Yuxarı

Yazma, nəslimi yer üzündən silər – Zərdabdan reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarın "dörd yol"undan Zərdab rayonuna qədər 15-20 km yolu ən tezi 1 saata getmək olar. Yolun üstündə yerləşən kəndlər Allahın unutduğu yerlərdir elə bil.

Bu yol və yol kənarı kəndlər rayon rəhbərliyinin yadına düşmür, deyəsən. Sovetlərdən qalma asfalt döşənmiş yollar tamam dağılıb. Örüşdən qayıdan mal-qara yolu saymazyana halda o tərəf-bu tərəfə keçir. Yol boyu şoran torpaqlarda özünü rahat hiss edən yulğun ağacları sıralanıb. Ara-sıra əbrəşim, küknar və meyvə ağaclarına da təsadüf olunur. Kənd evlərinin həyətyanı sahələri isə meyvə ağacları, səliqəli əkilmiş gül kolları ilə bu yeknəsəqlikdə bir cənnət misalıdır. Mənə bu yeknəsəqliyin özündən maraqlı bir mənzərə açılırdı.

Xələc kəndinin girəcəyində bir neçə ağsaqqal dayanıb. Yolu tanımırmış kimi maşını saxlayıram. Qərib adama hörmət və ehtiram burda da yüksəkdir. "Düz gedirsən, narahat olma, bu yol səni Zərdaba çıxaracaq,- qonaqpərvərlik göstərirlər,- düş, qonağımız ol, çayımızdan iç, çörəyimizdən kəs".

Təşəkkür edirəm və maşından düşüb, siqaret yandırıram. Bir neçə dəqiqəyə ətrafdakı adamlar da yaxın gəlir. Məsləhət görürlər ki, ehtiyatlı sürüm, mal heyvanın qayıdan vaxtıdır. Yollar da ki, gördüyüm kimi, çala-çuxur. Yarımsaatlıq söhbətimiz zamanı jurnalist olduğumu bilirlər. İşsizlikdən, qarşılaşdıqları haqsızlıqdan, dolanışığn çətin olmasından, cavanların Rusiyaya gedib orda hamballıq etməsindən bəhs edirlər. -Bunlardan yaz e, gəlib yalandan başçı ilə görüşüb getməyin,- əlindəki ağaca söykənən ağsaqqal deyir bunu.

- Yazaram, - deyirəm və əlavə edirəm ki, Zərdaba qonaq gedirəm, başçı ilə görüşməyə yox.

Xudahafizləşirik. Zərdabın "dörd yol"unda taksi şoferindən Yarməmmədbağı kəndinə necə gedəcəyimi soruşuram. Mənim maşınla olduğumu görsə də:

- 5 manat ver, aparım, - deyir.

Aralanıram və illər öncə bir neçə dəfə getdiyim yolu yadıma salıram.

Qəbiristanlığa araq qoymuşam

Köhnə dostum İsmayıl məni Lələağacı kəndinə burulan yolda gözləyir. Bu kəndin içindən keçib Yarməmmədbağına gedəcəyik. 20 ildən çoxdur ki, görüşmürük.

- Qəbiristanlığa araq qoymuşam, gedək içək onu, deyir və ötənləri yada salır. Neçə il qabaq yolun kənarındakı qəbiristanlığın kənarındakı ağaclıqda yeyib-içməyimizi yada salır.

Böyük oğlum özümə oxşamadı, namaz qılan oldu

- Oğlumun biri nənəsinin yanındadı. Kiçiyimdi o. Adı Sənan olsa da, kənddə hamı ona "quldur" deyir. Quldurluğu-zadı yoxdu, "prosto" nənəsigilin mal heyvanını qadağan olunan yerlərdə otarır, ələ keçmir, ona görə bu adı veriblər. Böyüyüm Amir isə heç özümə oxşamadı, mollalıq edir, namaz qılır. Ortancılım Kənandır. Evimin dirəyidir. O, başqa oğuldur. 6-cı sinifdən qoşuldu dayılarına getdi Saratova. İndi vəziyyəti pisdir. Orda da hər şey qəlizləşib, demişəm, yığışıb gələcək. Gör Bakıda ona bir iş düzüb qoşa bilərsən?

Bunlar gecədən keçmiş, qonaq–qara dağılışandan sonra İsmayılla dərdləşdiklərimizdən yadımda qalanıdır.

Yarməmmədbağı kəndində Nəsimi adına tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən İsmayılla məktəbə gəlirik. Bazar günü olduğu üçün məktəbdə heç kəs yoxdur. Kəndin üç şəhidi var. Məktəbin qarşısında mərmər lövhədə onların xatirələri əbədiləşdirilib. Elə sinif otaqlarında da şəhidlərin şəkilləri, onların qısa, lakin mənalı həyat yolları haqda məlumat var.

Bir azdan məktəbin direktoru Kamal müəllim də gəlir. Tanış oluruq. Məktəbin məzunları haqda ürək dolusu danışır:

"600 baldan çox toplayanlarımız var. Heç bir repetitor yanına getməyiblər. Öz müəllimlərimizin dərslərində oturmaqla yüksək nailiyyət əldə ediblər".

Məktəbdə qışa hazırlıq işləri başa çatıb. Sinif otaqlarını qızdırmaq üçün sobalar qoyulub. Həyətdə isə doğranmış odunlar var.

Arxalı köpək qurd basar

Kənd sakini Əli Süleymanov başına gələn qəribə olaydan bəhs edir:

- Eşitdim jurnalist gəlib, ona görə gəldim. Qardaş, zibilə düşmüşəm. Poçtun müdirinin şoferi oğlumun idarə etdiyi "Opel" markalı şəxsi maşınımı arxadan vurub. Sığortası var. Amma sənədlərini vermir ki, sığorta maşını təmir eləsin. Deyir, müdirim qoymur. Müstəntiqin yanına getdik. Hadisə vaxtı gəlib ölçüb-biçmişdi. Bizə kömək etmək əvəzinə dağdan-dərədən danışdı. Görünür, umacağı var, deyə bilmərəm, açıq danışmadı. Nə isə hadisənin necə baş verməsi haqda fakt tərtib edib, amma vermir. Deyir, gərək 10 dəqiqə tez keçəydin ordan, o da səni vurmayaydı. Sözə bax e, bunu müstəntiq deyir. Rəisin yanında olduq, yaxşı adamdır. Rəis onu çağırıb, danladı ki, insanlarla bu cür rəftar etməzlər. Verdi "zadnıya". Amma poçtun müdiri şoferinə deyib ki, sığortanın sənədlərini vermə, ilin axırıdır, birdən yenə qıza elədin. Heç sözdü bu? Dərəbəylikdir vallah... Arxalı köpək qurd basar burda deyiblər...

Təhməz dayının Nəbatat bağı

Təhməz dayı Ucarın Pərvanlı kəndindəndir.

- 40 ildən çoxdur ki, Kürdən rayona su vururam. İndi bir az aralıda təzə motorxana tikilib. Qardaşım oğlu işləyir orda. O da mənimlə yola getmir. Elə bilir ki, burdan milyonlar qazanıram, ona vermirəm.

- Gözəl bağ-bağat salmısız...

- Düz 40 ildir buranın nazıynan oynayıram. Bura sərəncam da almışam. SSRİ-nin hər yerindən əlimə düşən ağacı gətirib əkmişəm bura. Əvvəllər boş vaxtlarımı öldürmək istəyi idi. Amma indi elə bilirəm ki, bunlarsız yaşaya bilmərəm.

- Təxminən neçə növ ağacın var?

- Azərbaycanda olan ağacların bəlkə də 90 faizi burda var. Bizdə olmayan ağacları da Rusiyadan, Ukraynadan alıb, gətirib əkmişəm. Palmadı, yapon əzgilidi, banandı, yapon iydəsidi... nə bilim çox ağac var. Cavanlıqdan kurorta gedərdim. Həmişə gələndə ancaq ağac tingi gətirərdim. İki hektar ərazidi.

- Eşitmişəm ki, sizə dəfələrlə müraciət eləyiblər buranı satasan.

- Satmaq deyəndə, ay oğul, satmaram, amma mənə yaşayış üçün bir otaqlı ev versələr, verərdim.

Verim buldozerin ağzına, yerlə yeksan edim buraları...

- Demək siz bu boyda cah-calalı, 40 ilin əzab-əziyyətini, bu qədər ağacı, var dövləti bir otaqlı mənzilə dəyişməyə hazırsız?

- Hə, vallah, bu saat çıxıb gedərəm. Bala, almaq istəyənlər var, amma mən də heç satmıram axı, bayaq bir söz idi dedim. Mənə imkan vermirlər də burda rahatçılıq tapam. Hazır eləmişəm tək başına. Milyonlar xərcləyirlər, park salırlar, gör bu gözəlliyi ala bilirlər? Yığıblar boğaza, hərdən fikirləşirəm, verim buldozerin ağzına, yerlə yeksan edim buraları...

- Bəs sonra ürəyiniz ağrımaz?

- Yox ağrıyıb eləməz. Çünki bizim millətə lazım deyil belə şey, oğul. Bura, bax, bilmirəm nətəhər deyim, baş ağrısı olmasın. Agcəbədidən, Ucardan, Göyçaydan o qədər vəzifə, pul sahibi olanlar gəlir ki... İnan, hər yay qonağı olan götürüb gəlir bura. Təmənnasız xidmətlərində dururam. Çıxarıb 3-dən 5 dən verənlər də olur, verməyənlər də. Özləri ilə gətirirlər azuqələrini, yeyib içirlər. Çaylarını qoyuram, manqalların yandırıram.

Bura elə sanatoriyadır, qal burda

- Özüm də ki, xəstə adamam. Həmişə sanatoriyaya gedərdim. Ucardan həkimim vardı, Şahin həkim. Nevropotoloq idi. Bura gəlmişdi. Dedi, kişi, sənin sanatoriyaya ehtiyacın yoxdur. Bura elə sanatoriyadır, qal burda. Bir otaqlı kümə də tikmişəm. Gecəm–gündüzüm burda keçir. Amma həmin həkim, Allah rəhmət eləsin, özü öldü. 15-16 ay onun xəstəsi oldum. Bu qiblə haqqı, oğul, bizim aramızda pul söhbəti olmadı. Rəhmətlik pul tamahkarı da deyildi. Ölümünə üç gün qalmışdı gəldi. Dedi, sənlə vidalaşmağa gəlmişəm. Üç gündən sonra mən gedirəm, dedi, elə getdi də. Rəhmətlik qonağı olanda bura gətirirdi.

Bir avara oğlum var

- Bax, bu ağacları, palmaları, bananları gətirib əkibsən, qulluğunda durubsan, bunları pulla alıbsan, ya hədiyyə ediblər?

- Pulla almışam. Kim mənim kimi səfehdir ki, pulsuz paylasın? Srağa gün bir qadın gəlmişdi bura, jurnalist idi. Bir az söhbət elədik. On dənə palma ağacını çıxardıb verdim ki, apar həyətində ək. Dedim, məndən sənə hədiyyə. İşçilər gətirirəm, ağacları budayır, əhəngləyir. Quran haqqı, pensiyamı onlara verirəm elə. Mənə nə lazımdı axı, bu gün varam, sabah yoxam. Bezmişəm. Başçı da bu yandan rahatlıq vermir. Bax, Allaha and olsun ordan, o əkin yerindən darvazaya qədər ağacları verdim ona. Bəlkə 100 kub material olardı, iri-iri ağacları kəsdirdi apardı. Bir avara oğlum var. Gəlib baxmaz, sahib çıxmaz bunlara. Hərə bir cür bədbəxtdi, mən də belə bədbəxtəm.

Yazma, nəslimi götüzdürər yer üzündən...

- Bu ağacı görürsən, hələ indiyə qədər görməmişəm ki, gül-zad açsın. Xırda meyvələri olur, özü də təzyiqin dərmanıdı. Bax, bu isə bambuk ağacıdı. Ən qiymətli ağacdı da bu, yəqin bilirsən. Yüz əllidən çox qoz ağacım var.

Bu yaxınlarda od vurub yandırdılar narlığı. Yalan olmasın, iyirmi ton nar yandı.

Fikrə gedir. Ağır-ağır dillənir:

- Eh nə bilim e qoymurlar da, imkan vermirlər. Həyatdı da. Goruma aparmayacam ha. Bizimdi də. Başçı qonağı olan kimi bura göndərir. Özü də dəfələrlə gəlib. İstirahət edib gedib. Bir də gördün mindi paroxoduna, bir dənə də aşıq var, oxutdura-oxutdura gəldi... Eh, ay oğul, elə şeylər var, danışacam, amma onları yazma, nəslimi götüzdürər yer üzündən...

Mən qulaq asdım, amma yazmadım. Düşündüm ki, bu əməllərin sahibi yazıq kişini yerindən-yurdundan edə bilər...

Qarabağı necə alıblar

"Pasportstol vardı, mayor idi, gəldi, qardaşın otuzdurdu burda, məni də burunlayıb qovmaq istədi. 40 il əziyyət çəkmişəm, tutub əlimdən alırdılar. Getdim prokurorun yanına. Dedi, kişi, nədi dərdin, dedim yoldaş prokuror, sən çörək verən kişisən, dostun, qonağın olub gəlibsən, erkək kəsibsən, bir budunu yeyibsiz, qalanı qalıb mənə, balalarımı yedizdirmişəm, yetimə, əlsiz-ayaqsıza vermişəm artığını. Hamı dua edib sənə. Həyatımı vermişəm bu bağa, 10 mindən çox ağac bir o qədər gül-çiçək əkmişəm. Banan Afrikada elə bitmir, mən bu cür ovcumun içində böyütmüşəm o ağacları. İndi bəs pasportstol əlimdən alır oranı. Prokuror dedi iki, yəni sən o qədərdi ordasan, onu sənin əlindən ala bilərlər? Dedim, ay prokuror, bəs Qarabağı necə aldılar, bizimkilər o torpaq yaranandan orda yaşamayıb?

Papiros çıxartdı. Çəkdi. İnan papirosu elə sümürdü ki, ovurdu yapışdı bir-birinə. Dedi, get, kişi, səni bir qurumsaq, nə qədər ki mən burdayam, tərpədə bilməz. O, prokuror qarabağlı imiş, sonradan bildim. Balaca göl də düzəltmişəm. 60 sot ərazidir. Balıqlarını kənd adamlarına paylayıram. Neynirəm e, dolanışığım var, dostlar qazanmışam. Sənə nə qədər ağac lazım olsa, qələm eləyim, verim, apar. Utanma.

Qələm alveri

Mən isə bir yandan yazacağımı yazını, o biri yandan isə Zərdab Miçurininin mənə bağışlayacağı qələmləri Bakıda neçəyə satıb, nə qədər qazana biləcəyimi düşünürəm. Ancaq bir qələm adamının işi deyil bu, yaxşısı gedib yazımı yazım...

Tarix
2013.11.22 / 10:26
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla