Yuxarı

Sovet qırıcısını Türkiyəyə qaçıran azərbaycanlı – Müsahibə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1964-cü ildə Sovet İttifaqı üçün o dövrdə sensasiya sayıla biləcək dəhşətli bir hadisə baş verir: Sovet qırıcısının pilotu hərbi təyyarə ilə birlikdə Türkiyəyə qaçır və orada siyasi sığınacaq alır.

1961-ci il böhranından kifayət qədər uğurlu çıxan və hegemonluğunu bir daha sübut edən, hərbi-iqtisadi-siyasi gücü ilə dünyaya meydan oxuyan Sovet İttifaqında bu cəsarəti kim göstərə bilərdi? Dünyanı bir KQB kabusu dolaşdığı məqamda bu addımı atan şəxs Sovet xəfiyyəsinin əlindən qurtula biləcəyini necə düşünə bilərdi?

Bu, o illər idi ki, Sovet kəşfiyyatı ABŞ-ın özündə əməliyyatlar keçirirdi: Con Kennedi olayından tutmuş ABŞ aliminin bir gecəyə oğurlanıb-qaytarılması və ixtirasının ələ keçirilməsinə qədər elə bir mif dolaşırdı ki, KQB-ni dünyanın ən mükəmməl kəşfiyyatı imicinə yüksəltmişdi.

Yalnız bir düşüncə yardım edə bilərdi. 1964-cü ildə Sovet İttifaqında Xruşşov loyallığı hələ tamamilə çəkilməmişdi və "Brejnev buntu" dəmir çətiri daha da qalınlaşdırmamışdı. Bütün bunların KQB casuslarının dünyanı saran fəaliyyətinə aidiyyəti olmasa da, ölkədən qaçıb da salamat yaşamağa kiçicik bir stimul verə bilərdi.

Hər nədirsə, əksəriyyətimizin əsl ad-soyadını və hansı zərurətin onu rəsmi Ankaraya sığınmağa məcbur etdiyini bilmədiyimiz, Türkiyədə "Mehmet Altunbay" kimi tanınan soydaşımızın izinə düşürük. Sırf təsadüfən Bakıya gəlmiş Türkiyənin tanınmış iş adamlarından Necati Keserdən dostlar vasitəsilə xəbər tuturuq ki: Mehmet Altunbay adlı belə bir azərbaycanlı varmış və Necati bəy onunla birgə işləyibmiş.

Əslində, Necati bəy onun haqqında daha çox məlumat öyrənmək üçün Azərbaycanda Mehmet bəyin taleyi ilə maraqlanıb. Amma burda məlum olub ki, Bakıda onun haqqında ümumiyyətlə bilgi yoxdur.

Sovet sistemi bu hadisəni elə yat-yut edib ki, təyyarənin qaçırılması da Mehmet Altunbayın varlığı kimi ilğıma çevrilib.

Əlbəttə ki, belə olmalıydı: kimsənin ağlının ucundan belə keçə bilməzdi ki, Sovet qırıcısını oğurlamaq, qaçırtmaq və bir NATO ölkəsinə sığınmaq, hətta sağ-salamat, ömrünü sonacan yaşamaq olar.

İlk ip ucu kimi vaxtilə "abi" deyib yanında işlədiyi Mehmet Altunbay kimi tanınan azərbaycanlının vətəninə indi iş adamı kimi sərmayə qoymağa gələn Necati bəyi aradıq.

AZƏRBAYCANI AYRI TUTMAQ OLMAZ

Beləliklə, Necati bəylə Bakıdakı böyük və yaraşıqlı "Kessa" mebel evində görüşdük. Bizi səmimi qarşıladı. Əl tutduq:

- Bakıya xoş gəlmisiz, - dedik.

Gülümsər çöhrəsində doğmalıq yuvalamışdı:

- Xoş bulduq, - dedi, əlimizi sıxdı.

Söhbətə girişməzdən öncə cavabı məlum olan sualları da verməkdən yan keçmədim:

- Azərbaycan sizin üçün Türkiyə kimi doğmadırmı?

- Yüz faiz, heç ayırmaq olurmu?

- İstanbuldamı olursunuz?

- Xeyr. Ankarada.

O BİZİM ATAMIZ KİMİ İDİ

Qısa gəzişmədən, tanışlıqdan sonra məqsədimizin nə olduğunu açıqlamağın vaxtı çatır:

- Mehmet bəyi necə xatırlayırsız?

- 50 il öncənin söhbətini eləyirəm. O, mənim müdirim idi. 14-15 yaşlarım vardı, onun sexində şəyird kimi çalışırdım. İki il sonra usta oldum. Məhmət abini oradan tanıdım. Onu bir də çox sonralar - 1985-1986-cı illərdə gördüm. 1987-ci ildə vəfat etdiyini eşitdim. Çox üzüldüm. "Necə xatırlayırsız", - deyə soruşdunuz. Məhmət abini sizə necə təsvir edim?! O zamanlar uşaq idik. O, bizim atamız kimi idi. Yanında hər şeyi danışa bilmirdik. Amma zaman ötdükcə məni çox istəməyə başladı. Elə çox istədiyi üçün də arada mənimlə söhbət edərdi. Bizim çalışdıgımız atelyenin dəftərxanası vardı. Məhmət abi gəlib o dəftərxanada oturardı. Onun atelyesi Etemizkurtdaydı.

UZUN-UZADI FİKİRLƏŞƏN QƏRİB

- Nə sexi – atelyesi idi elə? Məhmət bəy nə işlə məşğul olurdu ki?

- O qədər də böyük olmayan bir sex idi. Hərbi hissələrə, əsgərlərin yataqxanalarına sobalar düzəldilirdi. O da Etemizkurtda idi və bu onun öz sexi deyildi. Lal və karlara kömək etmək üçün onların sexini icarəyə gotürmüşdü. Həm onlar istifadə etsin, həm də hazırlanan sobaları ordumuza çox ucuz verirdik. Etemizkurtla Ankaranın arası 20 km idi. O zaman gediş-gəliş də asan deyildi, marşrut, avtobus yox idi. Gündə 4 dəfə qatar gedərdi. Məhmət abi o trenlə gəlib dəftərxanasında oturar, pəncərədən uzaq meşəliyə baxaraq uzun-uzun, qərib-qərib düşünərdi. Bəzən mən saata fikir verərdim. Bu qədər eyni yerə baxıb da fikirləşmək mümkündürmü, - fikirləşərdim...

HAQQINDA EDAM QƏRARI

- Necə bir insan idi? Başqalarından nə ilə fərqlənirdi?

- Məhmət abi, Allah rəhmət eləsin, film aktyoru kimi çox yaraşıqlı bir adam idi. Çox mədəniydi. Həmişə ona həsəd aparırdım. Mənə elə maraqlı gəlirdi ki, axı bu adam kimdir? Türkcəsi pis idi. Danışıqda hiss olunurdu. Sonra öyrəndik ki, hərbi məktəbdə komandir imiş. Rus rejimi türk vətəndaşının hərbi məktəbdə komandanlıq etməyini istəməmişdi. Dediyinə görə, 1964-cü ildə haqqında edam qərarı da çıxarılmışdı. Ondan sonra Türkiyəyə qaçmışdı.

"501 NÖMRƏLİ HÜCRƏ"

- Ailəsi vardımı Azərbaycanda?

- Azərbaycanda ailəsi olduğunu bilirdik. Amma neçə uşağı olduğundan xəbərsizdik. Gündəliyinə Azərbaycanla bağlı xatirələrini yazırdı. Bir dəfə iş otağına girdim. Ağ kağızda yazdıqlarını gördükdən sonra azərbaycanlı olduğunu bildim. O vaxta qədər heç bilmirdim ki, yer üzündə belə bir məmləkət var.

Sonra yazdıqları xatirələri toplandı. Onun haqda film çəkmək istədilər. Özü bunu istəyirdi. Parası filmin çəkilişinə yetərli olmadığından bizim əsgərlər para toplayıb filmi başa çatdırdılar. Flimdə 20-25 nəfər dövlət aktyoru çəkildi. "501 numarali hücrə" filmi idi bu. Filmin 200-cü saniyəsində mən də varam. Məhmət abi çox istədiyi üçün mənə də rol verdi. İndiyə qədər bir dəfə də olsun izləyə bilməmişəm o filmi. Təsadüfən iki gün əvvəl oğlunu İsveçrədə tapdım.

- Oğlunun adı nədir?

- Oqtay.

- Soyadı Altunbay gedir?

- Hə.

AZƏRİ SOYADINI BİLMƏDİM

- Necati bəy, siz Məhmət bəyi görüb tanıdığınız zaman soyadını Altunbay kimi təqdim etdi? Yoxsa Azərbaycan türkcəsində soyadı başqa idi?

- Mən onun Azərbaycan soyadını heç vaxt bilmədim. Elə Altunbay kimi tanıdım onu.

- O öz idarə etdiyi təyyarəsi ilə uçub gəlmişdi Türkiyəyə?

- Mənim bildiyimə görə, hə.

- O zamanın 14-15 yaşlı uşaq olaraq könlünüzdən hər hansı bir istək keçirdimi ki, macəralarından bəhs etsin sizə?

- Əlini öpərdim. Evinə gedərdim. 14-15 yaşında buyurduğu işlərinin ardıyca qaçardım. Mənə etibar edərdi. 15 yaşımda o sexin usta başçısı oldum. Çox sevdiyi üçün hər şeyi mənə əmanət etmişdi, məndən böyük işçilər mənim tabeliyimdə idi.

MƏNİ GÖRƏNDƏ SEVİNDİ

- Bəs, uzun illər necə oldu ki, bir-birinizdən ayrı düşdünüz?

- Mən Məhmət abi ilə fasiləsiz işləyə bilmirdim. Orduya soba lazım olduğu zaman sifariş verilirdi. İş bitdikdən sonra da gözləyirdik ki, yenidən iş verilsin, işləyək. Ona görə mən başqa işə, mebel işinə getdim. Sonra əsgər oldum. Əsgərlikdən gəldikdən sonra Məhmət abini tapa bilmədim. O da həmin işlərdən vaz keçmiş, başqa işlərlə məşğul olmağa başlamışdı. Sonra 1985-ci ildə bir ortağımın sayəsində yenidən görüşdük. Mənim böyüdüyümü görəndə çox sevindi.

O FİLMİ "OYNADA" BİLMƏDİ

- Belə hiss etdim ki, o zaman onun işləri yaxşı getməyib.

- Bəli, o filmə görə ziyana düşdü. Filmi sata bilmədi, nümayişi az oldu.

- Bütün varını filmə qoymuşdu?

- Bəli, Azərbaycanı tanıtmaq üçün bütün imkanlarıni filmə yatırdı. Filmdə rusların Azərbaycanda elədiyi zülmlər göstərilirdi.

- Bəs rusların Ankarada səfirliyi? O özünə qarşı hər hansı bir basqı hiss edirdimi? Yaxud siz onun hansısa təhlükədən ehtiyatlandığını hiss edirdinizmi?

- Vallah, o vaxtlar mən uşaq idim, heç nə hiss eləmirdim. Amma indi siz bu sualı verdikdən sonra gözümün qabağına gətirirəm ki, Məhmət abi həmişə həyəcanlı idi, nədənsə ehtiyatlanır, narahat olurdu. Yeriyəndə, danışanda, yanına tanımadığı kimsə gələndə dəyişirdi. İndi siz deyəndə yadıma düşdü onun o hərəkətləri. Amma o zaman biz uşaq olduğumuz üçün bilmirdik. Bəli, çox güman ki, Sovet kəşfiyyatı onu güdürdü...

(ardı var)

Tarix
2014.06.09 / 11:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla