Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


At kimi işləyirik, heç olmasa eşşək kimi yedizdirələr - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günləri arxada qaldı. İnsanlar bir həftəlik istirahətdən geri – işə dönür. O da düzdür ki, bu bayram günlərində işinin-gücünün arxasında olanlar da az olmadı. Dənizçilərimiz, təyyarəçilərimiz, dəmiryol işçilərimiz özlərinin çətin və şərəfli işlərini görməkdə davam etdi, vətəndaşlarımızı, eləcə də daşıdıqları yükləri mənzil başına çatdırdılar.

Bu bayram günlərində şəhərimizin bir çox iaşə obyektlərində olmaq istədik. Lakin fikrimizi dəyişəsi olduq. Axı bir də nəfəs dərmədən çalışan işsizlər vardı. İşi-gücü başından aşan o işsizlərlə görüşdük. Görəsən rəsmi iş yeri olmayanlar bayrama necə hazırlaşıb, necə qeyd edirlər? Yolumuzun binasını "Xalqlar dostluğu" metrosunun yaxınlığındakı körpünün altında yerləşən qul bazarına saldıq. Qul bazarında fəhlələrin sayı əvvəlki günlərə nisbətən az olsa da, yox da deyildi.

Bura bir tikə çörəyin əsiri olub da toplaşanların bir neçəsi ilə söhbət etmək istəyirəm. Mənim yaxınlaşdığımı görcək sifətlərinə qonan ilk anın sevinci, onlara yaxınlaşmağımın səbəbi aydın olan kimi də itir. Əlbəttə, müştəri gözü ilə baxdıqları adam, əslində onların qaysaqlanmış yaralarını qoparacaqsa, necə olmalıdı ki?.. Biri gəlib, soyuqda işsizliyin və kasıblığın "əlində" çabalayanların işi ilə maraqlanır, yazı yazmaq istəyir. Sözsüz, bu mənim işimdir, bu adamlar isə hələ tapacaqları işin həsrətini çəkir. Mənim işimin varlığı onların ağıllarının ucundan da keçmir, güman ki.

"Biz nə hayda, sən nə hayda?" - mənə ilk yaxınlaşan yorğun görkəmli kobud kişi əlini yelləyib aralanır. Danışmaq istəmir. Ətrafımıza anındaca toplaşanlar küskün və pərt halda kənara çəkilir. Ehtimallarında yanıldıqları hiss olunur.

2014 gəlib, 2013-dən yaxşı olacaq?

Axır ki, biri qəzəbini tökür: "Qarabağlıyam, əvvəl iş tapmışdım, işləyirdim, müəssisəni özəlləşdirdilər. İndi orda nəinki mənim kimi sənətkarlar, süpürgəçilər də müəssisə sahibinin qohumlarıdır, qonşuları, yerliləri, yazı-pozu işinə baxan qızlar isə... Özün bilirsən də... Sən də nə qoyub, nə axtarırsan - bayramdan, Yeni ildən danışırsan. Zalım oğlu, nə bayram? Guya görmürsən, il ildən ağır gəlir? Guya 2014 gəlib, 2013-dən yaxşı olacaq? Əvvəllər bizdən "şirinlik" alırdılar, indi deyəsən rəsmiləşdirəcəklər, hambalçılığımıza da vergi ödəyəcəyik", - deyir və bir lomba ayağının altına tüpürür. İşsizliyinə, hansısa məmurun özbaşınalığına, torpaqlarını hələ də işğalda saxlayan düşmənə, yaxud elə dolanışığına, gününə-rüzgarına tüpürürdü, demək çətindir.

Bakı bizim qürurumuzu tapdadı

"Mənim adım Cavaddır, adımı mütləq yaz. Sabirabaddanam. Zootexnik işləyirdim. Ali təhsilliyəm. Amma nə olsun? Bu "preparator" olmasa, acından ölərəm. İşləmək ayıb deyil ki, işləyirəm. İş tapmaq çətindir. Hambal çox, iş gördürən az. Elə adamlar var ki, qapısında işləyirsən, axırda nəyi isə bəhanə edib pulundan kəsir. Bu da cəhənnəm, buna dözmək olar yenə. 49 yaşım var e mənim. İşlədiyin həyətdən çıxanda görürsən, evin xanımı bir kisə zibili verir əlinə ki, qardaşımsan, gedəndə bunu atarsan. Bax onda çox utanıram. Balalarım var, kirədə qalıram, çətindir. İşim olsaydı, nə ölümüm vardı buralarda. Bakıdan zəhləm gedir. Bakı bizim qürur yerimiz olub, amma qürurumuzu tapdalamaqla məşğuldur".

Mən işdən qorxan deyiləm

Yardımlıdan olan Əvəzxan:

- Buna da şükür. Camaatımızın işi-gücü yaxşı olsun, ev-eşik tikdirsin, fəhlə, usta lazım olsun, biz də gedək işləyək. Ailəyə çörək, əyin-baş ala bilək. Mən subayam. Rayona, qocalara kömək lazımdır. Qışda bizim dağlarda yaşamaq zülümdü. Niyə naşükürlük edim. Gözümü açandan fəhlə işləmişəm. Sağ olsun burdakı ustaları, iş tutan kimi birinci məni aparırlar. Mən işdən qorxan deyiləm.

"Başuva dönüm, adımı yazma, qələt elədim danışdım?"

"Bakı" kino-teatrının qarşısındakı dayanacaqdakı maşınlara nəzarət edən sarı gödəkçəli, qoluna qırmızı bağlamış yaşlı kişi deyir bunları.

"Sən məni aldatdın, mən sənə heç nə danışmazdım yoxsa. Dedin uşağı işə düzəltmək istəyirəm".

Adını yazmayacam. Yaşı 60-ı keçib. Nəqliyyat Departamentinin işçisi sayılır.

- Necə oldu bura nəzarətçi kimi işə düzəldin?

- Çox asan. Şəxsiyyət vəsiqəmin sürətini verdim, 2 dənə də şəkil. Aldılar, işə "oformit" elədilər.

- Maaşınız nə qədərdi?

- Heç nə qədər. Nə maaş, maaş nədi?

- Day bu olmadı ki, maaşsız da iş olar?

- Əslində, maaş almalıyıq, amma maaş-zad yoxdur. Allah bərəkət versin, günə 15-20 manat qalır. Az da olur, çox da. Bayramlarda, bir də şənbə-bazar daha çox olur. Yarmarkaya alverə gələnlər olur, axı. Ancaq bizim də verəcəyimiz var. Haqsız iş olar? Nəqliyyat Departamentində Cabbar (ad şərtidir – red.) var. Buralara o baxır. Hər gün gəlir, adama 5 manat veririk. Tək biz deyilik ki! Xətaidə çox yerlərdən pulu o yığır. İki nəfərdilər. İnsan adamdır. Təkcə "Maqnit" dükanının qarşısındakı lallar ona pul vermir. Onların qazandıqları özlərinindir. Ukrayna dairəsində, "Heydər" parkında işləyənlərdən günə 15 manat alırlar. Orda daima maşın olur. Qazanclar çoxdur onların. Uşağı düzəltsən, ora düzəlt. Cavan oğlandır, yayda adam əlindən tərpənmək olmur orda. Qızlara baxar, bu da bir kefdir də, həm də pul qazanar. Adamım olsaydı, mən də elə bərgedən yerdə olardım. Bura da min şükür".

Şəklini çəkmək istədiyimi deyirəm.

- Nə üçün?

- Jurnalistəm, yazı yazacam.

Yalvarır:

- Başuva dönüm, eləmə. Departamentdə Cabbar var ha, bayaq dedim e, qovar bizi burdan...

Söz verirəm ki, nə adını, nə də şəklini verəcəm.

- Bu gün bayram günüdür, bəlkə istirahət edəsiz?

- Yox, a qardaş, bayramda elə xalqın qaydına qalmalıyıq da,– kişi artıq ciddiləşib. Səsində mənə qarşı etibarsızlıq hiss olunur. - Beş-on manat artıq olsa, nə olasıdır ki?.. - deyib tərpənməkdə olan maşına tərəf tələsir.

Camaat gedib, prezidentdən, nazirdən intervü götürür

Xətaidəki kənd təsərrüfatı yarmarkasının ətrafını təmizləyən süpürgəçi xanımla söhbətim isə ümumiyyətlə baş tutmur:

- Başına iş qəhətdi? Camaat gedib prezidentdən, nazirdən intervü götürür, yazı yazır, bu da gəlib məndən yazmaq istəyir, - deyib başını bulayır, yaşmağını yuxarı qaldırır və hirslə süpürgəsini asfalt döşəməyə çırpır.

İradı qəbul edirəm. Gülümsəyib süpürgəçi qadından aralanıram.

Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yolu təmizləyən rayon MKTB-nin işçisi ilə söhbətim də gileylə başlayır:

- Bizə bayram, istirahət günləri yoxdur. Hər gün işləyirik. 38-ci MİS-də Seyfəddinin işçisiyəm. Özləri yeyir, doymaq bilmir, heç bayramqabağı mükafat da vermədilər bizə. Başqa yerlərdə isə bayram hədiyyəsi verilib bütün işçilərə... At kimi işləyirik, heç olmasa eşşək kimi yedizdirələr...

Tarix
2014.01.06 / 12:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla