Yuxarı

Cangüdənini sevən gəlin, 3 sui-qəsd, varlı qayınata - “Sara”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinoşünas Könül Əlibəylinin “Sara” filmi haqda xüsusi olaraq Kult.az üçün qələmə aldığı resenziyanı təqdim edirik:

150 nəfərlik kinozal və 7 tamaşaçı

Son zamanlar kinoteatrlarda nümayiş olunan kinokomediyaların baxış sayını görüb tamaşaçılarda yavaş-yavaş kinoya marağın artdığını, daha doğrusu geri qayıtdığını düşünüb sevinirdim. Lakin “Sara” filminə gedib baxarkən, mənimlə birgə zalda cəmi 7 nəfərin olduğunu görüb çox məyus oldum və əvvəlki düşüncələrim tək-tək alt-üst oldu. Sən demə, bizdə kinoya deyil, sadəcə yumora, gülüşə, sarkazma və müəyyən mənada lağ-lağıya maraq artıbmış. Bu gün Azərbaycanda detektiv, triller, dram, faciə çəkmək üçün gərək artıq pulun ola ki, filmə xərclədiyinin heç bir faizinin belə geri qayıdacağına ümid etməyəsən. Yoxsa ki, sonu “Sara” filmininki kimi olacaq. Bu film tamaşaçı yığa bilmədiyinə, kino bazarında uğursuz olduğuna görə, kinoteatrlardan yığışdırılır və xarici ölkələrə satılması planlaşdırılır.

Amma təbii ki, “Sara” filminin baxılmamasının səbəbi təkcə insanların daha çox komediya janrına maraq göstərməsi ola bilməz. Filmin yaradıcı heyəti bu məsələni oturub götür-qoy etməli və səbəbi bir az da özlərində axtarmağa çalışmalıdırlar. Bu resenziya ilə onlara bu axtarışda bir qədər kömək etməyə çalışacağam.

Treyler

Hər bir filmin güclü pramouşnu üçün ən vacib detallardan biri, bəlkə də birincisi treylerdir. “Sara”nın treyleri bir az zəif idi. Filmin baxılmama səbəblərindən biri bu da ola bilər. Anonsda əvvəldən axıra kimi hamı bir-birinə atəş açır. Məqsədi bilinmədən.. Məqsəd gizli saxlanılırsa, bunu treyler yox, tizer adlandırmaq olardı, amma gəl ki, bu tizer də deyil. Tizer 1 il əvvəl çəkilişlər gedərkən və ya montaj prosesi zamanı çıxmalı idi ki, iki gündən bir komediya janrına aid filmlərin premyerasında iştirak edən tamaşaçı özünü ciddi bir filmə hazırlasın.

Qısa məzmun

Filmin qısaca məzmunu ilə tanış olaq. Varlı bir ailənin oğlu naməlum şəkildə öldürülüb, həyat yoldaşı isə düz 3 dəfə sui-qəsdlə qarşılaşır. Lakin 3-cü dəfə yenə də öldürülmədiyini görən qadın – Sara (Duyğu Dəvəli) və onun yaxınları bunun bir oyun olduğunu anlayır. Saranın qayınatası - tanınmış iş adamı Cavanşir bəy (Rasim Balayev) öz gəlnini qorumaq üçün dostu polkovnik Cəbrayılovun (Qurban İsmayılov) məsləhəti ilə Bəxtiyar (Cəmil Cəfərov) adlı bir hərbçini gəlninin şəxsi cangüdəninə çevirir. Bəxtiyar Saranı izləyən cinayətkar Sərxanla (Elvin Əhmədov) tanışdır və görüş zamanı ona xəbərdarlıq edir. Lakin cinayətkar Saranı bir zamanlar sevdiyi bir qıza bənzətdiyi üçün öldürməyə deyil, onu əldə etməyə çalışır. Hadisələrin gedişatında Bəxtiyarla Sara arasında sevgi bağı yaranır. Sonda Bəxtiyar və Sərxan bir-birini silahla vurur. Cinayətkar qatil ölür, Bəxtiyar isə Sara ilə xoşbəxt həyatına davam edir.

Detallı təhlil

Dünya şöhrətli kinorejissor və kino tənqidçisi Jan Lyuk Qodar deyirdi ki, hər bir filmin başlanğıcı, kulminativ mərkəzi və təsirli finalı olmalıdır. Lakin rejissor hadisələri məhz bu ardıcıllıqla göstərməyə məcbur deyil. Bu anlamda film maraqlı, tamaşaçını düşündürən, yaxşı seçilmiş bir səhnə ilə başlayır. Qəbiristanlıqda öz ərinin məzarını ziyarət edən Sara, ərinə elə onun özündən gileyləndiyi an naməlum biri ona düz sırğasından atəş açır. Sara qorxu və həyəcan içində qaynatasının görüşünə gəlir və dialoqlardan bəlli olur ki, bu artıq 3-cü dəfədir ki, baş verir. Bu epizodla filmin düyünü vurulur və tamaşaçıda maraqlı suallar yaranır. Saranın əri niyə və kim tərəfindən öldürülüb? Saranı qorxudan şəxs kimdir və onun məqsədi nədir? O, niyə hamıya qarşı bu qədər aqressivdir? Törətdiyi qətllərin izini sürən biri yoxdurmu? Bu sualların bəzilərinin cavabını alsaq da, bəziləri cavabsız qalır.

Cavanşir bəyin ölüm səhnəsindəki bəzi müəmmalı məqamlar da öz təsvir həllini tapmadı. Cinayətkarın Cavanşir bəyə “əvvəl mənə tapşırırsan ki, oğlunu öldürüm, sonra da Bəxtiyara tapşırırsan ki, məni öldürsün?” deməsinə, Cavanşir bəyin “mən onu sadəcə qorxut dedim, öldür demədim!” - deyə cavab verməsi də beyinlərdə qarışıqlıq yaratdı.

Həmçinin cinayətkar gecə vaxtı evə girib Saranı qorxutduğu zaman Bəxtiyarın gəldiyini görüb mətbəxdə gizlənərkən, Saranın bunu Bəxtiyardan gizlətməyə çalışmasının və Bəxtiyara işarə etməməsinin səbəbi də bir izləyici kimi mənə aydın olmadı. Sanki Sara Bəxtiyarı qorumağa çalışdı, halbuki əksinə olmalı idi.

Tanınmış kinorejissor Stiven Spilberq deyir ki, filmin əsas 3 hissəsi var: ssenari, ssenari və ssenari... “Sara”nın ssenarisində “qara sevda” yox idi. Tamaşaçını illər boyu kinoya bağlayan ölümünə sevgi, təhlükəli və qovuşmaz dəli bir eşq... Sara nə öz ərini dəlicəsinə sevirmiş ki, tez bir zamanda cangüdənlə arasında bağ yarandı. Nə də elə cangüdənlə olan sevgisi dəlicəsinə təsvir olunmadı.

Rejissor işi

Bədii oyun, tamaşaçını aldatmaq həmişə rejissora uğur gətirən nüanslardan olur. Filmin əvvəlində Saranı qorumaq üçün qayınatasının tutduğu cangüdəni yoxlamaq planı izləyicini müvəqqəti olsa da həyəcanlandıra bildi. Həmçinin qatilin polkovniki öldürməsi səhnəsi də çox təsiredici alınmışdı. Polkovnikin stolunun üzərindəki 3 nəfərlik şəkil (polkovnik özü, qatil Sərxan və cangüdən Bəxtiyar) tamaşaçının “qatil Bəxtiyarı hardan tanıyır?” sualına verilən cavab idi. Ümumiyyətlə, əgər rejissor görüntüylə tamaşaçını başa sala bilirsə, demək ki, işini bilir, yox əgər göstərə bilmirsə, daha çox dialoqlara qaçırsa, demək ki, bu onda elə də yaxşı alınmır.

Adətən bu tip filmlərdə qatilin kim olduğu son anlara qədər bilinmir. Hadisələrin gedişatında hər dəfə birindən şübhələnməyə başlayırsan və sonda tamamilə gözləmədiyin birinin cinayətkar olduğunu görürsən. Lakin “Sara” filminin zəif cəhəti elə ilk dəqiqələrdən qatilin kimliyinin asanlıqla ortaya çıxması idi.

Aktyor oyunundakı qeyri-təbiiliyi gizlətməyin ən asan yolu qaranlıq, personajın dağınıq saçları və ya əli ilə üzünün bağlandığı qeyri-konkret kadrlar verməkdir ki, bundan da bu filmdə məharətlə istifadə olunur.

Səs və musiqi effektləri

Kinoda musiqi çox önəmlidir. Lakin yerində və düzgün işlənən musiqi. Hər fraqmentin, hər səhnənin öz musiqisi, öz impulsu olmalıdır. Bu mənada “Sara” filmini tərifləmək düzgün olmaz. Məsələn, Sərxanla Bəxtiyarın əlbəyaxa döyüş səhnəsində daha gərgin musiqi gözlədiyimiz halda, az öncəki səhnədə səsləndirilən dinamik musiqinin davam etməsi filmin təsirini azaldır. Həmçinin filmin başlanğıc hadisəsi, düyünü, kulminasiyası və finalı olur ki, bu emosiyaları musiqi də paralel olaraq, izləməlidir. Lakin bu filmdə başdan-sona qədər pessimist musiqi qulaqlarımızı dinc buraxmadı. Ölüm səhnəsindən tutmuş yemək səhnələrinə qədər hər yerdə qəmli notlar bizi tərk etmədi. Xülasə, filmin musiqisinin qalxıb-enən şkalası yox idi.

Aktyor oyunu

Rejissorun özünün oynadığı baş rollardan biri - Sərxanı ilk fraqmentlərdə qatil obrazı kimi qəbul edə bilmirdim və gedişatda dəyişəcəyini düşünürdüm. Üzündəki qəribə məsumluq və cavan çizgilər buna mane olurdu. Lakin bircə gözlərindəki pessimizm yavaş-yavaş məni bir tamaşaçı kimi inandıra bildi. Sanki daha əvvəl nə isə yaşamış və yaşadıqlarının qisasını almağa çalışır. Amma nə?..

Amerikan kinorejissoru Frenk Kapra deyir ki, kinoda dram filmin personajının ağlaması deyil, tamaşaçının ağlamasıdır! “Sara”nın aktyorlarından ağlayan bircə Sara özü idi. O, da qeyri-təbii… Amma personajın ağlaması vacib deyil. İndi ağlamamaq üçün tamaşaçını ağlatmaq lazım idi.

Final

“Sara filmi alınmayıb, zəifdir” demək günah olardı. Ortada böyük bir iş, bir neçə ilin əməyi var. Lakin “film əla idi” demək də olmur. Əla olan nə idi? Bunu tapmaq çətindir.

Filmin finalı cəmi 2 nəfər - Sara və Bəxtiyar üçün pozitiv bitsə də, əslində gərəksiz yerə, onlarla insanın ölməyi heç də pozitiv deyildi. Lakin mənim üçün əsl final film bitdikdən sonra zalda əyləşən 6 nəfərdən biri kimi - cinayətkar Sərxanı, daha doğrusu filmin baş rol ifaçısı və rejissoru Elvini görməyim oldu. Əlində silahı yox idi, amma gözlərində pessimizm vardı. Eynilə filmdəki kimi...

P.S: Rejissoru çıxsaq, tamaşaçının sayı 6 imiş...

Tarix
2017.04.18 / 12:20
Müəllif
Könül Əlibəyli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla