Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


43 il ərdə olmuşam, belə öpüş görməmişəm – Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər Nərimanov parkında dahi inqilabçı, yazıçı və həkim Nəriman Nərimanovun heykəli vardı.

İndi o heykəl yoxdur. Yerində gül-çiçək əkilib. Parkın dörd bir yanı kafe və çayxanalardan ət-ətədir.

Bu parkı şəhərimizin başqa parklarından fərqləndirən cəhətlərdən biri son 3-4 ildə burada bir-neçə dəfə əsaslı təmir-tikinti işlərinin aparılmasıdır. Bunun kifayət qədər maliyyə mənimsəməsinə səbəb olmasını deyənlər də az deyil. Lakin bu, başqa yazının mövzusu olduğuna görə üstündən keçirik. İndi isə fotomüxbirimiz Emin Nihillə haqqında bəhs etdiyim parkdakı müşahidələrimizi "Axar.az"ın dəyərli oxucuları ilə bölüşürük.

Mən qorxaq adamam, qardaşoğlu

Parkın girəcəyində yaşlı kişi qara rəngli, içərisində günəbaxan tumu olan torbasından iki ədəd siqaret qutusunu çıxarıb qapağını açır, səliqə ilə alçaq daş barının üstünə qoyur. Yaxınlaşıram. Söhbətə körpü salmaq üçün onda olmayan siqaretdən soruşuram. "Yoxdur,- deyir.- Mən iki qutunu gilə-gilə ancaq satıram". Eminə işarə edirəm ki, kişinin şəklini çəksin. "Neynirsən, a bala,- sonra da üzünü mənə tutur.- Sənə nə lazımdır?"

- Əsgər yoldaşıma oxşatdım, ona görə yaxınlaşdım.

Köhnə eynəyini üstündən təəccüblə sifətimə baxır:

- Dolamısan məni, mənim 76 yaşın var.

- Amma çox cavan qalıbsan.

Zarafatıma zarafatla cavab verir: - Düz deyirsən, hələ arvad evdə günümü bir az qara edib.

Söhbətimiz alınır. Kişi danışmağa başlayır.

- Adım Həmzədir. Özüm də yerazam. Pensiyadayam. 88-də gələnlərdənəm. Erməni ilə evimi dəyiş-düyüş etmişəm. Günə 6-7 manat da burdan qazanıram. Allaha min şükür".

Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı sualıma isə, "guya dediklərimi yaza biləcəksən? Mən qorxaq adamam, qardaşoğlu. Qoy tumumu satım",- deyir.

Gənclər mane olur

Parkda nəzərimizi körpələri uşaq arabalarında gəzdirən iki qadın cəlb edir. Yaxınlaşırıq. Söhbət edirik. Xanımlardan biri əslən Qubanın Çiçi kəndindən olan Ela, o biri isə Balaxanıda doğulub, ailəsi ilə Əhmədlidə yaşayan, Sevdadır. Hər ikisi dayədir. Elanın "uşağının" adı Gülçöhrədir: "Valideynləri çox alicənab insanlardır. Mənə 500 manat zəhmət haqqı, gündə də üç dəfə yeməyimi verirlər. Səhər saat 8-dən axşam 9-a qədər Gülçöhrə mənim balamdır. Sonra valideynlərinə təhvil verirəm. Bu uşağa o qədər bağlanmışam ki, elə bilirəm ki, onu özüm dünyaya gətirmişəm".

Sevda xanım da balaca Nurayının valideynlərindən razılıq edir: "Yaxşı insanlardır. Mənə də ürək qızdırırlar. Balalarına öz balam kimi baxıram, iş yeri kimi gəlib-getmirəm bura. Görməyəndə darıxıram. Yoldaşım da işləyir. Mən də dayə kimi bu uşağa baxıram. Səhərdən axşam saat 7-yə qədər uşaqla bir oluram". Sevda xanımın maaşı isə 350 manatdır.

Hələ belə öpüş görməmişəm

Yaxınlıqda iki yaşlı qadın oturub. Zinaida Petrovna və Sevil xanım. Sevil xanım deyir ki, gərək 5 dəqiqə tez gələydin. Burda bir oğlanla qız elə öpüşürdü ki, marçıltıları aləmi götürmüşdü. 43 il ərdə olmuşam, hələ belə öpüş görməmişəm. Deyir və gülür.

Zarafat edirəm:

- Paxıllığın tutdu?

- Yox, əşşi, Allah vurmuşdu onları. Qovduq burdan. Öpüşməyin də təhri var da. O gedələr o qızları almayacaq. Adam da arvadı edəcəyi qızı günün günorta çağı xalqxın içində basmarlayar? Gənclər istirahət etməyə mane olur.

Adım Marksdır - Markıs Ağayev

Bir qədər aralıda isə yaşlı kişilərin şıdırğı nərd oyunu gedir. Salam verirəm, "oyunçu aparsın",– deyirəm. Hazırcavab, qalstuklu kişi: "Narahat olma, onsuz da oyunu aparıram, bunun bütün "polyasını" tutmuşam, daşları da "plendir",- deyir.

Jurnalist olduğumuzu Eminin əlindəki foto-kameradan bilir. Tanış oluruq.

- Adım Marksdır. Markıs Ağayev. Karl Marksın şərəfinə məni belə adlandırıblar. Mənim bütün nəslim bolşevik olub. "Slujbada" olmuşam, indi "Otstavkadayam".

- Deyəsən hərbçi olmusuz.

- Hə, mayor kimi ordudan uzaqlaşmışam. Sovet vaxtı çox yerlərdə xidmətdə olmuşam. Yüksək təqaüd alıram. Özümə də, nəvələrimə də çatır. Qara gün üçün də tədarükümü görmüşəm.

Keçmiş hərbiçidən Milli Ordumuz haqda soruşuram.

- İndi, Zakir Həsənov gələndən sonra hər şey yaxşı olmalıdır. O, milli adamdır. Səfər Əbiyev şişmişdi, kitelinə sığmırdı. Dilimizi bilmirdi. Bu yox, "molades" buna, gələn kimi islahatlara başladı.

Mənə 7 not bəs eləmir

Kənardakı stolda isə bir nəfər dil boğaza qoymur. Nərd oynayanların başına xeyli adam toplaşıb. Danışqan oyunçu Eminin şəkil çəkdiyini görüb: - İcazəsiz olmaz. Məhkəməlikdir bu,- deyir. Bir soruşun da... Bəlkə "ÇRU"-nun agentisiz?

Ətrafdaklar gülüşür. "Məclis" onun məclisidir, hiss olunur ki, seyrçilər də bunun danışığına və oyununa diqqət kəsilib.

Sonra harda işlədiyimizlə maraqlanır. Mətbuatdan olduğumuzu bilən kimi, oyuna ara vermədən danışır:

- Mən məşhur kompozitor və gitaraçıyam. Etibar Qasımov, bəlkə də eşitməmisiz, başınız qarışıq olub, bilirəm.

Sonra da mobil telefonunu açıb bir çəkiliş göstərir:

- Bunu Zəncanda çəkiblər, İranın ən gözəl məkanında. Orda məni yaxşı başa düşürlər. Bax, burda gitaranı "ağladan" mənəm. Qalan çalğıçılar "mesnidir". Mən dahi sənətkaram, yiyəm yoxdur. Rəmiş, Mahmud, İdrak ortabab gitara çalandır. Mən musiqi bəstələyirəm. Məni heç kəs duymur. Mehriban xanıma müraciət etmişəm. O, yetim–yesirin anasıdır. Mənim və Azərbaycan musiqisinin nicatı yalnız onun verdiyi qərardan aşlı ola bilər.

- Musiqilərini nota köçürmüsən?

- Yox, mənə yeddi not çatmaz. Mən qəlblərə köçürürəm əsərlərimi...

Və... qədim peşə sahibləri

Sir-sifətindən hansı yuvanın quşu olduqları ilk baxışdan bəllidir. Gözləri ilə yaxınlıqdan keçən bütün kişiləri "qarşılayıb, yola salırlar". Diqqətlə üzünə baxıram. Göz vurur. Yaxınlaşıram. Salam vermədən, vaxtının az olduğunu, qərarımı tez verməyimi tələb edir. Mən isə onu sorğu-suala tuturam:

- Adın nədir?

- Adımı neynirsən, adımı heç kimə verə bilmərəm. Bəyənmirsənsə məni, gözlə, indi qızlar gələcək, birini seçərsən.

-Yox, mən elə bildim, sən burda iş üçün oturmusan, ona görə yaxınlaşdım.

- Elə işimdir də bu. Əvvəllər Keşlədə kafedə işləyirdim. Həm qab-qacaq yuyurdum, həmdə indi gördüyüm işi məcbur, özü də pulsuz gördürürdülər mənə. İndi Allaha şükür, qab-qacaq zad yumuram, bu işi də pulnan görürəm. Millətə xidmət etmək şərəfdir.

Həyasızcasına dişini ağardır və əlavə edir: - Get işinin-gücünün dalıyca, o şəkil çəkəninə də de, alıb təpəsinə çırparam "çırt-çırtını". Səni tanıdım, sənə qız-zad lazım deyil. Ac adama oxşamırsan.

- Nədən tanıdın?

- Gəlib-gedənə fikir verirəm. Kişiləri uzaqdan "rastomoşka" eləyirəm ki, kim kimdir. Bura təsadüfdən yad adam gəlir. Sənin o şəkilçəkənə göz vurmağından, işarə verməyindən gördüm ki, ev yıxansan, çörək verən deyilsən. "Duxlu" cayılsan, o gedəni görürsən, narkomandır, onun şəklini çək e, bizi hər gün döyüb pulumuzu əlimizdən alır.

Emin narkomanın şəklini çəkir.

Yerə əlavə 10 manat verəcəksən...

İki skamya kənarda otururam. Az keçmir sarışın saçlı bir xanım yaxınlaşır və etinasızcasına bir qədər aralı oturur. Çantasından dönər çıxarıb, mənə tərəf dönür, qonaq etmək istəyir. Təşəkkür edirəm.

"Tək çörək yeyəndə boğazımdan keçmir. Elə bilirəm, kimsə hardasa acdır",- deyir və səliqə ilə dönərdən qoparıb yeməyə başlayır. Kənara baxıram, o isə altdan-altdan məni müştəri gözü ilə süzür.

- Burda kimisə gözləyirsən? - soruşur.

Söhbətimizə beləcə körpü salınır. Sual verib, məni danışığa çəkən o olur.

Adının Çiçək, xalası oğlu olmuş ərinin rəfiqəsinə vurularaq onu iki uşaqla tək qoymasından danışır və axırda da deyir ki, bəs nə edim, durum onun yetimini nəynən saxlayım? Mənim müştəri olmadığımı bilənə qədər isə saatı 15 manata getdiyini, mənim isə sakit adama oxşadığıma görə 5 manat "skidka" edəcəyini deyir. Onu da əlavə edir ki, əgər yerim yoxdursa, yer üçün də əlavə olaraq 10 manat ödəməliyəm... Mənim isə heç də bu istəkdə olmadığımı bilən kimi, qəzəblə:

- Bəs burda niyə oturmusan, yer qəhətdi başına?- deyib hirslə ayağa durur.

Parkın girəcəyindəki ilk skamyada isə iki gənc qız və bir yaşlı rus qadını oturub. Qadın özünü Tatyana İvanovna kimi təqdim edir. Əlində qəzet var. "Havalar əl verəndə gəlib gəzirəm, mütaliə edirəm,- deyir.- Burda axşamlar pozğun qadınlar, narkoman kişilər olur. İndi hələ yaxşıdır".

Qızlar isə yaxınlıqdakı kollecin tələbələridir. Kollecdə kompüter öyrənirlər. Bura isə dərsin başlanmasına hələ xeyli qaldığına görə gəliblər: "Rahat oturmağa qoymurlar, gələn göz vurur, işarə edir, hırıldayırlar".

Qızlara məsləhət görürəm ki, burda yox, o tərəfdəki skamyalardan birində otursunlar: "Onda istirahətinizə heç kəs mane olmaz". Qızlar məsələnin nə yerdə olduğunu anlayıb, "aaaa", deyərək cəld ayağa dururlar.

"Bəli, burdakı ilk üç skamyada əsasən qədim peşə sahibləri oturur. Həmişə yox, günün müəyyən vaxtlarında, kişilərin yaddaşında isə bu yer bütün vaxtlarda belə qalıb",- Tatyana İvanovna belə deyir...

Tarix
2013.11.13 / 18:02
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla