Yuxarı

Sezen Aksu “Dəlibal”ı xilas etdi – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Nizami Kino Mərkəzində məşhur türkiyəli aktyorlar Çağatay Ulusoy və Leyla Lidia Tuğutlunun iştirakı ilə "Dəlibal" filminin təqdimat mərasimində aktyorları hərəsi əlində azı iki telefon tutmuş, "sevgi"lərini hayqırmaqla nümayiş etdirən pərəstişkar kütləsi qarşıladı.

Filmdən öncə səhnəyə çıxan aktyorları pərəstişkarları eyni çığırtı ilə qarşılayıb yola saldılar. Doğrusu, heyranlıqlarını niyə alqışlarla, xoş sözlər səsləndirməklə, ən azı aktyorların adını çağırmaqla deyil, çığırtı, bağırtı ilə göstərdikləri mənə qaranlıq qaldı.

Filmdə olan ən gözəl şey musiqisiydi. Gəlib evdə internetdə axtarıb yenidən dinləyəndə məlum oldu ki, sözləri Sezən Aksu yazıbmış. Filmi xilas edən əsas detalsa bu oldu: filmin lap əvvəlində təsadüfən şkafa düşən, baş qəhrəman xanımın qapını təsadüfən örtəndən sonra orada qalan və sonda filmin düyün nöqtəsini açan disk, CD.

Film iki gəncin nağıllardakı kimi sevgisindən, tanışlığından, evliliyindən bəhs edir. Bəli, eynən nağıllardakı kimi. Belə münasibətlər nəinki həyatda, artıq filmlərdə belə olmur.

Musiqiyə aşiq, imkanlı bir ailənin çılğın, istədiyi hər şeyi əldə edəcəyinə əmin, gözəl ürəkli, parlaq gələcəyi olan övladı, sonuncu kurs tələbəsi Barış (Çağatay Ulusoy) bir gün kafedə həyatını atasının arzuları ilə yaşayan, master (magistr) yaşına çatdığı halda sevgilisi belə olmayan "təmiz-tərbiyəli ev qızı", bacarıqlı, istədiyi hər işin öhdəsindən gələn, həm təhsilinin davamı, həm də ailəsinə yardım məqsədi ilə gərəkli pulu qazanmaq üçün ailəsindən gizli kafedə çalışan gözəl Füsuna aşiq olur.

Füsunu əldə etmək üçün bütün mümkün variantlara əl ataraq onu da özünə aşiq edir. Atasının razılığı olmasa da, Füsun Amerikada oxumaq planlarını yarımçıq qoyub Barışla ailə qurur. Həyatlarında hər şey yolunda gedərkən bir gün Barış yoxa çıxır. Süjetdən məlum olur ki, ssenaristin adını sirr saxladığı xəstəliyə tutulan Barış Füsunu incitməməkdən ötrü gizli müalicə alır. Yerli-yersiz əsəbiləşib əlinə keçəni vurub-qıran, verdiyi sözləri unudan, gecələri rahat yata bilməyən Barış həyat yoldaşına zərər verə biləcəyindən qorxaraq intihar edir. Özünü Boğaza ataraq öldürür. Filmin sonunda şkafa düşüb gözdən yayınan diski tapan Füsun Barışın ona vida nitqi olaraq video çəkdiyini anlayır. Film videoda Barışın onu dünyalardan çox sevməsini, incitməmək üçün uzaqlara getməsini deməsi fonunda meyitinin sudan çıxarılması ilə bitir.

Filmdə bir-birindən əlaqəsiz, heç bir məntiqi olmayan bir neçə hadisə var. Məsələn, Füsunun anasının heç bir ciddi xəstəliyi olmadan və daha sonra da nədən olduğu bilinmədən baş verən qəfil ölümü, Füsunun Barışla tanışlığından qısa müddət sonra Barışın səhnə aldığı barda səhnəyə çıxaraq Adellə rəqabətə girə biləcək səslə, keyfiyyətli mahnı oxumağı və nəhayət bərbad final: günümüzün 90% insanında olan əsəb, gərginliyin, iş çoxluğunun yaratdığı psixoloji nasazlığı dünyanın əlacsız xəstəliyi hesab edib dünyalar qədər sevdiyi Füsunu "incitməmək"dən ötrü intihar edən Barışın ölümü.

Son dövr Türk kinosunun 90%-i "xarici filmləri kopyalamaq" üzərində qurulub. Bu filmlərə "Məni unutma", "Evim sənsən", "İncil rəçəli", "Səndən mənə qalan" kimi filmlər daxildir. Bu filmlərin ortaq cəhəti odur ki, hamısı hansısa xarici filmdən kopyadır, hamısının sonunda baş qadın qəhrəman hansısa xəstəlikdən vəfat edir. "Dəlibal" filmi də son dövr Türkiyə istehsalı olan romantik dram filmlərindən bircə şeylə fərqləndi: Filmin sonunda ölən qadın yox, kişi qəhrəman oldu, həm də xəstəlik üzündən yox, xəstəliyin məcbur etdiyi intihar yolu ilə.

Musiqisini, bir-iki güclü aktyorun iştirakını, çəkiliş texnikasını çıxsaq, film kommersiya məqsədi ilə çəkilmiş standart romantik dramlardan qətiyyən fərqlənmir. Filmin aktyor heyəti əladır. Çağatay Ulusoy hazırda nəinki Türkiyədə və Azərbaycanda, eləcə də ərəb ölkələrində çox sevilən aktyordur, Leyla da 2008-ci ildə Türkiyə gözəli olub, hazırda qəbul edilən aktrisadır. Bu aktyorları bir araya gətirmək çox doğru seçimdir. Rejissor ağıllı hərəkət edib, bu aktyorlara görə filmə baxmağa gələnlərin sayı-hesabı olmayacaq, gəl ki bu qədər üstünlüklərə rəğmən, nəticə heç də ürəkaçan deyil. Məncə, artıq millət bu cür filmlərdən doyub. Filmə sırf aktyorlara görə baxmağa gedə bilərlər, filmdən anlayan bircə adam da vaxtını belə təkrarçılıqla itirmək istəməz.

"Dəlibal"ın indi adını xatırlamadığım bir hind filminin təsiri ilə çəkildiyi açıq-aydın görünür. Eynən "Məni unutma", "Evim sənsən" kimi filmlərin bir Koreya filmindən kopyalandığı kimi.

Yeri gəlmişkən, filmdə adı çəkilməyən, lakin intihara səbəb olan xəstəlik müşahidələrimizə görə, öz simptomları ilə müalicəsi olan və ya çoxları üçün son dərəcə adi sayılan bipolyar pozuntudan başqa bir şey deyil.

Əsas məsələ: filmin nümayişindən sonra planlaşdırılan mətbuat konfransının film vaxtı keçirilməsinin səbəbini də yəqin ki, təkcə təşkilatçılar bilir.

Nizami Kino Mərkəzinin filmi azərbaycanca altyazı ilə verməsini müsbət addım kimi qiymətləndirirəm. Di gəl daha peşəkar tərcüməçilərlə işləyib ortaya "ben iniyorum"u "mən inanıram", "çok incesin"i "çox naziksən" kimi tərcümə etməyəcək qədər keyfiyyətli iş çıxarmaq olardı.

P.S. İtirəcək həddindən çox boş vaxtınız varsa 1 saat 57 dəqiqəsini bu filmə ayırmağa dəyər. Seçim sizindir!

Tarix
2016.01.09 / 09:41
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla