi təbəssüm ilə çıxmışdı ki, sanki, uzun illər görüşməyən qohumlarıq.

Şəhər ilk baxışdan insanı heyran edirdi. Hamar yolları, səliqəli əkilmiş dekorativ ağacları, gülləri şəhərə xüsusi gözəllik verirdi. Adama elə gəlirdi ki, bura tamamilə bambaşqa bir ölkədir. Gözəlliyi, səliqəsi və təmizliyi Antalyanı o qədər bəyəndim ki, buradan ayrılıb getməyin nə qədər çətin olacağını indidən təsəvvür elədim. Otelə əşyalarımızı yerləşdirib ətrafla tanış olmaq üçün bayıra çıxdıq.

Bax, bu idi ən sevdiyim mənzərə - önümdə dalğalar, arxamda dağlar və meşələr var idi. Göz yaşı kimi dupduru dənizin dibində daşları saymaq keçirdi adamın ağlından. Ləpədöyəndəki daşın-çınqılın əlindən isə dənizə ayaq qoymaq mümkün deyildi. Bu gözəlliyi sadəcə görmək lazımdı, onun qarşısında dünyanın ən istedadlı qələmi, ən güclü fırçası belə acizdir.

Təbii ki, yay mövsümündə insanları dəniz və qızmar havada günəş vannası qəbul etmək daha çox cəlb edir. Amma Antaliyaya gəlib, yaxın ətrafda olan tarixi baxımdan olduqca əhəmiyyətli olan abidələri ziyarət etmədən getmək istirahət sayılmazdı.

Elə otellərin ətrafında yerləşən turizm şirkətlərinə yaxınlaşıb qiymətləri müqayisə elədik. Təbii ki, aralarındakı qiymət fərqi az deyildi. Axı bura turizm şəhəridi, hamı istəyir mümkün qədər daha çox qazansın.

Beləliklə, münasib şirkətlərin biri ilə razılaşıb səhəri gözlədik. Səhər saat səkkizdə mikroavtobus bizi qaldığımız otelin qarşısından götürdü. Avtobus daha bir neçə oteldən turist götürdü. Onu da deyim ki, digər otellərdən bizə qoşulan turistlərin hamısı ruslar və ya ukraynalılar idi.

Hündür dağların, sıldırımlı qayaların qoynundan yarılıb açılan yollarla getdikcə aşağıda körpə kimi mışıl-mışıl uyuyan dənizin füsunkarlığı insanı məftun edirdi. Dağların, qayalıqların üstündən isə dəmir torlar asmışdılar ki, yuxarıdan qəfil gələ biləcək daş-çınqıl maşınların üstünə tökülməsin.

Bələdçimiz isə Aygül xanım idi. Qazaxıstandan olan bu qaraşın xanım olduqca mehriban, istiqanlı görünürdü. Avtobusda həyat yoldaşımla məndən savayı bütün turistlər rus millətindən olduğundan Aygül xanım rusca danışmalı oldu. Türkiyədə "Noel baba müzesi" adı ilə qorunan kilsə haqqında tanıtıma belə başladı:

"Mən müsəlmanam və islam dininin qanunlarına, qaydalarına ölənədək sadiqəm. Quranı bir neçə dəfə oxumuşam. Namazların vaxtını qaçırmıram. Amma hər dəfə bu kilsə haqqında danışanda xristianlar belə heyrətə gəlir. Çünki bu məkanın sehrinin, möcüzəsinin özüm şahidi olmuşam. Baxmayaraq ki, mən burda dəfələrlə olmuşam, hər gəlişimdə həyəcanlanıram".

Aygül xanımın az öncə kilsənin möcüzələrindən danışacağı haqqında anonsu diqqətimi çəkməmişdi. Düşünürdüm ki, xanım xristiandır, bütün dinlərdə olduğu kimi onların da öz din xadimləri və onlarla bağlı uydurduqları əfsanələri var. Odur ki, yaddaşıma daha çox pəncərədən görünən füsunkar təbiəti həkk etməyə çalışırdım. Amma Aygül xanımın müsəlman olduğunu eşidə baxışlarımı pəncərədən sanki tablo kimi asılan mənzərədən çəkdim.

"Mən onda hələ Qazaxıstanda yaşayırdım. Qızım on il idi ki, ailə qurmuşdu, amma övladı olmurdu. Müxtəlif ölkələrdə müxtəlif xəstəxanalarda həkimlərin yoxlanışından keçmişdi. Hamısının da cavabı eyni olmuşdu: "Sənin övladın olmayacaq". Bu, əlbəttə ki, gəncləri də, onların yaxınlarını da incidirdi. Mən də bir ana kimi qızımın taleyindən nigaran idim. Günlərin bir günü gecə yarısı gördüyüm yuxunun təsirindən ayıldım. Gördüm ki, qəribə bir tikilinin həyətindən içərisinə daxil oluram. Ora məscidə oxşamırdı, kilsə də deyildi. Tarixi və coğrafi bilgilərimə görə yuxuda gördüyüm tikili yalnız Avropa ölkələrinin birində olmalı idi. Övladı olmayan qızımla həmin binadan qucağında uşaqla bir yerdə çıxdığımızı görürəm. Yuxu mənə çox qəribə təsir etmişdi. Bilmirdim, gördüklərimi yuxu olduğuna görə ciddiyə almayım, yoxsa həyatda möcüzələrin baş verdiyinə inanım. Nəhayət, iş elə gətirdi ki, Türkiyəyə gələsi oldum. Türk dilini mükəmməl öyrənib turizm şirkətlərinin birində işə başladım. Günlərin bir günü isə "Noel baba müzesi" kimi qorunan bu tarixi binanın qarşısına gələndə gözlərimə inana bilmədim. Budur, yuxuda gördüyüm həmin tikili eyni ilə qarşımda durmaqda idi. İçəri girib, bu tarixi abidəni gəzdikcə gözlərimdən yaş süzülürdü. Bir neçə müddətdən sonra qızımı həmin yerə gətirdim. Xristianların müqəddəsi hesab edilən Nikolasın qəbrini ziyarət etdikdən sonra həmin il qızımın övladı dünyaya gəldi. Amma mən bir daha deyirəm, dinim islam dinidir və mən namaz qılıram. Amma bu məkanın möcüzələrinin qarşısında acizəm".

Artıq mənzilbaşına çatmışdıq. Qapının yanında qadınların başını örtməsi üçün yaylıqlar qoyulan xüsusi yerə yaxınlaşdıq. Yaylıqda rus qadınları olduqca maraqlı görünürdülər. Həm də deyim ki, bu onlara yaraşırdı. Aygül xanım Müqəddəs Nikolas, onun uyuduğu bu kilsə, burada təsvir olunan ikonaların mənası haqqında uzun-uzadı danışdı.

Xristian dünyasında daha çox Santa Klaus kimi tanınan Müqəddəs Nikolas Aralıq dənizi sahillərinin Patara şəhərində yaşamış din adamı olub. Atası məşhur buğda taciri olan Nikolas xeyirxahlığı, möcüzələri ilə hələ gənc yaşlarından şöhrət qazanıb. O dövrlərdə həmşəhərliləri qıtlıqdan əziyyət çəkirdilər. Nikolas isə atasından qalan mirası imkansızlara, ehtiyacı olanlara paylayırmış. O, kimin nə qədər ehtiyacı varsa, o qədər qızılı gecələr görkəmini dəyişərək açıq pəncərələrdən, bacadan evin içinə atırmış. Deyilənə görə, cehiz verə bilmədiyiniə görə bir kişinin üç qızı ərə gedə bilmirmiş. Bunu eşidən Nikolas günlərin bir günü bacadan atdığı qızıl kisəsi qurumaq üçün asılan corabın içinə düşür. Bu minvalla kasıb kişinin hər üç qızı ailə qurub xoşbəxt olur. İnsanlara yardım edən adamın Nikolas olduğu ortaya çıxdıqda onun şöhrəti dünyanın dörd bir yanına yayılır. İnsanlar Nikolasın xeyirxahlığını o qədər əfsanələşdirir ki, hər çətinliyə düşəndə onun adını çəkməklə dərhal bu müqəddəs insanın onları dardan qurtaracağına inanırlar. Onun ölümündən sonra isə bu boşluğu doldurmaq üçün artıq insanlar özləri bir-birlərinə gizlincə yardım etməyə, hədiyyələr verməyə başlayılar. Günlərin bir günü isə Müqəddəs Nikolas Patardan qonşu şəhər olan Muraya gəlir. Həmin ərəfədə isə Muranın ölmüş baş yepiskopunun yerinə kimin təyin edilməsi barədə mübahisələr gedirdi. Belə qərara alınır ki, səhəri gün şəhərə kim ayaq bassa, baş yepiskop olaraq həmin adam təyin ediləcəkdir. Nikolas kilsəyə təsadüfən ilk gələn adam olaraq baş yepiskop təyin olunur.

Nikolasın hansı illərdə yaşadığı dəqiq məlum olmasa da, bir çox mənbələrdə onun 343-cü il dekabrın 5-ində vəfat etdiyi göstərilir. Patara şəhərində Nikolasın şərəfinə Santa Klaus adlı balaca bir kilsə var. Bəzi tarixi mənbələrə görə, Səlib yürüşləri zamanı 1087-ci ilin 20 aprelində əcnəbi tacirlər Nikolasın sümüklərinin bir hissəsini oğurlayaraq gizlincə basdırıblar, bir qisim isə bu gün Antalyada "Noel Baba" muzeyində saxlanmaqdadır.

Aygül xanımın Nikolas haqqında danışdığı əfsanələrin sayı-hesabı yox idi. Bizdən isə bir ricası oldu: "Mən hər dəfə bura gələndə boynumda bir yaylıq olur. Onu mütləq Nikolasın məzarını qoruyan şüşənin altından içəri salıb şərfi torpağa sürtürəm. Onu evimə gələn insanların boyunlarına asıb çıxardıram. Mən inanıram ki, bu xeyirxah insanın ruhu da insanlara kömək etməyə qadirdir. Sadəcə, sizdən bunu sınamağınızı xahiş edirəm". Bunu deyib, bizdən bir qədər aralandı.

Bu an mənim də, yoldaşımın da ağlına övladları olmayan gənc dostlarımız düşülər. Hərçənd, məni bu tip əfsanələrə inandırmaq çətindir. Amma qəti əmin olduğum tək şey var – enerji. Bir halda ki, insan bu qədər xeyirxah və təmənnasız olub, ola bilməz ki, onun uyuduğu məkan o müsbət enerji ilə yüklənməsin. Təbii ki, burdan aparacağım torpağın, daşın kiməsə övlad verə biləcəyi qədər sadəlövh deyiləm. Amma hər halda bir xoş aura yarada, kimdəsə xoşbəxtlik hormonunu yüksəldə bilərdisə, budan bir çimdik torpaq niyə də götürməyək. Amma o torpağı nəyin içində aparacaqdıq? Birdən yadıma düşdü ki, boynumda girişdən götürdüyüm yaylıq var. Zarafatca, "bəlkə, bu yaylığı heç verməyək?" - deyib gülümsədim. Əlbəttə, yaylığı götürmək üçün qayıdıb aldığımız adamdan onu bizə satmaları üçün xahiş etməliydik. Amma söz ağzımdan çıxan kimi... inanmayacaqsınız, anidən kilsənin işıqları sönüb yandı. Bir-birimizin üzünə baxıb zarafatlaşdıq: "Nikolas baba deyir ki, oğurluq eləmək olmaz".

Sonra yaylığı pulla almaq fikrindən də yayındıq. Aşağı əyilib əllərimi şüşədən içəri salıb, barmaqlarımın ucuna toxunan toz-torpağı əynimdəki köynəyə sürtdüm. Uşağı olmayanlara uşaq, ailə qurmaq istəyənlərə gözəl ailə, maddi sıxıntısı olanlara ruzi istədim Yaradandan. Aygül xanım demişdi ki, burada hərə öz dininə uyğun dua edir. Özümə də dua etdim. Dedim xoşbəxt olmaq istəyirəm...

Kilsəni gəzəndə Aygül xanım bizi ruhanilərin əyləşdiyi və günahları bağışladığı altar adlanan yeri göstərdi. Adamlar ruhanilərin oturduğu altarın altından keçərək tövbə edirmişlər. Aygül xanım bizə sağ tərəfdəki keçidi göstərdi: "Adamlar məhz sağdan gəlib sol tərəfdən çıxırmışlıar və bu ritual üç dəfə təkrarlandıqdan sonra onların günahları bağışlanmış hesab olunurdu". Sonra həmin sağ keçidi işarə edib dedi: "Burada dəfələrlə çəkilən fotolarda Nikolas görünüb. İnanmırsınızsa, bunu sizə göstərə bilərəm". Turistlərin birinin fotoaparatı ilə şəkil çəkib bizə sarı uzatdı. Doğurdan da yarıqaranlıq fonda saqqallı, əlində həsa olan bir kişi silueti canlanırdı. Təbii ki, yenə də buna inanmaq istəmirdim. Bu, çox güman ki, kölgə-işıq effektinin nəticəsi idi...

Kilsədən çıxıb ordan təbii daşlar fabrikinə yön aldıq. Çox sevirəm təbii daşları.

İçəri girincə bir-birindən gözəl əl işləmələrindən ibarət qablar, müxtəlif bəzək və ev əşyaları, suvenirlər göz oxşayırdı. Aygül xanım alış-veriş üçün hər birimizə nömrə yazılmış iki kart vermişdi. Onlardan birini satıcıya verməli, digərini isə özümüzdə saxlamalıydıq. Sonra nömrələr oynanılacaqdı, uduşda isə təbii daşdan yonulmuş suvenir olmalı idi.

Fabrikin dükanını gəzdikdən sonra bir neçə boyunbağı alıb nömrəni uduş oynanılacaq qutuya atdım. Hədiyyə onların içindən təsadüfən götürülən nömrəyə veriləcəkdi.

Hamıdan sonda Aygül xanım avtobusa döndü. Yola çıxanda bu mehriban, gülərüz bələdçimiz əlindəki karta baxıb soruşdu: "21 rəqəmi kimdədir?". O bizim nömrəmiz idi. Aygül xanım mənim Müqəddəs Nikolasın məzarının yanında özüm üçün nə arzu etdiyimi bilmədən ağ oniks daşından yonulmuş kiçik fil balasını mənə uzadıb dedi: "Bu, xoşbəxt ailə simvoludur".

"Aydın Yol"

Tarix
2016.09.15 / 09:34
Müəllif
Feyziyyə Soltanmurad
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla