Yuxarı

Yaradıcı adam ac olmalıdır, yoxsa... - Fəxrəddin Manafov

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Şərq.az-a istinadən xalq artisti Fəxrəddin Manafovla olan müsahibəni təqdim edir:

- Özünüzü necə hiss edirsiz?

- Qışda adətən insanın ruhu bir az tərkidünya olur. Bir az nostalji hisslər adamı bürüyür. Qışın qripi adama nəfəs vermir. Bir az qripləmişəm. Özümü əzgin hiss edirəm. Amma insanıq da. Həmişə yaxşı olmaq da mümkün deyil.

- Bu gün aktyor kimi dolanmaq çətindi. Sizcə, 50 manat qonorarla aktyordan keyfiyyət tələb etməyə dəyərmi? Misal üçün, Rasim Balayev də bizə verdiyi müsahibələrindən birində "Ac qarnına şah oynamaq olmaz” demişdi...

- Bu sənət tamamilə digər sahələrdən fərqlənir. Sən ya bu sənəti sevib bu sənətin acısını belə qəbul edib yaşayırsan, ya da sevgi yoxdursa, bu sahədə olmağın mümkün deyil. Bu sənət onu sevənlərin məkanıdır. Maddiyat sənin üçün sonrakı maraqdı. Mənim bu məsələdə yanaşmam bəlkə də fərqlidi. İcazə verin, mən bir qədər fərqli yanaşım. Bəlkə də elə yaradıcı insanın özəlliyi bundadır ki, fədakardı. Yaradıcı adam gərək ac qarnına sənət yaratsın. İnsan rahat yaşam tərzi yaşayırsa, sənəti düşünə bilməz. Gözü tox olanda doyursan, fərqinə varmırsan, bu, pisdir. Professional insan özünə hörmət etməyi bacarmalıdır. Mən özümə dəyər verməsəm, heç kim mənə hörmət etməz.

- Sizcə, teatr və kino aktyoru arasında fərq varmı?

- Əsas peşəkar olmaqdı. Hansı sahədə olmasından asılı olmayaraq. Vacib olan odur ki, aktyor professional olsun. Sadəcə, məzmun eynidir, forma fərqlidir. Hər ikisi çətindi. Bəlkə də etiraf etmək olar ki, teatrda əziyyət daha çoxdur. Teatr aktyoru tamaşaçı ilə canlı təmasda olur deyə bəlkə də bu baxımdan özəlliyi var. Kino aktyoru bir kadrı 5 dəfəyə də çəkə bilər. O qədər ki, rejissor istədiyini səndən qoparmış olsun. Teatr səhnəsi isə belə deyil. Teatrda tamaşaçı hadisələrin iştirakçısı və izləyicisi olur. Bir az da səmimi desəm, bəlkə də kino aktyorları bir az tənbəl olur. Kino aktyorları bir qədər xəsis olurlar. Yəni potensialını tam tükətmir. Kinoda mən hər hansı bir baxışla fikrimi bildirə bilirəm.

- İndi çəkilən yerli serialları izləyirsiz. Niyə sizi bu seriallarda görə bilmirik?

- Kino ciddi sənətdi. Film çəkmək xüsusi istedad və bacarıq tələb edir. Bu gün film çəkməyi ucuzlaşdırıblar. Bu məni narahat edir. Ola bilər zamanla mövcud problemlər aradan qalxacaq. Amma bugünkü seriallara çəkilmək istəmərəm. Mən peşəkar sənəti izləyən biriyəm. Orda professional sənət yoxdusa, görünməyimi özümə yaraşdırmıram. Bayaq qeyd etdim axı, özümə hörmət edən insanam. Hörmət təkcə şəxsiyyətə olan dəyər də deyil. Sənətimə də hörmətim var. Mən heç kimin işini kölgələmək istəməzdim. Bəlkə zamanla seriallarımızda keyfiyyət yüksək olacaq. Amma bu gün bu barədə danışmaq tezdir.

- İnsanlar sosiallaşıb. İnternet, mobil telefon, sosial şəbəkələr. Bunlar insan münasibətlərinə təsirsiz qalmır...

- Ətrafımızda olan hər şey, telefon, maşın, internet boş şeylərdir. Bu dünya qadın və kişi münasibətləri üstündə qurulub və o fəlsəfəyə varanda daha dərinliyə getmək mümkündür. Həyatı qadın və kişi münasibətləri idarə edir bəlkə də. Bunların biri olmadan həyatın mövcudluğu mümkünsüzdü.

- Deyirsiz insan özünə və insanlığa olan marağını itirməməlidir...

- İnsan elə etməlidir ki, heç vaxt ətrafında olanlar üçün maraqsız görünməsin. Sən marağını itirdinsə, sənə olan dəyər də itmiş olacaq. Xüsusən də mən bir kişi eqosu ilə danışmış olsam, xüsusilə qadın özünə olan marağı itirməməlidir. Həmişə sirli qalmağı bacarmalıdır. Sirli qalmaq qadının ən böyük silahıdır. Elə kişi də elə etməlidir ki, həmişə qadının marağında olsun. Həyatın fəlsəfəsi bu qədər sadədir əslində.

- Çoxları üçün maraqlı olan Fəxrəddin Manafov niyə bu gün kənarda qalmağa üstünlük verir?

- Bir az həyat darıxdırıcı görünməyə başlayıb. Bilmirəm mənim üçün darıxdırıcı olub, ya zamanın tələbi belədir. İnsanların maraqları, dəyərləri dəyişib. Belə olanda kənarda qalıb müşahidə etmək, məncə, daha doğru seçimdi. Bəlkə də səhv edirəm.

Tarix
2017.12.18 / 00:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla