Yuxarı

Niyə insanlar canlı yayımda intihar edir? - Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif yaş qrupundan olan bəzi əcnəbi sosial şəbəkə istifadəçisinin canlı yayımda özünə qəsd etməsi son günlərdə tendensiyaya çevrilib. Bir müddət əvvəl Türkiyənin Kayseri şəhərində 54 yaşlı Ayxan Uzun adlı şəxs Feysbukda canlı yayıma bağlanaraq, canına qəsd edib. A.Uzun qızının onun razılığı olmadan ərə verildiyinə görə xeyli məyus olub və çarəni intihar etməkdə görüb. O, sosial şəbəkədə canlı yayım edərək izləyiciləri ilə dərdini bölüşüb və tapança ilə özünü öldürüb.

Sosial şəbəkələrdə canlı yayım vasitəsilə intihar edən şəxslərin psixoloji durumu və əsas səbəbləri barədə Axar.az-a danışan psixoloq Narınc Rüstəmova bildirib ki, son dövrlərdə, xüsusilə də sosial şəbəkələrin əhatəsinin artması ilə intihar hallarının sayı da çoxalıb:

“İnstaqram, Feysbuk və s. bu gün demək olar ki, həyatımızda qohumlarımızdan, ətrafımızdakı insanlardan daha çox rol oynayır. Sosial şəbəkələr həyatımıza o qədər nüfuz edib ki, bu gün insanlar üzbəüz söhbət etməkdənsə, yazışmağa daha çox üstünlük verirlər. Sosial şəbəkə hesabı olan insanlar etirazını, incikliyini bildirir, kimisə dostluqdan çıxarır və ya onu “qara siyahı”ya atır. Adi bir paylaşımı bəyənmək həmin insanın qarşısındakına münasibətinin göstəricisi hesab olunur və s.

Araşdırmalara görə, sosial şəbəkələrdən asılılıq narkomaniya və əxlaqsızlıqdan sonrakı yeri turur. Çox zaman cəmiyyətdə özünü təsdiqləyə bilməyən, özgüvəni aşağı olan insanlar sosial şəbəkələrə çox meyillənir. Hətta elə insanlar var ki, həyatında baş verən hər hadisəni - küsməyini, sevgilisindən ayrılmağını, əsəbiləşməyini və s. sosial şəbəkələrdə paylaşır. Belə hallar xəstəlik dərəcəsindədir.

İntiharların artmasının digər bir səbəbi də insanların yaddaşında yaşamaq istəyidir. Başqalarından fərqli olaraq, sosial şəbəkələrdə canlı yayım zamanı intihar edən şəxslər acıdan, iztirabdan qurtulmaq üçün yox, onu intihar həddinə çatdırmış insanları cəzalandırmaq və vicdan əzabı çəkdirmək düşüncəsi ilə canlarına qəsd edirlər. Belə insanlar nəinki özlərinə, hətta başqalarına qarşı da şiddət tətbiq edə bilərlər. Buna görə də ailədə belə problemlərə nəzarət etmək lazımdır”.

Psixoloqun sözlərinə görə, əvvəllər insanlar başqasının özünü necə öldürdüyünü təsəvvür edə bilmirdilər. İndi isə video şəklində görəndə onun beynində intihar modeli yaranır:

“Nəinki aqressiv, hətta psixikası zəif olan şəxslər də bilmədən başqalarına “çıxış yolu”, vasitə göstərir. Düşünürəm ki, belə “şöhrətpərəstliyin” kökündə intiqam duyğusu dayanır. Onlar düşünürlər ki, haqqımda danışacaqlar və s. İnsanlardakı özgüvən problemi özündən sonra iz qoymaq arzusundan yaranır. Halbuki həmin şəxs istəsə, başqa müsbət hərəkətlərlə yadda qala bilər.

O qədər insan var ki, canlı yayıma çıxıb biləyini kəsib izləyicilərin gözü önündə ölümünü gözləyir. Maraqlısı budur ki, affekt vəziyyətində olan belə şəxslərə başqaları mənfi mənada dəstək verir və özünü öldürməyə təhrik edir”.

N.Rüstəmova son zamanlarda onlara müraciət edən əksər insanların ərinin, uşaqlarının internet asılılığından, ailə ilə soyuq münasibətlərindən şikayətləndiyini deyib:

“Bir insan gün ərzində 5-6 şəkil paylaşırsa, davamlı bütün hərəkətlərini sosial şəbəkələrdə yazırsa, bu artıq xəstəlik əlamətidir. Məsələn, bəzi insanlar ayağının şəklini çəkib İnstaqrama qoyur. Buna mütləq şəkildə müdaxilə etmək lazımdır.

Bu gün demək olar ki, sosial şəbəkə istifadəçisi olan əksər insanlar imkanlı həyat sərgiləmək çabasındadır. Əslində, həyat tərzi elə deyil, amma özünü imkanlı biri kimi təqdim etməyə çalışır. Buna eyni zamanda zəngin insanların həyat tərzindən bəhs edən seriallar da təsir göstərir. Məhz bu baxımdan sosial şəbəkələr şəxsiyyətin formalaşmasında böyük rol oynayır.

Bizə müraciət edən yeniyetmələr deyir ki, filankəs canlı yayımda intihar etdiyinə görə anam çox narahat olmuşdu. Mən də düşündüm ki, belə bir şey olsaydı, anam mənə görə üzülərdi. Ümumiyyətlə, ailədaxili münasibətlərdə problem yaşayan insanlar həmişə belə hisslərə qapılırlar. Buna görə də intihar xəbərlərini, videolarını paylaşmaq əvəzinə maarifləndirici tədbirlər görmək lazımdır”.

Tarix
2017.10.26 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla