Yuxarı

Bölgədə olduğuna görə kölgədə yaşayanlardan biri...

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto

80-ci illərdə ədəbiyyata yeni bir dalğa, yeni bir axın gəldi. Yazıları, üslubları ilə fərqlənən, seçilən qələm adamları idi. O dövrün "Yaşıl budaqlar" adlı ədəbi almanaxlarda dərc olunar, Azərbaycan ədəbiyyatının sabahı kimi boy verərdilər. Onları axtarmağa başladıq. Bəziləri ədəbiyyatda bu gün də var, bəzilərinin nə imzası görünür, nə özlərindən soraq var. İmzası görünənlərdən biri - Cəlilabadda yaşayan şair Ədalət Salmanla görüşdüm. "Gerçəkləşməyən arzular"ı olubmu deyə sorğu-suala tutdum. Şairlə söhbətimizdə onun gerçəkləşməyən arzuları ilə yanaşı bölgədəki ədəbi mühitlə bağlı da fikir mübadiləsi apardıq.

- Ədalət müəllim, yaşıdlarının içərisində ən çox dərc olunan və haqqında daha çox bəhs olunan şair idin. Sonradan elə bil özün-özünü daldaya çəkdin, görünmədin.

- Şair özü-özünü reklam eləməz. Həm də ki, bölgədə yaşamağın az görünməyə təsiri var... Bölgədə olduğumuza görə, kölgədə yaşamış kimiyik. Amma əslində belə deyil. Cəlilabadda yaşasam da, gücüm çatan qədər ədəbiyyatın inkişafına kömək eləməyə çalışmışam. 2003-cü ildən "Sözün işığı" jurnalını çap etdirirəm. Mən tək başıma bir filialın işini görürəm. Elə adamlar var ki, əllərinə düşən pulu başqa yerə yönəldirlər, ancaq mən həmişə ədəbiyyatımıza xidmət etdim. Bəlkə elə buna görədir ki, otuzdan çox kitabın tərtibatçısı və redaktoruyam. Ustad şairimiz Rəsul Rzaya həsr olunmuş şeirlərdən ibarət kitab dərc etmişəm. Abbasağa Azərtürkün yetmiş iliyi ilə bağlı dörd yüz səhifəlik "Söz çələngi", "Ədəbi almanax" kitabları və sairə.

Məndə sözə qarşı mənəvi aclıq var

- Ədalət müəllim, bu qədər iş görürsən. Maraqlıdır, həyatını ədəbiyyatdan kənar hiss etmisənmi?

- Mən bütün varlığımla ədəbiyyatla nəfəs alıram. Məndə sözə qarşı mənəvi aclıq var. Ədəbiyyatdan, qələm adamlarından ayrı düşəndə darıxıram. Ona görə də ədəbiyyat adamlarına maddi və mənəvi dəstək ola bilirəm. 80-ci illərdə bizim ədəbiyyata gələn qələm adamları başlarını aşağı salıb bal arısı kimi işlərini görürlər. Məsələn, Ramiz Qusarçaylı, Sabir Sarvan, Barat Vüsal və başqaların misal çəkə bilərəm. Ədəbiyyat üçün çalışan qələm adamlarını görmək AYB rəhbərliyinin işidir. Gözdən, könüldən iraq qalırsa, obyektivlik itir.

- Belə çıxır ki, sənin gördüyün işlər ədəbiyyata xidmət yox, hansısa məqsəd üçündür. Mükafata, diqqətə layiq olmaq istəyirsən, ya doğurdanda təmənnasızsan?

- Mən və mənim kimi iş görən qələm adamlarımızın gördükləri işlər hamısı təmənnasızdır. Adama o yer edir ki, ədəbiyyatda heç bir yeri, heç bir xidməti olmayan adamlar təqaüd alır, ad alır və burda həqiqət meyarı itir. Həqiqət meyarı itəndə adam oturub fikirləşir ki, əcəba kənardan baxan görmür ki, kim iş görür? İş görənə qiymət vermək lazımdır.

Reklam, söz oyunu

- Dediyinizdən belə qənaətə gəlmək olar ki, AYB regionlara diqqət ayırmır.

- Əslində AYB-nin burda elə bir günahı yoxdur. Günah bunların adından sui-istifadə edənlərdədir. AYB-nin rayonlarda elə üzvləri var ki, Bakıda yaşayan qələm adamlarından güclü əsərlər ortaya qoya bilirlər, böyük iş görürlər. Ancaq onlar qapıdan qovulub, bacadan girən bəzi şəhər adamları kimi ola bilmirlər.

- 80-ci illərdə nəşr olunmaq da çətin idi. Amma bu çətinliyin, bu qıtlığın içərisində sənin imzan çox görünürdü.

- Mənim əsas meyarım özümü ədəbi çevrədə təsdiq etmək idi. Sağ olsunlar ki, Xəlil Rza Ulutürk və başqaları bunu gördü və mənim haqqımda məqalələr verdilər, "uğurlu yol" yazdılar. Tələbə vaxtı mən evdən pul almırdım, şeirlərimin qonorarı ilə dolanırdım.

- İndi necədir ki?

- İndi görürsən ki, reklamla, söz oyunu ilə məşğuldurlar. Qələm adamlarının çoxu, indi dostdurlar, bir-birini tərifləyirlər. Əksər tənqidçilərdə də maddi maraq var, özlərini təriflədirlər. Maraqlanırsan ki, bu qədər məşhur olan adamın ortada nə əsəri var. Görürsən ki, gənc müəlliflər hekayə yazmağı bacarmır, ancaq romanı çıxdı. Soruşsan ki, romanın janrının tələbi nədir, qaydası necədir, deyə bilməzlər. Hecada şeir yazmağa çətinlik çəkirlər, amma ağ şeirlər yazırlar. Belinskinin bir sözü var: "Fikir, poetikada gözəldir".

Oxucuya sözün varsa, yaz

- Mən belə başa düşdüm ki, hər hansı bir əsər ideologiyaya xidmət etməlidir, onun süjet xətti olmalıdır. Bu gün sənin müşahidələrin bunun əksini deyir, yəni ədəbiyyat əslinə qalsa nəyəsə xidmət etməlidir?

- Hər bir qələm adamının ortaya qoyduğu əsər özündə nəyisə ehtiva etməlidir, oxucuya nəsə deməlidir. Söz yığını olmalı deyil. Oxucuya sözün varsa yaz, yoxdursa xatirəni, gündəliyini roman adına, povest adına oxucuya sırıma.

- İndiki gəncləri deyirsən, ancaq doğurdan da indiki gənclərin arasında elələri var ki, sanballı əsər qoyublar ortaya. Konkretlik yoxdur e. Bəlkə ad çəkək ki, onlar özlərinə olan iradı görsün? Bəlkə mütaliə etmirsən gəncləri...

- Əslində ad çəkmək o deməkdir ki, o adam qarşılıq verə bilər, deyər, bizim ona antipatiyamız var. Yox, elə deyil. Mən ədəbi mərhələləri internet, qəzet və bütün vasitələrlə izləyirəm. Bir jurnal redaktoru və qələm adamı kimi. Bilməliyəm ki, müasirim olan şair və yazıçı necə yazır. Bilirəm bu gün yazılan əsərlərin 80 faizinin ədəbiyyata dəxili yoxdur. Mən ixtisasca filoloqam, dilçiyəm. Şeirlər var, nöqtəsi, vergülü yox, heç olmasa fikri olmalıdır axı. Elə adam var ki, şeir yazmağı bacarmır, beş dənə poeması var. Mən otuz ildir ədəbiyyatdayam, cəmi bir poemam var. Nizaminin bir sözü var, deyir: "Çalış birin min olmasın, min bir olsun". Tülkü deyir, mənim yeddi balam var, şirin bir balası. Şir cavab verir ki, mənim bir dənəm şir balasıdır. İndi mənim 5-6 kitabım çap olunub, məndən gəncin 50 kitabı. Amma gəlin görək şeirdirmi, sıxsan, ortada bir əsər qalırmı, qalmırmı...

- Sənin nəzərində oxucunun, yoxsa yazıçının məsuliyyəti çoxdur?

- Əlbəttə yazarın. Yazıçı həmişə oxucudan yüksək pillədə durmalıdır. Ədəbiyyat həm də ədəb-ərkandır. Amma indiki cavan yazarları araşdırırsan, görürsən ki, bu gün ailə qurur, bir aydan sonra boşanırlar. Gedib sərxoşluq edir, xoşagəlməz əməllərə qoşulurlar. Oxucu ondan nə nümunə götürəcək? Bəzən elə adamlar var ki, yaxşılığı, xeyirxahlığı təbliğ edir, amma özü ev yıxmaqla, dəllallıqla, şantajla məşğuldur.

- Bizim Cavid Zeynallı haqda nə düşünrsən?

- Cavid Zeynallının romanını oxudum, xoşum gəlmədi.

- "Leya", yoxsa "Günəşi gözləyənlər"?

- Birincisi, hansı romanı idi, bax onu nə isə xoşlamadım. Çünki romanın tələblərinə cavab vermir, həm də ki, Cavid öz uşağımızdır, ancaq onun qələmi püxtələşməyib. O, hələ hekayələr yazmalı, bir az inkişaf etməli idi, sonra roman janrı. Roman janrı ağır janrdır.

Sındıra bilmədim ana qəlbini

- Mübahisə etmək istəməzdim. Cavidin romanları oxucu toplaya bildi. Amma bu bir zövqdür. Ümumiyyətlə, sənin arzuların səni hara apardı, haracan gətirdi?

- Çox böyük arzularım var idi. Amma ailə-məişət qayğıları, bütün bunlar bəzən bəzi arzulara güzəştə getməyə məcbur edir. "Yazıçı" nəşriyyatında redaktor yeri boş idi, məni dəvət etdilər. Evdə məsləhətləşdim , rəhmətlik nənəm dedi ki, sən mənim ən sevdiyim övladımsan, getmə gözümdən, gedərəm özümdən. Mən də gedə bilmədim, sındıra bilmədim ana qəlbini.

- Demək sənin arzuların gerçəkləşmədi. Kobud alınsa da, ürəyində qaldı arzuların?

- Ədəbiyyat adamı deyəndə, əslində ədəbi mühit olmalıdır, meydanda olmalıdır, sözün demək üçün kürsü lazımdır.

- Məsələn, Aslan Quliyev Yardımlıda yaşayır, səndən də bir az o yanda. Ancaq o özünü ədəbi mühitdən kənar hesab etmir və mütəmadi dərc olunur.

- Çalışdım ki, Cəlilabadda özüm ədəbi mühit yaradım. Jurnal təsis elədim, nəşriyyat açdım. İstədim ki, AYB-nin burda bölməsini yaradım və daha böyük işlərlə məşğul olum. Amma təəssüf ki, bəzi axmaq adamların, nəfsi iti, gözü götürməyən adamların hesabına o istək gerçəkləşmədi.

Cənub poeziyasının paytaxtı Cəlilabaddır

- AYB-nin Cəlilabad bölməsi yaransaydı, Azərbaycan ədəbiyyatı nə qazana bilərdi?

- Tənqidçi Vaqif Yusifli yazır ki, cənub poeziyasının paytaxtı Cəlilabaddır. Əgər Cəlilabadın AYB-də otuzdan çox üzvü varsa, onları bir araya gətirmək lazım idi, onların əli ilə çox iş görmək olardı. Çox təəssüf ki, biz bu birliyi yarada bilmədik.

- Sən nəyə ümid edirdin, doğrulmadı? Konkret nə istəyirdin özünlə, özünün ədəbi mühitdəki mövqeyinlə bağlı?

- Mənim heç bir tələbim, istəyim olmayıb. Sadəcə, mən başımı aşağı salmışam, gücüm çatan səviyyədə ədəbiyyatımıza, qələm adamlarına kömək etməyə çalışmışam.

- Ən çox həyatda təəssüfləndiyin, can atdığın və çata bilmədiyin nələr idi?

- Ən çox məni narahat edən cəmiyyətin xəstə olması, bu günkü gənclərimizin acınacaqlı dünya görüşüdür. Millətimizin sabahını mən yaxşı görmürəm.

Tarix
2014.04.11 / 22:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla