Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2017


Trotskinin məşuqu, daim xəyanət görən məşhur Frida - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsl adı Maqdalina Karmen Kalderon olan Frida Kalo 6 iyul 1907-ci ildə Meksikada anadan olub. Onun atası Almaniyadan Meksikaya köç etmiş macar yəhudisi idi, anası isə əslən meksikalı olan qaradərili qadın…

Onun doğulduğu il Meksikada Panco Villa və Emiliano Zapata üsyanları başlanır və bu mübarizə düz on il davam edir. Elə bu səbəbdən də Frida sonralar öz ad gününü iyulun altısı yox, yeddisində qeyd edirdi.

Uşaq yaşında iflic keçirən Frida bu xəstəlikdən salamat çıxsa da, sağ ayağı inkişafdan qalır. Ayağının biri digərindən incə göründüyü üçün o, həmişə uzun don geyinməyə məcbur idi. Yaşıdları onu Frida yox, “taxta ayaqlı Frida” çağırmağa başlayırlar. Bu da onu çox qəzəbləndirirdi.

Gənc yaşlarından həkim olmaq istədiyi üçün bir çox elmlərə dərindən maraq duyan gələcəyin rəssamı dövrünün ən yaxşı tibb ocağı sayılan Beylənmiləl Hazırlıq Məktəbində təhsil alır. Oxuduğu müddətdə o, ədəbiyyat və fəlsəfəylə də dərindən maralanır. Ailəsinin maddi sıxıntısı ucbatından məktəbi yarımçıq qoymaq məcburiyyətində qalan Frida nəşriyyatların birində işə düzəlir. İşlədiyi mətbəədə imkan düşdükcə rəsm çəkmə qabiliyyətinə də yiyələnir.

1925-ci il sentyabr ayının 17-də ilk sevgilisi Aleksandro ilə məktəbdən evə qayıdan zaman onların olduğu avtobusla qarşıdan gələn tramvay toqquşur. Bu toqquşma zamanı avtobusdakı sərnişinlərin bir çoxu həyatını itirir. Frida isə sağ qalır. Lakin hadisə vaxtı dəmir uclu dirəklərdən biri onun sol ombasına batır. Sonralar o, həmin anları belə xatılayır:

“Avtobusda qəzaya düşəndə gözümdən bircə damla da olsun yaş çıxmadı. Dəmir çubuq qılıncın öküzü dəldiyi kimi məni dəlib keçdi”.

Avtoqəzada Fridanın bədəni dəhşətli zədələr almışdı. Onurğası zədələnmiş, ayaq sümüklərində on bir qırıq, cinsiyyət orqanında isə dərin yaralar əmələ gəlmişdi. Hadisədən sonra 32 dəfə əməliyyat masasına uzanan Fridanın sonrakı həyatı korsetlər geyinməklə, ağrıkəsicilər atmaqla, dəhşətli ağrılar içərisində keçir. Xəstəxanada olduğu müddətdə çox darıxan və əzab çəkən Frida ailəsinin təkidi ilə rəsm çəkməklə başını qatmağa çalışır. Anası onun başı üzərindən iri bir ayna asdırır, atası isə hədiyyə olaraq ona rəngbərəng boyalar və fırça alır.

Beləliklə o öz sifətinə baxaraq cürbəcür rəsmlər çəkir, rəngləri bir-birinə qarışdırıb ortalığa maraqlı tablolar çıxardırdı. Aynada yalnız özünü gördüyü üçün çəkdiyi rəsmlərdə ən çox öz portretləri olurdu. Gündəliyinə isə bu sözləri yazır: “Həmişə öz protretlərimi çəkirəm. Yalnızlıq məni özümü tanımağa məcbur edir”.

Bir müddət sonra heç kəsin ağlına gəlməyən möcüzə baş verir. Frida rəsm çəkməklə kifayətlənməyib korsetlərin və dərmanların köməkliyi ilə ayağa qalxır. Əslində onu ayağa qaldıran həyata və yaşamağa olan inanılmaz yanğısı - istəyi idi. Görünüşü ilə də çox fərqli tərz yaradan rəssam uzun saçlarının yığımı, bərbəzəyi, yerlə sürünən qəribə libasları ilə həmişə diqqət mərkəzində olmağı bacarırdı.

“Mən həyatda üç şeydən heç bir zaman ayrıla bilmərəm. Birincisi məhəbbətim Dieqodan, ikincisi sənətimdən, son olaraq isə Komunist Partiyasından” - deyən Frida Meksikanın incəsənət mühitinə girməyə nail olur. Elə həmin mühitdə məşhur divar rəssamı Dieqo Rivera ilə tanış olmuşdu və onun dəstəyi ilə partiyaya üzv yazılmışdı.

Bu tanışlıqdan sonra Frida gündəliyinə bu sözləri yazır. “Dieqoya aşiq oldum. Ailəm buna heç sevinmədi. Çünki Dieqo həm komunist, həm də mənimlə müqayisədə həddindən artıq dolu bədənli biridir”.

1929-cu ilin avqust ayında sevgililər ailə həyatı qururlar. Dieqo həddindən artıq kök, Frida isə arıq incə qadın olduğundan bir çoxları bu cütlüyü “fil və göyərçin” adlandırırdı. Onların toyuna Fridanın ailə üzvlərindən təkcə atası təşrif buyurur. Ailə qurduqdan sonra ər və arvadın qəribəlikləri üzə çıxmağa başlayır. Onlar bir-birlərini sevir, aldadır, hətta nifrət belə edirdilər. Evləndikdən bir neçə ay sonra Frida Dieqodan hamilə qalır. Lakin orqanizmindəki problemlər ucbatından uşağı aldırmalı olur. Bir müddət sonra Frida daha pis bir həqiqətlə üz-üzə qalır. Bir çox qadınlarla onu aldadan Dieqonun Fridanın kiçik bacısıyla sevgi müanasibəti olduğunu öyrənir. Bu əhvalat onu bərk sarsıdır. Və cütlük 1939-cu ildə boşanır. Lakin 1940-cı ildə onlar yenidən evlənirlər.

Çəkdiyi fiziki əzablara və heç bir zaman ana ola bilməməsinə baxmayaraq, o, həyatı sevən, ondan zövq almağı bacaran qadın idi. Frida tez-tez gecə məclisləri təşkil edər, bol-bol içki içər, çılğınca rəqs edib, mahnılar oxuyardı. Açıq-saçıq lətifələr danışıb məclisə toplaşan hər kəsi o ki var, güldürərdi. Gözəlliyi və qəribə geyimləri ilə Nyu Yorkda, Parisdə küçələri gəzməyə çıxarkən insanlar onu çaşqınlıqla seyr edərdilər. Bir çox qadın və kişi heyranları olduğu halda əri onu bir çox qadınlarla aldatmaqla məşğul idi.

Frida Kalo Dieqonun xəyanətlərinə cavab olaraq dayanmadan ona ehtiraslı sözlərlə dolu səmimi məktublar yazır: ”Səni sevməyə başlayanda balaca bir qız idim. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Əslində bütün bədənlər çürüyür, Dieqo, köhnəlir bütün bədənlər… Əgər o bədəndə acı çəkməyə məhkum olunmuş bir ürək varsa, bu zaman həmin bədən daha sürətlə köhnəlməyə başlayır. Səni sevdiyim gündən bəri acı çəkən bir ürəyim var. “Məni anlamadın, başa düşmədin” deməyəcəyəm. Çünki sən məni anlaya-anlaya mənə əzab verdin. Mən də səni anlamaq istədim. Bütün həyatımı, həyatımın hər zərrəsini səni anlamağa həsr etdim. Hara getdinsə, mən də arxanca ora gəldim. Nələrə güldünsə, onlara gülməyə çalışdım. Sən kimi sevdinsə, mən də onu sevdim. Hansı qadınla sevişdinsə, onunla sevişdim, Dieqo… Məndə tapmayıb başqa qadınlarda axtardığın şeyləri kəşf etmək üçün sənin öpdüyün hər qadını öpdüm. Toxunduğun qadınlara toxundum. Hər dəfə yenidən sənə aşiq olub geri qayıtdım…”

Sonralar isə o Dieqo haqqında deyirdi: “Həyatda başıma iki qorxunc qəza gəldi. Biri keçirtdiyim avtobus qəzası, digəri isə Dieqo”.

Zaman-zaman Frida Dieqodan mənən qopub öz həyatını yaşamağa başlayır. Kişi məşhurlarla yanaşı, qadınlarla da isti münasibətləri olan Fridanın adı ən çox aktrisa Mariya Feliks və Dolaris del Rio ilə hallanır.

Onun sevgililəri arasında ən məşhur şəxs şübhəsiz ki, Lev Davidoviç Trotski olmuşdu. Sovetlər İttifaqını tərk etdikdən sonra Dieqo Riveranın Meksikanın prezidentindən xüsusi olaraq icazə alıb, evinə dəvət etdiyi Trotski və onun həyat yoldaşı bir müddət onlarla yaşayırlar. Lakin bu zaman Trotski ilə Fridanın arasında qarşısıalınmaz münasibət yaranmağa başlayır. Onların əlaqəsindən xəbər tutan Trotskinin arvadı bu məsələyə çox kədərlənir. Belə olan halda onlar qonşuluqdakı mənzilə köçüb bir müddət orda yaşayırlar. Son dəfə görüşdükləri zaman Frida öz portretlərindən birini Trotskiyə hədiyyə edərək ondan ayrılır. 1940-cı ildə isə Trotski öz evində qətlə yetirilir. Frida ilə əlaqəsi bilindiyi üçün şübhəli şəxs kimi Fridanı və bacısını polis idarəsinə aparırlar. Dieqo isə xəlvətcə Amerikaya qaçmaq məcburiyyətində qalır. İllər keçdikdən sonra Frida və Dieqo “Trotskini öldürmək üçün onu Meksikaya biz dəvət etmişdik” kimi zarafatlar edəcəklərdi.

Frida Kalo ölümünə yaxın Meksikada rəsmlərindən ibarət sərgi açır. Sağlamlığı o qədər pis vəziyyətdə idi ki, həkimlər onu sərgidə iştirak etməməsi üçün xeyli tənbeh edirlər. Sərgiyə dəvət olunmuş insanlar salona yığışdıqdan sonra küçədən təcili yardım maşının səsi gəlir. Frida xəstəxana çarpayısına uzadılmış vəziyyətdə avtomobildən düşürülür. Çarpayı qaleriyanın düz ortasına qoyulur. O, elə uzanıqlı vəziyyətdə içki içərək insanlarla zaraftlaşır, mahnı oxuyub onları öz ətrafına toplayır.

Bu onun son xoş günü idi. Bir müddət sonra Fridanın sağ ayağı amputasiya olunur. 13 iyul 1954-cü ildə məşhur rəssam ağciyər sətəlcəmi diqanozu ilə həyatını itirir.

Vəsiyyətinə uyğun olaraq onun nəşi yandırılır. Hazırda “mavi ev” adlandırlan və muzey kimi istifadəyə verilən yaşadığı evdə onun əsərləri ilə yanaşı, külü də qorunub saxlanılır.

Rəssamın “Tutuquşular və mən”, “Ümidsizlik”, “Asılqanda qalan paltarlarım” kimi əsərləri ölümündən sonra bir çox muzeylərin bəzəyidir. Onun xeyli tablosu Madonna tərəfindən baha qiymətə satın alınıb. 2002-ci ildə rejissor Culi Teymor “Frida” bədii filmini ekranlaşdırıb. Frida obrazını Madonna, Cenifer Lopez kimi məşhurlar canlandırmaq istəsələr də, rejissorun seçimi Salma Xayek olur.

Hazırladı: Samirə Əşrəf, Ömər Xəyyam

Tarix
2017.10.12 / 09:27
Müəllif
Ömər Xəyyam
Şərhlər
loading...
Digər xəbərlər

Mehriban Əliyeva “Modernizm və moda” sərgisində - Foto

Yeniyetmələr Aprel savaşını belə görür - Foto

1937-ci ildə çəkilmiş rəsm – Əlində Ayfon olan hindu

Bulvarda hər kəs rəsm çəkəcək

Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

Dünya şöhrətli rəssamımız 87 yaşında - Foto

Peşəkar rəssamlıq təhsili alan ilk azərbaycanlı

2 milyonluq rəsm əsərləri məhv oldu

Trampın kürəkənindən Azərbaycana böyük dəstək

13 yaşlı oğlan milyonçu oldu

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla