Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Müxbirimizi nədən doğramaq istədilər? – Dənizdən reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların da çörəkləri sudan çıxır. Sözün həqiqi mənasında belədir.

Söhbət zamanı nədən danışırlar danışsınlar, mövzu nə olursa-olsun, axırı gəlib suya, balığa çıxacaq. Aşıq gördüyün çağırar, məsəli necə də yerindədir. Yayın qızmar istisi, payızın çiskinli-yağışlı günləri, qışın soyuğu-sazağı onları heç qorxutmaz. Maraqlı müsahibdirlər.

Əlbəttə ki, söhbət balıqçılardan gedir. O balıqçılardan ki, onları Xəzərin sahil boyu hər yerində görmək mümkündür. Bu yazımda həm onlardan, həm də sözün həqiqi mənasında balıqçılıqla məşğul olan, oliqarxlara güvənən, əllərində balıq ovuna icazələri olsa da, əslində brokonyerliklə məşğul olanlardan bəhs edəcəm.

Bu dağı aş o üzə, görəcəksən ki…

Şıxov qəsəbəsi ərazisində dənizin sahilindəki xırda qayalıqlarda düzülmüş balıqçılarla söhbət edirəm.

"Bizimki balıq ovu deyil, biz eləcə baş qatırıq. Qarmaqla nə qədər balıq tutmaq olar ki?".

Əksəriyyəti belə deyir. Bu dağı aş o üzə, görəcəksən balıqçı gəmilərini, gəlib zavodda "gizləniblər", ov onlarınkıdır.

Əslən Laçından olan Ata Behbudovla söhbət edirəm. Bir vaxtlar "Aktau" gəmisində çalışmışıq. Mənim bosmanım olub.

Həyatının yarıdan çoxu dənizdə keçən Ata kişi:

- Bilirsən də, dənizçiyəm. Bosman işləmişəm. İndi həm təqaüddəyəm, həm də zavodda təmirdə dayanan gəmilərdən birində matros kimi növbə çəkirəm. Gəmidən düşəndə vaxtımın çoxunu balıq tutmaqla keçirirəm,- deyir.

- Oğlum Vaqif də dənizçidir. Gəmi kapitanı olacaq. Hələlik kapitanın böyük köməkçisidir. Gəmidə işləyəsən, günün-güzaranın dənizdə keçə, balıqçılıqla məşğul olmayasan, bu inandırıcı deyil. Sən ki məni tanıyırsan, neçə illər kapitanım olubsan. Birgə macəralarımız çox olub.

Dişimin dibini dəyişməyə çatır

- Yorulmamısan? Bəlkə nəvələrnən vaxtını keçirəsən?

- Nəvələrin məndən başqa da babası var. Amma məni daha çox istəyirlər. Niyə? Çünkü onlara diri balıq aparıram, dənizə gəzməyə gətirirəm. Yorulmağa gələndə isə, mən burda yorğunluğumu unuduram. Ürəyimdən əməliyyat olundum. İndi yaxşıyam. İnan, mənim qanımdan da yosun iyi gəlir. Həkim dedi ye. Dedi, səni əməliyyat edəndə burnuma fərqli qoxu gəldi, dərman iyini yox elədi. Həm də dolanışığıma kömək edir balıqçılıq. Qonşulara, yaxın qohumlara satıram. Ucuz-zad vermirəm. Elə bazar qiymətinə. Papirosumun, arağımın, cavanlıqdakı günahlarımla qoca vaxtı dişimin dibini dəyişməyə çatır.

- Ay Ata, bəs demirsən, arvad bildi, səni bu yaşında bihörmət elədi?

- Arvadda arvadlıq qoymuşam ki qala, çoxdan istifadəsi bitmiş invertar kimidir. Qarıynan ancaq ötənləri paylaşırıq. Dostam arvadımla, inan, komandir, bu yaşımda ondan həya eləyirəm, işığı söndürməmiş əynimi dəyişmirəm yanında…

Əvvəl adam tuturdum, indi də balıq tuturam

- Mən polisin milis olan vaxtının adamıyam. Polis kimi az işlədim. Pensiyadayam. Vaxtım çox olur. Allah başına daş salsın, bir dustağım vardı. Tez-tez tuturdum onu, oğurluq-zad eləyirdi. "Uçastkovı" işləyirdim də... İnan ki, onsuz darıxırdım. Tuturdum, tənbeh edib, özüm də buraxırdım. 2-3 dəfə oturmuşdu. Yazığım gəlirdi də. Axırda tanışlıqla onu yaxşı bir yerə qarovulçu düzəltdim. İnan əliəyri adam ona bu qədər malın etibar edilməsindən xoflandı, başlardı pis əməlindən əl çəkməyə. Dost olduq. Balıqçılığa da məni o öyrətdi. Özü öldü getdi, umurunu mənə verdi. Mənim işim elə tutmaq olub da... Əvvəl adam tuturdum, indi də balıq.– Bu sözləri isə Tapdıq kişi deyir. Keçmiş milis-polis.

Tı ne mojeş pit

Kənardakı qayalıqda iki nəfər dalaşır. Məlum olur ki, dava-dalaş "raçki" üstündədir.

Arıq üzü tüklü kişi:

- Ala Vityuxa, keçən dəfə çaxırımı götürüb aradan çıxıbsan, indi də "raçki"lərimi "xəkizdəyirsən". Adam kişi olar, alə...

Vitya çaxırın əvəzinə 5 dənə şamayka balığını onun səbətinə qoyduğunu deyir və özünü bu əməlinə görə oğru saymır.

- Tı ne mojeş pit, adımızı batırısan, pis elədim? İçib avtobusda leş iyi verəcəkdin. Aparıb özüm içdim, sənə də balıq verdim ki, evinə aparasan...

- Bunlar hər gün belədir, səhərdən-axşama bir-birlərini qapırlar,- başqa balıqçı belə deyir.

Səni doğrayıb dənizə ataram

Gəmi təmiri zavodunun cənub hövzəsində təmirdə dayanan gəmilərin yaxınlığında balaca buxtada onlarla gəmi dayanıb. Gəmilərdən birinə yaxınlaşıram. Körpüdə dayanıb seyr edirəm. Şıdırğı balıq alveri gedir. Bir neçə sual verirəm. Həvəslə cavab verirlər. Məlum olur ki, bu aralar havalar ürəkaçan olmadığına görə ovları da ürəkaçan deyil. Balıqçı gəmilərinin hamısı köhnə gəmilərdi. İstismar müddəti çoxdan başa çatmış bu gəmilərin əksəriyyəti hansısa oliqarxa, yaxud oliqarxlaşmış iş adamlarına məxsusdur. Əslində, belə gəmilərin açıq dənizə çıxması çox qorxuludur. Amma kapitanları köhnənin təcrübəli dənizçiləri olduğundan səfərləri uğurlu olur. Baxmayaraq ki, müasir texniki avadanlıqlar bir yana, çoxunda heç köhnədənqalma xilasedici qurğular və avadanlıqlar yoxdur. Suallarım cavan bir oğlanı bezdirir deyəsən:

- Day-day, işin–gücün yoxdur? Mane olma.

İşimin elə sual vermək olduğunu deyirəm. Cibimdən fotokameranı çıxarıb gəminin şəklini çəkmək istəyirəm.

- Məzələnirsən biznən, sən bilmirsən axırı pis olar, şəklimizi çəkib, işverənlik edəcəksən?

Söz davamız qızışır, cavan oğlan göyərtədəki iri bıçağı götürüb cəld körpüyə adlayır. Onu tuturlar.

- Səni doğrayıb dənizə ataram, qanını bağlayaram.

Mənim də dənizçi damarım tutub, əynimdən gödəkcəmi çıxarmışam, döyüşə hazır vəziyyətdəyəm. Bizim donanmanın yaxınlığında olan matroslar səs-küyə axışır. Az qala balıqçılarla dava yaşanacaq. Matroslardan biri:

- Komandir, bəri gəl, bunların arxasında bilmirsən kimlər durub?

Söz-söhbət səngiyir. Yaşlı balıqçılardan biri mənim boynumu qucaqlayır:

- Sən də düz eləmədin də, özü də neçə illərin kapitanısan, günün dənizdə keçib, şəkil çəkmək nədir?

Gəmilərdən birinə gedirik. Artıq dənizçilər çay dəmləyib, balıq qızardıblar.

- İçkimiz yoxdur, əvvəlki vaxtlar deyil, içəri içki keçirtmək olmur,- vaxtıyla matrosum olmuş Yaşar adlı dənizçi deyir.

- Heç lazım da deyil,- deyirəm.

***

...Bir-neçə saat sonra isə sizin oxuduğunuz bu olayı artıq yazmağa başlamışdım.

Tarix
2013.11.23 / 10:26
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla