Yuxarı

İmtahanda tələbə venaya iynə vurmalıdır – Rektor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Gəray müəllim, son illər ATU-da bir sıra dəyişikliklərin həyata keçirildiyinin şahidiyik. Bu qəbildən əsasən hansı islahatları xüsusi qeyd etmək olar?

– Əvvəlcə onu qeyd edim ki, bizim əsas məqsədimiz Azərbaycan Tibb Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkan yaratmaq, onların daha çox faydalı bilik, o cümlədən praktiki bacarıq əldə etməsinə yardım etməkdən ibarətdir.

Bu və nəzərdə tutduğumuz digər islahatları reallaşdırmaq üçün əvvəlcə bir sıra sənədlər qəbul etdik. Məsələn, ATU-nun nizamnaməsi qəbul edildi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi. Azərbaycan Tibb Universitetinin klinikaları haqqında əsasnamələr qəbul olundu.

Digər sənədlər arasında Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı sistemi haqqında bəyannamə, müxtəlif kafedralarda fəaliyyət göstərən laboratoriyaların əsasnamələrinin qəbulunu göstərmək olar. Professor-müəllim heyətinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün də komissiya və bal-reytinq şkalası yaradılıb. Əsasnamə layihəsinə əsasən, pilot kafedralar seçilərək və burada müəyyən meyarlar əsasında qiymətləndirmə aparılacaq.

Bu tədris ilindən etibarən bütün müsabiqədə iştirak edən müəllimlər bal-reytinq şkalasından keçib sonra konkursa buraxılacaqlar.

Xüsusilə qeyd etmək istərdim ki, ilk dəfə olaraq biz işimizin daha düzgün qiymətləndiriməsi, fəaliyyətimizdə şəffaflığın artırılması üçün Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verdik. Ötən ilin mayında bu şuranın əsasnaməsi qəbul edildi. Hazırda həmin təşkilatın üzvləri arasında millət vəkilləri, ölkənin tanınmış KİV rəhbərləri, QHT sədrləri var. Onlar mütəmadi olaraq ATU-da olur, imtahanların gedişini, qəbul prosesini izləyirlər, iradlarını, məsləhətlərini səsləndirirlər. Və artıq onların təklifləri qarşısında islahatlar da aparılıb.

Bundan əlavə, ATU-nun yeni atributları – gerbi, loqosu, daha sonra himni qəbul edildi.

– Yeni qəbul edilən sənədlər sayəsində hansı sahədə dəyişiklik oldu? Yeniliklər müəllim və tələbələrin işinə, təhsilinə necə təsir göstərdi?

– Ciddi islahatlardan biri buraxılış imtahanları ilə bağlı idi. Keçən ildən etibarən ATU-da buraxılış dövlət imtahanları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. Biz bunu ən əsas dəyişiklik adlandıra bilərik. Çünki indiyədək tələbələrin əsasən nəzəri bilikləri qiymətləndirilirdi. İndi isə tələbələrin gələcəkdə bacarıqlı həkim kimi yetişməsinin göstərici olan praktiki bacarıqlarına da qiymət verilir.

Tələbələrə bir neçə dəqiqə ərzində konkret tapşırıqları yerinə yetirmək təklif olunur. Məsələn, xəstəyə süni nəfəs vermək, ürəyi masaj etmək, venaya iynə vurmaq və sair.

Digər tərəfdən, imtahan sessiyalarında I kurs tələbələrinin qış imtahan sessiyasında yeni imtahan sistemi tətbiq etdik.

İmtahanlarla bağlı mühüm dəyişikliklərdən biri də Elektron Universitetin yaradılması ilə bağlıdır. Belə ki, əvvəllər imtahanların nəticələri adi qaydada təqdim olunurdu. İndi ATU-da yeni yaradılmış İT şöbəsinin vasitəsilə imtahan nəticələri statistik formada hazırlanır və dekan müavinlərinə təqdim olunur. Burada qiymətlərin statistikası, ümumi imtahanın statistikası açıqlanır.

Elektron Universitetin tətbiqi bu prosesdə insan faktorunu demək olar, heçə endirib. Əvvəllər 2 günə görülən işlər indi 10 dəqiqəyə icra olunur. Hazırda ATU-da yaradılan sistem beynəlxalq standartlara uyğundur. İmtahan sistemindəki dəyişikliklərlə bağlı Türkiyənin Hacettepe Universitetinin mütəxəssisləri yardım göstəriblər.

– ATU həm də xarici tələbələrin ən çox üz tutduğu yerli ali məktəblərdən biridir. Əcnəbi tələbələrin ATU-ya qəbulu, təhsili ilə bağlı hansısa yenilik nəzərdə tutulubmu?

– Yeni tədris ilində universitetin hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparıldı. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir.

Növbəti mərhələ namizədlərlə Skayp bağlantısı vasitəsilə müsahibə aparılır. İntervü 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir. Skaypla müsahibə 8-10 dəqiqə davam edir.

– Yeri gəlmişkən, gələn həftədən yeni tədris ilinə start verilir. ATU tələbələri bu il hansı yeniliklərlə üzləşəcəklər?

– Maraqlı yeniliklərdən biri elektron jurnalın tətbiqi ilə bağlıdır. Bu ildən ATU-ya qəbul olan tələbələr üçün yalnız elektron jurnal aparılacaq. Bu, proseslərin dəqiq əks olunmasına kömək edəcək. Bu jurnalda tələbənin nömrəsi kodlaşdırılıb və onun haqqında hər cür məlumat daxil edilib. Tələbənin nömrəsinə baxmaqla, onun hansı ildə qəbul olduğu, tədrisi hansı dildə keçdiyi, hansı sırada qeydiyyatda olduğunu bilmək mümkündür. Bu sistem tam şəffaflığa təminat verir, çünki hansısa məlumatı sonradan dəyişmək mümkün deyil. Tələbə kodunu daxil edib sistemə girəndə öz qiymələrini, onun üçün dekanlıq və ya universitet tərəfindən yerləşdirilən elanları da görəcək.

Biz çalışırıq ki, tələbələr rəhbərliyə yaxın olsun, onları narahat edən məsələlərdən daim xəbərdar olaq, yaranmış problemlərin həllinə nail olaq. Odur ki, tələbələrin idarəetməyə cəlb olunması sahəsində də mühüm dəyişikliklər etmişik. Hər fakültədə tələbələrin dekanları seçilib. Onlar fakültə və universitetin elmi şuralarına, rektoryanı şuraya tələbələrin arzu və istəklərini, şikayətlərini çatdırırlar.

Tələbələrimiz elektron jurnal vasitəsilə də müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəklər. Jurnalda bu məqsədlə xüsusi pəncərə var. Bura daxil olarkən tələbələr imtahan prosesinin gedişi, həmçinin müəllimlər barədə sualları cavablandıra bilərlər.

Həmçinin, tələbələr üçün cədvəlləri, dərsləri beynəlxalq səviyyəyə çatdırmaq üçün bu ildən kurasiyalar ləğv olundu. Həmçinin yay istehsalat təcrübəsinin yay ayılarında keçirilməsi ləğv olunaraq, semestr dərsləri ərzində aparılacaq.

Biz bu il imkansız tələbələrlə bağlı ATU olaraq bir yeniliyə imza atdıq. Rəhbərlik tərəfindən universitetimizdə valideyn himayəsindən məhrum olan tələbələr üçün Təqaüd Fondu yaradıldı. Fond vasitəsilə bu cür tələbələrin təhsil haqqı ödənilir. Bu qərar onlarla tələbəmizi əhatə edir. Müəllimlərin rifah halının yüksəldilməsi naminə nəzəri kafedralarda çalışan professor-müəllim heyətinin əlavə əmək haqları artırılıb. Həmçinin Səhiyyə Nazirinin qarşısında vəsatət qaldırılıb ki, bizim tələbələrimizə orta tibb işçisi kimi işləməyə icazə verilsin. Cənab nazir buna müsbət rəy bildirərək, əmr verdi. Artıq Tibb Universitetinin 6 illik bazasını bitirən tələbə orta tibb işçisi kimi işləyə bilər.

Tarix
2018.09.14 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla