Yuxarı

Ukraynalı Hürrəm Sultan: qatil, yoxsa... - Tarix

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Möhtəşəm Yüzil” serialı ilə həm Türkiyə, həm də Azərbaycan tamaşaçısına bu ad çox tanışdır. Şahzadə Mustafanın ölümündə Hürrəm Sultan günahkar idimi? Hürrəm Sultan necə öldü? Onun məzarı haradadır? Hürrəmin ölümündən sonra nələr oldu? Onun uşaqlarının aqibəti necə oldu?

Həyatı

Hürrəm Sultan 1506-cı ildə Ukraynada anadan olub. Əsl adı Aleksandra Lisovskadır. Avropada isə Rokselana adı ilə tanınıb. 12-13 yaşlarında Osmanlı sarayına kölə kimi hədiyyə edilib.

Sarayda xüsusi təhsil alan Hürrəm Sultan Qanuni Sultan Süleyman ilə evləndikdən sonra azad edilərək köləlikdən qurtulub. Həm də Osmanlı padşahı ilə rəsmi nikaha girən ilk qadın olaraq tarixə düşüb.

Hürrəm Sultan gözəlliyi, zəkası və bacarığı ilə sultanın diqqətini çəkir. Hərəmxana qadınları və sarayın yüksəkçinli məmurları arasında da nüfuz qazanır. Hürrəm Sultan saraya gələndə Sultan Süleyman Mahidevran Sultan ilə evli idi və Mustafa adında bir oğlu var idi. Mustafa sonradan çox sevilən bir şahzadə oldu. Saray əhlinin əksəriyyəti Mustafanın atasının yerinə taxta çıxacağını düşünürdü. Bu isə Mahidevran Sultanın Validə Sultan olacağı mənasına gəlirdi. Amma Hürrəm Sultan hər mənada Mahidevran Sultanı qabaqladı.

Osmanlı xanədanında şah nəslindən olan şəxsin qanı tökülməzdi. Buna görə də şahzadə Mustafa 7 nəfər lal-kar cəllad tərəfindən boğularaq öldürüldü. Hürrəm Sultan və Rüstəm paşa tərəfindən hazırlanan plan Mustafanın ölümünə səbəb oldu.

Taxt-tac uğrunda mübarizədə öz övladlarını ön plana çıxarmaq istəyən Hürrəm Sultan saraya gəldiyi ilk gündən etibarən bu savaşda ən vacib şəxsə çevrilmişdi. Sevgisi ilə Sultanın etimadını qazanan və dəstəyini alan Hürrəm Sultan övladlarının ən böyük rəqibi Mustafanın ölümü üçün əlindən gələni etdi. Əvvəlcə Mustafanın taxta çıxmasının qarşısını almaq üçün İbrahim Paşanın canına qıyan Hürrəm Sultan xain əməllərinə nail olmuşdu.

Hürrəm Sultan 1558-ci ilin 18 aprel tarixində, Sultan Süleymanın vəfatından 8 il əvvəl, 52 yaşında dünyasını dəyişdi. Hürrəm Sultan oğlu II Səlimin taxta çıxmağını görə bilmədi. Onun nəşi Süleymaniyə məscidindəki türbədə dəfn edilib. Bəzi mənbələrə görə, onun ölümünə qızdırma və qulunc xəstəliyi səbəb olub. Rəvayətə görə, Qanuni Sultan Süleyman ilə Ədirnəyə səfər edir. Ədirnədən qayıdanda xəstələnir. Xəstələnib yatağa düşən Hürrəm Sultan bir müddət sonra dünyasını dəyişir.

Hürrəm Sultan dövlət işlərində təsirli rol oynayıb və Osmanlı imperiyasında “Qadınlar Səltənəti” dövrünün banisi olub. II Səlim, Mihrimah Sultan, Şahzadə Cahangir, Şahzadə Bəyazid, Şahzadə Mehmet, Şahzadə Abdullah və adları bilinməyən, kiçik yaşlarda vəfat edən digər şahzadələrin anasıdır.

XVI əsr mənbələrində onun əsl adı bilinmirdi. Amma XIX əsrə aid Ukrayna mənbələrində adı Anastasiya, Polşada isə Aleksandra Lisovska kimi qeyd edilib. Bəzi tarixçilərin fikrinə görə, Rokselana Ukrayna ərazisində olan Rohatin şəhərində anadan olub Lehistanlı ortodoks bir ailənin qızıdır.

Hürrəm Sultanın Qanuni ilə tanışlığı barədə dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə cütlük Süleymanın şahzadəliyi, bəzilərinə görə isə padşahlığının birinci ilində tanış olublar.

Bilinən odur ki, Hürrəm saraya gətiriləndə Qanuninin Manisa valisi ikən biryerdə olduğu Mahidevran Sultandan Mustafa adlı bir oğlu var idi. Sarayın ən nüfuzlu qadını sultanın anası Ayşe Hafsa Sultan, ikincisi isə Mahidevran Sultan idi.

1521-ci ildə onun Mehmed adlı oğlu dünyaya gəldi. Bu isə Hürrəmə sarayın üçüncü nüfuzlu qadını olmağa imkan yaratdı. Mahidevranla Hürrəm arasında rəqabət savaşa çevrildi. Hürrəm müxtəlif intriqalarla bu savaşı lehinə çevirə bildi. Bu hadisədən sonra gözdən düşən Mahidevran Sultan 1533-cü ildə Manisa valisi təyin edilən oğlu vəliəhd Mustafa Şahzadənin yanına göndərildi. Hürrəm Sultan onun yerinə keçdi.

Qanuni Sultan Süleymanın nikahlı arvadı olduqdan sonra onun mövqeyi daha da möhləmləndi və Mahidevrandan daha yüksək mövqeyə sahib oldu. Şahzadə Cahangir anadan olduqdan sonra Hürrəm Sultan Qanuni ilə dəbdəbəli toy etdi və rəsmi nikaha daxil oldu. Toyun dəqiq tarixi bilinməsə də, tarixçilərin fikrinə görə 1534-cü ilin iyun ayında baş tutub. Bu toy onu Sultanın qanuni həyat yoldaşı etsə də, Osmanlı adətlərinə uyğun olmayan bir hadisə idi.

Sədrəzəm İbrahim Paşanın edam edilməsi

Sədrəzəm Parqalı Damat İbrahim Paşa Hürrəm Sultanın övladları yerinə şahzadə Mustafanı hökmdarlığa namizəd göstərənlərdən olub. İbrahim Paşa İrakeyn səfərindən qayıdanda saraya dəvət edildi. 1536-cı ilin 6 mart tarixində evində yuxuda ikən boğularaq öldürülür. Bu isə Hürrəm Sultan üçün vacib bir maneənin dəf edilməsi deməkdir.

Uşaqlıqdan Qanuni Sultan Süleymanın yaxın dostu və məsləhətçisi olan İbrahim Paşanın qətlində Hürrəm Sultanın rolu böyükdür. Amma nəzərə almaq lazımdır ki, İbrahim Paşa idarəçilikdə özünü daha üstün görürdü və vəzifə pillələrində irəlilədikcə səhvlər buraxırdı. Bu isə ona həyatı bahasına başa gəldi. Onun ölümündən sonra Hürrəm dövlət işləri ilə də maraqlanmağa başlayır.

Hərəmxana Topqapı Sarayına köçürülür

Hürrəm Sultan dövlət işləri ilə daha yaxından maraqlanmaq üçün Hərəmxananı Köhnə Saraydan Topqapı sarayına köçürür. Bəzi mənbələrə görə, 1541-ci ilin 25 yanvar tarixində Köhnə Sarayda yanğın baş verir və hərəmxananın bir qismi Topqapı sarayına köçürülür.

Şahzadələrin sancaq bəyliklərinə təyin edilmələri

Şahzadələrin sancaqlıqlara təyin edilməsində də Hürrəmin rolu böyük olub. Padşah namizədlərinin təyin edildiyi Manisa sancağının valisi şahzadə Mustafa 1541-ci ildə Manisadan Amasiyaya göndərilir. Ertəsi gün Şahzadə Mehmet Manisa sancaq bəyliyinin valisi təyin edilir. Amma yerli xalq və hərbçilər bu vəziyyətə reaksiya göstərdi. Sultan isə şərq torpaqlarının təhülkəsizliyini təmin etmək üçün Mustafanın Amasiyaya göndərildiyini, vəliəhdinin Mustafa olduğunu bəyan etdi.

Rüstəm Paşanın Sədrəzəmliyi

Hürrəm Sultan yeganə qızı Mihrimah Sultanı 1539-cu ildə Diyarbəkir valisi və III Vəzir Rüstəm Paşa ilə evləndirmişdi. “Damat” (kürəkən) ləqəbi alan Rüstəm Paşa 1544-cü ildə sədrəzəmliyə təyin edildi. Bu təyinatın pərdəarxasında Mihrimah Sultan və Hürrəm Sultan var idi.

Şahzadə Mustafanın boğdurulması

Qanunidən sonra vəliəhd Mustafanın taxta çıxacağından qorxan Hürrəm Sultan şahzadəni atasının gözündən salmaq üçün qızı və kürəkəni Rüstəm paşanın köməyi ilə plan qurur. Hürrəmin əmri ilə Rüstəm Paşa Şahzadənin möhürünü düzəltdirir və Səfəvi şahı Təhmasibə məktub yazır. Sonra isə məktubun cavabını Qanuni Sultan Süleymana təqdim edir. Bu və digər planların həyata keçirilməsi nəticəsində Qanuni Süleyman Şahzadə Mustafanın ona qarşı üsyana qalxacağına və Taxtı əlindən alacağına inanmağa başlayır.

Şahzadə qətl ediləcəyi gün atası ilə görüşmək üçün çadırına gedir. Mustafa ona atılan iftiradan xəbərdardır və ağ geyinərək məsum olduğuna işarə edir. Cibindən isə atasının onu öldürəcəyinə və çadıra getməməsinə aid məktub tapılır. Bu hadisəyə şahid olan Şahzadə Cahangir baş verənlərin psixoloji təsirindən qurtula bilmədi və xəstələndi. Atası ilə birlikdə çıxdığı Hələb səfərində vəfat etdi. Hürrəmin iki oğlu, Bəyazit və Səlim taxt-taca namizəd kimi qaldı.

Qara Əhməd Paşanın edam edilməsi

Hürrəm Sultan Lehistan kralı və Litva zadəganı Ziqmund Avqustun taxta çıxmasını təbrik etmək üçün Rüstəm Paşa ilə məktub göndərir. 1549-cu ildə Qara Əhməd Paşa Kürəkən Rüstəm paşanın yerinə baş vəzir təyin edildi. Səfərdən qayıdan Rüstəm Paşanı yenidən baş vəzir vəzifəsinə təyin etmək üçün Qara Əhməd Paşa sultanın fərmanı ilə günahkar bilinərək divan toplantısından sonra edam edildi (1555-ci il). Bu hadisənin pərdə arxasında Hürrəm Sultan və qızı Mihrimah Sultan var idi.

Qadınlar Səltənəti

Hürrəm Sultan Osmanlı tarixində dövlət işləri ilə maraqlanan ilk qadındır. O, öz möhürünü basdırmış, Divan iclaslarını pərdə arxasında izləmiş və fikirlərini padşahla bölüşmüşdür. Hürrəm Sultan bu kimi hərəkətləri ilə Qadınlar Səltənətinə start verib.

Xarici siyasət məsələləri

Hürrəm Sultan bütün padşah arvadlarından fərqli olaraq, xarici siyasətlə maraqlanır və diplomatik yazışmalar edirdi. Rodos cəngavərlərinə qarşı Rodos səfərini təşviq edir, sonralar isə İran səfərlərini dəstəkləyir. Hürrəm Sultan 1548-ci ildə Qanuni Sultan Süleymanın ikinci İran səfərində olduğu dövrdə Lehistanda taxta çıxan yeni krala təbrik məktubu və hədiyyələr göndərir.

Ölümü

Hürrəm Sultan 1558-ci ilin 15 aprel tarixində İstanbulda vəfat edib. Bəzi mənbələr onun zəhərləndiyini bildirir.

Hürrəmin ölümü Sultana çox pis təsir edir. Süleyman İranda bir şəhərin adını dəyişdirərək Hürrəmabad adlandırır.

Övladları

Şahzadə Mehmed-1521-ci ildə anadan olub, 1543-cü ildə vəfat edib.

Mihrimah Sultan-1522-ci ildə anadan olub, 1578-ci ildə vəfat edib.

Şahzadə Abdullah-1523-cü ildə anadan olub. Anadan olduqdan 2-3 il sonra dünyasını dəyişib.

Şahzadə Səlim-1524-cü ildə anadan olub. Anasının ölümündən sonra qardaşı Bəyazid ilə taxt uğrunda mübarizə aparır. Bu məsələdə atasının dəstəyini alır. Qanuni Sultan Süleymanın ölümündən sonra III Səlim adı ilə taxta çıxdı. 1574-cü ildə vəfat edib.

Şahzadə Bəyazid-1525-ci ildə anadan olub. Qardaşı Səlimə qarşı taxt uğrunda mübarizədə məğlub olaraq İrana qaçdı. 1561-ci ildə Osmanlı elçiləri tərəfindən Qəzvində boğularaq öldürüldü.

Şahzadə Cahangir-1531-ci ildə anadan olub. 1553-cü ildə vəfat edib.

Hürrəm Sultan İstanbulun Sultan Ahmed meydanında, Haseki səmtində bir bina inşa etdirir. Binanın tikintisinə memar kimi məşhur Memar Sinan usta cəlb edilir. İnşaat 12 il, yəni 1538-1550-ci illər arasında davam edib. Bu kompleksə hamam, mədrəsə və xəstəxana aiddir.

Bundan başqa Hürrəm Sultan Ayasofya məscidinin ətrafında ehtiyacı olan şəxslərin və acların qarnını doyurmaq üçün bir mətbəx də tikdirmişdi.

Ölkə.az

Tarix
2017.02.27 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla