Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2018


Can verən Bakı kinoteatrları... - Fotoreportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmirə bağlanan kinoteatrların nə zaman insanların üzünə açılacağı məlum deyil...

Vaxtilə kassaların qarşısı tamaşaçılarla dolu olardı. İndi isə paytaxtda fəaliyyət göstərən kinoteatrların bəzisi sökülüb, bəziləri isə kinoteatrlardan daha çox çayxana, internet-klub, mebel salonu kimi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə mövcud problemin aradan qaldırılacağını desə də, hələlik, ortalıqda real işlər yoxdur. Məlum olduğu kimi, 2006-cı ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə kinoteatrlar özəlləşməyə verildikdən sonra onların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxaraq sahibkarlar tərəfindən özəlləşdirildi. Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə etməyə başlayıblar. Bu sahədə kiçik araşdırma apararkən məlum oldu ki, mövcud kinoteatrların vəziyyəti olduqca acınacaqlıdır.

Bu istiqamətdə ilk baş çəkdiyimiz Nəriman Nərimanov metro-stansiyasının yaxınlığında yerləşən "Nərimanov" kinoteatrı oldu. Ancaq adıçəkilən ünvanı tapa bilsək də, əvvəllər tamaşaçı selinə qərq olan kinoteatr binasını tapa bilmədik. Belə ki, adıçəkilən kinoteatrın yerləşdiyi ərazi dəmir hasarlarla əhatə olunub. Sovet hakimiyyəti illərində tikilən və çoxsaylı tamaşaçıları ilə hər zaman diqqət mərkəzində olan bu möhtəşəm sənət ocağının binası tamamilə sökülərək yerində hansısa ticarət obyekti tikilir. Bu barədə suallarımızı cavablandıran sakinlərin sözlərinə görə, kinoteatrı söküləndə elə biliblər ki, təmir olunacaq: "Kinoteatr 2012-ci ilin axırlarından etibarən öz fəaliyyətini dayandırıb. Bundan sonra kinoteatrın ətrafını hasara aldılar. Biz də elə bildik ki, kinoteatrı təmir edəcəklər. Ancaq bir müddətdən sonra bina tamamilə söküldü. İndi də gördüyünüz kimi, yerində hansısa sahibkar ticarət obyekti tikdirir".

Növbəti üz tutduğumuz məkan isə şəhərin mərkəzində yerləşən "Azərbaycan" kinoteatrı oldu. "Nərimanov" kinoteatrından fərqli olaraq "Azərbaycan" kinoteatrının binasını yerində tapa bildik. Amma adıçəkilən kinoteatrda da qapıları deyəsən birdəfəlik olaraq tamaşaçıların üzünə bağlanıb. Kinoteatrın bağlı qapıları qarşısında bizi qarşılayan mühafizə xidmətinin əməkdaşı kinoteatrın təmirə bağlandığını bildirdi və bu səbəbdən də kinoteatrın interyerində çəkiliş aparmağımıza imkan vermədi:

"Kinoteatr təmirə bağlanıb. Rəhbərliyin icazəsi olmadan da çəkilişə icazə verə bilmərik".

Amma məsələ heç də göründüyü kimi sadə deyil. Belə ki, artıq iki ildən artıqdır təmirə bağlandığı deyilən kinoteatrda bu müddət ərzində heç bir təmir işləri aparılmayıb. Bu, azmış kimi kinoteatrın bir hissəsi də ticarət obyekti kimi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı adıçəkilən kinoteatrda elə kinoteatrı xatırladacaq heç bir işarə yoxdur. Belə ki, kinoteatrın yuxarısında "Azercell"in, şüşələrlə əhatə olunmuş hissədə isə "Kapital bank"ın loqosunu görmək mümkündür. Bütün bunlar isə onu göstərir ki, yaxın gələcəkdə "Azərbaycan" kinoteatrının da aqibəti "Nərimanov" kinoteatrı kimi olacaq...

"Bakı" kinoteatrının vəziyyəti isə daha dramatikdir. Belə ki, ciddi təmirə ehtiyacı olan binada kinoteatr fəaliyyət göstərsə də, işçilər tamaşaçı azlığından şikayətləndilər. Bu barədə bizimlə söhbət edən kinoteatrın işçisi Adəm Şəbiyev bildirdi ki, hazırda adıçəkilən kinoteatr öz çətin dövrünü yaşayır. Yaxın vaxtlarda dövlət dəstəyi olmazsa, kinoteatrın bağlanma ehtimalı var:

"Hazırda "Bakı" kinoteatrında vəziyyət olduqca çətindir. Gün ərzində hər seansda 5-6 tamaşaçıdan artıq tamaşaçı görmək olmur. Bu da kinoteatrın maddi durumunu olduqca çətin vəziyyətə salıb. Yaxın vaxtlarda dövlət dəstəyi olmasa, kinoteatr öz fəaliyyətini dayandıracaq. Çünki gün ərzində 10-15 bilet satmaqla nə kinoteatrın maddi-texniki bazasını yaxşılaşdırmaq olar, nə də işçilərə normal əmək haqqı vermək".

Həmsöhbətimizin sözlərinə görə, kinoteatrda hökm sürən tamaşaçı qıtlığının kökündə binanın qəzalı vəziyyətdə olması dayanır:

"Kinoteatrın binası gördüyünüz kimi qəzalı vəziyyətdədir. Belə binada hansısa filmə baxmaq da təbii ki, insanlar üçün maraqsız olur. Ona görə də insanlar kinoteatrdan üz döndəriblər. Bu gün "Bakı" kinoteatrının ciddi təmirə ehtiyacı var. Buna görə də biz dövlətdən, Mədəniyyət və Turizm Nazirliyindən kömək gözləyirik. Əgər yaxın vaxtlarda dövlət dəstəyi olmasa "Bakı" kinoteatrı da digər kinoteatrlar kimi tarixin arxivinə gedəcək".

Hazırda kinoteatrda nümayiş olunan filmlərə gəlincə isə, Adəm Şəbiyev daha çox Türkiyə istehsalı olan filmlərə üz tutduqlarını bildirdi:

"Bizdə əsasən türk filmləri nümayiş olunur. Xarici filmləri almağa və dublyaj etdirməyə maddi imkanımız çatmır. Ona görə də türk filmlərinin diskini mağazalardan alıb nümayiş etdiririk. Büdcəsi olmayan kinoteatr film ala bilər? Biz yalnız öz gücümüzə ayaq üstə durmuşuq. "Bakı" kinoteatrı can verir, qardaş"!

Ümumiyyətlə, Sovet hakimiyyəti dağılandan sonra kinoteatrlarımız köhnə su dəyirmanlarını xatırladır. Hər zaman səs-küyü ilə fərqlənən kino zallarımız indi sükut içində öz tamaşaçılarının yolunu gözləyirlər.

Bakı kinoteatrları arasında nisbətən yaxşı vəziyyət şəhərin mərkəzində yerləşən "Nizami" kinoteatrındadır. Adıçəkilən mərkəzin işçiləri də burada tamaşaçı qıtlığından əziyyət çəkmədiklərini söylədilər. Kassaların qarşısında yaranan növbələr də bunu deməyə əsas verir. Elə ona görə də burada qiymətlər "Bakı" kinoteatrı ilə müqayisədə bir qədər bahadır. Məsələn, "Nizami" kino mərkəzində bir biletin qiyməti gündüz seansı üçün 4 manat, gecə üçün isə 6-7 manat təşkil edir. Filmlərə gəldikdə isə "Nizami" kino mərkəzində də əsasən türk filmləri nümayiş etdirilir. Ancaq bununla yanaşı ara-sıra xarici filmlər də nümayiş etdirilir. Xarici filmlər isə əsasən rus dilində nümayiş etdirilir ki, bu da öz növbəsində Azərbaycan vətəndaşını, xüsusən də yetişməkdə olan gənc nəsli ana dilimizdən uzaqlaşdırır. Bu, həmçinin mövcud qanunvericiliyə də ziddir. Ölkədə fəaliyyət göstərən telekanallarda hətta türk filmləri tərcümə edilərək verilirsə, nədən kinoteatrlar bu qaydalara əməl etməsin?

Kinoteatrlarda apardığımız araşdırmanın məntiqi sonluğu olaraq paytaxt sakinlərinə üz tutub onların bu mədəniyyət ocaqlarından üz döndərmələrinin səbəbini öyrənməyə çalışdıq. Bu barədə suallarımızı cavablandıran paytaxt sakini 58 yaşlı Əli Həbibov sonuncu dəfə 90-cı illərdə kinoteatrda olduğunu söylədi:

"Axırıncı dəfə 90-cı illərdə kinoteatrda olmuşam. Dəqiq yadımda deyil, amma səhv etmirəmsə, "Nəsimi" filmi nümayiş etdirilirdi. O vaxtdan sonra da kinoteatrlara getmirəm".

Digər şəhər sakinlərinin də böyük əksəriyyəti uzun illərdir kinoteatrlara getmədiklərini söylədilər. Səbəb isə bu göstərilirdi ki, kinoteatrların texniki vəziyyəti şəhər sakinlərini qane etmir. Bəziləri isə kinoteatrlarda maraqlı filmlərin nümayiş etdirilməməsini əsas gətirərək kinoteatrlardan üz döndərdiklərini söylədilər. Kino mütəxəssisləri isə kinoteatrların ağır durumunun səbəbini telekanalların çoxluğu və internetin həyatımıza geniş şəkildə daxil olması ilə əlaqələndirirlər. Ancaq bu da bir faktdır ki, inkişaf etmiş Qərb ölkələrində, xüsusən də ABŞ-da insanlar kinoteatrlara, teatrlara böyük maraq göstərirlər. Çünki kinoteatra getmək sadəcə, bir film izləməklə sonuclanmır, bu, həm də bir mədəniyyət göstəricisidir.

Tarix
2014.06.07 / 19:56
Müəllif
Hikmət Kərimoğlu
Şərhlər
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla