Ana səhifə Sağlıq |
Bədən kütlə indeksi 35-dən yuxarı olan və yanaşı gedən iki xəstəliyi varsa, pasiyentin son bir ildə idman, dieta və müxtəlif üsullarla arıqlama cəhdləri uğursuzluqla sonlanıbsa, hormonal xəstəliklərdən müalicəsinin effektivliyi yoxdursa, biz o xəstəni mədəkiçiltmə əməliyyatına götürürük.
Axar.az xəbər verir ki, bu sözləri Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının rəhbəri, bariatrik-metobolik cərrah Taryel Ömərov Medicina.az saytına “mədə kiçiltmə”, yəni bariatrik əməliyyatı barədə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, heç də hər köklükdən, artıq çəkidən əziyyət çəkən insanı bariatik əməliyyata almırlar:
“Bu əməliyyatın yaş həddi 18-60 arasıdır. Amma burda maraqlı məqam var: pasiyent gəlir, bədən indeksi 33, yəni 80-83 kq-dır. Nə pəhriz saxlayıb, nə idmana gedib. Söhbət peşəkar dietoloq müalicəsindən gedir, internetdən, ya kimdənsə götürülmə dietadan yox. O xəstəyə deyirik ki, sizin əməliyyatsız da arıqlamaq şansınız var və çəkindiririk. Çox təəssüf ki, onlar sonra gedib başqa həkimdə, mərkəzdə əməliyyat olunur. Olmaz. Qanunla bu dünya protokollarına ziddir. Xəstəni təkcə əməliyyat etməklə iş bitmir. Onun həyat keyfiyyəti yüksəlməlidir. Onun sağlamlığı zəmanət altına alınmalıdır.
Əgər o insanı ki, sağlam pəhriz və idmanla arıqlatmaq, 20-25 kq çəki atdırmaq mümkündürsə, niyə əməliyyata salınsın? Pasiyentin arıqlamaq üçün əl atdığı, istifadə etdiyi bütün sağlam yollar effekt verməyibsə, o zaman bariatik əməliyyat etmək olar”.
T.Ömərov bildirib ki, bariatrik əməliyyatdan sonra yenidən çəkini geri qaytarmaq halları baş verə bilər. Bunun baş verməməsi üçün pasiyent bəzi məsələlərə əməl etməlidir:
“Əməliyyatdan sonra 5 həftəlik öyrəşdirici dieta təyin olunur. Pasiyentə həmişəlik olaraq qazlı su, sintetik qidalar, fast-fud, şirniyyat, şəkər tam məhdudlaşdırılır. Bu qidaların gündəlik qəbulu olmaz. Ayda, ildə bir–iki dəfə dada bilər.
Milli yeməklərimizdən nə istəsə, yeyə bilər. Hər kəs düşünə bilər ki, onsuz da mədəmi kəsib kiçiltmişəm, elə hər şeydən az–az yesəm nə olacaq ki? Tez doyacam. Amma kalori partlaması yaşadan qidalar – sintetik qidalar üçün fərqi yoxdur mədənin ölçüsü. Bu qidalar ümumi metobolik sistemi pozacaq”.
Tarix
2018.07.29 / 01:58
|
Müəllif
Nigar İxtiyarqızı
|