Yuxarı

“Rus bazarı”nda tapdığımız rus seyid çıxdı - Fotolar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adına eləcə "Rus bazarı" deyilən yer Sabunçu vağzalının yaxınlığındakı dar küçələrdən birində yerləşir. Bu bazara bitişik bir həqiqi bazar da var ki, buna eləcə, ta köhnədən "kolxoz bazarı" deyilir.

Şura hökumətinin bazarı

Meyvə-tərəvəz, kənd təsərrüfatı malları və digər əşyalar satılan üstüörtülü bazar başqa bazarlardan heç nə ilə fərqlənmir. Fərqli cəhəti yuxarıda bəhs etdiyim "Rus bazarı" kimi tanınan yerin özəlliyidir. Rus bazarında Şura Hakimiyyətinin ilk illərinin havası duyulur. Kitablardan oxuduğumuz, filmlərdə gördüyümüz o illərin bazarları sanki bu günümüzə gəlib çatıb.

Burda hər nə istəsən tapa bilərsən. Satıcılarla alıcıların doğmalığı da qədim Bakının bir parçasının bu günə gəlib çıxmasından xəbər verir. Burda heç nə dəyişməyib, hər şey köhnədi. İnsanların bir-birinə münasibəti də, bazara çıxarılan malların əksəriyyəti də. Nimdaş paltarları elə nimdaş, üzü tüklü, saçları daraq görməyən kişilər və satdıqları paltarlar, əşyalar kimi ömürlərinin çoxunu arxada qoymuş yaşlı qadınlar satır.

Əməkdaşımız Nilufərlə "Rus bazarı"na elə bazar günü getmişdik. Hər birimizin öz maraq dünyamız vardı. Məni bazarda satılan quşlar və "quşbaz" oğlanlar, onu isə Sovetlərdən qalma orden medallar, markalar, manetlər və rəsm əsərləri maraqlandırıdı. Nilufər məni axıra qədər bazarda tək qoymasa da, mən elə bu köhnə bazarın bəzi qanunlarına riayət edərək, onu axıra qədər müşayiət etmədim. Onu yaşlı qadınlarla baş-başa qoydum.

Müsahibə götürmək istəyirsənsə, pul ödəməlisən

Bazarın girişində diqqətimizi qəfəsdə bülbül satan ağsaqqal kişi cəlb edir.

- Bunlar rənglənmiş sərçələrdir? – zarafat edirəm.

- Hə, amma elə yaranadan rəngləniblər.

Qiyməti ilə maraqlanıram.

- Cütü 15 manatdır. Almağına dəyər. Qəfəsdədirsə, demək, qiymətlidir. Bülbülü səsindən qəfəsə salırlar.

Adını demir. "Müsahibə götürmək istəyirsənsə, pul ödəməlisən",– bu dəfə o, zarafat edir.

Dişiləri oxuya bilmir, eləcə, naz satır

Xanımı ilə bülbül almağa gələn Davud isə, maraqlarımıza rəğmən bunları deyir:

- Əvvəllər bu quşlara burda ancaq payızda təsadüf etmək olardı. İndi isə Abşeronda yay-qış olurlar. Burdakı qırmızıbaşlar "şiqol"du, sarılar "çijik"di. Sarıbaşlar erkəkdi, o birilər isə dişi. Mən özüm həvəskarıyam, alıcıyam, əvvəllər də saxlamışam. Bu quşlara, əsas da "şiqol"lara" bülbül də deyirlər. Amma əslində, bunlar bülbül deyil, həmin fəsilədən olan quşdur. Bunların erkəkləri çox qəşəng oxuyur, dişiləri oxuya bilmir, elə naz satırlar. Ümumiyyətlə, quşların hamısının erkəkləri daha qəşəng oxuyur".

Padşah yeməyi...

Əli adlı satıcının qəfəsi də iridir, satdığı quşlar da. Gözəl, göz oxşayan, yaraşıqları ilə qəfəsdən də dünyaya meydan oxuyan quşlar qırqovullardır.

"Qırqovulları tək 50 manata, cütünü isə 100 manata satırıq. Bu qəfəsdəkilər Rumın qırqovullarıdır, bunlar isə Qafqaz. Daha çox Qafqaz qırqovulları satılır. Çox yaraşıqlıdır axı, bir bax, onun duruşuna, quyruğunun rənginə... Bədbəxt elə bilir yenə də dağlarda, otların, çiçəklərin arasındadır. Bunları yemək üçün almırlar, ancaq saxlamağa alırlar. Yemək üçün də alanlar olur. Əti qara olsa da, çox dadlıdır, şahın, padşahın yeməyi olub da..."

"Obtovoy"

Hafiz adlı satıcı isə göyərçin satır. Qarşısındakı qəfəsdə xeyli quş var:

"Bunlar adi quşlardır. Yaxşı quşlar, bax, ordadı, o urusda,- əli ilə aralıdakı sarışın kişini göstərir. - Mən bunları "obtovoy", biri 3 manatdan alıram, 5-6 manata satıram. Allah bərəkət versin, olanda olur, olmayanda da ya nəsib, alıb-satmaqla məşğulam da. Öz dükanım var, boş vaxtım olanda isə bu işlə də məşğul oluram".

Rus bazarında "axır ki, bir rusla qarşılaşdıq", deyə fikirləşirəm. Hafizin bayaq nişan verdiyi kişiyə yaxınlaşıram. Ən çox alıcı onun başına toplaşıb. Bir az seyr edib, qəfəsdəki uzunquyruq, dim-dik duran göyərçinin qiymətini soruşuram.

Rus seyid çıxdı

"Bunun qiyməti 50 manatdır. Tək qalıb, tayı-dişisi uçdu getdi, deyə ucuz verirəm. Cütünü 150-yə satdığım vaxtlar da olub. Adı Drakondu".

Adını soruşuram.

"Adım Miridir, özüm də seyidəm",- deyir.

Bir rus tapasan, o da seyid çıxa...

"Uşaq vaxtından məşğulam bu işlə. Özüm sürücüyəm. Amma quş saxlamaq mənim azarımdır, həyatımın əsas hissəsidi. Görürsən, neçə cür quşum var? Bu, poçt göyərçinidi. İrandan gətizdirmişəm. İldə bir cütdən 2-3 dəfə bala götürürəm. Bunlar isə ev quşudu, ancaq saxlamağa alırlar. "Pablin" növlərim də var, quyruğuna görə veriblər bu adı. Şələquyruğum, pəpillim də var. Bax bunların ayaqlarına, xınalıdı, həm də tüklüdü. Bunlar da baha quşlardı, məndə ucuz quş olmur".

Şorgöz xoruzlar

Rövşən isə xoruz satır.

"Cütü 15 manatadı bunların. "Yaponka" deyirlər, toyuq növüdür, amma boyları balacadı, həm də çox yaraşıqlı olurlar. Çox cəlddirlər. İldə 3-4 dəfə bala verirlər. Bunları daha çox saxlamağa alırlar. Dekorativdir də... döyüşdürməyə alanlar da var, yaxşı vuruşurlar. Elə alıb başqa toyuq-cücəylə bir yerdə saxlayırlar. Yerli xoruzların bunlara acığı tutur. Dimdikləyirlər, amma bunlar onlara heç də təslim olmur. Yerli toyuqlarla yaxınlıq etmirlər. Amma bizim xoruzlar namussuzluq eləyir, bunların toyuqları ilə münasibət qurur, məncə, bu da xoruzlarımızın şorgözlüyündən xəbər verir, elə "yaponka" toyuqla da gərək ayaqları möhkəm ola da. Sürüşkən olmaya,- deyə zarafat etdikdən sonra ciddi görkəm alır: - Yerli xoruzdan əmələ gələnləri bir az böyük olur, amma o qədər də yox".

Yaxınlıqda adına "sesar toyuqları" dediyimiz hind toyuqları satan oğlan isə:

- Bu quşların yumurtası daşı sındırar, səsi-avazı isə bülbülü utandırar,- deyib malını mataha mindirdi.

Tarix
2013.12.06 / 15:46
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla